Hüseyn Cavidin fikir və sənət dünyası

31 Baxış

alxan 1

 

 

H.Cavidin fikir və sənət dünyası

 

 

Yeni dövr Azərbaycan ictimai-mədəni və ədəbi fikri tarixində daha çox mənzum və tarixi dramları ilə məşhur olan görkəmli romantik şair Hüseyn Cavid dövrdaşlarından həm də dünya sosial-mədəni, ictimai-əxlaqi problem və proseslərinə özgün baxışları, şair-vətəndaş münasibətinin ideya-estetik ifadəsi tərzi ilə diqqəti cəlb edir. Bu fərqli və orijinal, sistemli və davamlı ideya-əxlaqi düşüncə sisteminin tarixi-ictimai köklərinin dayanıqlığının sirlərinin elmi-nəzəri şərhinə şair-dramaturqun həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra sonsuz sayda əsər – məqalə, şeir, dissertasiya, monoqrafik tədqiqat və s. həsr edilməsinin davamlığı da H.Cavid sənətinin dərin sosial-mədəni, ictimai-əxlaqi qaynaqlara malik düşüncə sisteminin sənətkar fərdiyyəti ilə ideya-estetik ifadəsindən, sirlərlə dolu cazibədarlığından irəli gəlir. Filologiya üzrə fəlsəfə doktoru, istedadlı şair-publisist Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti”[1] adlı monoqrafiyası da şair-dramaturqun – Hüseyn Cavidin şəxsiyyətinə və sənət sirlərinin açılmasına sönməyən elmi-nəzəri marağın orijinallığı, əhatəliyi və fundamentallığı ilə diqqəti cəlb edən növbəti cəhdin nəticəsi kimi qiymətlidir.

Bəri başdan deyək ki, Sona xanım Vəliyeva qarşısına qoyduğu məqsədə çatmaq – Hüseyn Cavidin sənət qüdrətinin sirlərinin elmi-nəzəri şərhinə nail olmaq üçün düzgün yol seçmiş; şair-dramaturqun, irfan və əqidə sahibi H.Cavidin ailə, təhsil mühiti, ictimai-mədəni əhatə dairəsi ilə dünyagörüşünün formalaşma mərhələlərini, istedad və məfkurə sisteminin təzahür özəlliklərini vəhdətdə izləmiş, elmi araşdırmalarının nəticələrini, orijinal və bitkin bir tədqiqat əsərində ərsəyə gətirə, elmi ictimaiyyətə təqdim edə bilmişdir. Belə ki, tədqiqat obyektinin elmi-nəzəri şərhi Hüseyn Cavidin ilk qələm təcrübələrinin təhlili ilə başlayır. Daha doğrusu, şairin “Keçmiş günlər” və “Bahar şəbnəmləri” adlı kitablarındakı bəzi poetik nümunələrin təhlili ilə onun sənətkar “mən”inin romantikası və ilk axtarışlarının xarakterini açmağa, bununla “Gülçin”dən Cavidə uzanan yolun hər pilləsi, hər mərhələsi, düşüncə və sənət lövhəsi haqda təsəvvür yaratmağa, həm də bütün bu pilə, mərhələ və poetik lövhələr arasındakı bütövlüyü, harmoniyanı qoruyub saxlamağa nail olur. Çünki H.Cavid ideya-məfkurə axtarışında birinci növbədə ilkinliyə diqqət yetirdiyi kimi, S.Vəliyeva da elmi araşdırma və nəzəri qənaətlərində “…məhz başlanğıclara” diqqət yetirir. “O, ən birinci mənbəni götürür və bununla da düzgün nəticə çıxarmaq imkanı” əldə edir (s.300). Şairin “Bir rəsm qarşısında”, “Hübuti-Adəm”, “Dəniz tamaşası”, “İlk bahar”, “Yadi-mazi” və digər şeirlərinin təhlilində, haqlı olaraq, H.Cavidin gözəllik axtarışlarına və bu düşüncə dolu aramaların xarakterinə; onu cəzb edən gözəlliyin məna və məzmun əsrarəngizliyinin hikmətində birinci növbədə Tanrı qüdrəti görməsinə cəlb edir. Məlum olur ki, H.Cavidin həm göylərin ənginliklərinə, həm dənizin dərinliklərinə dikilən nəzərləri ancaq zahiri gözəlliyin passiv tamaşaçısı deyil; o, həmin gözəlliklərin hikmətini, sirr-sehrini dərk etməyə çalışır. Gözləri, fikir və irfan nəzərləri açıldıqca; yaradılışın sirlərinə vaqif olduqca eşq divanəsinə çevrilir. Ancaq bu divanəlik bioloji, psixofizioloji deyil, irfani divanəlikdir. Təsadüfi deyil ki, 1910-cu ildə “”Sən nəsin? Kimsin?” deyən ariflərə” qeydi ilə çap etdirdiyi “İştə bir divanədən bir xatirə” adlı şeirində yazırdı.

