Hüseyn Cavidin müəllimi Fərid Kam – Cəlal Məmmədov

7 Baxış

photo_307

Fərid Kam
(1864-1944)

- türk fikir adamı, yazıçı və şair. Ədəbiyyatın, dinin və fəlsəfənin dərin bilicisi. Əski mətnləri şərhetmə tərzində yeni cığır açıbdır. Xüsusən kəlam və təsəvvüflə məşğul olardı. Tam təslimiyyət içində, Allahıyla barışıq bir ömür yaşadı. Fikri böhranlardan keçib, ən sonda “Məsnəvi” imdadına yetmişdi.

Bəziləri az əsər yazdığını söyləsələr də, əslində o, “zəngin bir milli kitabxanaydı… Süleymaniyyə, Səlimiyyə cameləri ölçüsündə böyük bir abidə idi”. Adını istiqlal şairi Məhməd Akif Ərsoy əsərlərindən birində belə anır: “Bizə “Dini-fəlsəfi söhbətlər” kimi müəzzəm bir əsər yazan yari canım, ustadi həkimim Həzrəti Fərid…”

Daim kainatda bütövlüyün mövcudiyyətinə diqqət çəkən Ömər Fərid Kam düşünürdü ki, əxlaqın da təməlində din dayanır.

Deyirdi:

“Qəlbə bax, əqlə etibar etmə,
Çünki əqlin şüarıdır inkar”.

Və ya:

“Madəm ki iman ilə etdin abad,
İqlimi-dili küfr ilə viran etmə”…

Professor Fərid Kamın “Dini-fəlsəfi söhbətlər”ində (h.1329) yer alan din duyğusu və dinsizlik xəstəliyi ilə bağlı fikirləri öz ruhuna görə böyük Məhməd Akifin:

“Nə irfandır verən əxlaqa yüksəklik, nə vicdandır,
Fəzilət hissi insanlarda Allah qorxusundandır…”

sözləriylə də yaxından səsləşir.

…Vicdani zövqün sağlam ölçüsü olan təmiz təbiətliliyi dinsizlik kökündən yıxar, insanı yırtıcı heyvan mərtəbəsindən də aşağı dərəcələrə endirər. Dinsizlik xəstəliyi vicdanı elə mənəvi əzablarla əziyyətə düçar edər ki, cəhənnəm əzabları onlara nisbətdə cənnət nemətləri kimi qalar.

…İnsan oğlunun əsrlərdən bəri araşdırmaları nəticəsində əldə etdiyi həqiqətlərin əsas ünsürləri səmavi kitablardır. İnsanlar düşünməyin yolunu o kitablardan öyrənmişlər… Xülasə, fikir və nəzərin əsl çıxış qaynağı səmavi kitablardır… Bəşər irfanının xəzinələri də, qaynaq etibarilə səmavi kitabların malı olmaqdan əsla çıxmazlar.

Bir kərə bu göylərə, sonsuz saydakı ulduzlara bax, sanki Cənabi Haqq bunları qüdrətinin tükənməz xəzinəsindən alıb sonsuz fəzaya qızıl zərrələri kimi necə gəldi səpibdir… İman və irfan nuru ilə baxanlar onlardakı göz alan intizamı ilk baxışda görür və heyran olurlar…

Əcəba, xilqətə nöqsan isnad edənlər yaradılışın bu nöqsanını idrak edəcək mükəmməlliyi haradan əldə etmişlər? Özləri də o nöqsan yaradılışın parçalarından olduqları halda yaradılışın nöqsanı haqda verdikləri bu hökmün doğruluğuna bizi nə ilə əmin edəcəklər?..

