İkiüzlü Yanus

153 Baxış

Xülya CəfərovaXülya Cəfərova

İkiüzlü Yanus

Yenə günəş gözlərini ovuşduran kimi yeni bir karnaval başlayacaq. Kimiləri sadə «bauta», «volto», kimisi «kolumbina», «zanni» geyəcək, kimisi də «moretta» taxıb lal olacaq. Lakin mütləq hər kəs bu karnavalda bir maska tapıb keçirəcək simasına…

Maskasız, özün olmaq… Bu, necə mümkündür? Ümumiyyətlə, mümkündürmü?

Düşünməyən beyinləri qınadığım yeniyetməlik illərimi xatırlayıram. Çiçəyin ətrində, quşun qanad çırpmasında Tanrının işarəsini, insanların – ən adi, ən bəsit insanların gözlərində kədər axtardığım sadəlövh günləri yada salıram. «Dərk olunmuşluq əlaməti»ni tapanda hiss etdiyim sonsuz sevinci, gizli lovğalığı sanki bu sətirləri yazanda yenidən duyuram… Dərinlik, «öz», «mövcudluq» axtarışlarım eyni anda həm yeni doğulan bir körpənin aclıq instinkti qədər təbii, həm də özünükəşf kompleksindən əziyyət çəkən bir gəncin çılğınlığı qədər süni idi. Amma yenə də bunu edirdim…

Ətrafımda çoxları «bugün»ün caynaqlarında əsir olarkən mən başqa bir mövcudluğa, həqiqətə, ilahi gerçəkliyə inanırdım. Axtarırdım ya da axtardığımı zənn edirdim. Xüsusi bir səy göstərmədən, əlində olanlarla kifayətlənib «təəccüblənməyi», həqiqətlə mükafatlandırılmağı gözləmək lap lotereyaya bilet almadığı halda qalib gəlmək üçün gecə-gündüz dua edən adamla bağlı məşhur lətifəyə bənzəyir…

Ötən bu illər ərzində, hər dəfə insanların simalarında kədərli təbəssüm, həzin baxışlar görəndə onların «dərk edənlər» olduğunu zənn etmək vərdişimdən əl çəkdim. Yer üzündə dərk edən bir məxluqun olduğuna inanmıram artıq. Sadəcə çırpınanlar var, bir də təslim olanlar. Bu sonsuz ümman səni heç yerə aparıb çıxarmır. Üzməyi öyrənə bilərsən, hamıdan yaxşı da ola bilərsən. Amma nə edirsən et, sən də sonda hamı kimi ən dibə qərq olacaqsan. Yeganə təsəllim həqiqətin ən dərində – ən ucada olduğuna inamdır artıq.

Gülüşlər, göz yaşları, səslər, sözlər və parçası olduğumuz hər şey birləşib bizə bir həyat yaradıb. Bir ssenari qurub. Rejissor heç bir xərcdən çəkinməyib. Bizim üçün hər şeyi necə lazımdır təşkil edib: Yeri, göyü, insanları, zaman, məkan anlayışını yaradıb. Üstəlik bütün bu materiyanın içində özümüzü yad hiss etməməyimiz üçün «bədən» adlı libası da ruhumuza geyindirib. «Özgəlik»dən üşüməyək deyə duyğular da bəxş edib. Lakin bizi məhrum qoyub ən önəmli həqiqətdən. Gec-tez nə vaxtsa bir gün fırlanan bir «top»un içində əsir olmağın nə məna daşıdığını anlamağı dəlicə arzulayacağımızı unudub bəlkə də.

Və məni ən çox incidən bütün bu materiyadan asılılığımdır. Öz-özünə dəli kimi fırlanan bu mənasız «top»un içindəki hər şey – torpaq, hava, duyğular, canlılar kimi mənim də materiya olmağımdır…

Mövcud olan hər şey kimi mən də bir «mexanizm»dən ibarətəm. Düyməsinə toxunanda işə düşən hər hansı bir elektronik əşyadan fərqi yoxdur insanın. Sadəcə duyğuları yükləmək kifayətdir. Ona nifrət, sevgi, qəzəb ya da hər hansı bir duyğu göstər, dərhal reaksiya verəcək. Bu, onun yaradılışındadır. Bəs əgər cavab verməsə, onda necə? Bu, onunmateriyaolmadığını sübutetməyə qadirdirmi? Bəlkə sadəcə çoxdanbəriaramsızişləyənhəmin “əşya”nınistifadə müddətinibaşa çatdırmasınınsübutudur? Səssizlik özü də dərk etdiyimiz bütün anlayışlar kimi bu dünyaya məxsusdur. Susmaq da bir cavabdır, reaksiyadır özlüyündə. Yəni, bu da bir roldur. Bir sözlə, bu «top»un içində rola girməkdən xilas olmaq mümkün deyil. Bir üzümüz keçmişə, bir üzümüz gələcəyə baxarkən indiki anın «sehri»ni itiririk sadəcə…

Üstündən cəmi bir neçə il keçən yeniyetməlik dövrümdən bu yana əslində elə də çox şey qazanmamışam. Onda “mütləq həqiqət”in mövcudluğuna inanır, onu axtarırdım. Əlim çatan hər yerdə axtarırdım. Tənbəlliyimdən əlimi irəli uzatmağa belə cəhd etmirdim. Hələ də «mütləq həqiqət»in varlığı ilə ruhuma təsəlli verirəm… Cisimlər – insanlar isə gözümdəki aliliklərini itiriblər. İçində görə bilmədiyim ruh daşıyanlara hörmət etməklə kifayətlənirəm artıq. Digərləri isə hər hansı bir elektronik əşyadan – fendən, tozsorandan, telefondan fərqsizdirlər. Son istifadə müddətini başa vurduqda tullanan predmetlər… Bu «top»dan xilas olacaq ruhları belə olmayan zavallı məxluqlar!…

Lakin artıq bir şeydən əminəm – Daxilində qavraya biləcəyim hər şeyi həbs edən bu qəddar «top» qəlibini, şəklini, ətrini, rəngini, simasını dərk edə bilmədiyim, aciz təfəkkürümdən üstün olan o «mütləq həqiqət»i mənə izah etməyə qadir deyil. Mənim dünya anlayışları ilə yüklənmiş beynim də onu anlaya bilməz. Qəlbim isə sadəcə varlığına əminlik hiss edə bilər, vəssalam. Onu təsvir edə bilməz, dərk edə bilməz, görə bilməz… Sadəcə varlığına əmin olub nə vaxtsa dərk etmə ümidilə «həbsxana»dan qurtulmağı gözləyə bilər. O vaxta qədər isə başımı xoşbəxtliklə qatacağam…