“İki qardaş gücü” kitabının imza günü keçirilib

0 Baxış

hg

 

Dekabrın 18-də Bakı İdman Sarayında Yeni il kitab sərgisi çərçivəsində şair, publisist, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalının “İki qardaş gücü” kitabının imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab müəllifin bacısı, Milli Ordunun döyüşçüsü Vəfa Dəmirçioğlunun 55 illik yubileyinə, Birinci və İkinci Qarabağ müharibəsində canlarından keçmiş şəhid və qazilərə həsr olunub.

Tədbirdə naşir Şahbaz Xuduoğlu çıxış edərək bildirib ki, kitabda 44 günlük Zəfər savaşı dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizin hünəri, türk və pakistanlı qardaşlarımızın hər zaman xalqımızın yanında olması tərənnüm edilib.

Şairlər Əzizə Ağahüseynqızı, Nazilə Gültac, Hüsniyyə İsmayıllı, Yasamal MKS-nin Xurşidbanu Natəvan adına 4 nömrəli Kitabxana filialının müdiri Türanə Əmirova çıxış edərək müəllifi imza günü münasibətilə təbrik edib, yaradıcılığında uğurlar arzulayıblar.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba yazdığı “Ön söz”də deyib: “Poemanı oxuyanda, ilk növbədə, qanlı döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən igid cəngavərlərimizlə yanaşı, Xəstə Qasım, Abbas Tufarqanlı, Qurbani, Yunus Əmrə, Dadaloğlu, Qaracaoğlan, Aşıq Cünün kimi söz nəhəngləri gözlərimin önünə gəldi. Onların müqəddəs yolunun davamçılarından olan Zərəngiz Dəmirçi Qayalı öz əsərində elə bil ki, xalqın qələbə eşqindən cuşə gələrək, bu günün qəhrəmanlarını, sərkərdələrini ilhamla vəsf etmişdir. Əminliklə deyə bilərəm ki, Zərəngiz Dəmirçi Qayalının bu əsəri onun illər boyu apardığı mübarizənin yekunu kimi səslənir”.

Sonda Zərəngiz Dəmirçi Qayalı xoş sözlərə görə çıxışçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabın ideya müəllifi və məsləhətçisi Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova, bədii redaktoru, Əməkdar jurnalist Bəyalı Rzayev, tərtibatçısı və dizayneri Gülnar Süleymanovadır.

Kitab “İmza” nəşrlər evində çap olunub.

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10