 

Göz-qulaq – görmək, eşitmək aləti,

Çoq zaman aldatmış insaniyyəti.

 

Ona görə ki, həmin görmək və eşitmək aləti düşüncə, duyğu və ruh aləmindən uzaq idi. Elə ki, bütün bu tədric uzaqlığı aradan qalxdı, Hüseyn Cavid kainatın sirlərinə, əsrlərin hikmət dolu irfani baxışlarına vaqif olmağa başladı, artıq o, keçmişləri sadəcə arxada qalan illər kimi yad etmədi. O keçmişin dərinliklərindən bu günə və gələcəyə tuşlanan bağlarının vəhdət fəlsəfəsinə baş vurmaq yolunu, onu türk-islam dünyasının tale yazısı, irfan, ilahi ruh aləminin harmonik sistemi kimi anlamağa başladı. Bütün bunlar H.Cavidin sənət kəhkəşanının əzəmət və qüdrətini, orijinallığını təmin etdi. Bu sənət, qeyd etdiyimiz kimi, sadəcə gözəlliyə bağlanmadı; ona məftunluğun mahiyyətində İlahinin yaratdıqlarına – təbiət və insana, bütün mövcudiyyətə sərhədsiz bəşəri sevgi və məhəbbət dayandı. Sona xanımın da yazdığı kimi, nəticədə “…H.Cavid irfan romantikasını yarada bildi” (s.21). Müəllif – S.Vəliyeva fikrinə, haqlı olaraq belə yekun vurur: “Bu cəhət H.Cavid romantizmini Avropa romantizmindən, dünya romantik fikrindən fərqləndirən mühüm xüsusiyyətdir” (s.21).

Cavid romantikasının və sənət mözücəsinin axtarış inadını, uğur və hayqırtılarını, Tanrı və insan, Tanrı və Kainat tutumlu fəlsəfəsinin orijinallığını onun müasirləri, məslək və əqidədaşları da yüksək qiymətləndirir, şairin sənətində zahirlə batinin, görüntü ilə mahiyyətin, irfani məzmunun ruhi bağlılığının poetik şəkildə təqdiminin fəlsəfi mahiyyətini ürəkdən təqdir edirdilər. Məsələn, dövrünün tanınmış istedadlı romantik şair və tənqidçi-ədəbiyyatşünaslarından, həm də H.Cavidlə yaxın dost və məsləkdaş olan Abdulla Sur 1910-cu ilin aprel ayında H.Cavid şəxsiyyətinə və sənətinin ideya-estetik vəhdətinə, fəlsəfi dərinlik və irfani gözəlliyinə həsr edərək “Həqiqət” qəzetində dərc etdirdiyi “Neyçün, nədən?” başlıqlı mənsur şeirində romantik poeziyanın təbiətinə, mövzunun və janrın tələbinə uyğun olaraq, əvvəlcə həyatın, təbiət və kainatın sirli-sehrli dərkedilməzliklərlə dolu hərəkətini, enib-qabarmalarını, sığal və zərbələrini, qəzəbli, vahiməli və gülümsər, füsunkar mənzərələrini lirik ovqatda silsiləvi şəkildə göz önündə, təsəvvürlərdə canlandırdıqdan sonra sənət və məslək dostu H.Cavidin həmin o qarmaqarışıqlığın harmoniyasını axtarıb ruhi-fəlsəfi vəhdətini orijinal şəkildə canlandırmaq cəhd və uğurlarını, Kainatla, Yaradanın qüdrəti ilə Cavid sənətinin, onun yaradıcı insan keyfiyyətinin uyğunluğu haqda qənaətlərini poetik bir dillə belə ümumiləşdirirdi: “… Yanağın daşlı, qumludur, kirli, çamurludur (palçıqlıdır – A.B.). Yerdə ikən göydə uçursan… Göydə ikən yerdə qayətsən. Lətif ikən kəsif olursan… Saf ikən bulanırsan. O zümzümə dərin quyudur fəraqdan… o qəhqəhə için-için iniltidir, nəreyi-candır… sürünür qıvrılırsan. Yıllar ilə inləyib ağlarsan, bağırarsan”.

