“İdeal”ın Muğannası, Muğannanın “İdeal”ı… – Şahanə Müşfiq

43 Baxış

12208641_1664842310424346_664735978917747901_n

Senet.az oxucularına “Ustad” jurnalının 20-ci sayından gənc yazar Şəhanə Müşfiqin “İdeal”ın Muğannası, Muğannanın “İdeal”ı yazısını təqdim edir. 

İsa Hüseynov ədəbiyyatımızın 60-cılar ədəbi nəslinə mənsubdur. Onun çoxşaxəli yaradıcılığı, ədəbiyyatın bir çox janrlarında qələmə aldığı dəyərli nümunələr müəllifin yaradıcılıq potensialının, təhkiyə arenasının xeyli zəngin olduğunu göstərir. Özünəməxsus maraqlı təhkiyə üslubu olan yazıçının idealları əsasən gözdən uzaq Azərbaycan kəndinin problemlər içərisində itib-batan sakinləri və ən qədim Bağ nəslinin nümayəndələri – Əmirlilərdir. Bu problem onun əsərlərində bir xətt üzrə inkişaf edərək, müxtəlif məkanlarda, müxtəlif rollarda əks olunaraq öz aktuallığını artırır.

İsa Hüseynovun yaradıcılığında diqqət çəkən əsərlərdən biri də “İdeal” romanıdır. Bu romanla yazıçının yaradıcılığı iki dövrə bölünür. “İdeal” romanı həm İsa Hüseynovun yaradıcılığında, həm də ümumi Azərbaycan ədəbiyyatında yeni fikrin, yeni nəsrin fərqli təzahürü hesab edilir.

“İdeal” XX əsrin ikinci yarısı üçün ən mühüm ədəbi hadisə hesab olunur. Roman dərin psixoloji konfliktə malikdir. 80-ci illərin ortalarında qələmə alınan əsərin əsas süjeti “Yanar ürək” romanı əsasında qurulub. Lakin əvvəldə də dediyimiz kimi, burada hadisələr daha genişləndirilmiş, daha dərinləşdirilmişdir. Burada ictimai məsələlər daha zəngindir, problemin qoyuluşu mürəkkəb və çoxşaxəlidir.

“İdeal” romanı özündə Azərbaycanın uzaq və yaxın keçmişi əhatəli şəkildə əks etdirir. Əslində, əsas hadisələrin sadəcə iki-üç gün ərzində baş verməsinə baxmayaraq mətləblərin açılmasında, müəmmaların aydınlanmasında müəllif ta qədim zamanlara qədər gedib çıxır. Bu tarix yalnız Azərbaycanın, Azərbaycan xalqının deyil, bütün insanlığın, bəşəriyyətin yaradılış tarixidir. İsa Muğanna bu əsərində və bundan sonrakı əsərlərində özü də dediyi kimi, İsa Hüseynovun deyə bilmədiklərini dilə gətirir. Buna görədir ki, yazıçı müsahibələrinin birində “mən İsa Hüseynova nifrət edirəm” – deyir.

Əsərin əvvəlində müharibə dövründəki Azərbaycan kəndi təsvir olunur. Burada Səməd, Gülgəz və Gülbəniz arasındakı uşaqlıq məhəbbəti, saf dostluq hisləri çox gözəl, poetik dillə, canlı şəkildə təsvir edilir. “Gülbəniz Səmədi sevir, Səməd Gülgəzi sevir, Gülgəz isə hər ikisini sevir”. Bu sevginin fonunda hər şey o qədər gözəl, o qədər sakitdir ki, insan bu hisləri, duyğuları öz içində, ruhunda hiss edir.

