İbrahim İylaslının şeirləri “Zamanın sınağı”ndan keçəcəkmi?

151 Baxış

ibrahimSenet.az yeni layihəyə start verir. “Zamanın sınağı” adlı layihədə yazıçı və şairlərimizin 20-30 il əvvəl yazdıqları əsərləri sizə təqdim edəcəyik. Oxucular qərar verəcək ki, bu əsərlər zamanın sınağından keçərək, günümüzdə də öz aktuallığını, bədii dəyərini qoruyub-saxlaya bilibmi? Layihənin ilk qonağı İbrahim İlyaslıdır. Onun 1998-ci ildə işıq üzü görmüş “Hamı bir körpüdən keçir” şeirlər kitabından özünün seçdiyi şeirləri təqdim edirik. Sizcə İbrahim İlyaslının bu şeirləri zamana duruş gətirə bilibmi?

 

 

Avtoportret

Nə tez inadına daş dəydi belə,

Nə tez inamına dəyib qayıtdın?

Yenəmi ağlını ürəyin kəsdi?

Yenəmi baxtını söyüb qayıtdın?

 

Qoşulub getdinmi durna dəsinə,

Bir kimsə yolundan saxlamadı ki?

Buludlar üz qoydu Yer kürəsinə,

Göy üzü yerindən laxlamadı ki?

 

Hər şeyə ad varsa, ad qoyan da var,–

Bəlkə dağlar dərə, dərələr dağdır?

Bəlkə bu ağlardı elə  qaralar,

Bəlkə bu qaralar elə dümağdır?

 

Gülürsən, gülməli burda nə var ki?–

Ancaq ağlamalı bir şey də yoxdur.

Görürəm, gözünü göynədir rəngi,–

Bir az bu söhbətin işığı çoxdur.

 

Hə, bir də azadlıq deyirdin axı,

Elə bir söz-söhbət gəzir arada.

Sənin azadlığın içindən axır,

İçindən axacaq bundan sonra da.

 

Əlində olsaydı öz ixtiyarın;

Çoxdan ilim-ilim itməliydi ki.

Axı bu ürəklə canım-ciyarım,

Sən hansı mənzilə yetməliydin ki?

 

Bu mizan-tərəzi düzələr çətin,

Yəni bu görklər də ağ yalandımı?

Ənəlhaqq! – çığıran bir məmləkətin,

Yenə səltənəti yağmalandımı?!

 

Nə bir kömək dilə, nə təsəlli um,

Ondan adamlarda yığın-yığındı.

Sənin qovuşmalı iki Yerin var,–

O sənin Tanrın və Tənhalığındı.

 

 

 

ibrahimiylasli*  *  *

Torunu sudan çək, balıqçı baba

Mənim nə ölümüm torunda sənin?

Məni yem etdiyin harınlar ki, var –

Çıraq tutmayacaq gorunda sənin.

 

Açıb qucağını bu dünya üzü,

Dağlar da dərəymiş, dərə, bir cürə.

Ümmana bənzəyir bu dünya özü,

Hamı avar çəkir, hərə bir cürə.

 

Heç nə görməyəndə heçə göz baxır,

Heçliyə varmağın yüz qanunu var.

Bir saman çöpünə neçə göz baxır –

Dəryada davanın öz qanunu var!

 

Ömrə qayıdırmış ömürdən gedən,

Ölümdən qorxuruq ölənə kimi.

Kimdi Tanrısına bəndəlik edən,

Özüylə üz-üzə gələnə kimi?

 

Bədən qayığıma əllərim avar,

Qolum qoltaq oldu sənə çatınca.

Mənə bir tədbir tök, balıqçı baba

Sualtı qayıqlar düşüb dalımca.

 

 

* * *

Ötən günlərimdən söz açdım, hayıf

Mən ki, qana-qana böyüdüm, qardaş.

Baharda dünyaya göz açdım, hayıf,

Üzü zimistana böyüdüm, qardaş.

 

Əl atdım, əlimə keçən daş oldu,

Daş atdım divlərin daş yuxusuna.

Baharın dalınca gələn qış oldu,

Girdim ayıların qış yuxusuna.

 

Qəsdi, qərəzliyi nədi dünyanın?-

Küləklər tərsinə oynatdı məni.

Qəflət yuxusundan gidi dünyanın

Bir ayı şilləsi oyatdı məni.

 

Oyandım – ovxarlı kirpiklərim yox,

Hicran at səyirdir bəbəklərimdə.