Göründüyü kimi, şeirdə insan – H.Cavid təbiətlə mahiyyətcə eyniləşdirilir; təbiət kimi onun – düşüncə və irfan insanının da yanağı daşlı, qumlu, kirli, çamurludur. Yerin suları yalçın, sərt qayalardan sızaraq dərələrdən qopub coşduğu… sirli, sehrli dərkedilməzlikləri ilə düşüb qalxdığı və s. kimi Hüseyn Cavidin poeziyası və varlığı da “yerdə ikən göydə uçur” xəyal quşu “göydə ikən” özü “yerdə gəzir”. Şairin (H.Cavidin) poeziyasının bəşəri kədər məzmunlu, tutumlu “Zümzüməsi dərin quyulardan gələn fəqan yüklü, için-için hıçqırıqlı iniltidir”. Onun varlığını saran “nəreyi-candır”. Bütün bu qəm yüklü, irfan ruhlu sızıltı, inilti ilə o, daima axtarışda, haqq, həqiqət, ədalət və mənəvi-əxlaqi nizam sorağında sanki “sürünür, qıvrılır, inləyir, ağlayır, hayqırır (bağırır)”.

Beləliklə, şeirdə Hüseyn Cavidin İrfan düşüncə və ruhlu, yaradıcı insan, bənzərsiz şair portreti bütün əzəməti, fəlsəfi dərinlik dolu möhtəşəmliyi, bəşəri kədər yükü istiqlal, istiqbal amallı, sevgi və məhəbbət tutumlu cilvələri ilə göz önündə poetik şəkildə, lirik-fəlsəfi bir ovqatla canlandırılır. Şeirin hər bir kəlməsində, epitet və bənzətmələrində şair dostunun – H.Cavidin sirli-sehrli, axtarış inadlı, istiqbal amallı, düşüncə və qayğı dolu nurlu filosof-şair portretinin həyatın özü kimi dərkedilməzlikləri qarşısında A.Surun vurğunluq dolu heyrəti, rəğbət və məhəbbəti duyulur. Həmin sevgi və məhəbbətlə o (A.Sur), təbiətə, kainata müraciətlə deyir: “Nazan-nazan göz oxşayan, dilbər-dilbər könül açan təbiət, hansı qəlbi öpər, ruhu yalardın?”

Bizcə, cavab aydındır; H.Cavidin bütün əzəmət və məzmun tutumu, fəlsəfi dərinliyi ilə qarşıda dayanan hayqırtılı, mübariz, bənzərsiz romantik idealını, amalını, bəşəri kədər yüklü lirik qəhrəmanının qəlbini, ruhunu. Çünki, Sona xanım Vəliyevanın da vurğuladığı kimi, Allah gözəlliyin harmoniyasını yaratdığı kimi, bu gözəlliyi tərənnüm etmək, onların irfani ruhunun fəlsəfəsini poetik şəkildə açmaq üçün də H.Cavidə güc, qüvvət və istedad vermişdi (Bax: s. 20).

