İş Türk birliyinə gəlincə, cəsarətdən, cəsarətdən danışınca da, ruhdan söz açırıq…

22 Baxış

ekberqoshaliHəmsöhbətimiz tanınmış yazar, türkoloq Əkbər QOŞALIdır
- Əkbər Qoşalı üçün söz hardan başlayır?

 

- Söz ilk insanın yarandığı gündən başlayır. İlk insanın ayaq basdığı yerdən (bəlkə də, endiyi göydən…) başlayır söz. Söz hər şeydən öncə olub, hər şeydən sonra da olacaq..! Tanrım sözə su kimi qutsallıq verib, axar durar… şəklini dəyişər, ancaq illa da var olar. Mənimçün də söz oralardan başlayıb gəlib, biləvasitə isə sözüm, o sözü verdiyim gündən başlar. Mən verdiyim sözlərin ardınca gedirəm, ən azı buna çalışıram.

Söz qırmaq, söz vurmaq, söz kəsmək, söz atmaq (eləcə də, sözü hərcayılıqla qullanmaq)… – bunlar sözün dəyişən halları, şəkilləri deyil, sözün doğranması, paramparça edilməsidir.
Gənc şairlərimizdən Taleh Mansur, ötən il Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə düzənlədiyi “Paytaxtdan bölgələrə… Bölgələrdən paytaxta…” adlı layihə çərçivəsində keçirilən “Şeir Gecəsi”ndə, “Hər qazılan qəbrə bir söz basdırın..!” rədifli şeiri ilə birincilik qazandı… Bu şeirin üzərində bir kitab bağlamaq olar, bəlkə də… Bir müsahibə sınırlarını aşar bu şeiri yorumlamaq… lakin bilgili, arif oxucular bir bənddən belə o şeirin ovqatına girə bilər, deyə düşünürəm. –
…Haqqın qapısını, tanı, bil, açsın,

Hər qara baş daşı qızılgül açsın!

Məzardan doğulan yovşan dil açsın,

Hər qazılan qəbrə bir söz basdırın..! 
Sözdən çox söz etdik, qaliba. İstərsən, sıradakı sözə – suala keçək – elə yaxşı olmazmı?


- Keçək, keçməyinə, ancaq yenə birinci sualın davamı kimi bir sual vermək istərdim. – istərdim soruşum: Yeni söz eşidirsinizmi? Sizcə beynə, qulağa gələn sözləri Tanrımı göndərir, yoxsa insanmı zərurətdən tapır?

 

- Söz Tanrı lütfüdür, heç quşqusuz. Əlbəttə, insanı da, ehtiyacı da, zərurəti də yaradan, bilən odur. Bununla belə, din bilgilərinə söykənsək, Tanrımızın insanı, ərəb demiş, “fail-i-muxtar” yaratdığını vurğulaya bilərik. Demək, insanın söz yaratması da anlaşılandır. Doğada “yox” yoxdur – hər şey var – yetər ki, biz onu arayaq-axtaraq, fəhm edək, xəyalını quraq… kəşf edək…

Şairin yeni söz, yeni deyimi olanda, bu “poetik kəşfdir” demirikmi?

Ramiz Rövşən “…mən sözün tozunu aldım” deyir. Var olan tozlanar, elə deyilmi?

Pedaqoq, şair Ofelya Babayeva isə nənəsindən belə bir deyimi xatırlayır: “Su səsə gələr”… -Baxmayaraq ki, “hər səsi çevirib söz etmək olmur”…
- Maraqlı yanaşmadır. Bəs, deməzsiz, türk xalqlarının daha da yaxınlaşmasında yeninəfəs şeirlərin, şairlərin yeri nə qədərdir? Sizcə, sabahın türk ağırlığına çiyin verən, yürüyərək irəliyə – birliyə aparan belə şairlər, yazarlar varmı?

 

- Yeninəfəs şeirlər, yeninəfəs şairlər… – xoşum gəldi bu sözündən. Belə şeirlər və o şeirləri yazanlar var, əlbəttə. Şeir-sənətin, kültürün yeni dönəmdəki türk birliyinin altyapısını yaratmaq işində bəsbəlli rolu var. Fərqli türlərdə qələm çalan tanınmış yazarlarımız, aydınlarımızdan Vaqif Bayatlı Önərin, Rüstəm Behrudinin, Güllü Yoloğlunun, Azər Turanın, Elçin İsgəndərzadənin, Dəyanət Osmanlının, İbrahim İlyaslının, Sərvər Məsumun, Elxan Zal Qaraxanlının, Elçin Mirzəbəylinin, yeni nəsildən Namiq Hacıheydərlinin, Şəmil Sadiqin, Elxan Yurdoğlunun, Elşən Əzimin, Oktay Hacımusalının, Hafiz Hacxalılın, Tural İrfanın, Yeqzar Cəfərlinin, sənin özünün, daha neçə qələmdaşımızın, ülküdaşımızın adını alqışlarımla çəkirəm.

