İlk dost

79 Baxış

Без названияed bDördüncü sinifdə oxuyurdum. Artıq bir neçə ay idi ki, sinfin birinci əlaçı qızından xoşum gəldiyindən, hansısa oğlanın ona yaxınlaşmasını qısqanır, hər vasitə ilə diqqətini cəlb etməyə çalışırdım. Ancaq o, sanki bunları sezmir, mənə də başqaları ilə eyni münasibət göstərir, ürəyi kiminlə istəyir danışır, deyib-gülürdü. Mənə əzab verən bu vəziyyətə bəzən o qədər qızırdım ki, həmin uşaqlarla dalaşmaq istəyidim. Ancaq uşaqlıqdan bəziləri məni cığal hesab etsələr də, dalaşmaqdan, səbəbsiz yerə mübahisə etməkdən xoşlanmırdım. Özüm də sinfin əlaçı şagirdlərindən olduğuma görə qızın gec-tez məndən xoşu gələcəyini düşünüb, bir qədər sakitləşirdim. Adətən uşaq yaşlarında kimdənsə xoşumuz gəlməsini biz sevgi ilə qarışdırır, əslində ünsiyyətə olan ehtiyacın doğurduğu bu duyğuları bir-birindən ayıra bilmirik. Mənim də sevgi adlandırdığım bu hisslər ünsiyyət ehtiyacından başqa bir şey deyildi. Ancaq 10-11 yaşlarında bunu ayırd etmək o qədər də asan olmur.

Başqa bir cəhət, uşaq vaxtı, bəzən yeniyetməlik dövründə də oğlanlar daha çox ən yaxşı oxuyan, əlaçı və səliqəli qızlara, qızlar isə güclü, onlara öz hisslərini açmaqdan qorxmayan, cəsarətli oğlanlara vurulurlar.  Bəzən aldadıcı olan bu duyğular çox vaxt bir neçə aydan sonra ya tamamilə itib gedir, ya da dostluq münasibətlərinə çevrilir. Hələ xarakteri tam formalaşmadığından bu yaşda qızlardan “yox” cavabı alan oğlanların psixoloji durumlarında daha ciddi dəyişikliklər baş verir. Onlar qısamüddətli sarsıntı keçirir, özlərini ələ almaqda çətinlik çəkir, hamıya qarşı acıqlı və davakar  olurlar. Hətta bəziləri özünəqəsd həddinə çatırlar. Bəzən 7-8-ci sinfə qədər dərsdən başqa heç nə haqqında fikirləşməyən, əla qiymətlərlə oxuyan yeniyetmələrin birdən-birə dərslərdə geri qalmasının, dalğın görünməsinin, ətrafına qarşı ən yaxşı halda laqeydləşməsinin başlıca səbəblərindən biri uğursuz sevgi olur. Doğrudur, qızlar arasında da ilk məhəbbətin uğursuzluğuna görə müxtəlif psixoloji vəziyyətlərə düşənlər olur, ancaq onların sayı oğlanlarla müqayisədə çox azdır. Belə sarsıntılar yaşayan oğlanların durumundakı yeganə ümidverici cəhət onların düşdükləri psixoloji vəziyyətdən qızlara nisbətən tez çıxmaları, ikinci, üçüncü, hətta dördüncü qızı da “eyni ehtirasla sevmələri” və özlərini indiki sevgilərinin daha güclü və həqiqi olmasına inandıra bilmələridir.