Hüseyn Cavid Yaradanın ona bəxş etdiyi intellektual, duyğu və düşüncə dolu keyfiyyətlərdən necə gəldi istifadə etmir, hər hansı məqamda məqsədə doğru, tələsmədən, addım-addım, mərhələ-mərhələ irəliləyir, mövzu və mətləbə dərindən vaqif olandan, düşüncələrinə aydınlıq gələndən (gətirəndən) sonra qələmə sarılırdı. Bu haqda monoqrafiyada oxuyuruq:

“H.Cavid yaradıcılığında ciddi bir ənənə mövcuddur. Belə ki, əvvəlcə “Şeyx Sənan” adlı şeir, sonra isə “Şeyx Sənan” faciəsi yazılıb. Əvvəlcə “Hübuti-Adəm” şeiri, sonra isə “Peyğəmbər” pyesi qələmə alınıb. Əvvəlcə “Hərb və fəlakət” şeiri, “Müharibə və ədəbiyyat” məqaləsi, sonra isə “İblis” əsəri meydana çıxıb. Bunlar H.Cavidin monumental mövzuya mərhələ-mərhələ gəlməsinin sübutudur” (s.148). Sona xanım fikrinə davam edərək, H.Cavidin mövzu seçimi və yazı üsulu – yaradıcılıq labaratoriyası haqda yazır: “Mövzunun dərki məsələsində hər bir yazarın özünün keçdiyi yol olmalıdır və bu faktlar göstərir ki, H.Cavidin özünün fərqli və təkrarolunmaz yaradıcılıq kredosu vardır” (orada). Bu yaradıcılıq kredosunun əsasını hər şeyin, hər hansı mətləbin başlanğıcına, ilkinlik və mahiyyətinə vaqif olmaq inadı ilə həmin başlanğıcla müasirliyin vəhdətini göstərmək, keçmişlə indinin və gələcəyin davamlığını, qırılmaz genetik, ruhi-mənəvi əlaqələrini ideya-bədii şəkildə təqdim etmək prinsipi təşkil edirdi. Ona görə də kökünü, soyunu bilməyən bir millətin və nəslin tez məhv olması, sönüb getməyə məhkumluğu bütün bu və digər dəyərlərə sahib çıxanların isə öz kökü üstə böyüyüb yüksəlməsi qənaətini “Qoca bir türkün vəsiyyəti” şeirində poetik şəikldə belə ifadə edirdi:

 

… Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əskik olmasın.

Altay dağı, Makan çölü, həm də Yasın ovası.

Birər aydın səhifədir, hər türk gərək anlasın.

 

Beləliklə, H.Cavid milli tarixi intellektual yaddaşa, regional, coğrafi məişət düşüncə və davranış, yaşam mədəniyyətinə vaqif olub sahib çıxmağa, M.Ə.Sabirin məşhur “Fəxriyyə” əsərində göstərildiyi kimi, tarixdən, onun ibrətamiz faktlarından nəticə çıxarıb öz yolunda inamla addımlamaq düsturunu mənimsəməyə çağırırdı. Ona görə də yaradıcılığının əvvəlindən tarixin real və mifik dərinliklərinə baş vuran şair dramaturji yaradıcılığında da öz pinsipinə sadiq qalaraq “… “Peyğəmbər”i yazır, bu, islamın başlanğıcıdır. Yaxud Səyavuş haqqında yazır, Səyavuş İran-Turan qarşılaşmasının başlanğıcıdır. “Knyaz”ı yazır, Knyaz bolşevizmin başlanğıcıdır. “Topal Teymur”u yazır, bu da türk dövlətləri arasında ziddiyyətlərin başlanğıcıdır (s.300). Bununla H.Cavid bu gündən keçmişə, tarixə, tarixdən də, tarixin gözü ilə də bu günə və gələcəyə boylanır, soydaşlarını ayıqlığa, sayıqlığa səsləyir. Belə məqamlarda şairin bir çox hallarda öz qəhrəmanını ideallaşdıraraq tarixin fövqünə çıxarması isə romantizmin təbiətindən irəli gəlməklə yanaşı, həm də sənətkar qayəsinin aydın ifadəsi, yazdığı əsərin ideya-fəlsəfi təsir gücünü mümkün qədər artırmaq, möhkəmləndirmək məqsədi daşıyır.

