“İsa çox savadlı yoldaşdır” – Alxan Bayramoğlu yazır…

17 Baxış

isa_hebibbeyli-1

İsa Həbibbəyli-70

Akademik İsa Həbibbəyli haqqında bu sözləri görkəmli ədəbiyyatşünas alim, M.Ə.Sabir, M.Hadi, C.Məmmədquluzadə irslərinin və ümumən XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mühüm elmi problemlərinin ciddi tədqiqatçılarından olan AMEA-nın müxbir üzvi Əziz Mirəhmədov demişdi. Onun İsa müəllimə verdiyi bu qiymətdə təkcə elmi qabiliyyətdən, savadlı alim olmaqdan söhbət getmir. Bu sözlərdə İ.Həbibbəylinin bir insan, yoldaş, dost, həmkar, vətəndaş və s. və i.a. keyfiyyətləri də nəzərdə tutulurdu. Tanıyanlar bilir ki, Əziz müəllim hər adama belə qiymət verib, onun haqqında bu cür söz deməzdi. O, kiminsə təzə yazılan və çap edilən monoqrafiyası haqda “filan xalturanı”, ”poemanı”, tək-tək halda isə “əsərini oxudum” deyə qiymət verərdi. Bu epitetlərdən Əziz müəllimin həmin əsəri necə dəyərləndirdiyi aydın olardı. “Çox savadlı yoldaş” epiteti isə yalnız İsa Həbibbəyli haqda işlənmişdi. Əziz müəllim İsa Həbibbəyliyə həsr etdiyi “Ağsaqqal nəsillərin davamçısı” başlıqlı məqalə həmin ifadənin ciddiliyinə, boşuna söylənmədiyinə dəlalət edir.

Onunla tanışlıqdan bəri İsa müəllimin bir yoldaş, insan kimi həssas və qayğıkeş, xeyirxah olduğunu müşahidə etmişəm. O, Naxçıvandan Bakıya hər gəlişində özü ilə sanki qədim diyarın təbiətini, sovqatında isə nemətlərini gətirərdi. Gəlişi ilə sanki özü də canlanar, hər kəsə yararlı olmağa çalışardı. Yaxşı yadımdadır, İsa müəllimin Bakıya növbəti səfərlərindən biri “M.Ə.Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)” mövzusunda namizədlik dissertasiyamın müdafiəsi ərəfəsinə düşmüşdü. Aftoreferatım hələ çapdan çıxmamışdı. O vaxt artıq elmlər namizədi (fəlsəfə doktoru) olan İsa müəllim üzünü mənə tutub dedi ki, Alxan, bir dənə aftoreferat da mənə göndər, sənə rəy yazacağam. Dedim, göndərərəm, ancaq hökmən rəy yazmağın üçün yox. Yazsan da, sağ ol, yazmasan da…

Mən vədimə əməl elədim. İsa müəllim çox böyük zəhmətə qatlaşaraq dissertasiyamın aftoreferatına yazdığı müsbət rəyi ona əlavə etdiyi səmimi bir məktubla poçtla Naxçıvandan Bakıya göndərmişdi. 17 aprel 1986-cı il tarixli həmin məktubda oxuyuruq:

“Alxan, salam!

Qarşıdakı müdafiə münasibətilə Səni ürəkdən təbrik edirəm. Təsdiqinin də tez gəlməyini arzu edirəm. Onu da deyim ki, VAK-da sənədlərin arasında Naxçıvandan göndərilən rəyi görən kimi o saat təsdiq edirlər.

Əzizimiz Kamran müəllimə (professor Kamran Məmmədov – A.B.), şöbəmizin bütün əməkdaşlarına salam göndərirəm, hamıya möhkəm can sağlığı, uzun və mənalı ömür, yeni-yeni nailiyyətlər arzulayıram.

Sənin rəhbərin və mənim opponentim hörmətli Əziz müəllimi də (EA-nın müxbir üzvü Əziz Mirəhmədov – A.B.) bu müdafiə münasibətilə təbrik edirəm. Onun da əli yüngüldür. Təsdiqinə heç şübhən olmasın.

Əziz müəllim adətən işi müdafiəyə buraxana qədər tələbkarlıq edir, sonra özü demişkən, ürəkdən xeyir-dua verir.

Mövzun mənə yaxın olduğu üçün avtoreferatı diqqətlə oxudum. İşin xoşuma gəldi.

Hörmətlə, İsa Həbibov.

