İranda türkçülüyün ideoloqu

17 Baxış

pervane-memmedli

Pərvanə Məmmədli

 

“SAVAK”ın altı illik həbs cəzası verdiyi və kitablarına qadağa qoyduğu Əli Təbrizli

O, Güneydə  ilk tənqidi əsərin müəllifi hesab edilir

 

“…əgər Azərbaycan  İranın başıdırsa, bəs bu başın dili hanı?”

Əli Təbrizlinin ötən əsrin 60-cı illərində qələmə aldığı “Dil və ədəbiyyat” əsəri Güneydə yazılan ilk tənqidi əsərlərdən sayıla bilər. O, kitabda  kəskin bir tənqidçi kimi Azərbaycan türkcəsinə xor baxanları,  ana dili və tariximizi təhrif edənləri qamçılayır.

Əli Təbrizli İranda o dövrdə  20 milyona yaxın türkün yaşadığını qeyd edib yazır ki, “onlar  hətta gözdən uzaq səhralarda belə məskunlaşmışlar. 30 neçə milyon  İran əhalisi içərisində neçə milyon başqa dini və milli mənsubiyyətə malik xalqlar yaşayır və bu 30 milyondan türkü və başqalarını  çıxanda “əcəm”dən (farsları nəzərdə tutur-P.M.) elə bir miqdar  və say qalmaz. Bu az və neçə  əcəm bütün bunlara (yəni türklərə) ağalıq və hakimiyyət edir. Hər şeydən əvvəl hətta türkün məhv olmağına, bütün dünya üzündən silinib getməyinə planlar cızır, onu köksüz və dilsiz göstərir, bunlar çox mühüm deyil, yalnız təəccüb bundadır ki, türk özü də ona bu yolda kömək və yardım edir”.

Əli Təbrizli 1929-cu ilin iyun ayının 25-də Şərqin qədim elm və sənət  mərkəzlərindən biri sayılan Təbriz şəhərinin “Münəccim” məhəlləsində anadan olub. İbtidai və orta təhsilıni Təbrizdə alıb. 1945-ci ildə ona Azərbaycan Demokrat Hökuməti dönəmində türkcə təhsil almaq nəsib olur. On beş yaşında olarkən ailəsi ilə birgə Tehrana köçüb. Tehranda özünü  qərib hiss edən Əli meylini kitablara salır, böyük səy və həvəslə dərgi və kitablar oxuyur. Ana dilinə böyük  maraq və sayğısı da o illərdən başlayır. Ana dilinə olan sevgisi onu bu dildə yazıb yaratmağa ruhlandırır, ilk sevdasını şeirlə əks etdirir. Aradan çox keçməmiş”Əli Təbrizlinin qəzəlləri” kitabını nəşr edir.

Gənc ikən  çeşidli işlərlə məşğul olur və nəhayət “Atropat” yayın evini açır. Dəfələrlə Pəhləvi rejiminin zindanlarında dustaq olur. Şah rejiminin bütün təzyiqlərinə baxmayaraq türk folklor nümunələrini toplamağa başlayır. ”Kərəm ilə Əsli” dastanını xalqdan, ağızlardan  toplayıb yazıya köçürərək nəşr edir. Daha sonra Şah İsmayılın həyatı və şeirlərini əhatə edən, iki cilddə “Şah İsmayıl” romanını yazıb çap etdirir. Bəzi mütəxəssislərin fikrinə görə, bu əsər Güney Azərbaycanda roman janrında yazılmış ilk əsər sayıla bilər.

1955-ci ildən sonra Həsən Məcidzadə Savalanla bərabər çalışmağa başlayır. Bu işbirliyinin gözəl nəticəsi olaraq 4 ildən sonra Əliağa Vahidin “Vahidin külliyyatı” kitabı ərsəyə gəlir. Daha sonra isə “Azərbaycan nəğmələri və bayatıları” (iki cilddə),  ”Koroğlu” dastanı  işıq üzü görür.

Savalan ilə birlikdə “Azərbaycan klassik ədəbiyyatından şeir məcmuələri”,  “Füzuli divanı”, Salman Mümtazın şeirləri, Azərbaycan türkcəsi, Əziz Nesinin bir neçə hekayəsi və  daha bir neçə başqa kitablar hazırlayır. Əli Təbrizli  bir naşir olmaqla bərabər, həm də özünü bir şair, araşdırıcı, publisist kimi də tanıtdırır.

