İçərişəhərin numizmatik materiallarını araşdırmaq səsləndiyi qədər ağır, həm də çox şərəfli bir işdir. Belə ki, keçmiş Sovetlər dövrünün ilk illərində əsası qoyulan Azərbaycanın sikkəşünaslıq elmi 80 ildən artıq bir dövrdə əsasən numizmatik materialların elmi əsaslarla toplanması, zaman-zaman ali həzrətləri “alma-mater”- tarix elminin xronoloji bölgüsünün aparılmasında, insan yaranandan dünyanı idarə edən ticarət və əmtəə-pul münasibətlərinin cürbəcür aspektdən öyrənilməsində birbaşa iştirak edir.
Tarix elminin “tətbiqi” sahəsi olan numizmatika üzrə ölkəmizdə ikinci nəsil formalaşmışdır.Bu nəslin nümayəndələrindən biri də biz olaraq bu vacib işdə öz vəzifəmizi yerinə yetirməyin zamanı gəldiyini başa düşür və belə şərəfli işi layiqincə yerinə yetirmək amalındayıq.
Qeyd etmək lazımdır ki, Azərbaycanın qədim şəhərlərindən olan Bakının sikkə materialları ilk dəfə mərhum alim t.e.d., professor M.Ə.Seyfəddini tərəfindən yazılmışdır. Cox təəssüf edirik ki, əsərdə Bakıya aid olan numizmatik materialların əsil elmi təhlili aparılmamışdır. Bu səbəbdən də Bakının sikkə nümunələri kontekstində bütün tarixi dönəmləri özündə əks etdirən numizmatik materiallara müracıət edirik.
Yaşadığımız XXI- ci əsrin əvvəllərində şəhərlərimizin tarixinin öyrənilməsi yönümündən arxeoloqlar, etnoqraflar, numizmatlar, epiqrafçılar və digər elm sahələrinin mütəxəssisləri “ ortaq məxrəcə” gəlməli, dünyaya heç bir siyasi ideologiyaya baş əyməyən əsil tarixi həqiqətləri bəyan etməlidirlər.
Dünya tarix elmində elmi nöqteyi nəzərdən ən dəqiq məlumatları özündə əks etdirən maddı mədəniyyət qalığı arxeoloji qazıntılardan aşkar edilmiş numizmatik materiallardır. Bakının arxeoloji araşdırmaları ilə məşğul olan alimlərimizin rəyinə görə şəhərin qədim yaşayış məskəni olan İçərişəhərdə VIII-IX əsrlərdən qədimlərə çatan mədəni təbəqə aşkar edilməmişdir, deməli burada ticarət münasibətləri yalnız bu zamandan yaranmışdır.Bununla belə ayrı-ayrı qazıntı sahələrindən tunc , dəmir, antik dövrə aid olan çox qiymətli maddi-mədəni qalıqlar aşkar edilmişdir.Arxeoloji qazıntılar zamanı İçərişəhərdə Şirvanşahlar sarayının yuxarı həyətində boğazının forması e.ə. III-I əsrlərə aid edilən Yaloylu təpə məmulatları sayaq kuzənin tapılması,eləcə də Sınıqqala məscidi ərazisində tapılan və e.ə. IV-I əsrlərin və b.e. I – ci əsrinə aid Şamaxı, Nyüdi saxsı qabları sayaq əllə hazırlanmış saxsı qab fraqmetləri və dəmir dövrünün boz gildən hazırlanmış qadın heykəlciyi , yenə də Sınıqqala məscidi ərazisində tapılan dəmir ox ucluqları və saxsı fraqmentləri, antik dövrə aid klassik amforalar formasında iri kuzə , eləcə də İçərişəhərdə məscidin ərazisində tapılmış 2 sütunaltı-antik dövrün böyük şəhər binalarının sütunlarında olduğu kimi sütun bazaları Bakı qalasının yaranma tarixini antik dövrə aid etmək və onun qədimliyini 2 min ildən çox olduğunu hesab etməyə imkan verir.
