İnanmaq – bacarmaqdır… – Aytac Aslandan yeni yazı

17 Baxış

171277_phjq1u90k9

El arasında “inanmaq – bacarmağın yarısıdır” deyə bir məsəl var. Bu məsəli illərdir, demək olar, hər yerdə oxuyub eşitsək də, onu həyatımızda sübuta yetirəcək hansısa bir hadisə baş vermədiyindən mahiyyətini, təsir gücünü o qədər də aydın dərk edə bilmirdik. Amma son günlər azərbaycanlı olan hər kəs “inanmaq – bacarmağın yarısıdır” məsəlini, anlamaq bir tərəfə, canlı-canlı yaşayır.

İllərdir, hər sözümüzün başında deyirik ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Biz bu sözləri quru, söz olsun deyə yox, əzm və tükənməz inamla deyirdik, deyirik və deyəcəyik də.

Bir neçə gün əvvəl elan olundu ki, ölkədə internet məhdudiyyəti olacaq. Məhdudiyyətin qoyulduğu ilk saatlarda bizlərə heç nə tam aydın deyildi, hər kəsin içində qəribə narahatlıq hissi var idi. Amma çox çəkmədi, cəbhədən xoş xəbərlər gəldi, hər kəsin qəlbinə sözlə ifadə olunmayacaq fərəh, qürur, zəfər hissləri doldu. Bu gün insanlarmızın gözündə qorxu yox, zəfər sevinci görürük. Ən qürurverici olan isə, bütün olanlara baxmayaraq, xalqımız öz evini atıb nə Azərbaycanın daxilində təhlükəsiz bir yerə, nə də xaricə qaçır. Aciz düşmən ordumuzu hədəf almağa cəsarət etmədiyi üçün, həmişəki kimi əliyalın mülki əhaliyə hücum etsə də, insanlarımız öz ev-eşiyini tərk etmir, böyük inam hissi ilə ordumuzdan yeni zəfərlər gözləyir. İnsanlarda ordumuza qarşı o qədər güvən hissi var ki, hamı ev-eşiyi, yurd-yuvası dağılsa da, vətən yolunda qurbandır deyir.

Yaşadığımız bir həftə ərzində biz bir duyğunu yox, bir neçə hissi birlikdə yaşayırıq. Televizorda hansısa ərazimizin alındığı açıqlananda bizi – Azərbaycan xalqını sevincdən sanki yerdən götürüb göylərə uçururlar. Amma bu zəfərlərə imza atan şəhidlərimizə görə gülərkən ağlamağı da öyrənirik. Nə qədər sevincdən gözlərimizin içi gülsə də, qəlbimiz alışıb yanır. Azərbaycan xalqının ürəyi qan ağlasa da, sevinə bilir, çünki yağı düşməndən fərqli olaraq bizim igidlərimiz öz torpağımızda qürurla vuruşur, vətən yolunda şəhid olurlar.

Müharibə Azərbaycan xalqına yeni bir ruh verir sanki. Müharibə Azərbaycan xalqın bir-birinə bağlayıb o qədər güclü edir ki, törədilən heç bir düşmən təxribatı bu əzmi qıra bilmir. Azərbaycan yeni tarix yazır və bütün xalq bu tarixə şahid olduğu üçün hər bir vətəndaş qürur duyur. Artıq biz şəhidlərinə görə axıtdığı göz yaşlarının altında əzilən yox, o göz yaşlarını silib, yaralarımıza məlhəm qoymağı bacaran bir toplumuq. Ona görə ki, inanırıq – Dövlətimizə, Ordumuza, Ali Baş Komandanımıza inanırıq. İnanmaqsa bacarmağın yarısı yox, elə hamısıdır.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10