“İki sevda çəkənlərin cəzası var” – Soltan Soltanlı

20 Baxış

12920403_1559294834368345_6926538571189725490_n

Tanınmış fırça ustaları Həsən Haqverdiyev və Güllü Mustafayevanın uğursuz sevgisini rəssamlar çevrəsində çoxları bilir. Bu sevgidən iki istedadlı övlad dünyaya gəlsə də, onlardan biri çoxdan aramızdan gedib. Ailənin sağ qalan tək övladı tanınmış musiqişünas, sәnәtşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Prezidentin fərdi təqaüdçüsü Zemfira Qafarova valideynlərinin çətin və uğursuz həyatı, körpəlikdən taleyinə yazılan faciəvi məqamları söhbətimizdə dilə gətirdi.

 Rəssam Həsən Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində doğulub. O, doğulmamışdan bir il öncə valideynləri İrəvana köçmüşdülər. Ona görə də çoxları rəssamı irəvanlı bilir. 1918-ci ildə İrəvanda ara qarışır, ona görə ailə Gəncəyə köçür. 1925-ci ildə isə onlar biryolluq İçərişəhərdə yerləşirlər. Həsən ailənin bircə övladı idi. Çoxuşaqlı ailədən bircə o, sağ qalmışdı.

Həsən Haqverdiyevlə Güllü Mustafayeva 1938-ci ildə ailə qurublar. 1939-cu ildə ailənin ilk övladı Əli doğulub. Əli altıaylıq olanda – 1940-cı ildə H.Haqverdiyev hərbi xidmətə çağırılıb. Güllü xanım həmişə yanvarın 26-sı olanda deyərmiş: “Bu gün mənim üçün ən ağır tarixdir – Həsənin əsgərliyə getdiyi gündür”. Dalınca Böyük Vətən Müharibəsi başlayıb.

Həsənlə Güllü Dövlət Rəssamlıq Məktəbində tanış olub, bir-birini dərindən seviblər. Bir gün Həsən yuxuda ikən “Güllü” adını çəkib. Anası bunu eşidib, Güllünün kim olduğunu soruşub. Həsən evin bir övladı olduğu üçün könlünü qırmayıblar, istəyinə qarşı çıxmayıblar, beləcə onlar ailə qurublar. Onların uşaqları Əli və Zemfira da İşərişəhərdə doğulublar.

Xalq rəssamı Güllü Mustafayevanın kökü şamaxılıdır, sayılıb-seçilən nəsildəndir. 1902-ci ildə Şamaxıda zəlzələ olanda atasıgil Orta Asiyaya – Türkmənistanın Türkmənabad şəhərinə köçüblər. Güllü orada doğulub. Atası Hacı Naim Mustafa M.Ə.Sabirlə qohum olub. Anası Nabat xanım isə S.Ə.Şirvaninin nəslindəndir. Hacı Naim maarifpərvər adam olub, Türkmənistanda qızlar üçün məktəb açıb, Ü.Hacıbəyovun operettalarını tamaşaya qoyub. Orada indi onun adına küçə də var. Hacı Naimin beş qızı olub. Düşünüb ki, qızlar böyüyürlər, onlar yalnız öz millətindən olan oğlanlarla ailə qurmalıdırlar. Ona görə 1927-ci ildə Bakıya köçərək İçərişəhərdə yerləşir.

 ***
1942-ci ildə Həsəni orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxırlar. Evə gəlir və bununla da qızı Zemfira anasının boynuna düşür. Zemfira anadan olanda atasını görməyib. Həsən məzuniyyətə gələndə hamı ona yalvarıb ki, cəbhəyə qayıtma, sən istedadlı rəssamsan. Hətta Mirzə İbrahimov da deyibmiş ki, Həsən, getmə, burada səni saxlatdıra bilərik, bizə çox gərəksən. O isə deyib: “Getməliyəm, komandirimə söz vermişəm”. Beləliklə, o, cəbhəyə qayıdır və almanlara əsir düşür. Bir müddət Berlində M.Ə.Rəsulzadənin yanında “Azərbaycan” qəzetində rəssam olaraq çalışır. Almanlar savaşı uduzanda Sovetlər Həsəni “xalq düşməni” kimi Sibirə sürgün edirlər.