Bu məsələnin həllində tarix elmində qəbul edilmiş digər bir metoda görə ictimai-iqtisadi münasibətlərin inkişafı baxımından şəhərlərin meydana gəlməsi üçün müəyyən şərtlərin olması vacib hesab edilir. Bu şərtlər silsiləsinə məhsuldar qüvvələrin inkişafı, ticarətin genişlənməsi, sənət sahələrinin ixraca müqabil əmtəələri istehsal etmək qabiliyyəti və digər çox vacib məqamlar da daxildir. 3-cüsü dünya çapında heç bir şəhər səhralıqda, insanların çox qədimlərdən yaşamadıqları yerlərdə yaranmamışdır.Xüsusilə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda klassik orta əsr şəhərləri qədim yaşayış məskənləri üzərində və qalaların ətrafında böyümüş və genişlənmişlər.Bəzi şəhərlər məhəllin təbii sərvətlərinin –mis və dəmir filizi, neft və duz ,digər faydalı qazıntıların istismarı ilə bağlı olaraq meydana çıxmışlar.Görünür, qədim yaşayış məskəni üzərində meydana çıxmış Bakı da belə şəhərlərə aiddir.
Keçən əsrdə İçərişəhərdə uzun illər arxeoloji tədqiqatlar aparmış arxeoloq A.Leviatov hesabat xarakterli məqaləsində qeyd edirdi ki, burada müəyyən illərdə aparılan qazıntılar və əldə edilən tapıntılar Bakının ən qədim yaşayış məskəninin İçərişəhərdə yerləşməsini və onun tarixinin IX-cu əsrə deyil, daha qədimlərə aid olmasını sübuta yetirir.Göstərilən köklü elmi arqumentlərə baxmayaraq Azərbaycan alimləri indiyə qədər burada orta əsrlərdən məskunlaşmanın başlanmasını iddia etməkdədirlər.
Bizim fikrimizcə, Baki bir çox Azərbaycan şəhərləri kimi daha qədim tarixə malikdir. Bu tarixin indiyə qədər aydınlaşmamasının səbəbləri fikrimizcə,aşağıdakılardan ibarətdir;
1.Ulu təbiət və zaman kimsəyə baş əymədən milyon illərlə öz işini görməkdədir.Yağışlar, yeraltı sular, iqlim dəyişikliyi, Xəzərdə suyun vaxtaşırı qabarmaları və çəkilmələri insanların və onların yaratdıqları fərqli mədəniyyətlərin miqrasiyası, onların hər birinin yaşam tərzinin özəllikləri, təbiətə olan münasibətləri, bəşəriyyətin təkamülü və digər hadisələrin məntiqi nəticəsində bütün Yer kürəsində , o cümlədən yaşadığımız Bakı şəhərində vaxtilə mövcud olan alt mədəni təbəqələr demək olar ki, yoxa çıxmışdır.
2.Cənubi Qafqaz ərazisində eneolit dövründən başlayaraq (bu gün elmdə qəbul edilmiş nəzəriyyəyə əsasən) insanlar evtikmə mədəniyyətini yaratmışlar;bununla da özlərindən əvvəl yaşayan insanların məskənlərini lazım gəldikcə dağıtmış və yeni infrastruktur yaratmağa başlamışlar. Belə “dağıdıcı” təsərrüfat və məişət işləri nəticəsində bütün mədəni təbəqələr, elə onu yaradan insanlar tərəfindən də məhv edilmişdi;
3. Ehtimal ki, Bakı şəhəri Azərbaycanın digər ərazilərində olduğu kimi dəmir dövründə şəhər və qəsəbələrin yenidən, artıq ikinci dəfə inşası zamanı təbiət qüvvələrinə qalib gəlmək üçün dəniz səviyyəsindən nisbətən hündür yerlərdə həyata keçirilmişdir. Tikintilərdəki ümumilik əvvəlki dövrlərin xarakterik xüsusiyyətlərindən biri olaraq binaların keçmiş yaşayış yerlərinin üstündə tikilməsi idi. Bir qədər sonra yeni salınan şəhər və qəsəbələr isə əsasən ticarət yollarının vacib strateji əhəmiyyətli yerlərdə inşa edılməsinə başlanılır.
Bu zaman artıq insanların yaşaması və dövlətlərin iqtisadi yüksəlişi üçün daha ucuz , təhlükəsiz və əlverişli su yollarının olmasını dərk edən cəmiyyətlər vacıb ticarət mərkəzləri və sənətkarların cəmləşdiyi yaşayış məskənlərini məhz su hövzələrinə yaxın , coğrafi- strateji baxımdan təbii təhlükəsizlik vasitələrinə məxsus kiçik yaşayış məskənlərində tikməyə başlamışlar. Bakı üçün bu bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Böyük Qafqaz sıra dağlarının bir hissəsi olan Xızı dağlarının yaxınlığında (müasir Yasamal hündürlükləri) yerləşməsi idi. Bakı sözünün bir çox mənbələrdə tərcüməsi də məhz bu anlamda, yəni yüksək yer, təpə kimi tərcümə olunur.
