“İlahi ədalət” – Sona Teymurbəyli-Rəhimli

96 Baxış

22551491_750064088513748_1282609650_n

Senet.az oxucularına yazıçı Sona Teymurbəyli-Rəhimlinin “İlahi ədalət” hekayəsini təqdim edir.

Hekayə  (II hissə) 

*  *  *

Xədicə xala Səbahətin təndir başında əyləşib yuxa açmasına razı olmamışdı. Çünki gəlininin yuxa açmağı onun xoşuna gəlmirdi. Ona görə də Səbahətə ailə üzvlərinə və təndir başındakılara xidmət etməyi tapşırmışdı.

Səbahətin əlinə yaxşı fürsət düşmüşdü. Sevingülün başı çörək bişirməyə qarışdığı üçün uşaqları həyətdə nəzarətsiz oynayırdılar. Əhədlə iki məhəllə yoldaşı da onlarla bərabər oynayırdı. Demək, indi o, istədiyini edə bilərdi…

Səbahət tələm-tələsik çay dəmləyib təndir başındakılara verdi. Yemək bişirməsini bəhanə gətirib onların yanında çox dayanmadı. O, Sevingülün uşaqlarının yumurtaya qarşı allergiyası olduğunu bilirdi.

Qayınanasından eşitmişdi ki, bir dəfə yumurta yedikləri üçün elə ağır vəziyyətə düşmüşdülər ki, vaxtında həkimə çatdırmasaydılar, hər ikisi dünyasını dəyişəcəkmiş.

Səbahət soyuducunu açıb yumurta götürmək istədi, amma orada yumurta yox idi. Onun yadına düşdü ki, qayınanası samanlıqda hinduşqa basdırıb, beş-on günə bala çıxarmalıdır.

Səbahət çox sevindi. Axı allergiyası olan adam köhnə yumurta yesəydi, daha tez zəhərlənə bilərdi, onu ölümdən heç bir həkim xilas edə bilməzdi. O, tez samanlığa gedib hinduşqanın altından beş-altı yumurta götürdü, suda qaynadıb soydu. Bir az iyi olmasaydı, köhnə yumurta olduğu bilinməzdi. Yumurtaları bir qaba qoyub duzlayan Səbahət Sevingülün oğlu ilə qızını yanına çağırdı, yumurtaları onların qabağına qoyub dedi:

- Rəhim, Fatimə, bu yumurtaları sizə bişirmişəm, gəlin yeyin.

Uşaqlar bir-birinin üzünə baxdılar. Axı uşaqlar yumurtanı nə qədər çox istəsələr də, anaları heç zaman onlara yumurta yedirtməzdi. İndi əmicanıları onlara yumurta bişirmişdi. Özü də az deyildi; 5-6 yumurta.

Anasının əmisi uşaqlarının qabağına bişmiş yumurta qoyduğunu görən Əhəd qonşu uşaqları ilə yaxın gəlib yumurtadan yemək istədilər. Amma Səbahət onların qarşısını kəsib diətutarcasına dedi:

- Yox! Sizə yumurta bişirməmişəm. Rəhimlə Fatiməyə bişirmişəm. Axı onlar bizim qonağımızdır. Analarının başı qarışıqdır, bizə çörək bişirir. Uşaqlar bayaqdan heç nə yeməyiblər. Siz ağıllı uşaqsınız. Heç onların ac qalmasına razı olarsınız? Bax indicə sizə təzə lavaşdan pendir dürməyi verəcəyəm. Qoyun uşaqlar yumurtalarını doyunca yesinlər. Kim bilir, bəlkə, heç evlərində yumurta tapb yeyə bilmirlər?

Əhəd əmisi oğlu ilə əmisi qızını o qədər çox istəyirdi ki, istəsəydilər, ağzındakı tikəni belə çıxarıb onlara yedirərdi. Ona görə də daha anasına etiraz etmədi.

Uşaqlar yumurtanı əllərinə alıb ağızlarına aparanda qəribə iy və dad hiss edib yerə qoydular, yemək istəmədilər. Amma Səbahət öz əli ilə bütün yumurtaları zorla onlara yedirtdi və üstündən su içirdi. Sonra təzə lavaşla pendir dürməyi tutub Əhədlə qonşu uşaqlarına verdi…

                                               *  *  *

Sevingül son çörəyi təndirdən çıxarandan sonra təndirin ağzını örtüb ayağa qalxanda uşaqlarını xatırlayıb dedi:

- Xədicə ana, yəqin ki, uşaqlar indiyədək acdır. Mən onların yanına gedim, bir az yemək yedirim.

Xədicə xala məhəbbətlə cavab verdi:

- Qızım, sənin daha burada bir işin qalmayıb. Təndirin başını biz yığışdırarıq. Sən əvvəlcə hamama gir, yuyun, paltarını dəyiş, sonra da uşaqlarınla məşğul ol.