Din əldən gedərsə, insanlarda fəzilət deyilən heç nə qalmaz. Fəzilət binaları dinsizliyin müdhiş bir zəlzələsilə kökündən yıxılar. O müdhiş dağıntıdan qalxan toz-torpaq insanlıq aləminin bəsirət gözünü kor edər, necə ki bəzi yerlərdə edibdir də. İnsanlıq heyvanlıq mərtəbəsindən daha aşağı bir mərtəbəyə enər… Din gedincə insanda fəzilət deyilən heç nə qalmadığı kimi fəzilətin məhv olmağıyla da ağıl öz dayanağını itirmiş olur… İnsan sapqınlığın qaranlığı içərisində qalar, mənəvi dünyasında bir addım belə irəliləyişə nail ola bilməz…

İnsan yeməyinin yaxşı, ya da pis olmağına necə diqqət edirsə, mənəvi qidası demək olan fikir və bilgilərinin də sağlam olub-olmamağına diqqət eləməlidir. Əllərinə keçəni mədələrinə dolduran qarınxorlar acgözlükləri nəticəsində necə dözülməz ağrılara düçar olurlarsa, hər görüb eşitdiklərini qafalarına dolduranlar da axır o mühüm və zərif bədən əzasını zədələr və xəstə edər. Mədənin doldurulmağından doğan narahatlıq 3-5 günə keçib gedə bilir. Beynin gərəksiz, təsadüfi şeylərlə doldurulması mədənin doldurulmağına bənzəməz…

Son zamanlar dinsizliyin insanlıq aləmində açdığı yaralar bütün Avropanın fikir və elm adamlarını düşündürməyə başlayıbdır. Bir həqiqətdir ki, bu gün bütün mütəfəkkirlər dinsizliklə insan cəmiyyətlərinin bundan belə yaşamağının mümkün olmadığına inanmaqdadırlar.

…Dinsiz bir adam üçün nə fəzilət var, nə də vicdan… Dinsiz adam qaranlıq gecədə fırtınaya düşmüş yelkənsiz bir gəmi kimi ümmanın qorxunc dalğaları arasında çırpınıb qalar, ən nəhayət, sahilə salamat yetişmədən dəhşətli bir qayaya çırpılıb parça-parça olar.

Əgər dinsiz olmaq bəşərin bütün mümkün zövqlərindən istənildiyi qədər pay almaq məqsədi güdürsə, əmin olmalı ki, Cənabi Həqq əsla buna meydan verməz. Belə pis inanc sahiblərinin şüurundan zövq almaq qabiliyyətini dərhal silib atar. Din getdiyi andan insanın gözünə bir qara gözlük taxılar. Dünya-aləm insanın nəzərində bir bəla zindanı kəsilər. Və bütün varlıqları o, zil qara görməyə başlar. Yer-göy atəşdən bir kəmənd olub onun boğazına keçmək üçün hər an daralar. Qəlb bütün insani məziyyətlərdən uzaqlaşar.

Dinsiz adam ailə üzvlərinə onu dolanışıq mənbəyinə çevirmiş bir bölük zərərli varlıq gözüylə baxar, həmcinslərinə qarşı heç bir sevgi, heç bir şəfqət hiss etməz. Küfr və dinsizlik böhranı vücudunun bütün hücrələrinə yayılar. Quşların cana can qatan nəğmələri ona matəm iniltiləri… kimi gələr. Haraya baxsa, nifrət və lənətin dərin izlərini görər.

Səbəbsiz, qayəsiz, sahibsiz, mənasız gördüyü bu aləm nəzərində bir matəm lövhəsi və bəla cəhənnəmi kəsilər. Ondan ötəri fəzilət mənasız bir sözdür…

Din gedincə …yüksək duyğular adına qəlbdə və zehində nə varsa, hamısı birər-birər çəkilər. Qəlb bomboş qalar. Onu aydınladan nə qədər şölə var hamısı sönər. Yerini də sonu olmayan bir meydan, göz-gözü görməyən bir zindan qaplar. O zindanın hər tərəfindən mübhəm, vəhşi və müdhiş səslər əks-səda verməyə başlar.

Həyatın sıxıntı və fəlakətlərinə ancaq din ilə müqavimət göstərmək olar… Din ruhun mütləq ehtiyacıdır. Həyat yolunda ondan etibarlı sığınacaq, ondan böyük təsəlli ola bilməz. Dindar olanların qəlbində səadət mayası vardır ki, dünyanın bütün fəlakətləri bir araya gələ, yenə onu poza bilməz…

Mənbə: edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10