4.Tunc dövründən başlayaraq dünyanın qədim mədəniyyətləri , o cümlədən indiki Bakı şəhərinin yerləşdiyi ərazinin də daxil olduğu Kür-Araz mədəniyyəti Dəclə-Fərat, Mavənnəhr-Amudərya-Sırdərya, Hind-Qanq, Yantszı-Xuanxe və digər su hövzələri yaxınlığında yaradılan və elmdə “İkiçayarası” və digər adlarla tanınan sivilizasiyalar sırasında özünün kulminasiya həddinə çatır.Bu artıq dövlətlərin yaranmasına keçid zamanı olaraq , iqtisadi və mədəni cəhətdən inkişaf etmiş dövr idi. Bu zaman artıq dünyanın qədim mədəniyyətləri sənətkarlıq, ticarət, pul dövriyyəsi. Inşaat vərdişləri və digər sahələr üzrə yaşam üçün lazım olan bütün nailiyyətləri əldə etmişlər.
Abşeron ərazisində aparılan son arxeoloji araşdırmalara görə bu ərazidə Kür-Araz mədəniyyətindən çox, Maykop mədəniyyətinin təsiri izlənilir.Ön Asiyanın mədəni mərkəzləri ilə qarşılıqlı mədəni,iqtisadi əlaqələri nəticəsində eramızdan cox əvvəl tam formalaşmış dini sistemlər və ideologiya mövcud idi.
Elmdə “arxaizm” adlanan dövrdə Bakıda ehtimal ki, müəyyən iqtisadi əlaqələr yaranmışdı.Ümumiyyətlə, yerləşdiyi coğrafi məkan baxımından indiki Abşeron, bütün Cənubi Qafqaz, Ön Asiya mədəniyyətlərinin yayıldığı areala daxildir. Bu baxımdan da təsirin əks təsirə bərabər olmasını mövqeyini qəbul etmək lazımdır.
5. Şərq-qərb, şimal- cənub ticarət yolunun vacib bir məkanında yerləşən Bakı yeni dövlət yaratmaq və islamın təbliği baxımından işğallar aparan ərəblərdən sonra –yəni VIII-IX -cu əsrlərdə tikilə bilməzdi. Hələ X–cu əsrin məşhur ərəb müəllifi əl-Müqəddəsi “Əhsən ət- təqasim” əsərində digər şəhərlər sırasında Bakını da “mədinə” adlandırır. Mədinə termininin yeganə tərcüməsi şəhərdir və ərəb müəllifləri bütün yaşayış məskənlərinə deyil, yalnız iri, möhkəmləndirilmiş və geniş ticarət əlaqələri olan şəhərə mədinə deyirdilər.
Əgər bu günə qədər İçərişəhərdən arxaik, antik dövrə və ya ondan da qədimlərə aid olan mədəni təbəqə aşkar edilməmişsə, bu hələ Bakıda yaşayış yerinin orta əsrlərdən təşəkkül tapması demək deyildir. Belə ki, dünya alimlərinin təkzibedilməz rəylərinə görə arxeoloji faktın və yaxud əşyaların kifayət qədər olmaması ilə bu və ya digər tarixi amilləri birbaşa inkar etmək düzgün hesab olunmamalıdır. Arxeoloji mənbə heç də tam və ya son hədd deyildir.
Bütün bu məsələlərin həllində numizmatik materialların rolu əvəzedilməzdir.
Azərbaycan numizmatika elmində ərazimizdən ən erkən sikkə vahidinin eramızdan əvvəl IV-cü əsrdə Makedoniyalı İskəndərin adından zərb olunan tetradraxma, draxma və obollar olması haqqında müddəalar vardır.Bu nəzəriyyənin kökündə əsasən arxeoloji qazıntılardan keçən əsrdə aşkar edilən sikkələr və sikkə dəfinələri olmuşdur. Bununla belə keçən əsrin sonlarında Azərbaycanın bəzi ərazilərindən,o cümlədən, İçərişəhərdən aşkar edilən bir ədəd bürünc qarışıqlı mis nominal göstərilən nəzəriyyəyə yenidən baxmağı tələb edir. Sözsüz ki, 1 və yaxud onlarla belə sikkələrin tapıntısı hələ o demək deyildir ki, ərazimizdə əmtəə-pul münasibətlərinin tarixi arxaik dövrə , yəni VI-V cü əsrə qədər gedib çatır.
