İlk itki

81 Baxış

letif

Lətif Şüküroğlu

Bibim rəhmətə gedəndə mən və bacım tələbə idik. Onun ölüm xəbərini yalnız bir neçə gündən sonra aldıq. Doğrusu, bu xəbər mənim üçün aydın səmada ildırım çaxması qədər gözlənilməz və təsirli oldu. Onun neçə vaxtdan bəri xəstə yatdığını bilsək də, həkimlərin dilindən vəziyyətinin elə də ağır olmadığını eşitməyimiz hamımızda ümid doğurmuş, hadisənin belə tez baş verə biləcəyi qorxusunu xeyli azaltmışdı. Ancaq əbəs yerə “sən saydığını say, gör fələk nə sayır” deməyiblər ki. Bibimlə bağlı da məhz belə oldu. Bizim ümidlərimiz özünü doğrultmadı, 60 yaşının tamamına bir neçə ay qalmış vəfat etdi. Çətin, daha çox ağır keçmiş bir insan ömrü başa çatdı. Bəlkə bu səbəbdən özü başqaları qədər üzülməmişdi. Çünki ömrü boyu heç bir yaxınına əziyyət verməmiş, əksinə, özü doğmalarının qarşısında kül-torpaq olmuşdu.

Bibim indiki vəziyyətindən əzab çəkirdi. Doğmalarının, yaxınlarının ona canı-dildən qulluq etməsini, kədərli baxışlarını gördükcə ürəyi ağrıyır, gözləri qeyri-ixtiyari dolurdu. Onların əziyyət çəkmələri ona çox ağır gəlir, ancaq bunun qarşısını ala bilmədiyindən daha da üzülürdü. Bütün ömrünü Allahına şükür etməklə, əlləri göydə sevdiklərinə duada keçirmiş bibim özü ilə bağlı yalnız bir dilək diləmişdi. İlahidən onu son gününə qədər heç kimə möhtac etməməyi, əli-ayağı üstündə yaşatmasını istəmişdi. Bunu ona göstərilə biləcək ən böyük lütf saymışdı. Yaradandan nə uzun ömür, nə də başqa nemətlərin təmənnasında olmamışdı. Elə bil, Allahı da onu eşitmiş, bu günədək nə zillətlər çəkdirsə də, kimsəyə möhtac etməmişdi. İndi son günlərində düşdüyü vəziyyət onu qorxudur, yaşadığı kimi ölə bilməyəcəyini düşünəndə bütün varlığı üşənirdi. Deyəsən, kimsəyə əziyyət vermədən köçüb getmək arzusu ürəyində qalacaqdı. Bu ona düçar olduğu dərddən daha ağır gəlirdi. Buna necə dözərdi?

Məni isə tamam başqa dərd üzürdü. Onunla vidalaşa, heç olmasa, dəfnində iştirak edə bilmədiyimə yanırdım. Axı bibimin bizim üstümüzdə çox haqqı-sayı vardı. Uşaqlıqda biz az qala iki gündən bir onun yanına gedir, nəvələri ilə oynayır, bişirdiyi dadlı xörəklərdən yeyir, hər şeydə qayğısını hiss edirdik. Mən bibimin Arzu adlı ilk oğlan nəvəsi ilə dostluq edirdim. Aramızdakı 4 yaş fərq olmasına baxmayaraq, onunla münasibətlərimiz həmişə tutmuş, o məni özünə böyük qardaş, mənsə onu kiçik qardaş hesab etmişdim. Biz şahmat oynayır, velosiped sürür, hərdən uşaqlarla birgə top qovalamaqa başımızı qatırdıq. Sonralar daha da möhkəmlənmiş bu münasibətlər onun qəfil ölümünə qədər davam etdi. O da bibimin başqa nəvələri kimi atama “baba” deyirdi. Elə babaları sayılan atam da onlara münasibətdə baba kimi davranırdı və buna hər iki ailədə artıq vərdiş etmişdilər.

