Hüseyn Cavidin evini axtarmağa Sarkisyan göndərilmişdi – VİDEO

168 Baxış

cavidDekabrın 5-i Azərbaycanın dahi şairi Hüseyn Cavidin anım günüdür. Bu münasibətlə Senet.az Pervanə Seyidlinin məqaləsini təqdim edir:

 

Cinayət məcəlləsinin 68, 72, 73-cü maddələri ilə ittiham olunan Hüseyn Cavidin istintaq işindəki anket belə tərtib olunub: Hüseyn Cavid 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Ünvan: Bakı şəhəri, Kommunist küçəsi, ev No-8. İxtisası və peşəsi: Şair. İşləmir: Təqaüdçüdür. Kəndli ailəsindən çıxmışdır. Təhsili – ali. Birtərəf. Milliyəti – azərbaycanlı. Orduda xidmət etməyib. Həbsdə olmayıb. Arvadı – Mişkinaz 36 yaşında, oğlu – Ərtoğrul 16, qızı – Turan 13 yaşında. 4 iyun 1937-ci ildə NKVD tərəfindən həbs edilmişdir. Həbsdən öncə Cavidin evində axtarış aparanlar: Dövlət Təhlükəsizlik İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 sayılı orderi ilə NKVD-nin 4-cü şöbəsinə Hüseyn Cavidin evində axtarış aparılması tapşırılır. Axtarışı Pavlov, Federenko və Sarkisyan aparır. Axtarışlar zamanı müsadirə olunmuş sənədlərin siyahısı bunlardır : 1 səbət əlyazma, 1 kisə –türk, ərəb və fars dilində 115 nüsxə kitab, 23 ədəd fotoşəkil, 549349 No-li pasport, qeydlər yazılmış 5 bloknot və s.

Cavid NKVD təcridxanasında 39-cu kamerada saxlanılmışdı. Cavidin istintaq prosesi iki il bir ay çəkmişdi. Və nəhayət, 1939-cu il iyunun 9-da keçirilmiş müşavirədə Hüseyn Cavid, heç bir dəlil-sübut olmadan antisovet təşkilatda iştirak etdiyinə, həmçinin

Türkiyənin “şipyon”u, müsavatçı-pantürkist ittihamları ilə

səkkiz il müddətinə azadlıqdan məhrum edilir.

 

Bundan sonra onun islah əmək düşərgəsinə göndərilməsi qərara alınır. Müşavirənin başqa bir qərarı ilə Hüseyn Cavid, 1939-cu il iyulun 4-də Vladivostoka sürgün edilir. İstiqamət Kolıma qeyd olunur. Ərtoğrulun yazdığına görə Cavidin sürgünə gedərkən keçdiyi şəhərlər bunlardır. Bakı – Krasnovodsk –Aşkabad – Səmərqənd – Daşkənd –Almatı – Novosibirsk – Krasnoyarsk –Habarovsk – Vladivostok – dəniz yolu – Maqandan – İrkutsk.

Cavid Əfəndi həbs olunandan sonra ailəsinə məktublar yazmışdır. Son məktubunda sanki ailəsini bir daha görə bilməyəcəyini hiss edirdi… Məktubunda yazırdı: “Əziz Mişkinaz! Köhnə yerimdə yaşayıram, sağlamam. Hər ay siz göndərən pullari alıram, yazdığım kimi hər ay teleqrafla 50-60 manat göndərin. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir, ya da müddətlərini qısaldırlar. Arxayın olun mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən istəkli, mehriban qızımı Turancığımı öpürəm. Yenə də öpürəm. H.Cavid 27 may 1941″.