Bütövlükdə Cənubi Qafqaz ərazisində ən qədim sikkələr eramızdan əvvəl VI-IV –cü əsrlərdə Gürcüstanda -Kolxidada zərb edilən “kolxidka “ adlanan gümüş pullar hesab olunur. Tarixi Kolxida ərazisi müasir Azərbaycanın qonşuluğunda yerləşir.Göstərilən zaman kəsiyində , yəni eramızdan əvvəl VI-IV əsrlərin I-ci yarısına qədər Cənubi Qafqaz bütövlükdə Əhəmənilər imperiyasının tərkibində olmuşdur. Dünyanın ən qədim imperiyalarından olan Əhəmənilərin mükəmməl pul sisteminin mövcudluğu dünya tarix elmi tərəfindən qəbul edilmışdir. Əhəmənilərin 11-ci (bəzi elmi araşdırmalara görə 15-ci) satraplığına daxil olan Cənubi Qafqaz ərazilərində yaşayan yerli əhali sözsüz ki, mərkəzləşmiş dövlətin qanunlarına tabe olaraq eyni pul vahidlərindən, çəki və ölçü sistemindən istifadə etmişlər.Bundan başqa, Əhəmənilər imperiyasında min kilometrlərlə uzanan dünya şöhrətli bir neçə karvan yolları olmuşdur.Onlardan biri lidiyadan başlayır, Kiçik Asiyanın ərazisindən keçir və Babilə qədər uzanırdı. İkinci belə bir karvan yolu Babildən Suza, oradan Persepola və Pasarqada; üçüncü- Babili Ekbatanla birləşdirir, oradan Qafqaz dağlarının ətəklərindən Baktriyaya , oradan Hindistanın sərhədlərinə qədər uzanırdı. 518-ci ildən sonra Əhəməni hökmdarı I Dara Nildən Sueçə qədər olan su yolunu bərpa etmişdir. Bu yol Misiri Qırmızı dənizlə müasir Farsla , oradan Xəzər dənizindən Hindistana çaylar vasitəsi ilə birləşdirirdi. Həmin ildə su yolunu yoxlamaq üçün məşhur Skilakın başçılığı altında Hindistana ticarət gəmilərindən ibarət ekspedisiya belə təşkil edilmişdi.
Bu və ya digər obyektiv və subyektiv səbəblərdən Cənubi Qafqazın digər ərazilərindən fərqli olaraq məhz müasir Azərbaycan ərazisində ilk pulların e.ə. IV-cü əsrin I-ci yarısından daxil olması faktoru heç inandırıcı deyildir.Ola bilər ki, ölkəmizin muzeylərinin numizmatika fondlarında Əhəmənilər dövrünə aid sikkələr hələ də öz araşdırmaçılarını gözləyir.
Digər tərəfdən keçən əsrdən etibarən arxeoloqlarımız əksər hallarda aşkar etdikləri mis və ya üzərində heç bir yazı görünməyən məmulatları qeydiyyatdan keçirmirlər.
Keçən əsrin sonlarında İçərişəhərin ərazisində yerləşən Məhəmməd məscidi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edılən sikkə Əhəməni hökmdarı Haşayarın (Kserksin) adından zərb edilmişdi. 1945- ci ildə Şirvanşahların həyətində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən və bu günə qədər alimlər tərəfindən təyinatı dəqiqləşdirilməyən metal məmulatlar bizim fikrimizcə məhz göstərdiyimiz dövrdə istifadə edilən , üzərində solyar-astronomik işarələr olan möhür və hakimiyyət rəmzlərinə oxşar bəzək nümunələridir.
Beləliklə, ehtimal etmək olar ki, Bakının ən qədim yaşayış məskəni olan İçərişəhər eramızdan əvvəl Vİ-V – ci əsrlərdə mühüm ticarət yollarının üzərində yerləşərək, dünya iqtisadi əlaqələrində iştirak etmişdir.Bu mülahizələr yalnız Bakıda deyil, həm də Qazaxda Sarı təpədə, son illərdə Şəmkir ərazisində yerləşən Qaracəmirli abidəsində də təsdiqini tapmaqdadır.