Xatırlatmaq yerinə düşər ki, İranda türklərin yaşadığını, qədimdən bu yerin köklü sakinləri olduğunu, farslardan fərqli mədəniyyət, dil və ədəbiyyata sahib olduqlarını ilk dəfə Məhəmmədəmin Rəsulzadə yazdığı “İran türkləri” adlı əsərində elmi şəkildə bildirmişdi. Bununla M. Rəsulzadə ” İran türkləri” terminini  bir növ jurnalist-araşdırıcı Mais Əlizadənin təbirincə desək, dünya leksikonuna salıb dünyanın siyasət və ədəbiyyat müntəxəbatına daxil edə bilmişdi. Əli Təbrizli isə yazdığı əsərləri, göstərdiyi çabaları ilə, belə demək mümkünsə, İranda türkçülüyün ideoloqu kimi tanınmışdır.

Bu məsələyə aydınlıq gətirmək üçün tarixə nəzər salaq. Ötən əsrin 60-cı illərində İranda yaşayan Azərbaycan türkləri arasında  milli məsələyə maraq artmışdı. Yeni ziyalı  nəslin nümayəndələri milli kimlik axtarışında idilər. Dövrün tanınmış gənc ziyalılarından ikisinin əsərini Əli Təbrizlinin “Ədəbiyyat və milliyyət” və Əlirza Nabdilin (Oxtay)  “Azərbaycan və milli məsələ” əsərlərini təhlilə cəlb edən  professor Nəsib Nəsiblinin  çox maraqlı bir fikri var. O belə qənaətə gəlir ki, 60-70-ci illərdə Güney Azərbaycanın milli ideologiyasında iki fərqli təmayül – milli nihilizm və türkçülük meydana çıxmışdı. Əlirza Nabdilin (Oxtay) əsərini təhlilə cəlb etmək başqa bir mövzuya aid olduğundan onun  üzərində dayanmayacağıq. Əsas məqsəd  Əli Təbrizlinin yaradıcılığındakı milli məfkurə, türkçülük, türk birliyi ilə bağlı məsələləri üzə çıxarmaqdır. Lirik şeirlər  yazan  şair  Əli Təbrizli yaşadığı ölkədə hakim rejimin apardığı  assimilyasiya siyasətinə, eləcə də millətinə qarşı edilən ayrıseçkilik və haqsızlıqlara dözə bilmirdi. Əli Təbrizli əvvəlki nəsillərdən fərqli düşünən, milli məsələlərdə  daha cəsarətli olan və milli  kimlik axtarışlarında olan yeni nəslin nümayəndəsi idi. Bu yaradıcı  və düşünən nəslə mənsub olan Əli Təbrizli Pəhləvi rejiminin ölkədə apardığı və heç bir elmi əsası olmayan  etnik təmizləmə konsepsiyası ilə barışa bilmirdi.

Bildiyimiz kimi, 1880-ci illərdə İsmayıl bəy Qaspiralı “İşdə, fikirdə, dildə birlik” şüarını  irəli sürmüşdü. Həmin o şüarı inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. 1890-cı illərdə Türkiyədən Ziya Göyalp, Uraldan Yusuf Akçura, Qafqazdan Əli bəy Hüseynzadə,  Orta Asiyadan, Türküstandan müxtəlif  böyük təşkilatçılar, ziyalılar Türkiyədə bir araya gəlirlər. “İttihadi Türk Cəmiyyət”ini yaradırlar ki, sonralar  bu “İttihad və Tərəqqi” adlı böyük bir siyasi təşkilata çevrilir. Həmin şəxslər türk dövlətlərinə dağılışırlar ki, Türk dünyası üçün vacib olan ideyanı həyata keçirsinlər. Həmin vaxt da Əli bəy Hüseynzadə Azərbaycana gəlir. Aradan 50 il keçdikdən sonra bu məfkurəni İranda ilk dəfə yaymaq Təbrizli Əliyə nəsib olur. Əli bəy Hüseynzadənin adaşı Təbrizli Əli həqiqətən də öz sakit, təvazökar halı ilə düşüncələr-də çevriliş yarada bilir. Onlarla insana sirayət edə bilir.

