İlahiyyatçı Elşad Mirinin son çıxışına sözardı…. Cəlil Cavanşir

14 Baxış

celil-1

Avropanın intibahı  xristianların müqəddəs kitabının tərcüməsindən sonra başladığı kimi, şərqin iflası da müsəlmanların müqəddəs kitabının yanlış tərcümələrindən və təfsirlərindən sonra başlayıb desək, səhv etmiş olmarıq. Müsəlman şərqinin inkişafına mane olan əsas səbəblərdən biri sonuncu haqq din olan İslamın müqəddəs kitabı “Qurani-Kərim”in yanlış tərcüməsi, təzadlı təfsiri, müxtəlif alimlər, rəvayətçilər tərəfindən uydurulan on minlərlə hədis, qeyri-adi dini ehkamlar, uydurulmuş rituallar, islamın ana kitabı ilə uyğun gəlməyən cəzalar və qadağalardır. Nağıl  və əfsanə uydurmaqda mahir olan müsəlman şərqi zaman keçdikcə uydurulan əfsanələrə, yalançı rəvayətlərə inanaraq İslam dininin müasir və qorxulu formasını yaradıb. Müasir dünya İslamdan qorxur və bunun səbəbi şübhəsiz ki, Suriyada qanlı şoular göstərən, İraqda özünü partladan, İranda özünü döyən, Misirdə höküməti devirən, Kərbəlada dizin-dizin sürünən müsəlmanlardır. Adətən belə polemikalarda mütləq bir nəfər çıxıb şablon fikirlə söhbətə nöqtə qoymağa çalışır: “Əsil İslam bu deyil”.

Bəs əsil İslam nədir? Əsil İslamla harda, necə, hansı şəraitdə tanış ola bilərik?  İslam təbliğ olunduğu, bizə təqdim olunduğu kimi xurafatla dolu, dəhşətli və təhlükəli dindirmi? Allahın sonuncu dininin bu qədər əcaib və anlaşılmaz olması mümkündürmü? Əsrlərdir təhrif olunmuş, müxtəlif xalqların, millətlərin, mədəniyyətlərin təsiri ilə dəyişmiş bir İslam dini, yoxsa sonuncu səmavi kitabın – Quranın bizə öyrətdiyi İslam dini? Dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanların İslama nə qədər dəxli var?

Bütün bu sualların cavabını tapmaq üçün araşdırmağa, heç bir vasitəsiz İslamın müqəddəs kitabı “Quran”ı oxumağa, sağlam ağılla, soyuq məntiqlə nəticə çıxarmağa ehtiyac var.

Uzun müddətdir şəxsi marağım, daxili və mənəvi rahatlığım üçün İslam və “Quran”la bağlı müəyyən araşdırmalar aparıram, kitablar oxuyuram. Uzun illər öyrəndiyim bilikləri yenidən ağlımın süzgəcindən keçirirəm.

Eyni zamanda xurafata uymuş, qaramat və cahil şəkildə İslam adından danışanlara qarşı kəskin tənqidi fikirlərimi həm şəxsi söhbətlərdə, həm də yazılarımda  çatdırmağa çalışıram.

Bu günlərdə ilahiyyatçı dostum, islamla bağlı fikirlərinə hər zaman hörmətlə yanaşdığım Elşad Mirinin APA TV-nin “Yaşıl orta” verilişindəki çıxışını izlədim. Verilişin mövzusu “İslamda cəzalar” olsa da, Elşad bəy proqram boyu bir çox maraqlı məqamlara və mübahisə və polemika mövzusu olacaq nüanslara toxundu. Ümumiyyətlə Elşad Miri tək-tük ilahiyyatçılardandır ki, onunla rahatlıqla polemikaya girmək, istənilən mövzunu müzakirə etmək, verdiyin suallara sağlam arqumentasiyalı cavablar almaq mümkündür. Bu verilişin də maraqlı və diqqətimi çəkən tərəfi ilahiyyatçı dostumuzun digər din xadimləri kimi verilişə “cəddinə arxayın seyid kimi” getməməsi idi. Verilən suallara mənbələrlə, istinadlarla eyni zamanda səlis cavab verməsi təqdirəlayiq məqamdır.