Oyandım – Vətənin dağları qəlbi,

Göz yaşım göl oldu çökəklərində.

 

O vaxtdan əllərim qaşımın üstə,

Yolum yox Allahın yanına doğru.

Bir ayı pəncəsi başımın üstə,

Gedirəm ömrümün sonuna doğru.

 

 

Müəmma

Nə sirri-xudasan, baş açmaq olmur,

Nə məğzi-pünhansan, anlamaq çətin?

Adamı adama qul eləməkdi

Bineyi-qədimdən işin, sənətin.

 

Hörmətin, xətirin hamıdan başda,

Qədirin, qiymətin aləmə bəlli.

Sənin üstündədi bütün savaşlar,

Sənin ovcundadı şeytanın əli.

 

Min bir qiyafən var, min bir adın var –

Doğmasan, əzizsən, yadsan, yağısan.

Zəhər tuluğusan – şirin dadın var,

Könül xoşluğusan, sinə dağısan.

 

Varımsan – ərkim var hökmdara da,

Yoxumsan – nəyim var quruca sözdü.

Biri sığalından xumarlanmada,

Biri kötəyindən qan qusur – düzdü.

 

Xeyir baltasısan, şər külüngüsən,

Meydanın genişdir, matahın baha.

Di gəl, sən yazıq da bizim günlüsən,

Sənin də urvatın  qalmayıb daha.

 

 

 

Yoxdur

Mən hamıya yad adamam,-

“Yaxına var, yada yox”dur.

Baş götürüb getməyə də,

Bir kimsəsiz ada yoxdur.

 

Çardağına qısılmağa,

Ocağına basılmağa,

Sükutundan asılmağa

Bir koma, bir oda yoxdur.

 

Hardasan, ay haqqa zaval?-

Səninkidir bu cah-cəlal.

Bu dünyada bircə halal

Adam varsa, o da yoxdur.

 

 

 

Mənəm

 

Dərdim, məni tanımadın,

Girləndiyin oda mənəm.

Mənə ilham verən sənsən,

Sənə gələn qada mənəm.

 

YOXluğu VARa çəkilən,

Qəmi bazara çəkilən,

Haqqından dara çəkilən

Ya ruhumdu, ya da mənəm.

 

Götürməz bu ərki dünya,

Udammaz bu dərki dünya:

«Bu məqamda tərki-dünya

Bir şair var – o da mənəm».

 

 

 

Sabir  Yusifoğluya

 

Yaşıl-yaşıl sözlərimi,

Yaş aparan gözlərimi,

Daş göynədən dizlərimi,

Sıxdım ürəyimə, sıxdım.

 

Çəpəri çətən dərdləri,

Yanımdan ötən dərdləri,

Tökülüb itən dərdləri,

Yığdım ürəyimə, yığdım.

 

Yükümü ağır elədim,

Çiynimi yağır elədim.

Sinəmi çığır elədim –

Çıxdım ürəyimə, çıxdım.

 

 

 

Olsun

 

Dünyaya kefə gəlmirik,

Bir az da göz yaşın olsun.

Qaşın altda gözün varsa,

Gözün üstə qaşın olsun.

 

Dilində haqq sözün varsa,

Söz deməyə üzün varsa,

Ürəyində közün varsa,

Ətəyində daşın olsun!

 

Bu din mənim dinim deyil,

Bu don mənim donum deyil.

Bu ömür də mənim deyil,

Apar, halal xoşun olsun.

 

 

 

Məktub

 

Çəkildim qınıma, elə çəkildim,

Daha yollarında duman deyiləm.

Nə məndən mərhəmət gözləmə daha,

Nə səndən mərhəmət uman deyiləm.

 

Yığışdır yolumdan baxışlarını,

Bu yollar sənsiz də udacaq məni.

Mən sənin adını tuta bilmirəm,

Hardasa qarğışın tutacaq məni.

 

Çiçək ətri kimi uçub gedənmiş,

Bir çiçək ömrünü yaşayan çevgi.

Məni qıyma-qıyma doğradı keçdi,

Məni misra-misra daşıyan sevgi.

 

Demirəm bağışla, keç günahımdan,

Kim kimə bağışlar günahı bunca?

Özüm də keçmərəm heç günahımdan;–

Ya keçilən günah – ya alınan can.

 

Bir ulduz gözləyir göydə hərəni,

Hər adı bir ulduz çəkib aparır.

Bu gecə son dəfə aç pəncərəni,

Adımı pıçılda göylərə sarı.

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10