Əli Təbrizli əsərini belə başlayır; “Gözəl türk dilimizdə indiyə kimi belə bir yazı və kitab yazılmayıb və nədənsə milyonlarla fateh və əsir türkün qafasından bu mahiyyət və məziyyət üçün heç bir düsüncə keçməyib. Ola bilər ki, bu gün bu kitabı çox da alqışlamasınlar, çünki bu kitabda olan sözlər və mövzular nə soldan asılıdır, nə də sağdan. Halbuki hələlik bu gün türk ya sola vurğundur, ya sağa məftun”.

Dövrə xas olan heç bir siyasi meyillərin təsirinə düşmədiyini vurğulayandan sonra müəllif türklərdə milli təəssübkeşliyin zəif olmasına təəssüflənərək yazır: “…hər oyuna baş vurub, tarix və coğrafiya oxuyub-yazıb, hər cür özgə dillər öyrənib və öyrədib, hakim və məhkum olub, varlı-varsız olub, dünya millətlərini və dillərini tanıyıb və hər cür boyağa bulaşıb. Ancaq öz milləti kim imiş, kimdir və kim olacaq? – bunu bilməyib,  hələ də bilmir və bilmək də istəmir. Gah behişt nemətləri və huri-qılman üçün dinçi olub, gah dünyanın maddi ləzzətləri və məqamları üçün solçuluq yolunda candan çalışıb və keçib. Ancaq milli mənəviyyatı, milli izzəti-nəfsi və milli vicdan və şərəfi üçün zərrə qədər də çalışmayıbdır. Bu baxımdan tutduqları yollar və məramlar köksüz və rişəsiz olduğuna görə boşa çıxıb və bu gün dünya millətləri arasında əllərində milli bir mahiyyət və milli bir ərdəm sənədi yoxdur”.

Əli Təbrizli bu əsərin bir neçə bölümünü tarixə həsr edib. ”Dilsiz baş” bölümündə  müəllifin məqsədi fars şovinizminin və onun ortaya atdığı Asiya irqçiliyinin tarixlə, kültürlə bağlı qondarma tezislərini  ifşa edib soydaşlarına dürüst bilgi və şüur verməkdir. O, bu günümüz üçün də  həlli vacib mətləblərə toxunub, həqiqətləri göstərib: “Keçmişdə “İran” kəlməsi yerinə “Məmaliki-Məhrusə” deyirdilər. Bu Məmaliki-Məhrusədən mənzur, İranda olan əyalətləri məmləkət kimi tanımaq idi. O halda hər məmləkət üçün bir milli və qövmi hüquq tanımaqda idi və türk hökumətləri bütün bu məmləkətlərdə olan qövm və ellərin dini, ədəbiyyatı, ədəb və rüsumu və dili üçün bir hərasət, bir ehtiram və birlik duyğusunda idilər.

Əli Təbrizli bütün dövrlərdə türklərə xas olan bir məqamı da vurğulayıb qeyd edir ki, tarix boyu türkün başqa millətlərə hüquq və ehtiramı olduğu kimi, bunu bir  vəzifə bilib həmişə basqa qövmlərə və ellərə insani nəzər ilə baxardı.

O, Məmaliki-Məhrusə ilə bağlı açıqlamasını davam edərək sonra yazır ki, Məmaliki-Məhrusə demək hərasət olunan məmləkətlər demək idi ki, türkcəsi “qorunan ölkələr” mənasını verirdi. Hüquq və əxlaq baxımından birinin o birindən üstün və yuxarı tutulması yox idi. O halda Məmaliki-Məhrusədə olanlar milli giley və rejim Təbizliləri eşitmədən bütün Məmaliki-Məhrusə vətəndaşları ilə səmimi və qardaş olaraq, vətən düşmənlərinin qarşısında tamamilə birlik göstərdilər.

Əli Təbrizli onu da qeyd edirdi ki, hakimiyyətdə olan türk sülalərinin fars şair, yazar və ədiblərini himayə və təşviq edib bəslənmələri türk qövmünün vətəni və milli əxlaqından irəli gəlirdi ki, əli altında olan millətlər də türk millətləri ilə birlikdə hüquqi baxımdan eyni idilər.

Son zamanlarda bu Məmaliki-Məhrusəyə başdan-başa “İran” adı verildi və məmləkət yerinə əyalət və ya ostan adı qoyuldu. Əlbəttə, bu adlar nə milli, nə də hüquqi deyildi. İdarə olunmaq baxımından seçilmişdi.

