İlqar Fəhmi oxucuları ilə görüşdü

68 Baxış

nostalkjiAzərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı 4 kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, Xalq Şairi Fikrət Qoca İlqar Fəhminin 40 yaşı olmasına baxmayaraq çox böyük uğur qazanan qələm adamı kimi tanındığını bildirib, ona yaradıcılıq uğurları arzulayıb.

“Kitabevim.az”ın, “XAN” və “Hədəf” nəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq müəllifin kitablarının bədii dəyərindən söhbət açıb. Bildirib ki, o, müasir yazarlar arasında yaradıcılığının çoxsahəli olması ilə seçilir və bu səbəbdən də nəşriyyatın diqqətini cəlb edib. Yazıçı-publisist nəsr əsərlərindən başqa, qələmini nəzmdə də sınayıb, şeirlər, qəzəllər yazıb, əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Bu günədək səkkiz kitabı çap edilib.

Bildirilib ki, yazıçı və şair kimi əsərləri ədəbi ictimaiyyətin diqqətini çəkən İ.Fəhmi özünün “Ölüm növbəsi”, “Aktrisa”, “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq” və başqa ssenariləri ilə də rejissorların diqqətini çəkib. Bu ssenarilər əsasında ekran əsərləri çəkilib.

Əməkdar İncəsənət Xadimi Əli Əmirli, Əməkdar Jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, filologiya elmləri doktorları Vaqif Yusifli, Asif Rüstəmli, tənqidçi Əsəd Cahangir, Aydınxan Əbilov və başqaları onun yaradıcılığındakı rəngarəngliyi təfəkkürünün zənginliyi və həyata nikbin baxışı ilə, yaradıcı təxəyyülündən düzgün istifadə etməklə oxucuların rəğbətini qazandığını vurğulayıblar. Bildirilib ki, o, bir sıra mükafatlara layiq görülüb. Onun romanı əsasında çəkilən “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən müəllif “XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab (“Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj”) çapa hazırlanır.

Sonda İlqar Fəhmi yeni şeirlərini oxuyub və imzası ilə kitablarını oxuculara təqdim edib.

Bölmə : Sənət xəbər