Əsərin əsas obrazı Səməd Əmirlidir. Bəs Səməd kimdir? “Gözünü açıb dünyaya baxanda Səməd özünü kandarında çəmənotu bitən, tavanında qaranquşlar uçuşan nəhəng bir otaqda, səhərdən gecə yarıya qədər bu otağa dəstə-dəstə gəlib-gedən camaat arasında “əziz ərköyün sədr oğlu” kimi, “şəxsən Sultan Əmirlinin dizinin dibində oturan Əmirli yetirməsi” kimi, “ordenli bolşevik Qılınc Qurbanın atının tərkində gəzən” və “yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı” kimi görmüşdü”. Bəli, Səməd ərköyünlüyü ilə, hərdəmxəyallılığı ilə gənc bir oğlan, özü də sədr oğludur. Hər kəs tərəfindən nazı çəkilir, sözünün qabağına söz deməyə cürət edən yoxdur, ancaq bunlar onu tərbiyəsində boşluqlar yaratmadığından hər kəs də onu sevir. Ancaq onun bu qayğısız, şən uşaqlıq illəri bir andaca – atasının ölümü ilə dəyişir. Kolxoz sədri olan atası Mədəd Əmirli müəmmalı şəkildə bir avtomobil qəzasında dünyasını dəyişir. Raykom katibi olan əmisi Sultan Əmirli də başda olmaqla hər kəs ortada qəsd işi olmadığı dönə-dönə vurğulayır. Halbuki, qəzanın qəsdən törədildiyi və kolxoz sədrinin qəzadan deyil, başından aldığı başqa bir zərbədən öldüyü gün kimi aydın idi.

Atasının ölümündən sonra Səməd Bakıda təhsil alır və səkkiz ildən sonra geri qayıdır. Hər şey də bundan sonra başlayır. Atasından sonra əmisini özünə arxa, dayaq bilən, onu idealı hesab edən Səməd rayona qayıtmamışdan əvvəl əmisi haqqında müxtəlif xəbərlər eşidir. Bu xəbərlər onun qəlbində şübhə yaratsa da, əmisindən üz döndərməyinə kifayət etmir. Partiya məktəbindən qayıtdıqdan sonra qarşılaşdığı mənzərə isə ilk anlar Səmədin bütün xəyallarını, ümidlərini, əmisinə olan o sonsuz inamını alt-üst edir. Buna görə də Səməd idealından uzaqlaşır, böyük bir müəmmanın, kəskin konfliktin mərkəzinə çevrilir. Səməd qayıtdıqdan sonra uşaqlıq sevgisi Gülgəzi, o “qaraçı gözəli”ni əmisinin arvadı kimi görür. Heç vaxt evlənməyən, ömrünü xalqına, ailəsinə sərf edən Sultan Əmirli əlli yaşında evlənmək eşqinə düşmüşdü, arvadı isə özgəsi deyil, öz qardaşı oğlunun – “bircə balanın” sevgilisi idi. Əlbəttə, Səməd bunları qəbul edə bilməzdi. Sonra Səməd daha acı gerçəklərlə üz-üzə qalır. Bütün ömrü boyu Qudalılarla mübarizədə olan Sultan Əmirli Qudalı Rəhimi kolxoz sədri etmiş, o da koxlozdakı bütün vəzifələrə öz qohum-əqrəbasını gətirmişdi. Beləcə həmişə Əmirliləri məhv etməyə çalışan xain qudalıların əlinə fürsət düşür, kolxozu çapıb-talayırlar.