Ancaq keçmişdəki milli hüquq və əxlaq yerinə mərkəzi dövlət tabizleri və milli giley siyasəti ortaya qoyuldu. Və sonra şiddət ilə təhqirlər, töhinlər başlandı.

Bu siyasətlərin və tabizlərin çirkin təsiri altında olaraq üstün tutulanlar təhqir olunanlara özgə və əcnəbi gözü ilə baxdılar və onlara “qeyri-irani”, hətta “özgə toxumu” dedilər.

İranlı olmağı  – məhz fars olmaq siyasətini irəli sürüb farsları basqa qövmlərin üstünə təhrik etdilər. Yüzlərlə kitablar, məqalələr yazıb, yalanlar quraşdırıb onların milliyyət və əsliyyət köklərinə baltalar, teşələr vurdular.

İranlı olmağı fars olmaqla məhdudlaşdıranlar, bu qövmi əvvəl milliyyətçi, sonra şovinist ruhiyyəsinə itələdilər. Ona yalançı və hiyləgər tarixlər, mahiyyətlər, tarixi əsərlər quraşdırdılar. Beləliklə, basqa qövm və ellər üçün faşistlərin əsasları kimi bir rayis ortaya çıxardılar.

Keçmişdə və dünənə kimi, süfrəmizin başında olan, onunla qardaşca yaşadığımız, türk kəlməsini şeir divanlarında (gözəllik və igidlik) təcəssüm edən farsdan, bu gün bizim üçün bir barışmaz düşmən və milliyyət müfəttişi yaratdılar”.

Əli Təbrizli kimliyini axtaran hər bir Azərbaycan türkünü düşündürən “bir millət olaraq nədə yanıldıq və bu günə düşdük?” sualına cavab verir, həm də onun həlli yollarını göstərir: “Azərbaycan  İranın başı” sözünü eşidən türk və azərbaycanlı bu tərif və təhrikdən şişir, məğrur olar. Özünü  unudulmuş və yaddan çıxmış görməz. Həmişə “sipəri bəla” olmağı bir növ qəhrəmanlıq və tamamiyyət ərzi  üçün öz artımı bilər. Dəyənək və çomaq yerinə hislənilən və zaman-zaman əllərdə qolçaq və oyun olan basetlah azərbaycanlı heç özündən soruşmaz ki, əgər Azərbaycan  İranın başıdırsa, bəs bu başın dili hanı? Yoxsa bu baş, bir daş kələm və ya qəmbərdi?

Dilsiz baş, ruhsuz bədən, mahiyyətsiz türk, özünü tanımaz bir insan ölüdür. Və bunun üçün bilmək gərəkdir ki, heç bir kimsə, ölü üçün haqq və yaşayış qail olmaz və olmalı da deyil. Çünki ölüm, hər haqqın və qanunun sonudur. Və son sözü öz-özünə hər bir varlığa qeyrimizi cızıq çəkmək deməkdir. Ancaq başın dilli, bədənin ruhlu, varlığını mahiyyətli və özünü tanınmış istəyən bir insan gərək ayağa qalxsın, gərək olduğunu göstərsin və sonra haqqına çatsın. Yoxsa zaman, tabiiyset və hətta basetlah insanlar ona rəhm etməzlər”.

Əli Təbrizli  yazının sonunda üzünü soydaşlarına tutub bu sualı verir: ”Dilsiz baş bir daş kələm, bir qəmbər, bir qabaq və tənbəl pişik deyil, bəs nədir? Bunu özümüzdən soruşmalı, buna dərinləşməliyik”.

Əsərin dili son dərəcə oxunaqlı və  sadədir, eyni zamanda düşündürücüdür. Təbrizli Əli şeirlərində, özəlliklə də qəzəllərində çox sadə və axarlı bir dildə, siyasi və milli mövzulara toxunur, bütün millət düşmənlərini tənqid atəşinə tutur. O, gəncləri sağçılar və solçuların tələlərindən çəkindirir və elə ona görə də dəfələrlə şah quldurlarının işgəncəsinə məruz qalır. O, həyatı boyu sıxıntı və boğuntu içində, “Atropat”  kitab evində Azərbaycan dili və ədəbiyyatına bacardığı qədər qulluq etmişdir. (“Atropat” yayın evi Tehranda, şəhər parkının qabağında, S.C. Pişəvərinin vaxtilə çıxardığı “Ajir” qəzeti mətbəəsinin qonşuluğunda yerləşir.)

