İki filmimiz beynəlxalq festivalda uğur qazanıb

75 Baxış

arya1-11 oktyabr tarixində Vyanada “LET´S CEE” beynəlxalq film festivalı keçirilib. Festivalda bu il ölkəmiz iki bədii filmlə təmsil olunub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” və “Nabat” bədii filmləri “Urania”, “Village Cinema” və “Actor´s Studio” kinoteatrlarında nümayiş etdirilib.
Festivalın yekununda ən yaxşılar nominasiyası üzrə qaliblərin adları açıqlanıb. “Ən yaxşı baş rol ifaçısı” nominasiyasında “Nabat” bədii filminin baş qəhrəmanı, Nabat rolunun ifaçısı Fatima Motamed-Arya qalib elan olunub. Rejissor Asif Rüstəmovun ekranlaşdırdığı digər Azərbaycan filmi “Axınla aşağı” isə “Ən ümidverici debüt” nominasiyasında fəxri mükafata layiq görülüb.
“Axınla aşağı” filminin rejissoru Asif Rüstəmov, “Nabat” filmində baş rolu canlandıran aktrisa Fatimə Motamed-Arya, “Azərbaycanfilm” kinostudiyasının direktoru, ssenarist və kinoprodüsser Müşfiq Hətəmov və kinostudiyanın əməkdaşları da festivalda iştirak ediblər.
Mərkəzi və Şərqi Avropa ölkələrinin, eləcə də Türkiyə və Qafqaz regionunun kino sənayesinin istehsalı olan ən yaxşı filmlərin nümayiş olunduğu “LET´S CEE” beynəlxalq film festivalı, eyni zamanda film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Yüzdən artıq ekran əsərinin yer aldığı festival öz proqramı və təklif etdiyi filmlərin mövzu zənginliyi ilə qısa zamanda yüksək nüfuz əldə edib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və əməkdaşlığı sayəsində ölkəmiz artıq üçüncü ildir ki, bu beynəlxalq festivalda təmsil olunur.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10