Sona xanım Vəliyeva H.Cavidin tarixə, tarixi hadisə və qəhrəmanlara müraciətini təkcə onun tarixdən ibrət almağa, milli-tarixi yaddaşın oyaq saxlanılmasına çağırısı kimi yox, həm də klassikaya, klassik sənətkarlara, folklor və xalqın mifoloji düşüncə yaddaşına ruhi-mənəvi bağlılıq faktı (əlaməti), klassik yaradıcılıq ənənələri ilə sələf-xələflik əlaqəsi kimi yanaşır (baxır); göstərir ki, “hikmətlə dolu, elmlə zəngin bir düşüncə sahibi” olan, ilahi elmləri gözəl bilən Nizami Gəncəvi “Leyli və Məcnun” poemasında “türk mifoloji düşüncəsini bir ərəb əfsanəsi ilə məharətlə uzlaşdıra bilib” mövzunu Azərbaycan əxlaq və dünyabaxışına uyğun olaraq romantik bir vüsətdə işlədisə, Məhəmməd Füzuli həmin əfsanəni həm ilahi, irvani eşq mənziləsi ilə süsləyib, həm də doğma Ana – Azərbaycan-türk dilində qələmə aldısa, irfani və ilahi eşqin fəlsəfi köklərinə dərindən bələd olan Hüseyn Cavid ərəb əfsanəsi “Şeyx Sənan”ı Türk-İslam düşüncə, xarakter və əxlaqının irfan elminin, ilahi eşq fəlsəfəsinin kamil və romantik ruhlu daşıyıcısı kimi işlədi. “Şeyx Sənan” mövzusunu özünün düşüncə və ideya-estetik yaradıcılıq süzgəcindən keçirməklə H.Cavid ədəbiyyat tariximizdə ilk dəfə olaraq əfsanə ilə romantik metodun vəhdətini yaratmaqla yanaşı, Nizami və Füzuli ənənələrinə bağlılığını nümayiş etdirmişdir (Bax: s.111). O, Şeyx Kəbirin dili ilə Şeyx Sənanın bir Turan oğlu olduğunu (Səni annən doğdu Turanda) bildirir. Eyni zamanda, S.Vəliyevanın da, haqlı olaraq, diqqətə çatdırdığı kimi, “H.Cavidin Şeyx Sənanı öz romantik əhval-ruhiyyəsi ilə Nizaminin və Füzulinin yaratdığı Məcnuna bənzəyir, amma Məcnun deyil. Xüsusilə Şeyx Sənanın simasında məhəbbət və dinin qarşılaşması onu öz sələflərindən ciddi şəkildə ayırır” (s.122).

Milli elmi fikirdə də göstərildiyi kimi, Nizami Gəncəvidən üzübəri ağlın, kamalın vəhdətindən və romantik xəyalın intəhasızlığından başlayan, Tanrı ilə kainatın harmoniyasına tapınan ilahi eşq orta əsrlərdə Mahmud Şəbüstəri, Qazi Bürhanəddin, İ.Nəsimi, M.Füzuli yaradıcılıqlarında irfani mahiyyət, vəhdəti-vücud məzmunu kəsb etmiş, Məhəmməd Əmani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Əbülqasım Nəbati, Xurşidbanu Natəvan və başqalarının poeziyalarında ideya-estetik cəhətdən xəlqiliyə doğru yön almışdısa, XX əsrin əvvəllərində romantizmin estetikasına və tarixi-ictimai xarakterinə uyğun olaraq, həm də sosial-siyasi məzmun qazanmışdı. Təsadüfi deyil ki, Abbas Səhhət “Tərcümeyi-halım, yaxud hololo”, Abbulla Şaiq “İblisin hüzurunda”, “İblisin intiqamı” əsərlərini yazırdısa, Hüseyn Cavid bütün müharibələrə, dağıntı və qırğınlara səbəb olan iblisanə eybəcərliklərin ifşası və haqq, ədalətə çağırış əzmini möhtəşəm “İblis” faciəsi ilə ortaya qoyurdu. Yaxud Azərbaycan pomantizminin ideoloqu və Turançılığın banisi Əli bəy Hüseynzadə Türk-İslam dünyasının, üməmn kainatın nicatını bəşər övladının bir-birinə qeyd-şərtsiz qarşılıqlı məhəbbətində, ( Nicat məhəbbətdədir!) görür. A.Şaiq “Həpimiz bir yuva pərvərdəsiyiz!” “Həpimiz bir günəşin zərrəsiyiz!” devizi ilə