Artıq nə Səməd o Səməddir, nə də Sultan həmin Sultan… Bu səkkiz il ərzində Səmədin anlamadığı, mahiyyətini, səbəbini dərk etmədiyi çox hadisələr baş verib, çox şey dəyişib. Müəllif bütün bunları qədim Odər mədəniyyəti ilə, SafAğ elmi ilə izah edir. Belə ki, sən demə, Əmirlilər dünyanın ilk sakinləri olan Bağ nəslinin son nümayəndələri, SafAğ elminin biliciləridir. Əsərdə Cənubi, Şimali Azərbaycan əlaqələri, Mədədin, Səmədin Cənubi Azərbaycandakı əmiləri – Ağ Əmirlə Boz Əmirin mübarizələri, Odər mədəniyyəti və dili haqqında bəzi məlumatlar da öz əksini tapır. Bütün bunlardan məlum olur ki, Sultanın başına gətirilən bu oyunlar heç də təsadüfi deyil. Hər kəs yuxarıdan – Mirqəzəb-Dudiyev xətti ilə idarə olunur. Sultan Əmirli xarakter etibarilə mərd, möhkəm, dözümlü, əyilməz insandır. Ancaq bu yaşananlar, oyunlar onu da sarsıdır, dözümünü qırır. Yaşının ötən çağında evlənmək fikrinə düşən Sultanın bir anlıq zəifliyindən içkili vəziyyətindən istifadə edən qudalılar öz məkrli siyasətlərini yerinə yetirmək üçün hərəkətə keçirlər. Səmədin uşaqlıq sevgisi Gülgəzi Sultanın evinə salıb ona arvad elətdirirlər. Bundakı əsas məqsəd isə “bircə bala” ilə əminin arasına nifaq salmaq, rayona işləməyə gələn Səmədin əl-ayağını soyudub rayondan didərgin salmaq və millət arasında hörmət, izzət sahibi olan Sultanı hər kəsin gözündən salmaq idi. Bu oyunun əsas qurucuları isə Mirqəzəb-Pers-Qudalılardır.

Ancaq bu iyrənc oyunun ən məsum qurbanı “qaraçı gözəli” Gülgəz olur. Gülgəz saf, təmiz, həyat, sevgi dolu gənc qızdır. Uşaqlıqdan ürəyində Səmədə qarşı bəslədiyi, böyütdüyü məhəbbətini qoruyur. Onun təbiətindəki bu məsumluq onun gələcəkdə başına gətiriləcək müsibətlərin bir növ carçısına çevrilir. Saf, məsum Gülgəz ictimai oyunların qurbanı olur. Sevdiyi oğlanın əmisi tərəfindən zorla qaçırılıb özünə arvad edilməsi ilə bütün dünyası, arzuları, inamı məhv olur, həyatı puça dönür. Gülgəzin ən böyük faciəsi ondan ibarətdir ki, onun başına gətirilən bu müsibətlərin iştirakçılarından biri də öz doğma atası Göbələk Məmişdir.

Romanın süjetindəki, hadisələrindəki dərinlik onun quruluşuna da öz təsirini göstərir. Əsərdəki əsas hadisələr cəmi iki-üç gün ərzində baş verir. Lakin buradakı hadisələr ta qədim zamanlara gedib çıxır. Yazıçı danışdığı bir hadisənin izahını vermək üçün tarixdəki bir başqa hadisələrə nəzər salır. Roman 102 minlik bir dövrü və XX əsrin 40-50-ci illərindəki hadisələri əhatə edir. Bu qədər geniş bir dövrü cəmi 450 səhifəlik bir romana sığışdırmaq yazıçı məharəti, hadisələri əlaqələndirmək bacarığı tələb edir. Əsərin əsas ideyası daha çox sonda, “Qapalı dünya” fəslində açılır. İlk fəsillərdə təhkiyəçi müəllif özüdürsə, sonuncu fəsildə hadisələr Sultan Əmirlinin dilindən danışılır. Elə bir çox mətləblərə də məhz burada aydınlıq gətirilir. Müəllif gah bu günə gəlir, gah yaxın keçmişə qayıdır, gah da tarixin ən uzaq, üstünü toz basmış səhifələrini vərəqləyir. Hər şeyi hələ təzə-təzə öyrənən Səməd bu qarışıqlığın içərisində başını itirir, çaşıb qalır. Ancaq bildiyi tək şey odur ki, Sultan Əmirliyə nifrət etmək lazım deyilmiş.