Bundan sonra Güllü xanım ərinin yolunu çox gözləyir. O, “xalq düşməni”nin arvadı olduğundan basqılarla üzləşir, ona iş vermirlər. Güllü xanım 1947-ci ildə “Məhsəti Gəncəvinin portreti”ni çəkir və bundan aldığı qonorarla Sibirə – əri Həsəni görməyə gedir. Əri ona deyir ki, get məndən boşan, sənə yaşamağa və işləməyə imkan versinlər.

Onda boşanmaq haqqında hökmən rəsmi qəzetdə elan çap olunmalıydı. Güllü xanım ərindən rəsmən boşanır. Üstündən iki il keçir və o vaxt subay oğlan olan gənc rəssam Nəcəfqulu (Əməkdar incəsənət xadimi Nəcəfqulu İsmayılov (1923-1990) – S.S) Güllü xanıma evlilik təklif edir. 1949-cu ildə onlar ailə qururlar. Güllü xanımın İçərişəhərdə iki körpəsi ilə qaldığı ev nəm idi, ona görə rəssam vərəm xəstəliyinə tutulmuşdu. O, ev məsələsindən ötrü respublikanın birinci katibi M.C.Bağırova müraciət eləyir, bundan sonra ona ev verilir. Həsənin anası isə yeni evdə onlarla yaşamadı, İçərişəhərdəki nəmli evinin qapısında oturub oğlunun yolunu gözləyirdi.

 “Nəcəfqulu müəllim çox gözəl insan idi. Uşaqlarıyla bizim aramızda fərq qoymazdı. Biz ona “ata” deyirdik. 1950-ci ildə Nəcəfqulu müəllimdən anamın Rəna adlı bir qızı oldu. İndi o, tanınmış orqançalandır. 1958-ci ildə anamın Sevinc adlı qızı da doğuldu. O da skripkaçıdır”. – bunu Zemfira xanım söyləyir.

 ***

1953-cü il. Bu, Həsən və Güllü münasibətlərinin zirvə nöqtəsidir: Həsən Haqverdiyev uzun illərdən sonra sürgündən evə qayıdır.Ailəsində isə heç kim onun qayıdacağını gözləmirdi. Bu, Stalin öləndən sonra baş verir, Həsən bəraət alaraq sürgündən evə dönür.

1953-cü il avqustun 25-də Güllü, övladları Zemfira və Əli, Güllünün qardaşı Faiq (Əməkdar incəsənət xadimi, dirijor mərhum Faiq Mustafayev; xalq artisti, bəstəkar Ramiz Mustafayevin qardaşı) dincəldikləri Xaçmazdan Bakıya qayıdırdılar. Həsən əsgər gedəndə Faiqin 10 yaşı vardı. Onlar stansiyada oturub qatar gözləyirdilər. Bir də görürlər qabaqda bir kişi gedir, Faiq durub onun dalınca düşür və bir neçə dəfə “Həsən”, “Həsən” çağırır. Həsən də dönüb baxır, Faiqi tanıyır. Həsən görür ki, Güllü də, uşaqlar da buradadırlar.

Z.Qafarova: “İndiki kimi yadımdadır. Mən anamla qarşı-qarşıya oturmuşdum. Atamı görməmişdim, ona heç bir duyğum yox idi. Bir də gördüm anam ağappaq oldu, əl-ayağı əsməyə başladı, özünü itirdi. Onun davranışından anladım ki, o, atamı görüb. Sonra hündür, yaraşıqlı bir kişi gəldi, hamımızla görüşdü. Bu, çox təsirli səhnə idi. Onda atamın 36 yaşı vardı”.