Naxçıvan şəhəri

17/IV 1986”

 

Səmimiyyət və xeyirxahlıqla dolu bu məktubu İsa müəllimin yüksək elmi səviyyədə yazılmış aşağıdakı rəyi tamamlayırdı:

“Azərbaycan ədəbiyyatşünaslığının mühüm vəzifələrindən biri də görkəmli sənətkarların elmi tərcümeyi-һalının öyrәnilməsindən ibarətdir. Məmmədov Alxan Bayram oğlunun “M.Ə.Sabir və ictimai-әdәbi müһit” mövzusunda filologiya elmləri namizәdi alimlik dərəcəsi almaq üçüntәqdim edilmiş dissertasiyası һәmin istiqamәtdә atılmış ilk və uğurlu addımlardan biridir. Giriş, dörd fәsil vә nәticәdәn ibarәt olan bu dissertasiyada Azәrbaycan ədəbiyyatında inqilabi satiranın banisi kimi şöһrәt qazanmış M.Ə.Sabirin һəyatı vә yaradıclıq yolu әdəbiyyatşünaslığın son nailiyyәtləri əsasında elmi-nəzәri baxımdan tәһlil olunmuşdur. Dissertant görkәmli sәnətkarın elmi tərçümeyi-һalını bərpa etmək mәqsədilә yeni arxiv sәnәdlәrini araşdırıb üzәçıxarmışdır. Dissertasiyada һәmçinin inqilaba qәdәrki dövrü mәtbuatdan indiyə qәdər tәdqiqata cәlb olunmamış bir çox dәyərli materiallara istinad edilmişdir. Bütün bunlar dissertantın M.Ə.Sabirin Şamaxı ədəbi-ictimai müһitindəki fəal iştirakına, burada teatr tamaşalarının һazırlanması və səһnəyə çıxarılmasına, pedaqoji fəaliyyətinә, müasirləri ilə əlaqəlәrinә dair mövcud mülaһizələri dәqiqləşdirməsinə və zənginləşdirməsinә imkan yaratmışdır. Bunun nəticәsidir ki, әsərin sәmərәli axtarışların vәümumilәşdirmәlәrin nәticәsi kimi meydana çıxan “İctimai-mədәni yüksəliş illərində” vә “Müasirləri ilə qarşılıqlı әlaqələri, pedaqoji fəaliyyәti” fəsilləri ədəbiyyatşünaslığımızda geniş ənәnәlәri olan sabirşünaslığa dәyәrli elmi töһfә səviyyəsinә yüksәlə bilir.

Mәmmәdov Alxan Bayram oğlunun M.Ə.Sabirin dövri mətbuat və mollanəsrəddinçilərlә,Azәrbaycan müәllimlәrinin qurultayı vә H.Zәrdabi ilә әlaqәdar üzә çıxardığı, təһlildən keçirdiyi yeni faktlar da onun tәdqiqatçılıq bacarığı barәdә dolğun tәsәvvür yaradır. Böyük satirikin “Son illәri, әdәbi-ictimai mübaһisәlәri”fәslindә genişişıqlandırılan Tiflis və Bakı sәfәrlәri onun ömür yolunun bu maraqlımərһәləsinin daһa zәngin mənzәrəsinin yaradılması ilə nəticәlənmişdir.

A.Məmmədov aşkar etdiyi tәrcümeyi-һal faktlarını M.Ә.Sabiri әһatə edən ədәbi-ictimai müһitin әsas meyllәri, onun ayrı-ayrı satiralarının tarixi vә taleyi ilə dә bacarıqla әlaqәlәndirmişdir. Beləliklə, dissertant görkәmli sənәtkarın һәyat vә yaradıcılıq yolu barədə bütöv, tam təsəvvür yaratmaq vәzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir.

“M.Ə.Sabir və ictimai-ədəbi muһit” mövzusunda namizədlik dissertasiyası şairin ali məktəblərin filologiya fakültələrində geniş şəkildə tədris olunan һəyat və yaradıcılığının öyrənilməsinə xidmət etmək baxımından mühüm praktik əһəmiyyətə malikdir. Buna görə də, dissertasiyanın monoqrafiya һalında çap edilməsi məqsədəuyğundur.

Məmmədov Alxan Bayram oğlunun “M.Ə.Sabir və ictimai-ədəbi müһit” mövzusundakı tәdqiqatı filologiya elmlәri namizәdi alimlik dərəcəsinin yüksək tələblərini ödəyir.”

