İlk polis təşkilatları, yaxud detektivin ədəbiyyata gəlişi – Cinayət masası № 4

54 Baxış

cover cinayet masasi 4Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihə – “CİNAYƏT MASASI”

Layihənin əvvəlki yazıları:

Cinayət masası № 1

Cinayət masası № 2

Cinayət masası № 3

 

Detektiv roman anlayışı məntiq və elm anlayışlarının cəmiyyətdə sürətlə ön plana çəkildiyi dövrdə təşəkkül etmişdir. Məhz buna görə XIX əsrdə detektiv janrını sənayeləşmə və elmi-texniki tərəqqi ilə paralel inkişafda edən sahə hesab edirlər. Şübhəsiz ki, bu yüksəlişin mətbəxi sosial sifarişlərə dayanılıdır. Bu gün Azərbaycan oxucusunun böyük maraqla oxuduğu janr dünya ədəbiyyatında uzun sürən təkamül keçmişdir.

Məsələ burasındadır ki, detektiv ədəbiyyata aid olan nümunələrdə – əsərlərin həcmindən asılı olmayaraq real həyat eskizləri daha koloritli verilir. Daha doğrusu, verilməlidir. Baxmayaraq ki, mütəxəssislərin bir qismi janrın tələblərini gözləməyən nümunələrin üzərindən yola çıxaraq, bu günün özündə yanlış təhlillər verməklə məşğuldular. Detektiv janrda hadisələrin gerçək insan həyatına nə qədər dayanıqlı olduğuna xəfiyyə ədəbiyyatının ilk inkişaf mərhələsinə aid olan müqayisədə baxaq.

İngiltərədə sənayeləşmə inkişaf etdikcə kənd təsərrüfatı paralel olaraq dissimlyasiya etməyə başladı. Əyalətlərdən şəhərlərə axın başladıqca, şəhər əhalisi həddən artıq çoxalmağa başladı. Bu halda şəhərlərdə daşınan əmlakların oğurluğu, qətl hadisələri də daha çox müşahidə olundu. Nəhayətində, qarət və qətllərin araşdırılması ilə bağlı xəfiyyə peşəsinin önəm qazanması, polis sistemində daha ayıq-sayıq olmaq istiqamətində atılan addımlar məhz mülki təhlükəsizliyin təminatına yönəldi. Bir sıra hüquqi tənzimlənmələrlə yanaşı, 1828-ci ildə İngiltərədə ilk polis təşkilatı – “Metropolitan Police” yaradıldı. Bütün bunlarla yanaşı, İngiltərədə müxtəlif cinayətləri əks etdirən bədii ədəbiyyat nümunələri, cani hekayələri də yazılmağa başladı. Bu tip hekayələr elə o vaxt da indiki kimi cəmiyyətdə maraqla qarşılandı.

Hələ 1774-cü ildə nəşr olunan, müxtəlif canilərin bioqrafiyaları və cinayət işlərindən bəhs edən 5 cildlik “Newgate Calendar” kitabı 1824 və 1826-cı illərdə məhdud çap avadanlıqlarının fəaliyyəti hesabına olsa da, iki dəfə işıq üzü gördü. Faktlarla yanaşı, yazıçı fantaziyasından yaranan əsərlər də çox sürətlə satılır və oxucular tərəfindən tələbatla qarşılanırdı.

Qəhrəmanları iri və xırda cinayətkarlar olan əsərlər arasında Çarlz Diskensin “Oliver Tvist” romanı böyük şöhrət qazandı. Bu tirajlanmanın əsas səbəblərindən birinə diqqət yetirin – aşağı təbəqədən olan insanların ucuz qiymətə ala bildiyi və çox maraqlandığı kitabların “penny dreadful” adı ilə sürətlə yayılması. Detektivi ədəbiyyata gətirənlərin məhz ilk atdığı addım da bu idi – qiymətin ucuz olması və kasıb əhalinin cibinə uyğunlaşdırılması.

Cinayətlərin artması cəmiyyətdə narahatlıq yaradırdı, nəticədə xəfiyyə romanlarına da ehtiyac duyulmağa başladı. Və tədricən xəfiyyə romançılığında üslub məsələsi də gündəmə gəldi, janrın xüsusiyyətləri formalaşmağa başladı. Xəfiyyə əsərləri oğrunu və ya qatili tapmaq istiqamətində qəhrəmanın apardığı mübarizədən və araşdırmadan bəhs edən yöndə inkişaf etməyə başladı.

Xəfiyyə romanları sahəsində ən ciddi dönüş keçmiş polis işçisi, xəfiyyə Yegen Fransua Vidokun memuarlarının nəşrindən sonra başladı. 1828-ci ildə I cildin çapdan çıxmasından sonra, detektiv janrına maraq daha da artdı və çox yazar bu janrda yazmağa çalışdı. Nəticədə, müxtəlif detektiv ədəbiyyatı nümunələri ortaya çıxdı. 1811-ci ildə “Brigade de Surette“ adlı xüsusi polis təşkilatına rəhbərlik etməyə başlayan Vidok 1828-29-cu illərdə 4 cildlik memuarlarını nəşr etdirdi. O, 1833-cü ildə təqaüdə ayrıldı və fərdi detektiv kimi çalışmağa davam etdi. Bütün bu fəaliyyətindən sonra Vidok tarixdə ilk özəl detektiv bürosunu yaratdı.

Janrın qısa müddətdə inanılmaz reytinq qazanan şöhrəti göz qabağındaydı. Vidokdan sonra Onore de Balzak, Edqar Allan Po, Çarlz Diskens, Viktor Hüqo onun rəngli xatirələrindən qəhrəmanlar yaratmaqdan çəkinmədilər.

Günümüzdə detektiv ədəbiyyatının atası öz silsilə hekayələri ilə Edqar Allan Po qəbul edilir. Janrın populyarlaşmasında Ser Artur Konan Doyl özünün Şerlok Holms obrazı və silsilə kitabları ilə böyük rol oynadı.

Detektiv ədəbiyyatda “Qızıl Dövr” I və II Dünya Müharibələri arasına təsadüf edən 1920-1929-cu illərdə Aqata Kristi, Mareqi Allinqam, Doroti L.Sayers, Friman Uils Krofts, Con Rod kimi yazıçıların adı ilə bağlıdır.

Sonrakı illərdə detektiv romanlarda seksual cinayət izləri də görünməyə başladı. İlk belə əsərlər 1920-ci illərdə ABŞ-da dərc olunan “Black Mask” adlı jurnalda oxuculara təqdim edildi. Daşiel Hammetin başladığı bu üslub sonralar Reymond Çandler və Mikki Spillanenin də əsərlərində müşahidə olunur.

 

Müşfiq XAN

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10