***
Həsənin gözlənilməz qayıdışından sonra Güllünün çətin günləri başladı. Düşünürdü ki, Həsən onun ərə getməyinə necə baxacaq? Artıq Güllünün Nəcəfqulu İsmayılovdan bir uşağı vardı. Həsənin qayıdışı Nəcəfqulunu da qayğılandırmışdı. Onda o, “Kirpi” jurnalının baş rəssamı işləyirdi. Bir dəfə “Kirpi”nin baş redaktoru, yazıçı Əvəz Sadıq Güllünün evinə gəlir və deyir: “Güllü xanım, birdən fikrinizi dəyişib eləyərsiniz…” Görünür, Nəcəfqulu ona dərdini danışıbmış. Ancaq artıq gec idi – həm Həsən, həm də Güllü üçün.

Həsən içində çox çəkirdi. O, Güllüyə “boşan” demişdi, ancaq “ərə get” deməmişdi. Onu qıraqdan qızışdıranlar, dedi-qoduçular da vardı. Onların söhbətlərindən sonra Həsənin kefi çox pozulurdu. Bir yandan da Güllü də həmişə özünü qınayırdı. Uşaqlar atasıyla görüşəndən sonra onlardan soruşardı ki, atan məndən nə dedi?

***
Həyat Həsənlə Güllünü sonradan bir binada, həyətdə həmişəlik  görüşdürməklə gözdağı verdi. 1958-ci ildə indiki İnşaatçılar prospektindəki rəssamlar evində Həsənə də, Güllüyə də ev verdilər. Artıq Həsən də evlənmişdi. O, ikinci dəfə Vera Kalinina adlı rus xanımla ailə qurmuşdu. Həsən evlənəndə həmin xanımı Güllünün yanına gətirib ondan xeyir-dua da almışdı. Vera xanım həkim idi, Rusiyadan Bakıya ezamiyyətə gəlmişdi. Həsənin rəssam dostu Əlibala Kazımovun bacısı həkim idi. Yeni ildə bu rus qadını qonaq çağırıblarmış, Həsən onunla orada tanış olur, sonra evlənirlər. Bu evlilikdən rəssamın 4 uşağı olur.

Güllü ilə Nəcəfqulu ailə qurandan sonra Əli və Zemfira onların evində böyüsələr də, uşaqlar ataları Həsəni görmək üçün onun evinə gedib-gəlirdilər. Onlar eyni binada, eyni mərtəbədə yaşayırdılar. Güllügil ikinci, Həsəngil dördüncü blokda olurdular. Evi Güllüyə vermişdilər. Amma Həsən sürgündən qayıdanda onu Bakıda yaşamağa qoymadılar. Ucara göndərdilər, ailəsilə orada yaşadı. 1956-cı ildə Hüseyn (heykəltəraş Hüseyn Haqverdi), 1957-ci ildə Səidə (rəssam Səidə Haqverdi) doğuldu. Sonra Ucal (mərhum rəssam Ucal Haqverdiyev) və Aida anadan oldular.

Zemfira xanım Nəcəfqulunun ona olan atalıq qayğısını indi də yüksək dəyərləndirir: “Nəcəfqulu müəllimin xeyir-duası ilə ailə qurdum. Əfsuslar olsun ki, toyuma atamı dəvət etmədilər. Bundan atam çox incimişdi. Atam məni yaradıb, Nəcəfqulu məni böyüdüb”.

***
Maraqlı məqamlardan biri iki həmkar – Həsən Haqverdiyevlə Nəcəfqulu İsmayılov arasındakı münasibətlərdir. Deyilənə görə, onların rəssam kimi bir-biriylə salam-kəlamı olub. Məsələn, 1958-ci ildə Həsən heykəltəraş Cəlal Qaryağdı ilə onun maşınında Ağsu dolaylarında qəzaya düşəndə Nəcəfqulu Həsənə baş çəkmək üçün xəstəxanaya gedibmiş. 1978-ci ildə Həsən öləndə Nəcəfqulu və Güllü xanım yasda yaxından iştirak ediblər. Bir il sonra Həsənin ikinci yoldaşı dünyasını dəyişir. O, xəstəxanada yatanda Güllü xanım onu yoluxmağa gedibmiş.