 

Bu Cavid Əfəndinin ailəsinə son sözləri idi… Xəstələnməsi ilə əlaqədar Hüseyn Cavidi Maqandan İrkutska əlillər zonasüna köçürütlər.Irkutskdakı əlillər zonasına köçürüləndən( 17 noyabr 1941 ) sonra Cavid 18 gün yaşayıb və dünyasını dəyişmişdir ( 5 dekabr 1941 ). 1941-ci ilin dekabr ayında 59 yaşli Hüseyn Cavidin vəfatı ilə əlaqədar 21 sayılı əlillər zonasının rəisi Sinitsin, həkim Vartminski, palata növbətçisi Fisunenko 59 saylı akt tərtib etdilər: Hüseyn Cavid sepsisdən – iki ayağının pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabrın 5-də gecə saat 22:30-da Sibirdə dünyasını dəyişdi. Cavidin son günlərini keçirdiyi islah əmək düşərgəsinin rəhbərləri Şemmel və Çıvayan soyadlı NKVD kapitanları idi.

 

Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat 1948-ci ol martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib.Ölüm tarixi dəqiq göstərilsə də, vafat etdiyi yer bildirilməyib.Şəhadətnamə Caparidze rayonunun VVAQ bürosu tərəfindən təqdim olunub.

1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi qərar qəbul etdi: “Böyük Azərbaycan şairi və drammaturqu Hüseyn Cavid Rasizadənin məzarı tapılıb vətənə gətirilsin.” Bu işin çox çətin və məhsuliyyətli olduğu əvvəldən bilinirdi. Hazırlıqlar edildi və oktyabrın 15-də saat 12-də Cavidi gətirmək üçün yola düşən nümayəndə heyyətinin təyyarəsi havaya qalxdı. Nümayəndə heyyətinin üzvləri bunlar idi: Həmid Cəfərov, Telman Əliyev, Zakir Nəsirov . Onlar Cavidin Naxcıvana gətirilməsini düşünsələr də, sonradan bu fikirdən daşınıb onu Bakıya gətirməyi qərara aldılar. Oktyabrın 18-də Şevçenkoya yola düşdülər. Daha sonra oktyabrın 21-də Şevçenkodan Tayşetə getdilər. Artıq ümidlər çoxalırdı, həsrətin bitməyinə çox az qalırdı. Sanki bu gün Sibir şaxtası da Cavidin böyüklüyünün qarşısında aciz idi. Artıq qarlı, çovğunlu bu diyar da Cavidin vətən həsrətinə dözə bilmirdi, məzarın tapılmasına şərait yaradırdı. Eh bu çovğunlu Sibir kimləri öz ağuşuna almadı ki … Çətinliklərlə də olsa Cavid Əfəndinin məzarı o qədər məzarlar içindən tapılmışdı. Taxta baş daşında yazılmış 59 nömrədən bilinirdi ki, məzar Hüseyn Cavidə məxsusdur. Çünki onun ölüm aktinda da 59 rəqəmi qeyd olunmuşdu. Nümayəndə heyyəti böyük ədibin buz bağlamış məzarını qazırdılar. Cavidi iki mert dərinlikdə taxta tabutda dəfn etmişdilər. Məzar qazıldı və tabut üzə çıxdı.

– Arxadaş, göz aç aman! Qalx ölüm uyqusundan! Zülmə çox əydin boyun, Çox əzildin, qalx, oyan! … Arxadaş, ayıl bir an. …Qalx! Oyan, oyan, oyan!

– Məni yalnız yaşatdı bir röya, Öylə röya ki, dadlı bir xülya… Dərdi həsrətlə daima yanaraq Yaşadım bir xəyalə aldanaraq.