 

Ayıramaz bizləri təğyiri-lisan,

Ayıramaz bizləri təbdili-məkan.

Ayıramaz bizləri İncil, Quran,

Ayıramaz bizləri sərhəddi-şəhan…

…Qəlbimizdə yaşasın mehrü vəfa.

Verəlim bir-birinə dəsti-vəfa.

 

– deyə, insanları qarşılıqlı sevgi və ünsiyyətə çağırır, N.Nərimanov “Bahadır və Sona” əsərinin qəhrəmanlarının timsalında əsl sevgi və məhəbbəti millətlər, insanlar arasında mövcud olan,süni şəkildə sonradan yaradılan din, təriqət ayrılığına, milli, irqi fərqlərə, bu fərqlərin açdığı “uçurum dərələr”ə qarşı qoyurdusa, H.Cavid Şeyx Sənanın dili ilə insanlara bildirir ki:

 

Arqadaşlar: Şu parlayan günəşin

Feyzi birdir cihanda hər kəs için.

Türk, hindu, ərəb, əcəm bilməz,

Nuru hər yerdə artar, əskilməz.

 

Sona xanım H.Cavid şəxsiyyəti və yaradıcılıq kredosunun bütün bu və digər cəhətlərinə dərindən vaqif olduğu üçündür ki, monoqrafiya boyu Hüseyn Cavid yaradıcılığı, onun əsərləri və bədii qəhrəmanları məhz bu istiqamətdə, şair-dramaturqun ictimai-əxlaqi amalına, tapındığı romantik-fəlsəfi ideala uyğun, həmin ruh və kökdə təhlil edilir. Monoqrafiyanın ayrı-ayrı bölmlərinə seçilib verilən başlıqlar – “Gözəlliyin romantikası”, “Əfsanəvi qəhrəman: Şeyx Sənan”, “Mifik qəhrəman: “İblis”, “Həyatda və mənəviyyatda uçurum”, “Uçurumdan xilas ola bilməyən obraz: Cəlal”, “Məğlub qəhrəman: Knyaz”, “Müqəddəs qəhrəman: Peyğəmbər”, “Humanist qəhrəman – Səlma”, “Mühitin faciəsi: Maral”, “Xəyanətin qurbanı: Afət”, “Hökmdar qəhrəman: Topal Teymur”, “Sərkərdə qəhrəman: Səyavuş”, “Xəyyam tarixdə və bədii yaradıcılıqda” və s. və i.a. – həmin bölmələrin məzmun və ideya-estetik tutumunu dolğunluğu ilə əhatə və ifadə edir.

