Senet.az “XAN” nəşriyyatında çapdan çıxmış Kənan Hacının “Uzaqdasan soyuqdur” şeirlər kitabından seçmələri təqdim edir:
Bütün arzulara yox
Heç vaxt mənim olmayacaq
nəsnələri arzulamaqla keçdi ömrüm,
sevdiklərim heç vaxt mənim olmadı,
ilk oxum daşa dəyəndən
yanıq düşmüşəm sevgidən,
arzular zamanın çuxurunda buxarlanıb,
yox olub,
arzuladığım qadınlar çox olub,
onlar da elə arzu olaraq qaldı,
insanı arzu qocaldır,
arzu öldürür,
tüpürdüm bütün arzulara!
Hər gün, hər saat, hər dəqiqə səni arzulamaq
araqdan, tütündən betər parçalayır
ciyərlərimi…
nə gəlirsən, nə gedirsən,
həyatımın ən öldürücü arzusu oldun sən,
sənə görə
tüpürdüm bütün arzulara!
Səni sevən gündən darıxmaq xəstəliyinə tutuldum,
ürəyimin döyüntüsü saniyələri qabaqladı,
yarpaq küləyə boyun əyən kimi
təslim oldum sənə –
yəni ayrılığa…
o gündən
tüpürdüm bütün arzulara!
Sən əzbərimdə olan
ən uzun bir şeirsən,
bir daha yadımdan çıxmazsan yəqin,
noolsun kəsildim bu imtahandan…
axşambazarıdı,
götürün, bütün hislərimi sizə bağışladım
və…
tüpürdüm bütün arzulara!…
Günahlarımın əfvinə
Bu badəni sənin yoxluğuna qaldırmışam,
günahlarımın əfvinə içirəm –
bağışlamayacağını bilsəm də.
Mən də bu günahı seçdim özümə,
yanımda olsaydın, yenə günaha batardım,
günahsız yaşamaq olmur
bu fani dünyada…
günah həyatın astar üzüdü,
sənin yoxluğuna içirəm…
Orucu pozulmuş adam kimi
“daha keçdi” deyib
bir siqaret də yandırım
sənin yoxluğuna…
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
Xəyalımda səni düşünüb
özgəsinin qoynunda itdim,
sənin yoxluğundan başladı
xəyanətə aparan yollar,
sənin gözlərində batdım günaha,
özgənin qoynunda səni itirdim.
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
İçimdə qara gün üçün saxladığım ümidi
güllələdim bu gecə,
sənin yoxluğuna içdim bu gecə…
Uzun sürən xəstəlik
Aldada bilmirəm özümü daha,
Məni fitə basır şirin yalanlar.
Şəklini duz kimi basdım yarama,
Kara gəlməyəndə acı dərmanlar.
Kəndirin gücü yox məni boğmağa,
Nəfəsim sivişib çıxır ilgəkdən.
Bu, dar ağacıdı yoxsa tərəzi,
Cəzam yüngül gəlir qəbahətimdən.
Sevgi uzun sürən bir xəstəlikdi,
Bəlkə də ən sağlam xəstənəm sənin.
Sevgiyə əl basıb and içirəm ki,
Hər vaxt qoruyacam özümdən səni!
Ölsəm, bağışla
Dəm vermə gözün yaşına,
Bir az duz qat yas aşına.
Çevir məni öz başına,
Mən sənsiz ölsəm, bağışla.
Yırğalama boş beşiyi,
Yenə də yolumdan keçir
Taleyin qara pişiyi,
Mən sənsiz ölsəm, bağışla.
Gözləmə, umud olarsan,
Ağlama, bulud olarsan.
Ötən gündə yaşayarsan,
Mən sənsiz ölsəm, bağışla…