Doğrudan da, müdafiəm müəyyən səbəblərdən xeyli ləngidilsə də, təsdiqimi tez aldım. Beləliklə, İsa müəllim həssas və xeyirxahlıqda çox savadlı olduğunu sübut etdi.

O, özündən yaşlı nəslə çox hörmət və ehtiramla yanaşır, onların hər hansı qayğısının, vaxtilə etdikləri yaxşılığın əvəzini artıqlaması ilə qaytarmağa, bu enerjini həm də gənc nəslə ötürməyə çalışır. Əziz Mirəhmədov, Kamran Məmmədov, Məmmədcəfər Cəfərov, Abbas Zamanov və başqalarının həm yaşlaşmış dövrlərində özlərinə, həm də onların vəfatlarından sonra xatirələrinə İsa müəllimin necə ehtiramla yanaşmasında da onun çox savadlı olduğunu görmək çətin deyil.

İ.Həbibbəyli elmdə də, inzibati və təşkilati işlərdə də çox məsuliyyətli və zəhmətkeşdir. O, ”Cəlil Məmmədquluzadənin mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyərkən tez-tez sorağı o şəhərdən-bu şəhərdən, o arxivdən-bu arxivdən gəlirdi. C.Məmməquluzadə ilə bağlı eşitdiyi, izinə düşdüyü hər hansı faktı, detalı sənəd və materialla təsdiqləmək, dəqiqləşdirmək üçün dərhal həmin şəhərə və ya ölkəyə gedərdi. Bunun üçün nə vaxt və zamandan, nə də vəsaitdən çəkinər, qızırğalanardı…

Nəhayət, çoxsaylı fakt, material və elmi arqumenti özündə əks etdirən sanballı bir doktorluq dissertasiyasını müzakirəyə təqdim edən İsa müəllim iddiasında olduğu və haqqı çatan elmi dərəcəyə – elmlər doktoru adına layiq görüldü.

Akademiyanın müxbir üzvü, həqiqi üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru oldu. Ancaq yenə durub dincəlmək bilmədi; doktorluq dissertasiyasının monoqrafiyasını – ”Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsərini yenidən işləyib ikinci dəfə çap etdirdi. Yeni nəşr də mətbuatda təqdir edildi. Məhəmmədağa Şaxtaxtlının, Məhəmmədtağı Sidqinin və başqalarının əsərlərinin geniş ictimai fikrə kitab halında çatdırılması işi də İsa müəllimə məxsusdur. Beləliklə, İsa müəllim elmi səviyyənin daimi inkişaf etdirilməsi qayğısına qalması ilə də çox savadlı olduğunu göstərməkdədir.

İsa müəllim bütün bu işlərin ağırlığı və yaratdığı vaxt qıtlığında da dostların, özündən kiçiklərin köməyinə çatmağa macal tapmaqda da çox savadlı yoldaşdır. Məsələn, doktorluq müdafiəmə hazırlığın son mərhələlərində Bakıda mənə rəsmi opponentlərimdən biri olmaq istədiyini bildirmişdi. 1998-ci ilin yayında yenə Bakıya növbəti gəlişinin birində müdafiəmin vaxtı ilə maraqlanıb vədini xatırlatdı. Dedim ki, müdafiə oktyabrdadı (1998). Bax, sən rektorsan, işin başından aşır. Dissertasiyanı oxuyub rəy yazmağa, Naxçıvandan Bakıya gəlməyə vaxtın olacaqmı? Bütün bunların mənə dəxli olmadığını, sözünün söz olduğunu bildirdi.

Həm rəsmi opponent rəyini, həm də müdafiədəki çıxışını necə bir vaxt qıtlığı və qaça-qaç şəraitində mənə çatdırıb, müdafiə iclasında çıxış etdiyi indi də gözümün önündədir…

Rəsmi opponent rəyini oxuyub ona cavabımı dinlədikdən sonra işlə bağlı tələsik Təhsil Nazirliyinə yollanan İsa müəllim vədinə əməl edərək, müdafiədən sonrakı məclisə də gəlməyə vaxt tapdı. Orada söylədiyi nitqində həm öz duyğuları, həm də doktorluq dissertasiyam barədə çox maraqlı və orijinal məqamlara toxundu. Həmin çıxışın lent yazısından köçürtdüyüm mətni burada verməyi lazım bilirəm. İsa müəllim dedi:

Alxanın bu dissertasiya müdafiəsi elmi əhəmiyyəti ilə yanaşı, mənim üçün həm də mənəvi bir problemlə bağlı oldu. Xeyli vaxt idi ki, ümumazərbaycan, Bakı elmi-ədəbi mühitindən bir az aralı qalıb çox darıxmışdım. Bəhanə axtarırdım ki, bir konfrans, dissertasiya müdafiəsi, bir müzakirə olsun, mən də gəlib ədəbiyyat aləmində iştirak edib bir də təzədən nəfəs alım. Alxanın müdafiəsi bunun üçün yaxşı bir zəmin oldu.