O, tələbə olanda da biz sıx-sıx görüşür, müxtəlif məsələlər ətraflnda söhbətlər edir, hətta bəzən saatlarla mübahisələrə girişirdik. Əksər məsələlərdə fikirlərimiz əsasən uyğun gəlsə də, bəziləri ilə bağlı tutduğumuz mövqe daban-dabana zidd olurdu. Mübahisəni sevən Arzu bəzən hətta ifrata varırdı. Ancaq bütün hallarda fikir ayrılıqları sülhlə, yaxud qarşılıqlı güzəştlə bitirdi. Mənim əksər dostlarım da onu tanıyır, istiqanlılığına, dürüstlüyünə və etibarına görə yüksək qiymətləndirirdilər. Sonralar onunla qan qohumluğuna kürəkən-qayın münasibətləri də əlavə olundu. Böyük bacımla öz istəkləri ilə ailə qurdular. Doğrusu, mən bununla yalnız onların qəti qərarına əmin olduqdan sonra razılaşdım. Çünki biz onsuz da yaxın qohum, az qala qardaş idik. Onlar ailə qurdular və bütün bu illər ərzində aramızda bir dəfə də inciklik, anlaşılmazlıq olmadı. Onlar Vətəndən kənarda, uzaq  ölkədə yaşayanda da biz sıx əlaqə saxladıq, fikirlərimizi, planlarımızı bir-birimizlə bölüşdük. Kədəri də, sevinci də birgə yaşadıq. Qarşılıqlı münasibətlərimizə qibtə edənlər də az olmadı, ancaq heç kəs səmimiyyətimizə şübhə etmədi. Çünki bizim münasibətlərimiz tam təmənnasız və açıq idi. Səhvlərimizi, qəbul etmədiklərimizi bir-birimizə çəkinmədən deyə bilirdik və bundan heç kəs incimirdi. Onun vaxtsız ölümü hamımızı yasa boğdu. Yaxınlarımız ancaq bir şeylə təsəlli tapırlar ki, nəşi Vətənə gətirilərək, burada dəfn olundu.

Arzu ilə bağlı xatirələrimi vərəqləyəndə yadıma həmişə onunla birgə olduğumuz sonuncu qış günlərindən biri düşür. Soyuq, qarlı bir hava idi. Gəzə-gəzə qarın necə yağmasını seyr edirdik. O, üşüsə, əlləri soyuqdan gömgöy olsa da evə dönməyə tələsmirdi. Elə bil, ömrünün sonuncu qarını gördüyünü fərq etmişdi. Maraq və bir qədər də sevgi dolu baxışlarla qara baxırdı. Sonra bir neçə dəfə qar yağanda həmin günü xatırlamışam. Belə günlərdən birində bəzi qeydlər də etmişdim. «Qara baxıram. Bayaqdan bəri yağır. Yer-yurd tamam ağappaqdır. Sənin sonuncu dəfə qarın yağmasını gördüyün o günü xatırlayıram. Nə vaxt olmuşdu sənin ömrünün o sonuncu qarı? Dəqiq tarixini yadıma sala bilmirəm. Ancaq yəqin ki, ömrün bitməzdən bir neçə ay, bəlkə 9-10 ay əvvəl. Çünki sən xalq arasında yay ayı sayılsa da, təqvimdə payızın ilk ayı kimi qeyd olunan sentyabrda dünyadan köçdün. Ömrünün sonuncu qarı. Bilmirəm, haradan yadıma düşdü bu qəribə fikir. Yəqin hərənin bu dünyanın qarını, yağışını, günəşini, elə dünyanın özünü gördüyü bir sonuncu gün var. Bir sonluq, vaxtın bitdiyi bir an. Hamı üçün hər şeyin ilki olduğu kimi, sonuncusu da var. Elə mənim üçün də nə vaxtsa sonuncu qar, sonuncu yağış olacaq. Görəsən, mən bu qardan sonra hələ neçə dəfə qarın yağmasını görəcəyəm? Bəlkə on, bəlkə daha az, cəmi bir dəfə, ya daha çox? Ancaq bir şeyi yəqin bilirəm. Yadımda qalanı ən sonuncu olacaq. Yox, mən onun sonuncu olduğunu əvvəlcədən hiss etməyəcəm. Yalnız son çatanda, bax o anda duyacağam ki, o sonuncu imiş. Ömrümün sonuncu qarı. Ölümdən sonra kaş yaddaşımızı vərəqləmək mümkün olaydı. Qəribə bir mənzərə alınardı. İnsanlar haqqında yaddaşımızda hər şey var. Birincilər də, sonuncular da. Ancaq təbiətlə, dünyanın yağışı, qarı, küləyi ilə bağlı əksər hallarda sonuncular qalıb. Bəlkə də belə olmaz. Ancaq nədənsə, mən bu qənaətdəyəm.

