İnanna – Elçin Aslangilin ŞEİRİ

108 Baxış

elchin_aslangil(Cəlil Cavanşir və Aqşin Evrənlə məbəddə dərdləşmək)

İnanna,
Məbədlərinin daşı daş üstdə qalmadı,
Tanrıçalar kilsələrdən baxır məsum-məsum..
Yuxusun yozan yoxdur dənizlərin…
Gözəllərin bakirəliyi qucaqlayıb gecələr,
Sevdikləri tanrıları gizlədirlər
Qısametrajlı flimlərdə.
İndi içki evinin qonağı tanrıların şairlər də,
Boş şüşələrə şeir deyirlər.
Kədərlidir İnanna,
Beş min il sonra kişi olmaq da,
Qadın olmaq da,
Şair olmaq da.

Sənin şərqin,
Qara rəngin ən axmaq çalarlarına bürünüb indi.
Bir vaxtlar Prometeyə bənzəməyi
Tamam başqa bir mövzu.
Şərqin oduna isinən qərb,
Unutmadı yaxşılığı,
Odumuzu qaytardı özümüzə Fələstində…

İndi sənin qoca Şərqində,
İrakda,
Suriyada mərmilər boşalır qadınların uşaqlığına,
Qadınlar mərmi doğur
Titi hürür “Ağ ev”dən -
Terror qorxuncdur!
İnanna,
Məbədlərinin daşı daş üstdə qalmadı,
Tanrıçalar kilsələrdən baxır məsum-məsum,
Freskalar yazıq-yazıq çiyinlərini çəkir –
Baş açmadım, bu nədir? – Deyirlər.
Biz şair tanrıların şeirlərində isinər
Müharibə uşaqlarının əlləri.
Kədərlidir İnanna, kədərli,
Beş min il sonra
Şair olmaq da,
Yaşamaq da.

İçki evinin qonağı tanrıların şairlər,
Boş şüşələrə şeir deyirlər.
Və “Ağ ev”dən hürməkdədir Titi-
Hav-hav, hav-hav! –
Vəziyyət budur,
Qoca şərq terrorçudur!

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10