“Tarixin atası” böyük Herodot kaspilərin, pantimafların və dorilərin Daranın vaxtında 11-ci satraplığa daxil olması və 200 talant vergi ödəməsini qeyd edir. 1 talant 30 kq gümüşə bərabər tutulurdu. Talant Əhəməni pul sisteminə daxildir, qızıldan zərb edilərək ən dəyərli pul vahidi hesab olunurdu.Qeyd etmək lazımdır ki, Əhəmənilər imperiyası zamanı Kiçik Asiyadan kənardakı ərazilərdə bu cür sikkələrdən çox az istifadə olunurdu. Protektoratlardan vergilər daha çox gümüş külçələr halında yığılırdı.
Antik dövrün başlanması tarixdə Makedoniyalı İskəndərin zəfərləri ilə bağlıdır.Bu dövr həm də dünya monetar sisteminin yaranması, yeni sikkə nominallarının dövriyyəyə buraxılması, yeni memarlıq abidələrinin tikilməsi, şəhərlərin yenidən bərpa edilməsi, ümumilikdə yeni Avropa- Asiya mədəniyyətlərinin assimilyasiyasından yaranan ellin mədəniyyətidir. İndiki Azərbaycan ərazisi də bu mədəniyyətin yaranmasında və formalaşmasında yüksək ehtimalla iştirak etmişdir.
İçərişəhərdən e.ə. IV- eramızın III-cü əsrlərində dünyanın ayrı- ayrı böyük imperiyaları və dövlətləri tərəfindən zərb edilən cürbəcür sikkə nominalları aşkar edilmişdi. Bunların içərisində “oxşatma” sikkələr də vardır; yəni artıq daxili bazarlarda pul çatışmamazlığı yarandıqda bu cür pullar dövlət tərəfindən zərb edilərək daxili bazarları təmin edirdilər. Bəzi elementlər istisna olmaqla,bu cür sikkələr qəbul edilmiş “al-marko”ya tam olaraq uyğunlaşdırılırdı. Azərbaycanda da eyni vəziyyət hökm sürmüşdü. İçərişəhərdən dünyanın tanınmış hökmdarlarından Makedoniyalı İskəndərin, Yuli Sezarın, Oktavianın,AntoniyPiy,Diokletianın,Qalbanın,Mitridatın, Antioxun və digərlərinin adından zərb edilən sikkələr İçərişəhərin ərazisindən də tapılmışdır.Bu cür tarixi-numizmatik faktlar qədim dünyanın siyasi baxışlarını,ayrı-ayrı dövlətlərin zəngin və dərin köklərə malik olan mədəniyyətlər uğrunda minillərlə apardıqları mübarizələri və nəticələri özündə əks etdirən ən bariz maddi-mədəniyyət qalıqları sırasındadır.Azərbaycan dünyanın məhz belə dərin kökləri olan mədəniyyətlərdən biridir.Bakı Azərbaycanın paytaxtı olaraq belə mədəniyyətin yarandığı məskənlərdən hesab olunur. Nəzərə almaq lazımdır ki, bu şəhər Abşeron yaylasında yerləşir.Abşerona ən yaxın və ən qədim orta daş dövrünə aid olan dünya şöhrətli Qobustan abidəsidir.Eyni coğrafi enlikdə yerləşən, 60 ilə yaxın araşdırmaları davam edən Qobustan və Qobustan qaya rəsmləri bir çox aspektlərdən və prizmalardan xalqımızın həyat tərzinin, məşğuliyyətlərinin , dini dünyagörüşlərinin , ilkin incəsənətinin “güzgüsüdür”. Bu təkraredilməz, unikal abidə müasir Bakı şəhərinin təxminən 50- km-liyində Xəzər dənizi sahilinə yaxın yerdə yerləşir. Buradakı qayaüstü rəsmləri öyrənməklə məşğul olan alimlərimiz Qobustanın qədim azərbaycanlılara –türklərə məxsus olmalarını və yerli xalq tərəfindən yaradıldığını, buradakı qədim qayaüstü təsvirlərin ən qədim nümunələrinin bütün türkdilli xalqlar yaşayan ərazilərdə geniş yayılmış qayaüstü təsvirlər mədəniyyətinin ilk dəfə Qobustanda yaranmış olduğunu kifayət qədər arqumentləşdirmişlər.Abşeronun digər şimal, şimal –şərq səmtlərində aparılan qazıntılardan aşkar edilən bəzi petroqliflər qədim misir mədəniyyətinə aid olan əfsanələrin daşüstü yadigarı olmaqla yanaşı, Qobustan qaya rəsmlərinin oxşarıdır.İçərişəhərin yaxınlığında yerləşən “Bayılda Q.Aslanov tərəfindən aşkar edilmiş qayaüstü rəsmlər, İçərişəhərin özündə tapılmış və tunc dövrünə aid edilmiş bürünc balıq fiqurları, Bakı təpəsinin zirvəsində Şirvanşahlar sarayının altında qaya müstəvisi üzərində Qobustanda aşkar edilənlərə bənzər su yalaqları islamdan öncə saxsı qabqacaqla bir yerdə dəfn etməyə aid qəbiristanlıq, Bakı ərazisində tunc dövründə və antik dövrdə qədim yaşayış məskəninin olmalarından xəbər verir. Son illərdə Qız qalasının tarixi də e.ə. VII -VI –cı əsrlərə aid edilir.