Sevingül yuyunub hamamdan çıxanda Fatimənin qusduğunu, Rəhimin isə halsız vəziyyətdə eyvanın qabağındakı pilləkənlərdə yerə uzandığını görüb özünü cəld onların üstünə atıb, həyəcanla soruşdu:

 - Fatimə, sənə nə olub? Niyə qusursan? Nə yemişsən? Rəhim niyə torpağın üstündə uzanıb?

Xədicə xala Sevingülün səs-küyünə özünü təndir başından çölə salıb soruşdu:

- Qızım, uşaqlara nə olub?

Sevingül kədərlə cavab verdi:

- Bilmirəm, ana? Deyəsən, uşaqlar zəhərləniblər?

- Axı uşaqlar nə yeyib ki, zəhərlənsinlər?

Fatimə iniltili səslə dilləndi:

-Yumurta…

Sevingül Rəhimin başını qaldıranda ağzından gömgöy köpük axdığını gördü. Fatimə də tez-tez qusduğu üçün halsızlamışdı, ayaq üstə dura bilmirdi.

Xədicə xala qonşu Kamalı çağırdı. Onun maşını ilə uşaqları xəstəxanaya aparsalar da, artıq iş işdən keçmişdi. Uşaqlar ağır zəhərlənmişdilər. Həm də zəhərlənmənin qarşısı vaxtında alınmadığı üçün həkimlər üçün də çətin sınaq idi.

Sevingül ürəyində fikirləşirdi:

- Axı uşaqlara nə yedirilmişdi? Kim yedirmişdi? Fatimə “yumurta” dedi axı? Yumurtanı uşaqlar haradan alıb yedilər bəs? Elə ağızlarından da lax yumurta iyi gəlir.

Əli uşaqların arxın suyundan içib zəhərləndiklərini güman edirdi. Ona görə də, o, qardaşı oğlu Əhədlə qonşu uşaqlarını yanına çağırıb soruşdu:

- Əhəd, oğlum, Fatimə ilə Rəhim sizin yanınızda oynamırdı? Görmədin ki, onlar arxın suyundan içdilər? Ya da yerdən nə isə götürüb yedilər?

Əhəd əmisi uşaqlarının halına yanır, onların tez sağalmasını istəyirdi. O, birdən nə isə xatırlayıb dedi:

- Əmi, arxın suyundan içməyiblər. Bayaq anam onlara yumurta bişirib yedirtdi.

Xədicə xalanın ürəyi yaralı quş kimi çırpındı, həyəcanla dilləndi:

- Evimizdə yumurta qalmamışdı axı?. Əhəd, anan yumurtaları qonşudan alıb bişirdi?

- Yox! Yox! Nənəcan, anam yumurtaları qonşudan almadı. Gözümlə gördüm, anam samanlığa gedib, yumurtaları hinduşqanın altından götürüb bişirdi. Saymışdım. Düz altı yumurta idi.

 - Anan yumurtalardan sizə də yedirtdi?

- Yox, nənəcan, anam bizə yumurta vermədi. Dedi ki, Fatimə ilə Rəhim qonaqdır. Siz yeməyin, qoyun onlar doyunca yesinlər. Mənə də, dostlarıma da təzə lavaşla pendir dürməyi verdi. Fatimə də, Rəhim də yumurta yemək istəmirdi. Anam yumurtanı onlara zorla yedirdi.

 Xədicə xalaya da, Əsəd əmiyə də, Əliyə də hər şey gün kimi aydın idi. Səbahət uşaqların yumurtaya qarşı allergiyaları olduğunu bilə-bilə köhnə yumurtaları zorla yedirmişdi ki, uşaqlar zəhərlənsinlər. Demək, Səbahət hirsini-hikkəsini içində boğa bilməmiş, Sevingüldən bacısının qisasını almışdı…

                                               *  *  *

Həkimlərin ciddi səyinə baxmayaraq uşaqların heç birini ölümün yaxasından çəkib qurtarmaq mümkün olmadı. Axşam Rəhim, səhərə yaxın isə Fatimə dünyasını dəyişdi.

Çəmənkənddən uşaqlarını yanına salıb deyə-gülə ata ocağına aparan Əli ilə Sevingül üç gün sonra bir cüt övladını tabutda kəndə qaytarırdı. Həcər ana əllərini dizinə çırpıb, sinəsini cırıb hönkürtü ilə ağlayır, yana-yana deyirdi:

- Ürəyimə dammışdı. Hiss edirdim, Səbahət qan-qusmuşun başımıza bir fəlakət gətirəcəyi. Amma nə qızımı, nə də kürəkənimi inandıra bilirdim. Kaş gözlərim kor olaydı, amma bu günləri görməyəydim. Mənim niyə başaratım bağlandı axı? İndiyədək uşaqları babasıgilə getmirdi, nə olurdu? Kaş qabaqlarına keçib mane olardım, getməyə qoymayaydım.

