İndividualizm Brendi – Ay VeyVey və ya Sadəcə Gözəl İnsan – Aytəkin Miriş

277 Baxış

14591740_797258387044305_3009633720836977097_n

Senet.az oxucularına “Ustad” jurnalının “Ustad sənət” rubrikasından Aytəkin Mirişovanın “İndividualizm Brendi – Ay VeyVey və ya Sadəcə Gözəl İnsan” yazısını təqdim edir.

 

Məsələn, Ay VeyVey və ya Çin hökumətinin dili ilə desək, sapı özümüzdən olan balta.

– Yenə çox pafoslu yazırsan, bir az elmi üslub, nə bilim ciddiyyət.

– Mən reallığı inkar edən cəmiyyətin bir hissəsi olmaq istəmirəm.

– Sən insanlarla da belə danışırsan?

– Hə, axı kimsə Ay VeyVeylə eyni planetdə yaşadığımızı xatırlamalıdır ya yox?

Ay VeyVey – konseptualist rəssam, memar, dissident, aktivist və ya öz dili ilə desək, liberal düşüncə və individualizm brendi.

Əslində məsələ budur: Ay VeyVey 2000 yaşlı Xan sülaləsinə aid bir vazanı əlinə aldı və şüurlu şəkildə yerə salıb sındırdı. Bəs həmişə mədəni irslər məhv ediləndə dəhşətə gələn biz Ayın bu hərəkətinə necə bəraət qazandıra bilərik? Necə bu şəkillərə milyonlarla pul verə bilərik və bu vandal adam necə dünyanın ən məşhurlarından birinə çevrilə bilər?

– Yəqin yaxşı ailədən gəlir, yoxsa bu qədər pulu hardandı, hə?

– Səbirli ol.

Ay intellektualların ailələrinin əziyyət çəkdiyi illərdə, yəni 1957-ci ildə doğulmuşdu. Atası məşhur şair Ay Qinq kommunist fəallarından olsa da, ailəsi ilə birgə əmək düşərgəsinə sürgün edilmişdi. Pekinə qayıtdıqdan sonra VeyVey Pekin Film Akademiyasında təhsil almağa başladı və “The Stars” adlı avanqard rəssamlar qrupunun yaradıcılarından oldu. 83-cü ildə Nyu-Yorka gedən Ay Çin islahatlarından sonra xaricdə təhsil alan birinci nəslin nümayəndəsi idi. Nyu- Yorkda Allen Ginçberqlə tanış olub, müasir sənəti mənimsəyir, çoxlu-çoxlu şəkillər çəkdirdi. Və ən əsası Nyu-York VeyVeyi “readymade”lə, yəni sənaye məhsullarından hazırlanmış sənət nümunəsi ilə tanış etdi. Amerikada 12 il yaşayandan sonra Ay atasının xəstəliyi səbəbindən Çinə qayıtmalı olur. Ölkənin ürəkaçmayan vəziyyətindən narahat olan Ay özünəməxsus etirazlara başladı. Güc mənbəyi sayılan tikililərə tənqidi yanaşmasını göstərdi, Xan sülaləsinə aid vazanı sındırdı, Neolit vazalarını rənglədi, minlərlə iri çini vazanı çəmənliyə toplayaraq keramik meşə yaratdı, fırlanan bir mexanizm yaradaraq onun üzərinə Düşanın əbədi hərəkət nəzəriyyəsinə işarə edən qırxdan çox velosiped pərçim etdi.

– Bu nədir? Özbaşınalıq?

– Yox, Endi Uorholun parodiyası.