Göründüyü kimi, bu başlıqlar həm obrazlığı, həm də elmiliyi, nəzəri dəqiqliyi ilə də H.Cavid yaradıcılığının ideya-fəlsəfi və tarixi-ictimai mahiyyəti ilə yanaşı, monoqrafiyada izlənən mərkəzi elmi-nəzəri məqsədə tamamilə uyğundur, uğurla seçilmişdir. Bir sözlə, hər başlıq seçildiyi hissənin məram və məqsədini çox gözəl ifadə, oxucuya bələdçilik edərək onu oxuduqlarını asanlıqla dərk etməyə hazırlayır, yönəldir. Bütün bunlar həm Sona Vəliyevanın tədqiq və təhlil etdiyi mövzuya, H.Cavidin sənət və ideyalar aləminə dərindən bələdliyi, həm də istedadlı bir şair olması ilə bağlıdır. Belə ki, Sona xanımın oxucuların rəğbətini qazanan “Arazbarı”, “Dünya tanrı biçimində” adlı kitablarında toplanan poeziya nümunələrinin ana xəttini vətənpərvərlik, şair-vətəndaş təəssübkeşliyi, humanizm, qadın sadəliyi, analıq dəyanəti, valideyn və övlad məsuliyyəti və digər qutsal ideyalar, poetik deyim tərzi təşkil edir. Bütün bu saflıq və səmimiyyət, dözüm və dəyanət dolu mübariz ruh monoqrafiyanın ayrı-ayrı səhifələrində (bax: s. 50; 179; 270; 287 və.s.) irəli sürülüb əsaslandırılan elmi-nəzəri məsələlərə bəslənən müəllif münasibətində özünü biruzə verir.

Sona Vəliyeva H.Cavidin fikir və sənət yüksəlişinin inkişaf mərhələləri, obrazlar və ideyalar aləmi ilə yanaşı, yaradıcılığının məzmun və forma baxımından daxili dinamikasına; lirikadan dramaturgiyaya doğru inkişaf pillələrinə, mövzu və ideya zənginliyinin janr əlvanlığına şərait yaradıb səbəb olması məsələlərinə də aydınlıq gətirmişdir. Bunun üçün o, şairin “Qız məktəbində”, “Çiçək sevgisi” şeirlərini seçir və həmin əsərlərdəki fikrin obrazlı və uğurlu ifadəsinə yönələn dialoqlara, H.Cavidin lirikadan dramaturgiyaya təbii keçidinin forma və janr bitkinliyinə diqqət cəlb edir. “Azər” poemasındakı dialoq və monoloqlardan, həmin formaların H.Cavid yaradıcılığında artıq xeyli bişkinliyindən söhbət açarkən Sona xanım H.Cavidin dramaturq kimi artıq püxtələşdiyini də nəzərdən qaçırmır.

H.Cavid yaradıcılının mövzu, məzmun və ideya-fəlsəfi tutum, janr-üslub baxımından getdikcə kamilləşməsi onun bir yaradıcı şəxsiyyət və mütəfəkkir kimi dəyanəti, dönməzliyi və dözümü, sosial-siyasi, tarixi-ictimai proseslərə ayıq, aydın və dəyişməz baxışının kamilləşməsi ilə vəhdətdə izlənilir. Şair-daramaturqun “Topal Teymur”, “İblis”, “Peyğəmbər”, “Knyaz”, “Azər” və digər əsərləri ilə dövrün aparıcı imperialist dövlətlərinin totalitarizminə meydan oxuması, bu zaman yaratdığı sənət ehtişamları ilə rejimin tənqidçi və ideoloqlarını belə sehrləyə bilməsi rəğbət və sevgi ilə diqqətə çatdırılır. Nəticədə Hüseyn Cavidin monumental, əzəmətli şəxsiyyət və sənətkar bütövlüyü göz önündə monoqrafik səpkidə uğurla canlandırılır.

Sona Vəliyeva tədqiqat boyu cavidşünaslığın uğurlarından lazımınca bəhrələnməklə həm monoqrafiyanın elmi-nəzəri dayaqlarının möhkəmliyini, etibarlığını təmin etmiş, həm də monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Kamran Əliyevin də göstərdiyi kimi, Cavidşünaslığa yeni yanaşma tərzi, tədqiqat metodu bəxş edərək, gələcək yeni ruhlu tədqiqatların yaranmasına stimul vermişdir.

 

Alxan Bayramoğlu

filologiya elmləri doktoru, professor

[1]Sona Vəliyeva. Hüseyn Cavid sənətinin qüdrəti (Monoqrafiya) Bakı, “Zərdabi” LTD” MMC, 2018

Bölmə : Bölməsiz, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10