İlk fransızdilli azərbaycanlı yazıçı – Banin

27 Baxış

14852501674632313346_1000x669

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Belə ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu.

Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları – Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həyatında baş verən fırtına təbii ki, qızı Ümm-əl-Banudan da yan keçə bilməzdi.

Ümm-əl-Banu 1905-ci ilin yanvarında Bakıda anadan olsa da, məlum hadisələrə görə, Vətənindən didərgin salındı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi. Ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Baninin bu gün 112 yaşı tamam olur.

Sonralar həm də Fransanın məşhur yazıçı-tərcüməçisi kimi tanınan Banin öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki gözümü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.

Baninin uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.

İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.

Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Banin soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Dağlıq Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.

Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib…”.

Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Banin qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.

KÖŞƏ YAZARLARI
TOP 10