Sevingülün atası, qardaş-bacıları da qan ağlayırdı. Sevingül isə içinə qapanmışdı. Nə dinib, nə danışırdı. Əllərini qoynuna qoyub, gözlərini bir nöqtəyə dikərək oturmuşdu. Dindirməsəydilər, günlərlə beləcə oturar, yeyib-içməzdi. Axı yazıq gəlin biri beş, biri də üç yaşında gül kimi bir cüt övladını itirmişdi. Hansı ana rahat ola bilərdi ki, Sevingül də rahat ola biləydi.

                                               *  *  *

Xədicə xala da, Əsəd əmi də narahat idilər. Ev-eşiyə sığıa bilmirdilər. Bir tərəfdə Əli ilə Sevingül. Kin-küdurətin qurbanı gül kimi bür cüt nəvə, bir tərəfdə də hirsinin-hikkəsinin əsiri olan gəlinləri Səbahət.

Xədicə xala da, Əsəd əmi də gecə-gündüz öz-özlərinə fikirləşirdi:

- “Görəsən, necə olacaq? Sevingül Səbahətdən şikayət edəcəkmi? Bir tərəfdən də oğlumuzla yeganə nəvəmiz bədbəxt olacaq. Qoynumuzda ilan bəsləmişik, xəbərimiz yoxdur. İllərlə qəlbində böyüdüb-bəslədiyi kin-küdurətini boğa bilmədi. Gül kimi nəvələrimi məhv etdi. Bu necə insandı, görəsən? Bunda heç analıq hissi yoxdu? Elə öz övladını gözləri önünə gətirərdi. Heç övladını, ailəsini düşünmədi? Əgər bir günahı varsa, Sevingüldən alaydın, məsum körpələrin nə günahı? Harada görünüb belə qisas almaq? Ölənin yerinə biri gəlməlidir də. Sənin bacını Sevingül öldürüb, yerinə gəlməyib ki? Ay başı daşlı, indi Sevingül səni polisə şikayət esə, nə edəcəksən? Cavan yaşında ömrünü həbsxanada keçirəcəksən? Vallah, biz Sevingülün qarşısına keçib, bir söz deyə bilmərik ki? İnsaf onun özünə qalıb. Lap şikayət etsə də, səsimizi çıxara bilmərik. Bir cüt övladını itirib. Məgər haqqı yoxdurmu?

Sevingül qayınata-qayınanasının, qaynının və ərinin narahatlıqlarını duyurdu. Ğvladlarının ölümünə səbəb olduğuna görə onu Səbahətdən şikayət etməyə sövq edənlər də az deyildi. Amma gəlin düşünürdü, düşdüyü bu bataqlıqdan necə çıxacağını öz ürəyində dərin-dərin fikirləşirdi.

- “Nə etmək istəyirsən, Sevingül? Səbahətdən şikayət etməyəcəksən? Övladlarının qatilini cəzasız buraxacaqsan?”-deyə təəccüblə onun üzünə baxan yaxın və doğmalarının sualına o, yanıqlı köks ötürərək belə cavab verirdi:

- Yox! Atacan, anacan, Səbahətdən heç yerə şikayət etməyəcəyəm!

Sonra Sevingül əllərini göyə açıb, üzünü qibləyə tutub deyirdi:

- Səbahəti haqqın divanına tapşırıram. Qoy Ulu Tanrım onu özü bildiyi kimi cəzalandırsın. Yoxsa, mənim ürəyimin acısını Səbahətin beş-altı il həbs cəzası alması söndürməz ki?! Axı o, övladını itirməyib ki, mənim ürəyimin acısını hiss edə bilsin. Bilsəydi, heç qatil ola bilərdi? Mən ancaq İlahi ədalətə güvənirəm. İnanıram ki, vaxt gələr, onun da ürəyi mənimki qədər alışıb-yanar.

Səbahət isə qayınarvadının ondan şikayət etmədiyini eşidib, həbsə alınmayacağı üçün çox rahatlayır. Ürəyində isə bacısının qisasını aldığı üçün qürur duyurdu. Özünü elə aparırdı ki, tutduğu işdən heç zaman peşman deyil. Artıq rahatladığı üçün deyib-gülür, fərəhlə gəzib-dolanırdı…

                                               *  *  *

İllər sürətlə ötüb keçdi. Sevingül yenə də ana oldu. Bir-birinin ardınca bir qızı, iki oğlu dünyaya gəldi. Onları ürəyi istədiyi kimi böyütdü.