Sinfin əlaçısı olan bir oğlanın da həmin qıza tez-tez baxdığını sezmişdim. Bəlkə o da eyni şeyi məndən duymuşdu. Adı artıq sizə tanış olan Nəriman məktəbdən evə qayıdarkən yolun yarıdan çoxunu bizimlə birlikdə  gəlirdi. Bir gün yolda necə oldusa, söhbət qızlardan, kimdən xoşumuzun gəlməyindən düşdü. İlk olaraq mən ondan soruşdum. O, cavab əvəzinə eyni sualı mənə verdi: “Bəs sənin kimdən xoşun gəlir?”. Qərara gəldik ki, xoşumuza gələn qızın adının baş hərfini ikimiz də eyni vaxtda deyək. Belə də etdik. İkimiz də eyni hərfi dedik. Sonra sonuncu hərfi deməyə qərar verdik. Çünki sinifdə adı həmin hərflə başlayan dörd qız vardı. Sonuncu hərf də eyni oldu. Qızların sayı yarıbayarı azaldı. İndi növbə üçüncü hərfin idi. Bununla ikimizin də eyni qızdan, yaxud ayrı-ayrı qızlardan xoşlandığımız aydınlaşacaqdı. Sonuncu hərfi də ikimiz eyni vaxtda dedik. Həmin qız idi. Nərimanın da, mənim də xoşumuza eyni qız gəlirdi. Doğrusu, bu anda nə edəcəyimi bilmədim. Ürəyimdə onun hərəkətinə qəzəblənsəm də, sadəcə ayrılıb uzaqlaşdım. Yol boyu ondan acığımı necə çıxacağım, xoşuma gələn qızın adını çəkdiyinə görə onu necə cəzalandıracağım barədə düşündüm. Yəqin bütün günü Nəriman da minim kimi eyni şey haqqında düşünmüşdü. Bəlkə də həmin qızın adını bir də dilimə gətirməmək üçün məni möhkəm döyəcəyini, hətta öldürəcəyini fikirləşib durmuşdu. Səhəri gün dərsdən sonra onunla görüşüb məsələni aydınlaşdırmaq qərarına gəldim. Mən təyin olunmuş yerə həmyaşıd əmioğlumla getdim. Nəriman isə tək idi. Nədənsə biriylə mübahisə edəndə, yaxud iş davaya çatanda Mehman məndən qabaq irəli atılır, ya birinci zərbəni mənim əvəzimə qəbul edir, ya da rəqibimi özü vururdu. Əksər hallarda dava bununla da bitir, mübahisə mənim ucbatımdan yaransa da, günahkar əmioğlum olurdu. Görünür, bu missiyanı öz üzərinə könüllü götürməsinin əsas səbəbi mənim uşaqlıqdan zəif və onun aləmində gücsüz olmağım idi. Bu dəfə də eyni vəziyyət yarana bilərdi. Sinif yoldaşım heç bir qorxu-hürkü keçirmədən qarşımızda dayanmışdı. O vaxtadək sinifdə hamıdan güclü olduğunu dəfələrlə sübut etdiyindənmi, ya mənimlə əmioğlumu birlikdə döyə biləcəyinə tam əminliyindənmi doğurdu bu arxayınlıq, bu cəsarət?! Biz davaya başlamaq üçün bir-birimizə lap yaxınlaşanda baxışlarımız qeyri-ixtiyari toqquşdu. Elə bil, birdən-birə onun da, mənim də dava etmək həvəsimiz tamam söndü.  Onun “Qoy, qız özü müəyyən etsin, kimdən xoşu gəlir”, deməsi isə sanki məni ağır bir yükdən qurtardı. Əmioğlumun bütün cəhdlərinə baxmayaraq, biz nəinki dalaşmadıq, əksinə, mehribanlıqla ayrıldıq.

Səhəri gün də münasibətlərimizdə heç bir gərginlik olmadı. Cəmi bir neçə gün sonra isə dərsdən evə yenə birlikdə gəldik. Bəzi günlər isə mən onların evinə, o da bizim evə gəldi və birlikdə  vaxt keçirdik. Beləcə, aramızda ünsiyyət daha da artdı və bir qədər sonra özümüz də fərq etmədən dostluğa çevrildi. Ancaq bu dostlaşmaqdan qabaq hər ikimizin artıq o qıza olan marağı sönmüşdü. Sonra isə hətta ondan xoşlanmadığımızı bir-birimizə etiraf etmişdik. İndi o qız bizə özündən razı, eqoist, hər şeydə bir nöqsan axtaran adam təsiri bağışlayırdı. Qızın bizim ondan xoşlandığımızı bilmədiyi halda, indi ona qarşı az qala ədavət aparmağımızın bir qədər qəribə təsir bağışladığının da fərqində deyildik. Qız da bəzən açıq xarakter alan kobudluğumuzun səbəbini başa düşmədiyindən çaşıb qalır, bacardıqca bizimlə ünsiyyətdən qaçmağa çalışırdı. Bəlkə də müəllimlərin hamıdan çox onu tərifləməsinə bizim qısqandığımızı güman edirdi, hətta uşaqcasına paxıllığını çəkdiyimizi düşünürdü, bilmirəm. Ancaq onun üçün qısa müddətdə baş verən bu dəyişikliyin, əslində başqa izahı da yox idi.