Əli Təbrizlinin xalqa milli ruh aşılayan fikirlərinə, yazılarına və kitab evindəki fəaliyyətlərinə qörə şahın gizli polis təşkilatı SAVAK  onu 6 illik həbsə məhkum edib və əsərlərinə qadağa qoyulub.

Həbsdən çıxandan sonra az müddət  ərzində “Qud Amuz” adında türkcə-farsca lüğət hazırlayıb çap etdirib. Ancaq onun “Gözyasları” adlı əsəri hələ də əlyazma halındadır. Onun türklərə  həsr etdiyi “Türkiyə milləti”  şeiri  böyük sevgi  ilə yazılıb. Şair eyni soykökdən, azacıq fərqlə eyni dilə, mədəniyyətə malik iki  qardaş xalqı birliyə, ülfətə səsləyir;

Ürəyimiz birdir, birdir sözümüz,

Yaxından görüşmək istər gözümüz,

Bir fikir étməliyik indi özümüz,

Çoxalsın ortada günbəgün ülfət,

Ey Türkiyə milləti, ey qəhrəman millət!

Çox  diqqətçəkicidir ki, Əli Təbrizli  o dövrdə bizdə bir çoxlarının bilmədiyi gizlin  mətləblərə də toxunur. Uzun illər Bakının yenidən qurtulmasını, o cümlədən qəhrəman türk ordusunun Bakını  bolşevik və daşnaqlardan azad etməsini xatırladır;

Təkcə yollamır salam Təbrizi,

Bəlkə bütün ellər yad edir sizi,

Bakıda siz idiz qurtaran bizi,

Ölümdən, zillətdən göstərən qeyrət,

Ey Türkiyə milləti, ey qəhrəman millət!

Əli Təbrizli “Ərdəbil”  şeirində Səfəvilər dövründə dövlətin paytaxtı olmuş, İranı dünyaya tanıtdırmış, Azərbaycanın fəxri şəhəri Ərdəbili anır. Onun indi gözdən iraq salınmasına kədərlənir;

Ey olan tarixlərə zinət, gülüstan, Ərdəbil,

İftixar olsun ol canım da qurban, Ərdəbil.

Tarixi tutmuş ayaqdan başa, şanü-söhrətin,

Sən ilə məşhur idi dünyada  İran, Ərdəbil.

İndi bilməm nə oldu ki, gözdən, nəzərdən düsmüsən,

Olmusan itgin bu  İran içrə, viran Ərdəbil.

Sən idin çesmi çırağı ölkənin ey şəhrimiz,

Fəxr edərdi sən ilə Azərbaycan, Ərdəbil.

Türkçü şair “Ərdəbil”  şeirində eyni soykökə, azacıq fərqləri olan dilə, ortaq abidələrə malik olan  türk xalqlarını birliyə,və birləşməyə səsləyir;

Birləşə Türkiyə və dünyada hər nə türk var

Qırğızıstan-u bu Türk-ü Özbəkistan Ərdəbil!

Ölmərəm görsəm ki, olmuş cümlə bu millətləri,

Bir-birinə mehribanu canu canan Ərdəbil!

Əli Təbrizli ayrı-ayrı vaxtlarda üç dəfə həbs olunub, işgəncələrə məruz qalsa da, əqidəsindən dönmədi, bütün çətinliklərə mərdliklə sinə gərdi. O, 1998-ci ilin yanvar ayının 18-də Tehranda əbədiyyətə qovuşmuş və öz vəsiyyətinə əsasən doğma yurdu Təbriz şəhərinin “Vadi-yi Rəhmət” qəbiristanlığının ailəvi məzarlarında torpağa tapşırılmışdır.

Görkəmli fikir və əməl adamı olan Təbrizli Əli Güney Azərbaycanda milli dirəniş hərəkatının simvollardan biri olmuşdur. Xüsusilə onun “Ədəbiyyat və milliyyət” kitabı mürtəce-irqçi suçlamalarla Güney türklüyünün ilk ümumiləşdirici cavabı idi. İlk təşəbbüs olmasına baxmayaraq, həmin kitab bu gün də Güneydə türk millətçiliyinin möhtəşəm abidəsi sayılmaqdadır.

“Ustad” jurnalının 4-cü sayından

 

Bölmə : Nəsr, Ədəbiyyat