Sevingülün ürəyi daha səksəkəli deyildi. Çünki Səbahət xofunu yaşamağa ehtiyac qalmamışdı. Onun Sevingüldən aldıqları ürəyinin yanğısına su səpmişdi…

Səbahətin Əhəddən başqa, övladı olmamışdı. Elə ki, hamilə qalırdı, iki-üç ayını tamam etməmiş körpə ana bətnində dünyasını dəyişirdi. Həkimlər də bu işə lap məəttəl qalmışdılar…

İndiyədək iyirmidən çox uşaq tələf edən Səbahət artıq hamilə qalmaqdan yorulmuş, gözünü Əhədə dikib oturmuşdu. Deyəsən, Sevingülün bir cüt balasının ahı onu tutmuşdu, amma o, bunu ağlına belə gətirmirdi.

Əhəd böyüyüb həddi-buluğa çatmış, orta məktəbi bitirəndən sonra hərbi xidmətini də yerinə yetirib beş-altı ay olardı ki, evlərinə dönmüşdü. İndi o, yaxşı bir işdə çalışır, ata-anasını bolluq içində yaşadırdı.

Əhəd aradabir fürsət tapdıqca Çəmənkəndə gəlir, əmisigillə də görüşürdü. Hər gəlişində Sevingül onu nə qədər gülərüzlə qarşılasa da, anasının əmisi uşaqlarına etdikləri gözləri önündə canlandıqca xəcalətindən başını qaldırıb nə əmisinin, nə də əmisiarvadının üzünə baxa bilirdi…

                                               *  *  *

Səbahət Əhədi evləndirmək tezliklə nəvə-nəticə sahibi olmaq istəyirdi. Hər tərəfə səs salıb, ürəyi istədiyi bir gəlin axtarırdı. Yəqin ki, Əsəd əmi ilə Xədicə xala da nəvələrinin toyunu görməyi çox arzulayırdılar. Amma…

Bir payız günü idi. Bir axşamçağı işdən yorğun-arğın qayıdan Əhəd döngələrinin başında beş-altı nəfərin savaşdığını görüb onları aralayıb sakitləşdirməyə çalışdı. Sən demə, bu gənclər toy şənliyindən gəlirdilər. Onların davası toy ziyafətində gördükləri bir qız üstündə düşmüşdü.

Bu gənclərin birinin əlində bıçaq varmış. Amma Əhəd bundan xəbərsiz idi. O, gəncləri bir-birindən ayırmağa çalışırdı.

Əhəd əlində bıçaq olan oğlanı qucaqlayıb bir kənara çəkmək istəyir. Bu zaman cavan oğlan əlindəki bıçağı bir neçə dəfə onun qarnına sancıb çıxardı. Əhəd hüşunu itirib, cavan oğlanın qolları arasından yerə sərildi. Bir anın içində ətraf qan gölünə döndü…

Savaşanlar sanki yuxuda idilər, yuxudan ayılan kimi aralanıb peşman-peşman bir-birinin üzünə baxırdı. Qatil isə çoxdan qaçıb aradan çıxmışdı. Hadisə yerinə gələnlərdən kimsə “Təcili yardım”a zəng edib kömək istəmişdi. Amma onlar hadisə yerinə gələnə kimi Əhəd artıq dünyasını dəyişmişdi…

Necə deyərlər:”Ölümün atı yüyrək olar!” Eşidənlər axışıb gəldi. Səbahət özündən gedib-özünə gəlirdi. Üz-gözündə islahat qoymamışdı. Həkimlər onu yuxlatmaqdan başqa çarə bilmirdilər.

Son dəfə övladlarının cənazəsi ilə bərabər çıxdıqları həyət-bacaya Sevingüllə Əli dəfn mərasiminə gəlib-çıxdılar. Sevingülü dəfn mərasimində görən qohum-qonşunun ürəyindən yalnız bu sözlər keçirdi:

- İlahi ədalət! Sevingülün istədiyi bu idimi? Necə deyərlər, Allah gec eləsə də, güc edər! Səbahətə deyən gərək, indi ağrı-acına döz  də, niyə dözə bilmirsən? Başqasının bir cüt övladını zəhərləyib öldürmək asandır? İndi də gözünün ağı-qarası yeganə övladın beləcə əlindən gedər. Yaxşı ki, Sevingülün yenidən övladları oldu. Onlarla yaralarını sardı-sarmaladı. Ürəyinin yaralara tamam sağalmasa da, qaysaq bağladı. Bəs sənin, ay yazıq? Yurdunda bayquşlar ulayacaq. Belə getsə çox yaşamazsan. Sevingül doğru demişdi:

- Ən ulu ədalət – elə İlahi ədalətdir!

Naxçıvan şəhəri, may 2015-ci il.  

KÖŞƏ YAZARLARI
TOP 10