Bəs o sonuncu qardan əvvəl nə düşünürdün? Bu barədə onda düz-əməlli danışmadıq. Soruşmaq ağlımdan keçməmişdi. Axı onun sonuncu olduğunu haradan biləydim? Qar yağanda özünü birtəhər hiss edirdin. Deyirdin qar elə bil ki, barmaqlarımın ucundan tökülür. Barmaqların gömgöy göyərirdi. Əgər ömrünün sonuncu qarı olduğunu bilsəydim, səninlə bərabər mən də ən kiçik detallarına qədər yaddaşıma yazardım onu. Bir detalını da buraxmazdım. Sən isə barmaqlarının göyərməsinə, göynəməsinə baxmayıb, o qarı ovuc-ovuc sıxmalayırdın. Hardan biləydim?

İndiki qarı tamam yaddaşıma köçürürəm. Dənəvər-dənəvərdir. Torpağın üstünə qalaqlanan əzilmiş kağıza oxşayır. Əgər bu sonuncu qar olmasa, yaddaşımı oxuyanlar təəccüblənəcəklər. Mənim yaddaşımda bu dünyanın üç qarı qalacaq. Biri səninlə seyr etdiyimiz, biri bu gün sənin haqqında düşünə-düşünə gözlərimlə beynimə həkk etdiyim və bir də hələ nə zaman yağacağından xəbərsiz olduğum ömrümün sonuncu qarı. Hələ onu görmədiyimdən necə olacağını deyə bilmərəm. Bəlkə o artıq yağıb, kim bilir?»

… Kiçik qardaşlarım da bibimgilə tez-tez gedirdilər. Onlar burada həmyaşıdları ilə oynayır, günlərini daha xoş keçirirdilər. Bibim bağda yetişən meyvələrin nübarını öz nəvələrindən qabaq bizə yedizdirirdi. Özü də “qardaşımın balalarına qurban olum” deməkdən yorulmazdı. Bunu yalnız söz xətrinə deyil, ürəkdən deyir, belə vaxtlarda tez-tez əllərini göyə açıb Allahına şükür edir, dodağının altında hansısa dualar pıçıldayırdı. Bu duaların kimlərə ünvanlandığını hamımız yaxşı bilirdik. Bunların təkcə özü ilə heç bir əlaqəsinin olmadığına kiminsə şübhəsi yox idi.

Bibim son dərəcə təmizkar, səliqə-sahmanlı qadın idi. Soyuq suyun altında dönə-dönə yuduğu qab-qacağı par-par parıldadır, salavat çevirə-çevirə qüsul verirdi. Belə vaxtlarda bizim maraqlı baxışlarımızla qarşılaşanda: “gedin oynayın, mənə mane olmayın”, deyirdi. Bibim danışırdı ki, bir dəfə hələ ataları sağ ikən sacda çörək bişirirmişlər. 4-5 fətir hazır şəkildə süfrənin üstünə qoyulubmuş. Bu zaman onların başının sacın üstündəki çörəyə qarışdığını görən bir erməni qəflətən yaxınlaşaraq əlini tez hazır fətirlərə vurur. Həmin erməni bibimin xasiyyətinə bələd imiş, bilirmiş ki, bibim artıq həmin fətirləri murdar sayıb, ona verəcək. O fikirləşdiyi kimi də olur. Bibim onun üstünə qışqıraraq: “fətirləri də götürüb, buradan rədd ol”, deyir. Müharibənin ikinci ilində, ərzaq qıtlığının artıq hiss edilməyə başlandığı bir vaxtda erməni əli dəydiyinə görə çörəkdən imtina etməyi yalnız bibim kimi inancına sadiq insanlar bacarardı.

Zəif vücudunda, arıq barmaqlarında nə qədər enerji vardı. Bütün günü ayaq üstə ora-bura getməkdən, dayanmadan iş görməkdən yorulmazdı. Yemək bişirməsi də bir möcüzə idi. Qısa müddətdə, hətta bəzən iki-üç cür xörəyi bişirib süfrəyə düzməyi necə çatdırdığını fikirləşəndə indi də adamın inanmağı gəlmir. Özü də daha çox bizim istədiyimiz, yaxud boyun qaçırmayacağımıza əmin olduğu xörəkləri bişirirdi. Gördüyü işlərdən zövq alması da bir başqa aləm idi.