“İdeal” romanı dərin psixologizmi ilə səciyyələnir. Romanda həm ictimai psixologiya, həm də ayrı-ayrı obrazların psixoloji durumu aydın şəkildə təsvir olunur. Bu həm müəllif təhkiyəsində, həm də obrazların öz nitqində, daxili monoloqunda göstərilir. Müəllif romanda konkret insan problemini qoyur. Əlbəttə, insan ümumi ədəbiyyatın problemidir. Lakin İsa Muğanna burada bu problemə fərqli şəkildə yanaşıb. O, insanın daxili təlatümlərini, ruhi sarsıntılarını, güclü psixoloji durumunu elə əks etdirir ki, oxucu insanın gücünə, qüvvətinə, cəmiyyətdəki roluna əmin olur.

Əsərdə dolaşıqlıq yaradan əsas məqam dəlil və sübutların zənginliyidir. İsa Muğanna tarixi gözəl bilən, fəlsəfi-estetik biliklərə dərindən bələd olan bir yazıçıdır. Bu roman da məhz onun bu biliklərinin, zəngin dünyagörüşünün nəticələridir. Bu dolanbaclar oxucunu yormur, əksinə sübutlar dərinləşib, dəlillər çoxaldıqca oxucuya mənəvi zövq verir, çünki mənfi obrazın belə mühakimələrində, mülahizələrində yeni və inandırıcı fikirlər çoxdur.

Romanı səciyyələndirən ən mühüm xüsusiyyət obrazların öz həqiqətlərinin olması və hər kəsin özünəməxsus həqiqətlərinin çox güclü məntiqi mühakiməyə malik olmasıdır. Bəzən obrazın biri hər hansı hadisənin izahını çox güclü, dərin faktlarla, sübutlarla aydınlaşdırır. Ancaq çox keçmir ki, bir başqası ona əks mövqedən çıxış edərək çox güclü məntiqi-psixoloji sübutlarla, saysız-hesabsız faktlarla həmin mülahizələrin kəsərini heçə endirir. Bunlar da oxucunu əvvəldən sona qədər çox güclü psixoloji gərginlikdə saxlayır. Bəzən əsərin baş qəhrəmanı Səməd kimi oxucu da kimə inanacağını, kimin həqiqətlərini qəbul edəcəyini bilmir, hadisələrin içində azıb qalır. Oxucunu heyrətləndirən bir başqa məqam yazıçının bu qədər böyük biliklərə, bu qədər zəngin məlumatlara hardan yiyələnməsidir. Əlbəttə, güclü faktlarla sübuta yetirilən bir mühakiməni bir başqa güclü dəlillərlə təkzib etmək yüksək elmi biliklər, zəngin məlumatlar tələb edir.

İsa Hüseynovun əvvəlki əsərlərinə aid etdiyimiz dil, ifadə sadəliyini bu əsərə aid edə bilmirik. Əlbəttə, burada da canlı, xalq dilinə yaxın, axıcı dillə qarşılaşırıq. Ancaq romanın süjetindəki dolaşıqlıq dilinə də təsirsiz ötüşmür. İsa Hüseynov dil vasitələrindən, epitetlərdən, dilin ifadə imkanlarından son dərəcə ustalıqla istifadə edən yazıçıdır. Romanın əsas təhkiyəçisi müəllifin özüdür. Burada detalçılıq, geniş təsvirlər özünü göstərir. Hətta bir obrazın görüntüsündən, hərəkətlərindən tutmuş, ən adi əşyanın təsvirinə qədər hamısı ən xırda detallarına qədər sözlə ifadə olunur. Sanki müəllif sözlə hər şeyin şəklini çəkir. Əsər çox mürəkkəb quruluşa malik olduğu üçün müəllif təhkiyyəsini tez-tez ayrı-ayrı obrazların monoloqu əvəz edir. Dialoqlara da az yer verilir. Bəzən bir obrazın nitqi bir neçə səhifəni əhatə edir. Yuxarıda da qeyd etdiyimiz kimi, müəllif bir hadisədən digərinə çox rahatlıqla keçdiyi üçün bunun əsas izahatını obrazların nitqində göstərməlidir ki, oxucunu daha da dolaşır salmasın.

Yazının davamı “Ustad” jurnalının 20-ci sayında…