“İçəri Şəhər” filmi Estoniyada nümayiş olunub

2 Baxış

tallin

“İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi olub.

Senet.az saytı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına istinadən xəbər verir ki, film festivalın “Forum” proqramında iştirak edir. “İçəri Şəhər”in növbəti nümayişi noyabrın 21-də keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) da dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Film hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar.

Bölmə : Kino