İki teatrdan iki fərqli mükafat

18 Baxış

genctamasacilar

Azərbaycan teatrları mövsümün sonuna hazırlaşır. Bu münasibətlə teatrlar müxtəlif tədbirlər həyata keçirir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Musiqili Teatr ayrı-ayrılıqda mükafat təsis ediblər.

Gənc Tamaşaçılar Teatrı bu il “Sima” mövsümi teatr mükafatı təqdim edəcək.

9 nominasiyada təqdim olunacaq mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin və ayrı-ayrı ifaçıların mükafatlandırılması məqsədilə təsis olunub.

Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirib. Mükafatın təqdimat mərasimi iyulun ortalarında, 87-ci teatr mövsümünün yekununa həsr olunmuş iclasda reallaşacaq.

Bununla yanaşı Musiqili Teatr da əməkdaşlarını və ən fəal tamaşaçılarını mükafatlandıracaq. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivin bəzi üzvləri uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-ü Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır. “Mövsümün aktrisası”,“Mövsümün aktyoru”, “Mövsümün ən yaxşı səhnə tərtibatı”, “Mövsümün ən yaxşı balet artisti”, “Mövsümün ən yaxşı xor artisti”, “Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)” “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə qaliblərlə yanaşı “Mövsümün ən yaxşı tamaşası” da mükafatlandırılacaq. Qaliblərə xüsusi prizlər və pul mükafatları veriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10