İki qatar arasında

35 Baxış

14652_1634746006745079_1030871412719397489_n…Sanki çovğun qoparan külək hardansa soovurub onları, doldurub bu qatara.
“İnşaatçılar” metrosunun yanında binaların arasındakı küçə ilə metroya sarı getdikcə buzlamış qar dənələri, qar kimi deyil, qum kimi çırpılırdı sifətimə.Gözümü açmağa imkan vermirdi qar rəngində buz dənələri. Hətta az qala irəlidən gələn maşını da az qala görməyəcəkdim, çünki gözüyumulu irəliləyirdim. Bu soyuğun pəncəsindən qurtular-qurtulmaz gələn qatara mindim nəfəsimi dərmədən. Gec idi, qaranlıq düşmüşdü, tələsirdim. Vaqona girən kimi oturacağın birindən bir cavan oğlan durub yer göstərdi. Əyləşdim. Başımı qaldırıb ətrafıma baxdım. Mənə elə gəldi ki, ilk dəfədir belə adamlar topluluğu görürəm. Nədənsə çox qəribə təəssürat buraxdılar ilk baxışda. Qəribə olan şeylərdən birini sezdim ki, həmişə gedib-gəldiyim bu metro qatarının vaqonunda məndən başqa hamı kişi idi, həm də yaman qələbəlikdi. Qılıq-qiyafələri də fərqli idi. Bu geyimdə adamlara hələ təsadüf etməmişdim bu yolu gedib-gəldiyim müddətdə. Nə idi qəribəlik? Hamısı qara, qalın gödəkcədə, başlarında qara papaq, ayaqlarında traktor təkərinə bənzər altlığı olan çəkmələr. Sanki bambaşqa dünyanın adamları idilər, bu ərazinin deyil…
Qəfil sanki yuxudan ayıldım:
“Elmlər Akademiyası” stansiyası….
Vaqonda səslənən bu səsi eşitdikdə anladım ki, yanlış minmişəm qatara. “Dərnəgül” istiqamətinə getmək əvəzinə fikirli olub “Həzi Aslanov” istiqamətinin qatarına minmişəm. Endim qatardan Elmlər Akademiyası stansiyasında. Keçdim “Dərnəgül”ə. Burda adam az idi. Vaqona daxil olan kimi cavan bir oğlan qalxıb yer göstərdi. Başımı qaldırıb oğlana baxdım. İncə dərili, parıltılı dəri gödəkcədə, başıaçıq… Oturdum, nəzərim ayaqqabılarına sataşdı. Qara lak ayaqqabıları qarda bir az da yuyulub parıldayırdı. Adamları süzdüm. Burdakılar da bir-birlərinə bənzəyirdilər. Vaqonda qadın da çox idi.
“Nəsimi” stansiyasında endim. Gedə-gedə vaqonlar arasında kı fərqi düşündüm. “Həzi Aslanov” tərəfə niyə ancaq kişilər gedirdilər? Axı gecdir… Soyuqdur. Çovğunlu bir hava var çöldə. Artıq qadınların bu tərəfə gedişi ona görə kəsilib ki, bu istiqamətə gedən adamların çoxunun yolu uzağadır, kəndlərə, qəsəbələrə… Bu adamlar ona görə belə qalın geyiniblər ki, əksəriyyəti uzaq məsafələri ayaqla da yürüməlidirlər bu çovğunda… Və ilaxır…
“Dərnəgül” istiqamətinə qadınlar gedişi hələ kəsilməyib. Yollar işıqlıdır, metroya yaxındır deyə onların o qədər də çətinliyi yoxdur hətta bu havada da. Paltarları da ona görə belə incədir ki, yenə yolları yaxın olduğu üçün üşüməkdən çox da qorxuları yoxdur.
Bir də özümü düşündüm. Hər iki istiqamətin gediş-gəlişi mənə, əslində, çox yaxşı tanışdır. İllərlə “Həzi Aslanov” istiqamətinə getmişəm mən də o adamlar kimi…Amma insan çox unutqandır…

Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10