İndi kitab oxuyana pis baxırlar…

174 Baxış

Axşam yatanda və səhər yuxudan oyananda hansı yolla küllü miqdarda pul qazanacağını düşünən insanlarla dolu bir cəmiyyətdə yaşayırıq. Hər dəqiqəsində pul qazanmağın müxtəlif üsullarını xəyallarında canlandıran insana filan kitabı oxu, çox maraqlıdır desən, onu söydüyünü zənn edər. Və qayıdıb “o kitaba sərf etdiyim vaxta pul qazanaram” deyər. Belə düşüncəyə sahib olan insanların mövcudluğu cəmiyyəti cahilliyə, bəlaya sürükləyən əsas elementlərdən biri, bəlkədə elə birincisidir. Oxumadıqları üçün beyinləri pas atan, 100 % nisbətdə beyin yalnız 0.100 % işlək halda olanlar ömürlərinin sonuna kimi ancaq pul haqqında düşünürlər.

Yaşadığım məhəllədə iki qardaş vardı. Biri hər gün küçədə veyillənir, camaatın qızına söz atmaqla gün keçirirdi. Digəri isə bütün günü oxuyurdu.

Bir dəfə evlərində haray-həşir düşdü. Eşitdiyim o oldu ki, atası “bütün günü evdəsən, çıx bayır-bacağa hava dəysin sənə. O kitablar sənə çörək verməyəcək, ay bala”-deyirdi. Bildiyim o oldu ki, uşağa qarşı deyil, kitaba, oxumağa qarşı zor tətbiq edilir.

O qalmaqaldan sonra artıq uşaq da o biri qardaşı kimi küçədə veyillənir, futbol oynayır və hətta siqaret çəkməyə də başlamışdı. Ataları “slessar” işləyirdi. Amma imkanı yaxşı idi. Yəni ən azından avtomobili, evi vardı. İkimərtəbəli evin altında da xırda bir ərzaq dükanı. “Oxumadan bunları əldə etmək, oxuyan hər oğulun işi deyil”. Çox güman ki bu deviz həmin ailədə qapının üzərinə böyük hərflərlə yazılıb.

Yay tətilindən qayıdandan sonra bir gün həmin oxuyan uşaqla küçədə qarşılaşdım. “Oxuyan uşaq”dan əsər əlamət yox idi. Saç-saqqalını elə uzatmışdı ki, bir anlıq düşündüm yəqin, kitab oxuya bilmədiyi üçün adını məlum kitaba yazdırmaq fikrindədir. Yəni “Ginnesin rekodlar kitabı”na. Salamlaşandan sonra dedim ki, deyəsən kitablardan uzaqlaşmısan. Dedi “Hə. Bərbərliyə başlamışam. Bir sənət öyrənsəm, oxumaqdan daha yaxşıdır”. Dedim cəhənnəmə, bərbərlik barbarlıqdan yaxşıdır. Xeyirli olsun. “Çox sağ ol” deyib, çıxıb getdi.

Başımı bulaya-bulaya yoluma davam etdim. Avtobusa minərkən bir qızın kitab oxuduğu diqqətimdən yayınmadı. Başının üstündə iki qadın dayanmışdı. Pıça pıçla “əllərinə bir kitab alıb minirlər avtobusa guya ki oxuyurlar. Yer də vermirlər ki oturaq. Qız uşağısan get yemək bişirməyi öyrən, oxumaq nədi. Bu gün sabah evlənəndə ər yemək soruşacaq, oxuduqlarını deyil” deyə deyinirdilər. Bir qədər sonra qız ayağa qalxaraq, yerini danışan qadınlardan birinə verdi. Özü isə ayaqüstə dayanaraq, oxumağa davam etdi. Deyəsən qadınların söhbətini eşitmişdi. Artıq başa düşdüm ki, indi kitab oxuyana pis baxırlar.

Bu yaxınlarda oxuyanların toylarda iştirakına görə aldıqları məvacib açıqlandı. Yarım saata 5000 AZN alan oxuyanlar da var. Zarafat edirəm. Onlar kitab oxuyan deyil, mahnı oxuyanlardır. Elə bir kitab yoxdur ki, onu yarım saat oxuduqdan sonra 5000 AZN qazanasan.

Savadsızlıq heç zaman sivil qaydalarla yaşamağa imkan vermir və belə olduqda sivilizasiya tərəqqi etmir. Kitab oxumaq insanın dünyagörüşünün formalaşmasında, istənilən çətinlikdən üzü ağ çıxmaqda, daha çox qazanmaqda yardımçı rol oynayan əsas meyarlardan biridir. Nə yazıq ki bunu pulun sadiq qulları anlamırlar.

Hə yadımdan çıxmamış onu da deyim ki, çoxlu kitab oxuduqdan sonra bir saniyəsinə 250 dollar qazanan Bill Gates var. Bu da yarım saata 450000 dollar edir.

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10