“Quran”ın səhv tərcüməsi və uydurma hədislərlə bağlı ilahiyyatçı dostumuzun fikirləri mənim diqqətimi daha çox çəkdi. Uzun müddətdir bu məsələlərlə maraqlanan dostlarla müzakirə etdiyim əsas mövzu “Quran”ın yanlış tərcümə və şərh edilməsi, hədis rəvayətlərinin əksəriyyətinin cəhalətlə, xurafatla dolu olmasıdır. Heç kəsə sirr deyil ki, yanlış tərcümə və təfsirlər, uydurma rəvayətlər, İslam ehkamı kimi təqdim olunan nağıllar illərdir, əsrlərdir  bəşəriyyəti terrora, qorxuya, ölümə, dəhşətə sürükləyir. Kiminsə və yaxud kimlərinsə ortaya çıxıb bu yanlış və xurafat dolu düzənə yox deməsi, dünyada və ölkəmizdə bədnam olmuş İslamın əsil mahiyyətini açıq-aydın izah etməsi, xurafat püskürən “dindarlar”a “dur” deməsi lazım idi. Elşad bəyin son fəaliyyətləri, eyni zamanda APA TV-dəki son çıxışı bizim gözləntilərimizin müjədçisi sayıla bilər.

Heç kəsə sirr deyil ki, azacıq araşdırmaq qabiliyyəti olan, müstəqil fikirli və aydın düşüncəli gənclər ənənəvi İslamdan qaçır, ya ateist, ya aqnostik ən yaxşı halda isə deist düşüncəyə meyillənir. Çünki yas məclislərində rastlaşdığımız mollalar, məscidlərdə xütbə oxuyan imamlar,  videoları, səs yazıları əldən-ələ gəzən din xadimləri müasir və savadlı gəncliyin suallarına cavab vermək qabiliyyətində deyil. Dəfələrlə bu tipli polemikalarda iştirak etdiyim üçün ənənəvi islamı və xurafatı müdafiə edən “dindarlar”ın necə aciz və çarəsiz vəziyyətdə qaldığını görmüşəm.

İlahiyyatçı dostumuzun son çıxışından sonra əmin oldum ki, İslamla bağlı müzakirdə, polemikalarda sağlam arqumentlərlə çıxış edəcək opponentimiz artıq var. Şəxsən tanıdığım üçün bilirəm ki, Elşad bəy araşdırır, oxuyur, tərcümə edir, təbliğ edir, öz davranışları ilə nümunə olmağa çalışır. Bütün bunlara nə qədər nail olması, nəyi bacarması başqa mövzudur. Amma şəxsən onun çabalarını yüksək qiymətləndirirəm və inanıram ki, tutduğu yolda daha inamlı və israrlı,  sabitqədəm olacaq. Sözsüz ki, bu yolda ona qarşı çıxanlar, tənqid edənlər, “bidətçi”, “kafir” adlandıranlar da olacaq və var.

Bəs digər “ilahiyyatçılar” nə edir? Digər müsəlmanlarımız isə elliklə yığışıb həqiqəti çatdırmaq istəyən, faktlarla, sübutlarla danışan ilahiyyatçını sosial şəbəkələrdə, müxtəlif dini cərəyanlara xidmət edən internet resurslarında söyür, təhqir edir, aşağılayır. Nağıllardan bir İslam yaradıb cahil kütləyə sırıyır, insanların yanlış yönləndirir, şou proqramlarında ekspertlik edir, cəhalətin dərinləşməsində, dolayısıyla mənsub olduqları dinin gözdən salınmasında iştirak edirlər.

Sözümün canı, mabədi nədir? Yaşadığımız coğrafiyanı, elə dünyanı da İslamsız, müsəlmanlarsız təsəvvür etmək mümkün deyil. Olmazmı bu dini mümkün qədər düzgün, əslinə uyğun təbliğ edək? Məncə mümkündür. Məncə bunun yolu İslama cahilcəsinə, xurafatçı fikirlərlə yanaşmaqdan yox, İslamın əsas kitabını düzgün şərh etməkdən, dolayısıyla “Əsil İslam nədir?” sualının cavabını düzgün və mənbələrə istinad edərək verməkdən keçir.

KÖŞƏ YAZARLARI
TOP 10