İkinci şans

51 Baxış

xülyaXülya

İkinci şans

Başım şiddətli dərəcədə ağrıyırdı. Adətən belə olanda ağrıkəsici atıb saatlarla yatardım. İndi isə boş küçədə addımlayarkən, beynimi əsir alan qəddar uğultuya təslim olurdum. Payızın ortaları idi. Qış hələ rəsmən təşrif buyurmasa da, soyuqlar onu qabaqlamışdı. Əllərim qıpqırmızı olmuşdu. Onları paltomun cibinə salıb acgöz şaxtadan gizlətmişdim. Amma şaxtanın hədəfində təkcə əllərim deyildi. O, papağın altından çölə boylanan iri qulaqlarımı, məndən həmişə bir addım öndə olan yekə burnumu, saqqalın altında itib-batan qarabəniz sifətimi və nə qədər qalın geyinsəm də qoruya bilmədiyim sısqa vücudumu öz soyuğu ilə yeyib məhv etmək istəyirdi. Üşümək insanı olduğundan daha da aciz göstərirmiş. İstənilən adamı yazıqlaşdırmağa, tabe etməyə qadir olan soyuq hər nə qədər mənə əzab versə də, ona nifrət edə bilmirəm. Axı o, həm də insanları saflaşdırır. Dilindən, dinindən, irqindən, cinsiyyətindən asılı olmayaraq bütün ikiayaqlılar soyuğun tənbehinə tuş gəlib zəif, müdafiəsiz halda paltosuna bürünənkən körpə qədər məsum görünürlər. Mən insanları yəqin ki, ən çox üşüyən hallarında sevirəm…

Gecə saat 3:00 idi. Şəhərdən bir qədər kənarda idim. İns-cins gözə dəymirdi. Yanımda zəif və zərif bir qadının üşüməsini, onu öz nəfəsimlə qızdırmağı indi o qədər istəyərdim ki… Bizi birləşdirən soyuğu bölüşüb isinərdik… Ətrafıma yazıq nəzərlərlə boylandım. Sadəcə tənha deyil, həm də atılmış olduğumu fərq etdim. Mən hər ümidi puça çıxan bir bədbəxt idim.  Bir anlıq öz iradəmlə gəldiyim bu tənha yerə də kiminsə məni gətirib atdığını düşündüm. Hə… Doğurdan da belə idi. Bura gəlib çıxmağımın səbəbkarı yanından qovulduğum, məni öz laqeydlikləri ilə itələyən, əzən, sındıran “toxunulmazlar” idilər.

Başımın ağrısı getdikcə artırdı. Evdən xeyli uzaqda idim. Əslində gedəcək bir evim belə yox idi. Kirayə qaldığım mənzilin sahibi 2 aydır pulu vermədiyimə görə məni evdən qovmuşdu. Neçə gündür ki xəbərdarlıq edirdi. Bu gün də mən evdə olmayanda qapının qıfılını dəyişdirmişdi. 2 ay öncə işimdən də qovulmuşdum. 2 il əvvəl sıra ilə ata-anamı itirmişdim. 2 saat əvvəl də sevgilim məni tərk etmişdi. Yox, 2 rəqəminin uğursuzluğuna, nəyə isə işarə olduğuna inanmırdım. Bunun mənim üçün heç bir əhəmiyyəti yox idi. Sadəcə olaraq tükənmişdim və əlimdə nəhəng bir “sıfır” var idi…

Asfalt bomboş idi. İynə atsan səsini eşitmək olardı. Günorta saatlarında tıxacdan addımlamaq mümkün olmayan bu yolu belə boş görmək xoşuma gəlirdi. Yolun ortasına tərəf irəlilədim. Dayandım. İrəlidə və geridə ölüm zülməti gülümsəyirdi. Asfaltın üstünə uzandım. Gözlərimi yumdum. Necə də rahat idi… Evdəki çarpayım 5-6 dəfə təmir olunsa da, yenə də əyri idi. Səhərə kimi cırıltısından yatmaq olmurdu. Üstümü örtdüyüm nənəmdən qalan yorğan da əskiyə çevrilmişdi. Hələ daşdan fərqlənməyən yastığı demirəm. Amma asfalt nə cırıldayırdı, nə də ki yatağımdan bərk idi. Burada yuxuya getmək istəyirdim. Kimsəsizliyin, tənhalığın qoynuna qısılıb ondan sonsuz yuxu dilənən bir zavallı idim mən. Bayaqdan bir dənə də olsun maşın keçməyən bu yoldan hələ də ümidimi üzməmişdim. İnanırdım… İnanırdım ki, bir azdan mərhəmətli bir avtomobil buradan keçəcək, mənim lazımsız bədənimin hər zərrəsinə öz güclü təkərləri ilə sığal çəkəcək və əzabımı dindirəcək. Gözlərim bağlı halda gülümsəyirdim. Qəribə bir rahatlıq hiss edirdim. Heç vaxt olmadığı qədər azad idi ruhum. Mənə isti qucağını açan asfaltı indi hamıdan çox sevirdim. Yazıq asfalt… Ayaqlar altında qalmağa məhkum edilmiş, üst-başı çirkli uşaqlar kimi toza bələnmiş, neçə-neçə qəzalara, ölümlərə, faciələrə şahid olmuş bu asfalt yolu özümə oxşatdım. O da mənim kimi tək idi şaxtanın qəddar caynaqları arasında.

Yuxum gəlirdi. Üşüməyim getdikcə azalırdı. Axı niyə gəlib çıxmırdı xilaskarım? Bəlkə də mən yuxuda olarkən baş verəcəkdi gözlənilən sonluq? Sonsuz rahatlıq arzulayıram. Bir küncünə atıldığım bu dünya məni istəmir. Deməli, mənim üçün başqa bir dünya var. Buradan daha rahat… Orada heç kim evsiz-eşiksiz qalmır. Heç kimi sevgilisi tərk eləmir. Orada bütün insanlar üşüyəndə olduqları kimi saf, təmizdirlər.

Gecənin sükutunu uzaqdan zəif eşidilən bir səs pozdu. Ölüm mələyi ağ rəngli avtomobil cildində qaranlığı yara-yara yaxınlaşırdı. Gözlərimi açdım. Arxaya çevrildim. Qollarını açıb məni qucaqlamağa hazırlaşan mərhəmətli mələk getdikcə yaxınlaşırdı. Bir neçə saniyədən sonra bütün əziyyətlərim sona çatacaq. Az qalıb…

Qəfil siqnal səsi ilə sanki yuxudan oyandım. Cəld ayağa qalxıb kənara çəkildim. Maşın keçib getdi. Dərindən nəfəs aldım və zülmət qaranlığa meydan oxuyaraq irəliləməyə başladım. Daxilimdə qəribə bir sevinc var idi. Sanki yenidən dünyaya gəlmişdim. Rahat idim. Çünki bilirdim ki soyuq nəfəsi ilə məni sığallayan, fəlsəfi qaranlığı ilə ovsunlayan bu sehirli gecə həyatımın son gecəsi olmayacaq. Və mən də hamı kimi asfaltı ayaqlarım altda əzə-əzə, döyə-döyə irəliləyir, ümidlə yeni açılacaq səhəri gözləyirdim…