Uorholun pop-art konsepsiyasını Ayın Coca-Cola loqosunu tətbiq etməsində və ya antik vazaların, xərçənglərin, günəbaxan tumlarının kopiya kimi kütləvi istehsalında görə bilərik. Obyektlərin təkrarı eyniylə soyadındakı hecalar kimi. VeyVey bunu demokratik sənət kimi görür, coca-cola-nı sadəcə imtiyazlılar yox, bütün insanlar içir. Bunun antik əşyaya hörmətsizlik olub olmadığını soruşduqda isə, VeyVey deyir: “O vaza indi daha dəyərlidir. Mən mədəniyyəti sevirəm, amma  yenilik də istəyirəm”. Çin antik əşyaları Ay üçün material oldu, onlardan yeni sintezlər yaratdı və buna görə hər gün yeni binaların tikilməsi üçün tarixi tikililəri sökən hakimiyyətə səs çıxarmayan xalq nə haqla Ay VeyVeyi ittiham edə bilər? Ay tarixi obyektlərin dəyərini bilir, amma onları manipulyativ güc adlandırır. Və beynimizə çox möhtəşəm bir şübhə toxumu düşür: Tarixi əşyaları qorumaq və dəyişməmək fikrini beynimizə kim yeridib? Bu vazanın 2000 il yaşı var? Gözümüz aydın?!

– Ay VeyVey, bu həqiqətən də, Neolitə məxsus vazadır, hə ya yox?

– Hə.

– Bunu Neolit vazasının məhvi hesab edirsən?

–Yox.

– Bəs bunu çox vacib sənət əsəri hesab edirsən?

– Yox. (VeyVeyin müsahibəsindən)

Ay VeyVey Çində  öz emalatxanasını yaradır. Pekin olimpiadası zamanı isə quş yuvası formasında tikiləcək olimpiya stadionunun layihəsində mütəxəssis kimi iştirak edir.

–Bax bu bir çinli dissidentə yaraşmadı.

–Elədir, özü də buna təəssüflənir, amma bu da faktdır ki, o dağıdandan daha çox qurub-yaradandır.

2008-ci ildə baş vermiş zəlzələ Ay VeyVeydə daha bir ideyanın yaranmasına səbəb olur: o, zəlzələdə ölən, ancaq rəsmi statistikaya düşməyən adamların hamısının adını yazmağa başlayır. Sonra isə bu uzun siyahını öz bloqunda dərc edir. Bununla o, hökumətin zəlzələ zamanı fəaliyyətini kəskin tənqid edir, onları inşaat biznesində səriştəsizliyə, korrupsiya ucbatından tikilən məktəblərin elə ilk təkandanca yerlə-yeksan olmağına görə günahlandırır. VeyVey Münhendə bir fasada 9.000 məktəbli çantasını toplayaraq zəlzələ zamanı ölən şagirdlərin xatirəsinə qrafik yazı yaradır. Orada ölmüş uşaqlardan birinin anasının sözləri yazılmışdı: O, bu dünyada 7 il xoşbəxt yaşadı.

–O bilir nə ictimailəşdirilməyə layiqdir, nə ictimaiyyətə aiddir.

Çin hökuməti bütün bunlara daha çox göz yuma bilmir, Ay küçədə döyülür, böyük emalatxanası darmadağın edilir, Çini tərk etmək qadağan olunur. VeyVey qarşılığında nə edir? Tamamilə gözlənilən kimi gözlənilməz formada etiraz edir: O, lüt soyunub çılpaq qadınlarla fotosessiya edir və bunları sosial şəbəkələrdə paylaşır. Onu indi təkcə dövlət deyil, cəmiyyət də sındırmağa çalışırdı. Ancaq Ay VeyVey tək deyildi – müxtəlif insanlar ona dəstək olmaq üçün çılpaq soyunub Ay VeyVeyin fotosu ilə kameralar qarşısında poz verirlər. 2011-ci ildə qadağa götürülür və Ay VeyVey daha siyasi təzyiqlərə dözməyərək Almaniyaya mühacirət edir. Çin Respublikasının 60 illiyinə həsr olunmuş qısa çarx hazırlayır. Sujet isə çox sadədir VeyVeyin işçiləri bir-bir kamera qarşısına keçərək müxtəlif dialektlərdə deyirlər: Fuck You Motherland! Daha sonra Çinə qayıdan rəssam Pekin aeroportundan yoxa çıxır, ancaq dünya buna qarşı laqeyd qalmır və Çin hökuməti onu həbsxanadan buraxmağa məcbur olur. İndi özünüz qərar verin, KİM QORXUR AY VEYVEYDƏN?