Beləliklə, Bakının ən qədim yaşayış məskəni olan İçərişəhər VIII-IX- əsrlərdə tikilməsi fikri heç bir elmi məntiqə sığmır.Bura orta əsr şəhəri deyildir.
Tam əksinə, e.ə.VI-V əsrlərdə bütün Cənubi Qafqazın Əhəmənilər imperiyasının tərkibinə daxil olmasıilə burada artıq yaşayış məskəni mövcud olmuşdu, müəyyən dərəcədə əmtəə-pul münasibətləri yaranmışdı. Bakının qədim tarixi haqqında maraqlı maddi-mədəniyyət qalıqlarından 1888-ci ildə Qız qalası yaxınlığında tikilən Aleksandr Nevski kilsəsinin tikintisi zamanı aşkar edilən daş qutu qəbirləri xüsusi qeyd etmək lazımdır.Mütəxəssislərin fikrincə oxşar qəbir abidələri mədəkilər və yaxud erkən atəşpərəstlik dövrünə aiddir. Dünya ticarət yollarının yaxınlığında yerləşməsi, qədim atəşpərəstlik dininin burada geniş yayılması,İskəndərin işğallarından sonra ellin mədəniyyətinin yaranmasında iştirak edən, sonralar Qafqaz Albaniyasının mühüm strateji vilayətlərindən olan Paytakaran (bəzi araşdırmalara görə Kaspiananın) ərazisində olaraq mühüm mədəni,iqtisadi mərkəzə cevrilən Bakı erkən antik dövründən yaşayış məskənindən şəhərə cevrilmişdi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dünya alimlərinin fikrincə, antik dövrdə fəaliyyət göstərən şəhərlər istehsal deyil,istehlak mərkəzləri statusu daşıyırdılar. Görünür, bu səbəbdən də İçərişəhər ərazisində qədim dövrlərə aid heç bir istehsal ocağının izi qalmamışdır.
Ticarət məqsədilə Xəzərin sahilboyu şəhərlərindən hələ Makedoniyalı İskəndər və I-ci Selevk istifadə etməyə cəhd göstərmələri elmdə məlumdur.Hələ Pliniy və Ptolomey Xəzərin şərq sahili limanları,o cümlədən “Baruka” şəhərinin yeri xəritədə göstərilmişdir. Bu mənbələrə əsasən,eramızdan əvvəl II-ci əsrdə Bakı yaxın Şərq ölkələri ilə Avropa arasında mövcud olan ticarət münasibətlərində tranzit mövqe tutmuşdur.
Yaşadığımız XXI-ci əsrdə arxeologiya elminin inkişafı ilə əlaqədar olaraq bir çox yeniliklər baş verməklə qəbul edilmiş xronoloji çərçivələrə,ictimai-iqtisadi münasibətlərə,xalqların etnoqenezinə, mədəniyyətlərə yeni baxış formalaşır.Bu qəbildən Bakının daxil olduğu Abşeronda , Xəzərin digər sahilində yerləşən Türkmənistanın paytaxtı Aşqabadın yaxınlığında aşkar edilən Akdepe adlı yaşayış yerinin qazıntıları burada qədim Misir, Elam, Şumer, Mesopatamiya sivilizasiyalarına yaxın, bəzi hallarda daha qədim və elmə məlum olmayan maddi-mədəniyyət qalıqlarının və əlifbanın aşkar olunması ,ümumiyyətlə Xəzər akvatoriyasının yaxınlığında yerləşən ərazilərdə dünya tarix elminə məlum olmayan ən qədim mədəniyyətin olmasını üzə çıxarır.