Neçə illər ərzində onun səsinin tonunu qaldırdığını kimsə görməmişdi. Ancaq bu həlim, mehriban xasiyyətin arxasında necə böyük iradə gizləndiyini də yaxşı bilirdik. Onu qəbul etdiyi qərardan, böyüklər demiş, inadından döndərmək hər adamın işi deyildi. Belə hallarda təkcə atamın sözünü eşitdiyini bildiklərindən bibimi fikrindən daşındırmaq üçün hamı ona müraciət edirdi. O da hər xırda şeylə bağlı deyil, ciddi məsələ olanda bacısına ağız açır, onu özlərinə məlum üsullarla yola gətirməyə çalışırdı. Bibimin sonuncu xəstəliyi zamanı köçüb bizdə yaşaması üçün yola gətirilməsi də belə söhbət nəticəsində mümkün olmuşdu. Həkimlər xəstəliyi ağırlaşmasın deyə, onun daha sakit mühitdə müalicə olunmasını məsləhət bilmişdilər. Bibim də yalnız atamın israrından sonra bizə köçməyə razılıq vermişdi. Ancaq ürəyinin bir parçası yenə də qızının çoxuşaqlı ailəsinin yanında qalmışdı.

- Onlar nə yeyir, nə içir? Yazıq bala, həm işə getməyə, həm uşaqlara baxmağa necə vaxt çatdıracaq?

Xüsusilə iki sonbeşik körpə nəvəsindən nigaran idi. Ona görə də tətildə olanda bəzi günlər atamdan xəbərsiz böyük qardaş-bacıları ilə birlikdə onları bibimin yanına gətirir, sanki bununla nigarançılığını aradan qaldırmağa çalışırdıq. Ancaq onda fikirləşmirdik ki, bu “xeyirxahlığımız” onun səhhətinə, müalicəsinə pis təsir edə bilər. Çünki belə vaxtlarda özünü yaddan çıxarır, körpə nəvələri ilə məşğul olurdu. Bizsə, bibimin fikir çəkməsinin qarşısını aldığımızı düşünüb, öz yanlış hərəkətimizlə az qala qürur duyurduq.

… O vaxtlar əksər adamlar Allaha inansalar da, bunu açıq şəkildə dillərinə gətirməkdən, xüsusilə dua etməkdən, “Quran” kəlamlarını ucadan söyləməkdən çəkinirdilər. Doğrudur, bu ehtiyatlılığın dərəcəsi insanların cəmiyyətdə tutduqları mövqedən asılı olaraq dəyişirdi. Heç bir vəzifəsi, yaxud ictimai statusu olmayan insanların dini qaydalara əməl etməsi nisbətən az diqqət cəlb edirdi. Bu mənada ömrü boyu dövlət orqanlarında işləməmiş minlərlə insan kimi bibim üçün də öz Allahı ilə tez-tez tək qalmaq, ona dua etmək əsla çətinlik, ya da narahatliq doğurmurdu. Odur ki, ağzından duası, qəlbindən inamı əksik deyildi. Biz bu məsələləri başa düşmədiyimizdən uşaq vaxtı bəzən onun dilinin altinda hansısa sözləri təkrarlayıb durmasına, ucadan “ya Allah, özün kömək ol” deməsinə gülür, istəmədən ürəyinə toxunurduq. Ancaq bibim bizə irad tutsa da, qəzəblənmir: “uşaqdırlar, başa düşmürlər, günahlarından keç, ay Allah, onlara gələn bəla mənə gəlsin. Günahlarını mənim ayağıma yaz”, deyirdi.

Bibim bizim də, nəvələrinin də yaxşı təhsil almasını çox arzulayırdı. Mən və bacım ali məktəbə daxil olanda sevincindən özünə yer tapa bilmirdi. Ən çox arzuladığı da bizlərdən birimizin həkim olması idi. Ona görə əmioğlumun həkim olmaq istədiyini eşidəndə ürəyi atlanmış, daha bir arzusunun nəhayət çin olacağı ümidi ilə Allahına min dəfə şükür etmişdi. Ancaq bütün dualarına baxmayaraq, bizlərdən heç kim həkim olmadı, əmioğlum da hərbi xidmətdən qayıtdıqdan sonra tamam başqa ixtisas seçdi. Sonrakıların seçimindən isə o, xəbər tutmadı. Həmin günləri görmək ona nəsib deyilmiş. Yox, bunu həkim olub onu müalicə edəcəyimizə görə istəmirdi. Əslində, həmin günlərə qədər yaşayacağına heç inanmırdı da. Bu sənətə olan ehtiyacı lap uşaqlıqdan hiss etmişdi. Uşaqlığının o acı xatirəsi ömrü boyu yadından çıxmamışdı.