İllər sonra bütün bunlar barəsində sakit mülahizə yürütmək, yaşanan psixoloji vəziyyətləri nəzərə almadan, hər şeyi sadə məntiqin dili ilə izah etmək bəlkə də asandır. Ancaq vəziyyətin dəqiq qiymətləndirilməsində məntiqin həmişə köməyə çatdığını güman etmirəm. Bizim ona qarşı əvvəl xoş, bir qədər sonra isə tamamilə əks münasibətimizin yaranmasında özünün heç bir iştirakı, hətta xəbəri yox idi. Bəs bu bir-birinə daban-dabana zidd proseslərin baş verməsini necə izah etmək olardı? Təbii ki, burada məntiq axtarmaq faydasızdır. Yaxşısı budur ki, baş verənləri uşaq ağlının nəticəsi kimi qəbul etməklə kifayətlənək.

Bizim dostluğumuz aydan-aya deyil, gündən-günə möhkəmlənirdi. Artıq ailələrimizə daha tez-tez gedib-gəlir, saatlarla bir yerdə vaxt keçirirdik. Etiraf edim ki, əksər məsələlərdə Nəriman özünü daha təcrübəli, bacarıqlı göstərir, ancaq bunu elə etməyə calışırdı ki, mənim xətrimə dəyməsin. Həm dərslərini çatdırmağı, həm də evdə təsərrüfat işlərinə əl tutmağı necə bacarması isə məni daha çox təəccübləndirirdi. Bizimlə müqayisədə onların təsərrüfatları çox geniş idi. Həm mal-qara saxlamaqla, həm də bostan-tərəvəz becərməklə məşğul olurdular. Atası zəhmətkeş olduğundan, onları da körpəliyindən əməyə alışdırmışdı. Özündən böyük və kiçik qardaşını da daim nə işləsə məşğul görərdin.

Onun atasını bütün rayonda tanıyır və hörmət edirdilər. Onu tanıdan və uşaqlı-böyüklü hamının rəğbətini qazandıran səbəblərdən biri də yetişdirdiyi növbənöv güllər idi. Həyətində gül becərən elə bir sakin yox idi ki, ondan gül tingi, yaxud toxumu almasın. O, insanların bu istəyini məmnuniyyətlə yerinə yetirir, gülü necə becərmək barədə onlara usanmadan  məsləhətlər verirdi. Həqiqi zəhmətkeş, sadə insan olan dostumun atasının boş dayandığını görmədim. Övladları da bu cür böyümüşdülər. Heç bir çətinlikdən qorxmayan, hər işi bacaran, qürurlu və təmkinli. Onların həyətləri tamam başqa bir aləm idi. Buradakı səliqə-sahman, cərgə ilə əkilmiş gül kolları, ağaclar, onları həm evin qarşısında, həm də həyətin o biri tərəflərində əhatə edən ağardılmış daşlar və bütün bunlarla ikimərtəbəli evi ayıran göy rəngli taxta hasar adamın gözünü oxşayırdı. İsti yay günlərində yaxınlıqdakı dəmiryol vağzalından keçənlərin çoxu giriş qapısının düz yanındakı su quyusundan sərin su içib yanğılarını söndürürdülər. Elə bil, bu quyunu bilərəkdən qapının ağzında qazmışdılar ki, susuzluğu olanlar daim açıq qapıdan keçib, kimsəni çağırmadan istədikləri qədər su içə bilsinlər.