Sözsüz ki, bu gün qeyd edilənlər ehtimal xarakteri daşıyan mülahizələrdir.Bununla belə alimlərin fikrincə Akdepedəki tapıntıların VIII min il yaşı, Abşerondakı izlərin V-VI min illik tarixi vardır;yəni, qədim Aşqabad şəhərinin yerində insanlar e.ə. VI-cı minillikdən başlayaraq davamlı olaraq yaşamışlar.Abşerondan və İçərişəhərdən aşkar edilən bəzi tapıntılara əsasən burada intensiv həyat tunc dövründə izlənilir. Konkret olaraq , İçərişəhərdən keçən əsrdə arxeoloji qazıntılar zamanı aşkar edilən bəzi fayans məmulatlarının istehsalı ilə bağlı araşdırmalar nəticəsində onların “ gətirilmə” olmaması, yəni yerli istehsalın məhsulu olması zənnimizcə kifayət qədər inandırıcıdır.Belə ki,Bakının İçərişəhər ərazisinin Xəzər sahillərinə yaxın ,ticarət yollarının üstündə yerləşməsi və bir çox səbəblərdən belə tapıntıların yerli istehsalın məhsulu olması baxımından sensasiya sayılmamalıdır. Son orta əsrlərə qədər fəaliyyət göstərən belə ticarət yollarından biri də elmdə “şah yolu” deyilən karvan marşrutudur.Digər tərəfdən qədim İpək yolunun buradan keçməsi sözsüz ki, insanların dünyagörüşlərinə kifayət qədər müsbət təsir göstərmişdi.
Bu cür obyektiv amillərə əsaslanaraq, ehtimal edirik ki, tunc dövründən ticarət yollarının dəqiqləşdiyi bir vaxtdan etibarən müasir İçərişəhər ərazisində də müəyyən yaşayışın artıq izləri vardır.
Həm Cənubi Qafqazın, həm Orta Asiyanın Əhəmənilər imperiyasının tərkibində olması inkişafın sürətini artırmış və artıq imperiyanın sərhədləri daxilində əmtəə-əmtəə münasibətləri əmtəə-pul-əmtəə “düstüru” ilə əvəzlənmişdi. Bakı şəhərinin əsası məhz İçərişəhərdə bizim arqumentlərimizə görə eramızdan əvvəl V-ci əsrdə, yəni 2500 il bundan əvvəl qoyulmuşdur. Orta əsrlərdə burada bütün Şərqdə olduğu kimi 3 hissəli-narinqala,şəhristan(içərişəhər) , rabaddan(bayırşəhər) ibarət ,qala divarları ilə əhatə olunan şəhər təşəkkül tapmışdır. Bu şəhər klassik “orta şəhərlər” silsiləsinə aid olaraq, 22 hektarlıq ərazini əhatə etmişdi.
Günümüzə gəlib çatan şəhər dəfələrlə cökülüb , tikilmiş, Xəzər sularının altında qalmış, sonda islam elementlərinin memarlıqda qələbə çaldığı bir yaşayış məskəni kimi bizə gəlib çatmışdı. Bununla belə, buradakı məscidlərin, karvansaraların, xanəgahların, Şirvanşahlar sarayının daha qədim tarixə malik olan tikililərin üzərində çox sonralar inşa edilməsi danılmaz və təkzibedilməz faktdır. Dünyanın bir çox qədim şəhərlərindən fərqli olaraq, bura insanlar tərəfindən tərk edilməmişdir.Bura yaşamaqda davam edən “ şəhər içində şəhərdir”.
Nəhayət, dövlət və dövlətçiliyin əsas atributlarından biri olan zərbxana və pul işinin mövcudluğunun bir fakt kimi numizmatik faktlarla dəqiqləşdirilməsi, burada əmtəə-pul münasibətlərinin çox dərin köklərinin olması deməkdir.Əks halda təqdim etdiyimiz Bakı zərbxanasının 1500 illik tarixi ola bilməzdi.
Pirquliyeva Qənirə
t.ü.f.d., BDU-nun baş müəllimi