Cavidin solmuş simasını ilk dəfə Zakir Nəsirov gördü. Qeyri ixtiyari olaraq geri çəkildi… Rafael Hüseynov Cavidin dilindən belə bir şeir də yazmışdı…

…Səni ürkütdümü halım? Keçmişdə xayır, böylə deyildim. Bilsən nə gözəl, ah nə gözəldim. Gözlər məni həsrətlə arardı, Hüsnümdə səhər cilvəsi vardı. Birdən-birə soldum da dəyişdim. Issız, əbədi heçliyə keçdim. Cismim qarışıb torpağa ondan. Güllər və tikanlar bitər əlan. …Çirkinliyim etdirməsin ikrah, Könlüm səni öpmək dilər…

İllərdi həsrətlə yolunu gözlədiyimiz Cavid Əfəndi vətənə qayıdırdı, hər gün evindən çıxıb işə getdiyi küçələrə geri dönürdü. Kaş ki, sağ salamat geri dönərdi. Əlində əsası, gözündə eynəyi olardi və asta asta təyyarənin pillərənini enərdi. Bir Cavidsevər olaraq onu elə təsəvvür edirəm. Eh həyat sevdiklərimizi əlimizdən almaqla bizi imtahan edir. Həyat elə etdi ki, onu qarşılamağa oğlu Ərtoğrul da gələ bilməmişdi. O, atasından 2 il sonra 1943-cü ilin noyabrın 14-də vəfat etmişdi. İndi onu ataları qədər çox sevən mənəvi oğulları Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirov gətirirdi. Cavidi qarşılamaqa çox insan gəlmişdi Binə Hava Limaninda insan izdihami yaranmışdı. Bu da Cavidsevərlərin ona olan sevgi və sayğının əlaməti idi. Cavidi qarşılamaq üçün Hava Limanına gələnər içində dövlət adamları, mədəniyyət işçiləri, onu tanıyıb, tanımayan hər kəs gəlmişdi. Gələnlər içində Cavid Əfəndinin gedərkən ( 1937- ci il iyunun 4-də ) sevimli qızı Turancığın 14 yaşı var idi. İndi babasını qarşılamağa gələndə o kiçik qızcığaz 59 yaşındaydı. Cavid Əfəndi haqqa qovuşanda 59 yaşı var idi, onun ölüm aktında da 59 rəqəmi yazılmışdı, indi də qızı Turanın 59 yaşı var.

Bilmirəm, bu təsadüfmü idi? İllərin ayrılığına son qoyulurdu artıq Cavid vətəndə idi. İllər öncə 14 yaşlı qoyub getdiyi sevimli qızı artıq yaşlanmışdı. İndi qoca bir kişi ilə yaşlı bir qadının görüşü baş tutacaqdı. İllər bir göz qırpımında keçməyinə baxmayaraq, zaman sanki durmuşdu bu an. Məşəqqətli keçirdiyi günlər onu vaxtından tez qocaltmışdı. Eh həyat kimləri əlimizdən alıb apardı… İndi Turan illər öncə vidalaşdığı Babasına qovuşurdu. Sanki Babasıyla danışırdı. Gəldim Turanım… Xoş gəldin, Baba… Noyabr ayının 1-i axşamına kimi Cavid Şirvanşahlar Sarayında gecələdi. Saray da Cavidlə vidalaşmaq üçün inanlar axın edirdi. Öz insanlıq borclarını ödəyirdilər. Noyabrın 1-də axşam saat 9-10 arası Cavid Kommunust küçəsinə doğru hərəkət etdi. 45 il əvvəl çıxdığı evinə gəldi. Gəzdiyi keçələrdə ruhu gəzdi, dolaşdı son dəfə. Turan xanım Babasıyla vidalaşmaq üçün tabuta yaxınlaşdı. Babasıyla danışırdı …

Gəldin də neçin pənbə buludlar kimi axdın. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Böyük ədib Hüseyn Cavid 1982ci il noyabrın 3-də doğulub boya-başa çatdığı, gənclik illərini keçirdiyi Naxçıvan şəhərində son mənzilə yola salındı… Məzar üstü məqbərə isə 1996 ci ildə tikilib.

Nə qələmim susacaq, nə də gülüm solacaq !!!

Rafael Hüseynovun “Vaxtdan Uca“, Azər Turanın “Cavidnamə“ əsərlərinə istinadən yazılmışdır.