Senet.az oxucularına “Ustad” jurnalının 15-ci sayından tanınmış yazar Şəmil Sadiqin ““İblisin intiqamı” və İkinci dünya müharibəsi” adlı yazısını təqdim edir.
Sülhpərvər qüvvələrin qələbəsi ilə bitən “İblisin İntiqamı” pyesı janrına görə dramdır. Bu, Cavidin yeganə dram əsəridir ki, orada Sovet hökumətinin, onun nümayəndələrinin, ümumiyyətlə, onun varlığının adı çəkilir. Qeyd etməliyik ki, Cavidin irili-xırdalı digər bədii əsərlərində sovet hakimiyyətinin adı və yaxud atributlarına rast gəlinmir. Bu baxımdan əsər xüsusi maraq doğurmaqdadır. Doğrudur, onun “Telli saz” pyesində Sovet Azərbaycanından bəhs olunur, lakin bu əsər əlimizdə olmadığından, bizə gəlib çatan üç kiçik parçaya əsaslanaraq, onun haqqında geniş fikir yürütmək çətindir. “İblisin intiqamı” əsərinin qəhrəmanı Birinci Dünya müharibəsi əleyhinə yazılmış “İblis”faciəsinin əsas qəhrəmanlarındandır. Əsərin təsir obyekti bütün dünya imperializmidir. Buna görə də əsərdə İblis şeytanlardan istifadə edir. Buradakı Arif “İblis”dəkinə bənzəmir. O, artıq ”Şərqin mütərəddid çocuğu” deyil, əksinə, sülhü bütün varlığı ilə müdafiə edən bir mücahiddir. Əsərdə İblisə qarşı insanlara kömək edən iki simvolik obraz da vardır. Bunlar sülh pərisi Sima və Tuncərdir. Sima özünü “…bir çox şairlərin, filosofların könlünü ovlayan, ən yüksək və dərin düşüncələrdə qanad çalan bir dilək pərisi, … bəşəriyyət üçün çırpınan, qan izlərini silməyə çalışan sülh pərisi” adlandırır. Tuncər sülh pərisi Simanın keşiyini çəkmək üçün sülhpərvər bəşəriyyəti təmsil edən Spartak qiyafəli bir qəhrəmandır. Əsərdə onun hansı xalqın, hansı dövlətin nümayəndəsi olduğu dəqiq söylənilmir. Doğrudur, Arif: “Gerçəkdən Tuncərmi? Mən onu çoxdan tanıyıram. Söylə, indiyə qədər haralarda idin?” – deyirsə də, bizi daha çaşbaş salır. “İblis”dəki Arifin əslən İstanbullu olub Bağdad civarında yaşadığını bilirdik, buradakının isə hardan gəlib, hara getdiyi dəqiq məlum deyil. Tuncər adına Cavidin nə “İblis”, nə də ki digər əsərlərində rast gəlmişik.
Professor Ə.Cəfərin redaktorluğu ilə Hüseyn Cavid külliyyatının IV cildində ilk dəfə çap olunan “İblisin intiqamı” pyesində bu ad Tüncər yox, Tuncər kimi verilmişdir. M.Cəfərin tədqiqatında “tunc heykəli” Tuncərin Tüncər kimi verilməsi də təəccüblüdür. Tunc sözündən yaranmış Tuncər adını A.Həsənoğlu da Tüncər kimi qəbul edərək aşağıdakıları yazır: ”Bütün bunlara qarşı şair Tüncəri qoymuşdur. Tüncərin mənası münbit torpağa səpilən toxum mənasını ifadə edir ki, bu da bütün dünyada sülhün, əmin-amanlığın təbii inkişafı, ədalətin, tərəqqi və təkamülün poetikləşdirilməsindən ibarətdir”. Nə qədər gözəl və poetik səslənsə də, biz hər halda akad. M.Cəfərin “tunc heykəl” ifadəsini və prof. Ə.Cəfərin redaktəsindəki Tuncər adını qəbul etsək, daha yaxşı olar. Tuncərin Spartak qiyafəsində olması onun mübarizəyə qalxmış məzlum siniflərin ümumiləşdirilmiş, rəmzi bir obraz olduğuna dəlalət edir. Hörmətli şairimizin qızı Turan xanımın tərtibatı ilə Hüseyn Cavidin 2005-ci ildə 5 cilddə çap olunan əsərlərinin V cildində bu söz Tüncər yox, Tuncər kimi verilmişdir.
1936-1937-ci illərdə əsər yazılarkən Cavid bəşəriyyəti gözləyən böyük bir müharibəni və onun qanlı nəticələrini əvvəlcədən duyub görmüşdü. Qeyd etmək lazımdır ki, bunu duyub-görənlər az deyildi. Lakin onun nəticələrini düzgün təyin etmək bacarığı yalnız dahilərə məxsusdur. Cavid gələcək müharibədə faşizmin məğlubiyyətini labüd bilirdi. O duymuşdu ki, qalib gələn demokratik qüvvələr məğlub olan irticanın məhkəməsini onların öz ölkəsində, öz vətəndaşlarının iştirakı ilə aparacaq və bu proseslərdə bütün beynəlxalq sülhsevər insanlar iştirak edəcəklər. Elə təkcə Nürnberqdə müharibə canilərinə qurulmuş beynəlxalq mühakiməni buna misal göstərsək, kifayətdir. Alman, italyan və yapon faşizminə qurulan məhkəmələr həmin ölkələrin ərazisində, geniş xalq kütlələrinin gözü qarşısında olmuşdur. “İblisin intiqamı”nda sovet nümayəndəsinin əsərin sonunda söylədikləri bu baxımdan Cavidin peyğəmbərliyi idi. Çünki Hüseyn Cavid bir dahi kimi 1945-ci ildəki proseslərin proqnozunu vermişdir bu əsərində.
Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik.
“Sovet Nümayəndəsi. Xayır. Siz deyil onlar…Bəli onlar…Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam tək tək insanların deyil milyonların intiqamıdır.(İtalyan diplomatının qolundan tutaraq italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir) Alınız, bu siz italyanların!…( Alman diplomatını alman bir əsgərlə, alman bir topçuya verir. Bu da siz almanların… (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir) Bu da siz yaponların…
(Lordu da ingilis matroslarına verir). Bu da siz ingilislərin!…(Tuncərlə yoldaşlarına). İştə bunlara, bu qara yüzlü kabuslara biz deyil, öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa seyirci qalmayacaq. Yıldırım sürəti ilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına) Əvət sizlər!…Sizinkilərlə bərabər bütün cihan əməkçiləri əmin olmalıdır ki, sülh düşmanlarının bulanıq, qanlı dalğaları bizim hüdudun pulat divarlarına çırpılıb qırılacaq, azğın orduları da ər-gec sərab olmuş ümidlər kibi sarılıb məhv olacaqdır”.
İrihəcmli əsərlərinin, demək olar ki, hamısında bu və ya digər tərzdə ədəbiyyatımıza yeniliklər gətirən böyük sənətkar burada da öz ənənəsini davam etdirmişdir. “İblisin intiqamı”ədəbiyatımızda ictimai-siyasi məzmunda yazılıb böyük beynəlxalq məclislərin bədii təsvirini verən ilk dram əsəridir.
Pyesi dəfələrlə oxuyub, Cavidin digər dram əsərləri ilə müqayisəli surətdə tədqiq edəndən sonra gəldiyimiz nəticə ondan ibarətdir ki, ”İblisin intiqamı” dil və bədii cəhətdən onun digər əsərlərindən kəskin surətdə fərqlənir. Bədiilik baxımından onu deyə bilərik ki, əsərin əlimizdə olan variantı Cavidin sənətkarlıq cəhətdən ən zəif əsəridir. Pyes, əsərin tamamlanmamış bir qaralama variantını xatırladır. Bizi bu şübhələrə gətirib çıxaran ikinci pərdədən sonra əsərdə olan natamamlıq və tələskənlik, pyesin dili, oradakı şeir parçalarıdır. Əsərin birinci və ikinci pərdəsində olan hadisə və məzmunun genişliyini və gərginliyini üçüncü, dördüncü və beşinci pərdələrdə görmürük. Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatırladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil vardır. Bu dil onun məişətdəki dilindən fərqlidir. Onun nəsrlə yazılmış son dram əsərləri “Topal Teymur” və “İblisin intiqamı”dır. “Topal Teymur”dakı dil Cavidin “Maral”, “Şeyda”və “Afət”kimi əsərləri ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil onun məktublarının üslubuna və leksikasına yaxındır. Deməli, Müşkinaz xanımın köçürdüyü və bizə gəlib çatan bu nüsxə əsərin son bitkin variantı deyil. Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tapmamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikirlərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci pərdədə qaraçıların, ikinci pərdədə Xalidin oxuduğu parçalar bədii cəhətdən çox güclü olduğu halda, dördüncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyətinin tələblərinə cavab vermir. Müqayisə üçün onların hərəsindən bir bəndə diqqət yetirək. Birinci pərdədə qaraçıların:
İnsan ömrü dalğa kimi keçər, gedər.
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi burax, zövqünə bax, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.
– şərqisi heca vəzninin 12-lik ölçüsündə dörd hecalı bölgülərin üç dəfə təkrarı ilə yazılmışdır. Nə forma, nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xətası olan bu şeir sənətkarlıq nümunəsidir.
İkinci pərdədə Xalidin nəğməsi:
Səni ürkütdümü halım, çiçəyim!
Öylə yan baxma, aman sevdicəyim!
O baxışlar, o duruşlar, o əda
Qoparır fırtınalar ruhumda.
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl növündə-fə’ilAtün fə’ilAtün fə’ilün ölçüsündə yazılmışdır. Bədiilik, vəzn, qafiyə və mənasına irad tutmaq mümkün deyil. İndi isə dördüncü pərdədəki şeirin bir parçasına diqqət edək:
Alqış sevda gecələrini oxşayan qaranlıqlara!
Alqış qaranlıqlar içində süzülən işıqlara!
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!
Nə əruz, nə də heca vəzninə uyğun gələn ritorik sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yaradıcılığında belə bir şeyə rast gəlməmişik. Müasirləri içərisində vəzn baxımından ən yüksək pillədə duran bir şair belə bir yazını şeir formasında tamamlanmış, bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki monoloqlara bənzər tərzdə bu əsərdə də nəsə yaratmalı idi. Əlimizdəki varianta əsasən əsərin natamamlığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı arxivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı doğruldub aradan götürə biləcəyinə ümidimiz çoxdur.
Mənbə “Ustad” jurnalının 15-ci sayı.