Nərimanın atası sadə, sözübütöv, dəqiq adam olduğundan övladlarından da bunu tələb edir, onların layiqli insanlar kimi yetişmələri üçün əlindən gələni əsirgəmirdi. Böyük ailəni dolandırmaq, uşaqlarına yaxşı təhsil vermək üçün hər cür əziyyətə qatlaşır, ancaq bir dəfə də bunu dilinə gətirmirdi. İşinin başından aşmasına baxmayaraq, bütün valideyn iclaslarına qatılan bu insanı məktəbin şagirdləri də yaxşı tanıyırdılar. Balaca boylu, arıq bədənli, ancaq çevik və qüvvətli  adam idi. Xalq arasında belələrinə “qayış kimidir”, deyirlər. Hərdən mənə elə gəlirdi ki, onun yetişdirdiyi meyvə-tərəvəz başqalarından daha dadlıdır. Həmin meyvələrdən dadıb mənim fikrimlə razılaşmayanlar da bir şeyi etiraf edə bilərdilər  ki, onların bağındakı meyvələr daha iri, daha şirəli idi. Eyni havanı udub, eyni günəşdə qızaran, bəlkə də eyni suyu içən qonşu bağların meyvələri niyə bu qədər fərqli idi, anlaya bilmirdim.

Dostumun anası da sadəliyinə, zəhmətsevərliyinə görə ərindən geri qalmırdı. Həlim xasiyyətli, ağzıdualı bir xanım idi. Az danışan, sözünün yerini bilən, ancaq ürəyi dolu, sözü-sözdən seçən insandı. Nə demək istədiyini dərhal başa düşür, ancaq heç vaxt başqasının sözünü kəsmirdi. Bütün analar kimi övladlarını çox istəsə də, onları ərköyün böyütməmiş, valideynlərin bir sözünü iki etmələrinə yol verməmişdi.

Hər dəfə qapılarını açanda az qala eyni mənzərənin şahidi olurdun. Həyətdə nə işləsə məşğul olan bu gülərüz, mehriban insanlar adamı dərhal evə dəvət edir, utanmağa, narahatlıq keçirməyə imkan vermirdilər.

“Orada dayanma, sən yuxarı çıx, bir stəkan çay içincə, dostun da gələr”, deyir, bir az keçməmiş dostumu tapşırılmış işdən tam azad edirdilər. Mən bütün bunların nə qədər səmimiyyətlə edildiyini, Nərimanın yarımçıq qoyduğu işlərin böyük qardaşı, yaxud atası tərəfindən davam etdiriləcəyini görüb, yaxud bu barədə düşünüb xəcalət çəkirdim. Belə vaxtlarda tez çıxıb getmək istəsəm də, mümkün olmurdu. Dostumun anası:

- A bala, bir stəkan çay içməmiş hara gedirsən,- deyib məni zorla saxlayırdı. Bu sözün ağzından çıxması ilə dostumun bacılarından birinin əlində 2 fincan çay içəri girməsi bir olurdu.

Mən hər dəfə rayona gələndə bəzən ən yaxın qohumlardan da qabaq Nərimangilə baş çəkir, onlardan hal-əhval tuturdum. Rayonun işğalına qədər belə də davam etdi. O vaxtlar dostum da, mən də Bakıda yaşayırdıq. Dostum Nəriman ali təhsil almağa gəldiyi vaxtdan burada qalıb işləmiş, ev-eşik sahibi olmuşdu. Valideynləri də qaçqınlıqda onun yanında yaşadılar. Ancaq yurd, torpaq dərdlərinin üstünə bir də itkin oğul (şəhid  olduğu indiyədək dəqiqləşdirilməyib) dərdi gəlmiş bu ahıl insanlar çox dözə bilmədilər. Sonbeşiklərinin taleyindən nigaran, öldüsünü-qaldısını dəqiq bilmədən dünyadan köçdülər. Nərimanna çox ağır təsir edən bu itkilər onun qara saçlarındakı ağ zolaqların sayını günbəgün artırdı.

Bizim dostluğumuz özümüzdən asılı olmadan qohumluğa çevrildi. Həyat yoldaşlarımızın qohum olmasının gətirdiyi yeni münasibətlər bizə nə qədər xoş olsa da, heç nəyi dəyişmədi. Bizim dostluğumuz nə artdı, nə də azaldı.

“Taleyin izləri” kitabından

Bölmə : Nəsr, Ədəbiyyat