Danışırdı ki, həmin illər kənddə nəinki həkim, heç tibb bacısı da yox imiş. Camaat ya türkəçarə müalicə alır, ya da xəstənin sağalması Allahın ümidinə buraxılırmış. Anası neçə vaxt imiş ki, xəstə yatırmış. Onu rayon mərkəzinə tez-tez aparıb-gətirmək, ya orada müalicə etdirmək mümkün olmadığından xəstəlik gündən-günə şiddətlənir, bədəni gücdən düşürmüş. Anasının vəziyyəti lap ağırlaşanda növbəti dəfə ona baxmağa gələn həkim “nəzarət altında müalicə almalıdır, başqa əlacı yoxdur”, deyəndən bir neçə gün sonra o vəfat etmiş, balalarını yetim qoymuşdu. Hər dəfə bu hadisəni yada salanda dərdinə əlac tapılmayan anasının taleyinə üzülür, doğmaları arasında həkim olsaydı, bəlkə də onun belə cavan yaşında ölməyəcəyini düşünürdü. Bu peşəyə məhəbbəti, onu digərlərindən üstün tutması da elə o vaxtdan yaranmışdı. Bibim nəticələrindən ikisinin onun arzusunu çin etdiklərini də görmədi. Görsəydi, necə də sevinər, ürəyi dağa dönərdi. Ancaq nə edəsən ki, qardaşı kimi ona da çox şeyi görmək qismət olmadı. Tale hər şeyi bizim istəyimiz, yaxud planlarımızla deyil, özünün yazılmamış qanunları ilə müəyyən edir.

Görünür, onunla vidalaşa bilməməyim, ölümündən gec xəbər tutmağım da taleyin işi imiş. Köhnə kişilər demiş: “qədər belə yazılıbmiş”. Qədərdən qaçmağın mümkünsüzlüyü barədə qədim mifologiyadan azmı oxumuşuq? Mən buna o qədər inanmasam da, başqalarının inamına hörmət edirəm. Bibimin qismətinə canından artıq sevdiyi bir çox doğmaları ilə, eləcə də bizimlə halallaşmadan dünyadan köçmək yazıldığına isə inanıram.

Onun ölüm xəbəri məni bir neçə gün qüssəyə, kədərə boğdu. Nə qədər çalışsam da, özümü ələ ala bilmirdim. Dostların təsəllisi də köməyimə çatmır, bəlkə, üzüntümü bir az da artırırdı. Həmin günlər keçirdiyim duyğuların necə misralara çevrildiyindən də xəbərim olmadı. Bir də baxdım ki, kədərim, peşmançılığım şeirə çevrilib. Özümə qoyduğum qadağanı neçə ildən sonra pozmuşdum. İçimdə yığılmış hisslər qeyri-ixtiyari misra-misra vərəqlərə süzülmüşdü.

Yüyürə-yüyürə gəldiyim yollar,

qışqıra-qışqıra dediyim sözlər,

Bir də, gözlərini qapamağa

barmaq-barmaq uzanan əllərim,

Bir ovuc torpağın

bir ömürlük sərhədində ilişib qaldı.

Bu şeir özüm üçün  qoyduğum yasağı pozmağımla bağlı ilk  və sonuncu hadisə oldu. Onun başqa misralarını çoxdan unutsam da, ilk itkinin təsiri ilə yaranmış bu duyğular yaddaşıma əbədi həkk olub. Bu itkinin ağrısını dünən olmuş kimi hiss edirəm.

Bibimlə bağlı xatirəmi bir kiçik qeydlə bitirmək istəyirəm.  Onun nəvələri analarına da nənə deyirdilər. Fərq bu nənə sözünə analarının adını əlavə etmələri idi. Bibim rəhmətə gedəndən sonra onlar bir müddət nənə sözünü dillərinə gətirmədilər. Elə bil, bununla nənələrinin ölümünə üsyan edir, onun bir daha dönməyəcəyini qəbul etmək istəmədiklərini nümayiş etdirirdilər.

“Taleyin izləri” kitabından

Bölmə : Nəsr, Ədəbiyyat