– Çin çox böyük bir zarafatdır, əziz VeyVey.

– Amma buna nə qədər gülə bilərik ki?

Ay VeyVeyin vətənpərvər tərəfi odur ki, onun hər şeyin mümkün olacağına dair möhkəm inamı var və bəzən onlar mümkün olur, bəzənsə fəlakətlə bitir. VeyVey Suriya qaçqınlarını ziyarət edir, onların şərəfinə London yürüşü təşkil edir. Berlində konsert zalının sütunlarında Yaxın Şərq ölkələrindən, əsasən də Suriyadan qaçaraq Avropaya pənah aparan miqrantların Aralıq dənizi keçdikləri zaman geyindikləri 14 min xilasedici jiletdən istifadə edərək onların memorial instalyasiyasını hazırlayır. O deyir: “Miqrant böhranı deyə bir şey yoxdur, insan böhranı var. Bu bilinməzlik dövründə ehtiyacımız olan daha da çox tolerantlıqdır. Əks halda, insanlıq daha böyük bir böhranla üzləşəcək”.

Bu, Ay VeyVeyin miqrantlarla bağlı ilk layihəsi deyil. Çinli rəssam dünyanın diqqətini suriyalı qaçqınlara yönəltmək üçün keçən il Türkiyənin Bodrum şəhəri sahillərində dənizdə boğulmuş qaçqın-uşaq Aylan Kurdinin obrazını yaradaraq şəkillər çəkdirmişdi. Hal-hazırda Praqa Milli muzeyində “Səyahət qanunu” adlı sərgisində içində üzü olmayan 258 insan fiquru olan təxminən 70 metr uzunluğunda bir xilasetmə qayığı ilə Türkiyədən Yunanıstana olan təhlükəli səyahəti simvolizə edir.

– Deməyin budur ki, sən də heç nədən qorxmursan?

– Mən başqalarından daha çox qorxuram, çünki bilirəm ki, təhlükə yaxınlaşır və əgər sən hərəkət etməsən, o təhlükə daha da sərtləşəcək.

2010-cu ildə Londonda Ay VeyVeyin iri miqyaslı bir əsəri nümayiş olunmuşdu: yüz milyon günəbaxan tumu geniş bir zalın döşəməsinə səpələnmişdi. Ancaq bunlar adi günəbaxan tumu deyildi. 1600 çinli fəhlə uzun müddət işləyərək hər bir tumu keramikadan əllə hazırlayıb boyamışdı. İnsanlar zalda bu tumların üzərində gəzişir, uzanıb istirahət edirdilər. Hamısı eyni kimi görünən, amma əslində bir-birindən fərqli şəkildə boyanan bu tumlar “fikir müxtəlifliyinin mümkünlüyü”, “gördüklərimizin görünən deyil, onlardan nə anladığımızdır” kimi ideyalar daşıyır. Bu sənət əsərində Çin mifologiyasında mühim rol oynayan günəbaxanın simvolizə edilməsi ilə yanaşı, dünya bazarında Çinin istehsal gücünə də bir ironiya yoxdur deyə bilmərik.

Ay VeyVeyin yaradıcılıq konsepsiyası demək olar ki, etiraz üzərində qurulub. Əgər məsuliyyəti çiyinlərinə götürməsən, dünya dəyişmir,- deyir Ay VeyVey. Bunlara nail olmaq çox vaxt alıb, nəsillər gəlib gedib. Bunu mən etdim, çünki atam bunu etməmişdi və təbii ki, növbəti nəsil də mütləq mübarizə aparmalıdır.

– Çinin vətəndaş mövqeyi mənəm demək istəyir?

– Bilirsən, Puşkin olmasaydı belə Yevgeni Onegin yazılacaqdı.

Mənbə: “Ustad” jurnalının 12-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10