Həsənin elə bir dərin xəstəliyi yoxuymuş. Axşamacan emalatxanasında olardı. Emalatxanadan evə gəlmək istəyəndə pilləkəndə ölüb. Görünür, ürəyi tutubmuş, çünki sonradan emalatxanasında “Volidol” tapıblar.

“Mən həmişə fəxr etmişəm ki, Həsən Haqverdiyevin qızıyam. Ona görə ki, o, çox istedadlı rəssam, gözəl insan idi. Həyatımızın belə gətirməsində atamın suçu olmayıb. Ona görə atamı başa düşməyə çalışmışam. Mən daha çox taleyi, zamanı suçlamışam. Hələ bilmək olmaz ki, atamla anam birgə yaşasaydılar, taleləri bundan yaxşımı olacaqdı? Atam xaraktercə sərt idi, Nəcəfqulu müəllimsə anama güzəştə getməyi bacarırdı”. – deyə Zemfira xanım ata və anasını qınamaqdan çəkinir.


***

Hamının rəssam, vokalçı, aktyor kimi tanıdığı Əli Haqverdiyevi rəssam edən nənəsi olub. Bu haqda özü həmişə danışarmış. Ona uşaqlıqdan atasının rəsmlərini göstərər, əlinə kağız-qələm verərmiş ki, sən atan kimi rəssam olmalısan. Həsənlə Güllünün ilk övladı olan Əli bu soyun ən istedadlı insanlarından biri idi. O, Rəssamlıq Məktəbinə gedəndə elə biliblər onun rəsmlərini atası, ya da anası çəkib. Həmin illərdə Əlidə səs də üzə çıxıb. A.Zeynallı adına Musiqi Məktəbinin direktoru, bəstəkar Midhət Əhmədov onu rəhbəri olduğu məktəbə dəvət edib. Əli üçün imkan yaradıblar və o, eyni vaxtda iki məktəbdə oxuyub. Niyazi konsertlərin birində Əlinin səsini eşidir və onu Opera və Balet Teatrına çağırır. Sonra Konservatoriyanın rektoru Cövdət Hacıyev və Bülbül Əlini konservatoriyaya qəbul edirlər.

Əli çox istedadlı idi. Operada qrimlərini özü eləyirdi. Səhnədə 30-dan çox obraz yaratmışdı.  Bir neçə filmə çəkilmişdi. Ən yaddaqalan rolu “Dədə Qorqud”dakı Yalıncıq obrazıdır. Di gəl ki, o filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da ona pis təsir edirdi.

O, 1990-cı ildə ikinci dəfə evlənir. Birinci ailəsindən uşağı olmamışdı. İkinci evliliyindən Fərhad adlı oğlu var, indi Rumıniyada rəssamlıq təhsili alır. Onun da səsi var.

Bu istedadlı insan 1992-ci il sentyabrın 14-də yaşamdan getdi. O dəhşətli günü Zemfira xanım belə xatırlayır: “Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Sentyabrda  həftəsonu Əli bağa gəlmişdi. Ayın 14-də o, səhər tezdən dedi ki, gedib dənizə bir baş vurum, gəlirəm. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, Əli heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qum üstünə yüksək gərginlikli elektrik xətti düşübmüş. Əli ayağını basan kimi yerindəcə qalıb. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam Güllü xanım şəkər xəstəliyi tapdı, 1994-cü ildə özü də yaşamdan getdi”.

Həsən Haqverdiyev və Güllü Mustafayeva ilə başlayan nəslin rəssamlıq ənənəsi indi də uğurla davam edir.

KÖŞƏ YAZARLARI
TOP 10