Özü də bu iş yalnız Azərbaycanla sınırlanmır – gündoğandan günbatana, güneydən quzeyə bütün türk dövlət və topluluğunda ortaq türk keçmişindən ortaq türk gələ¬cəyinə boylanan ya¬zarlar var: yeninəfəsli, yeni sözlü… Qazaxın dünən Mağjan Jumabayı vardısa, bugün Muxtar Şaxanovu var, Türkmənin srağagün Məhdumqulu Fəraqisi vardısa, bugün Oraz Yağmuru var, Qırğızın dünya ədəbiyyatına verdiyi ad Çingiz Aytmatovla zirvəyə çatsa da, o zirvənin kölgəsində xumarlanmaqdansa, öz yeni meydanlarını yaratmaq istəyən neçə-neçə yazar var, Türkiyə Cümhuriyyəti öz parlaq ədəbi imzaları ilə dünyaya çıxır…
- “Turan biriliyi Bütöv Azərbaycandan” keçir deyir günün filosofu… – bu birlik olacaqmı, sizcə?
- Bu yanaşma təqdirediləsi bir yanaşma, ürəkli bir düsturdur. Biz Bütöv Azərbaycana da, Turana da inanırıq. İnanmasaq, yaşamın bir anlamı da qalmazdı heç…

Ülkü qələmi cilalayır, yazarı toparlayır, üfüqü genişlədir…
- Birlik üçün türk toplumlarının bədii sözündə hansı cəsarət çatmır?

 

- Birliyimiz yalnız bədii sözlə, onun cəsarəti ilə oluşsaydı Hüseyn Cavid, Çolpan, Hüseyn Nihal Atsız, Xəlil Rza Ulutürk, Məmməd Araz, Abdürrahim Karakoç, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Yavuz Bülənd Bakilər kimi ədiblər o birliyi çoxdan təmin etmiş olardı… Yazarmı cəsarəti xalqdan alır, xalqmı əsərlərdən cəsarətlənir? – Bunlar qarşılıqlıdır, məncə. İşi avand olmuş Niyaz Nəsirin bir sözü vardı – rəhmətlik Mikayıl Azaflı haqqında yazıda işlətmişdi: XALQ RUHUNUN CƏSARƏTİ deyə… bax, iş türk birliyinə gəlincə cəsarətdən, cəsarətdən danışınca da, ruhdan söz açırıq… Türkün dünyasını, sabahını yalnız sxematik mətnlərlə anlatmaq, anlamaq çətindir, iş illa da sevdaya, eşqə, ruha gedib bağlanır…

Bədii sözümüzdə hansı cəsarət çatmır? – əgər çatmır qənaəti hasilsə, onun “hansı?” sualına qarşılıq cavabı önəm daşımır, məncə… Cəsarətsiz deyincə haqsızlıq etmiş olarıq. Bir daha deyirəm, birliyimiz cəsarətli bədii sözlə süslənməlidir ancaq hər şeyi o bədii sözdən gözləmək lazım deyil. Başqa alanlar da var, onların türk birliyində üzərinə düşən missiya-mandat bir çox hallarda daha böyük, daha praktikdir…


- Sizin üçün türk birliyinə ən böyük xidməti olan yazar kimdir? – Varsa, onun hansı işini əvəzsiz hesab edirsiniz?

 

- Adını çəkdiyim böyük, ünlü ədiblər daxil bir neçə say-seçmə yazarımızın adını çəkə bilərik ancaq özəlliklə bir ad üzərində durmaq çətindir. İlla da bir ad üzərində dayanası olsaq, rəhmətlik Xəlil Rza Ulutürkün adını çəkərdim. – Yeri ucmaq (cənnət) olsun!
- Əkbər müəllim, istərdim, şairdən şəhərə keçək və bu hələlik son sualımız olsun: Urumçi sizin üçün hansı anlam daşıyır? 

 

- Urumçi!.. ruhumla, dualarımla-alqışlarımla hər gün bir az daha yaxın olmağa, yaxın qılmağa çalışdığım bir qut məkandır.

Doğu Türküstanda doğulmuş, oralardan başqa yerlərə köç etmiş ailələrdə dünyaya göz açmış arxadaşlarımız olub, əlbəttə. Ancaq oralarda olmamışam hələlik… Hələlik bir diləyi, tutqunu yansıdır Urumçi adı…

Bax, Türk Dünyasının neçə şəhəri, neçə ağrılı-acılı yurdu, neçə uğurlu-umudlu obası var… ancaq indi – ilin-günün bizi Çanaqqalanın 100 illiyinə gətirdiyi bu gündə (müsahibə 24 apreldə götürülüb – T.T.) sən məhz Urumçini sual edirsən… bax, sənə bu sualı verdirən hiss, duyğu hər nədirsə, məndəki düşüncələr də o duyğulardan su içir…
- Maraqlı söhbət üçün təşəkkür edirəm.

 

- Urumçi umacağımız umudlu, uduşlu, uçuşlu olsun!

Həmsöhbət oldu

Tural TURAN

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10