Hər müdafiə bu cür zəmin ola bilməz. Alxanın dissertasiyası sözün həqiqi mənasında ciddi elmi əsərdir.

Alxan bu gün çıxış edəndə də, suallara cavab verəndə də gülə-gülə danışırdı. Çünki bu işin bütün ciddi mərhələsini keçib qurtarmışdı. Burada dedilər, Alxan ona verilən təkliflərin hamısını qəbul eləmiş olsa da, bu dissertasiya doktorluğa layiq əsərdir.

Mən burada bir məsələni də demək istəyirəm; bu əsər Azərbaycanın qədim və zəngin bir mühitinə – Şamaxı ədəbi mühitinə, bir regiona həsr olunub. Amma bu əsərin ətrafında, mənim düşüncəmə görə, bütün Azərbaycan birləşib.

Məsələn, Şamaxı ədəbi mühitinə həsr edilən bu dissertasiyanın müəllifi Alxan, nəhayət, indi bəlli olur ki, Qazaxdandır.

Onun elmi rəhbəri ciddi ədəbiyyatşünaslığın şəriksiz lideri Əziz Mirəhmədov Bakıdandır. Bu işin rəsmi opponentlərindən biri yenə ciddi ədəbiyyatşünas kimi böyük ehtiram bəslədiyim, müəllim hesab elədiyim Xeyrulla Məmmədov başqa bir regionu təmsil edir, Lənkəran zonasındandır. İki opponent Naxçıvandandır. İş Gəncəyə əlavə rəyə göndərilib. Nizami institutunda (Nizami adına Ədəbiyyat İnstitutu – A.B.) hazırlanıb. Bakı Dövlət Universitetində müdafiə olunub. Müəllif APİ-ni qurtarıb.

Bu işin ətrafında bütün Azərbaycan birləşib. Mən belə hesab edirəm. Həqiqətən də, bu cür ciddi elmi işin ətrafında birləşməyə dəyər.

Mən Alxanın bir region haqqında yazdığı sanballı dissertasiyanın və bu gün bir elmi hadisə kimi qeyd olunan müdafiə iclasının ətrafında birləşən həqiqi Azərbaycan alimlərinin, Azərbaycan ziyalılarının hamısını alqışlayıram. Onların qabaq sırasında, gənclərin sırasında Alxanı da görürəm və onu yenə də təbrik edirəm”.

İsa müəllimin bu şən, şux və elmi cəhətdən dəqiq mülahizələrlə dolu olan orijinal nitqi məclis tərəfindən çox böyük maraqla, coşqunluqla qarşılanıb, bir neçə dəfə təqdir sədası ilə dəyərləndirildi.

Akademik İsa Həbibbəyli hazırda AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. O, özünün “Əllərim-əməllərim” şeirində yazır:

Yaşayıram həyatda,

Yaratmağa, qurmağa.

Əllərim öyrənməmiş

Heç zaman uçurmağa.

İsa müəllimin qısa müddət ərzində akademiya və institut miqyasında gördüyü işlər, əməllər onun əllərinin uçurtmağa, yıxmağa deyil, yaratmağa öyrəşdiyini, bu yolda heç yorulmadığını təsdiq edir. Bircə faktı xatırlamaqla kifayətlənirəm: iyun ayında (2014) institutun Elmi Şurasında 30 nəfərin elmi vəzifə adı qaldırıldı. Onların arasında 18 il əvvəl müdafiə etmiş olsalar da hələ də kiçik elmi işçi vəzifəsində saxlananlar var idi. İclasın sonunda imkan tapıb İsa müəllimin əlini sıxaraq dedim:

– Çox sağ olun! Əziz müəllimin dediyi kimi, doğrudan da, hərtərəfli, çox savadlı yoldaşsınız!..