İsa Həbibəyli: “Uşaq ədəbiyyatı çox zəif inkişaf edib”

89 Baxış

isahebibeyli

 

Senet.az Sevinc Fədainin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə müsahibəsini təqdim edir:

 

 

– İsa müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsindəyik. Akademiya yubileyə necə hazırlaşır?


– Akademiyanın keçdiyi inkişaf yolu və müasir inkişaf səviyyəsindən bəhs edən genişhəcmli, təxminən 600-700 səhifəlik bir kitab nəşr olunacaq. Kitab, demək olar ki, hazırdır. Müzakirədən keçib, istehsalat prosesindədir. Bildiyiniz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranması haqqında sərəncam 1945-ci ilin mart ayında verilib. Martın 31-də Akademiyanın ilk yığıncağı keçirilib. AMEA-nın 15 nəfər təsisçisi olub. Təsisçilər Sovet İttifaqında tanınan görkəmli alimlərdən ibarətdir. Onların içərisində Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Şamil Əzizbəyov, Mirəli Qaşqay, Mirzə İbrahimov kimi görkəmli simalar vardı. Azərbaycan cəmiyyəti bilir ki, AMEA yaradılanda ilk prezidenti tibb elmləri doktoru, professor Mirəsədulla Mirqasımov seçilib. Ancaq Akademiyanın vitse-prezidentləri və akademik katibi, Rəyasət Heyəti haqqında bu günə qədər arxiv məlumatları əldə etməmişdik. Yubiley ərəfəsində apardığım elmi axtarışlar nəticəsində artıq Akademiyanın ilk təşkilatçı quruluşu və Rəyasət Heyətinin üzvləri barədə konkret məlumatlar əldə etmişik. AMEA yaradılandan sonra ilk yığıncağında geologiya elmləri doktoru, professor Şamil Əzizbəyov və fəlsəfə elmləri doktoru Heydər Hüseynov vitse-prezident seçiliblər. Eyni zamanda, indiyədək AMEA-nın ilk baş elmi katibinin kim olduğu məlum deyildi. Arxiv sənədlər əsasında müəyyən edildi ki, bu şəxs geologiya elmləri doktoru Mirəli Qaşqay olub. Bunlar tam yeni məlumatlardır, ilk dəfə sizin qəzet üçün açıqlayıram. Akademiyanın Rəyasət Heyəti barədə ilk məlumatlar da indi üzə çıxıb. Heyət ilk dəfə beş nəfərdən ibarət olub.

Akademiya indi 15 nəfər təsisçinin hər biri haqqında ayrıca kitab hazırlayır. İndiyə qədər qurumun 50, 60 illik yubileylərində Akademiya haqqında kitablar yazılıb, amma təsisçilər haqqında ayrıca kitab yazılmayıb. İlk dəfə olaraq, təsisçilər haqqında eyni formatda müstəqil kitablar hazırlanır. Həmin kitablar Akademiyanın yubileyinə böyük elmi töhfədir.

– Yubiley münasibətilə çəkilən “Azərbaycanın elm məbədi” adlı sənədli filmin ssenari müəllifisiniz. Filmdə Akademiyanın 70 illik fəaliyyəti necə əks etdirilib, hansı hadisələr, hansı elmi nailiyyətlər önə çəkilib?


– AMEA-nın 50 illiyində də, 60 illiyində də film çəkilib. 10 il bundan əvvəl çəkilən film əldə olan materiallardan ibarətdir və müasir reallığı əks etdirir. Orada tarixi aspekt çox zəifdir. Yəni filmi hazırlayanlar müasir inkişafı əks etdirməyi əsas götürüblər. Biz isə 70 illik yubileyə hazırlaşarkən Akademiyanın prezidenti Akif Əlizadənin məsləhəti və Rəyasət Heyətinin qərarı ilə “Azərbaycanın elm məbədi” filminin çəkilməsi üçün belə bir məsələ qoyuldu ki, bu film Akademiyanın bütün məktəblərini, keçdiyi inkişaf yolunu, müasir islahatlarını əhatə etsin. Ona görə də biz arxivlərdə çoxlu iş aparmalı olduq. İndiyədək heç bir filmdə, ümumiyyətlə, heç bir yerdə istifadə edilməmiş 26 lent yazısı, süjet aşkar etdik. Əldə etdiyimiz sənədlərdə, lent yazılarının içərisində Akademiyanın 1932-ci ildən sonrakı dövrünü əks etdirən nadir materiallar da var. İndi çətinlik qarşısındayıq ki, bu qədər qiymətli xəzinəni digər hansı filmlərdə əks etdirək. Çünki yubiley filminin vaxt baxımından bir çərçivəsi var. Yubiley tədbirində çıxışları da nəzərə alaraq, iştirakçıların izləyə biləcəyi maksimum yığcam bir film ərsəyə gətirməliyik. Ona görə də qərara aldıq ki, yubiley üçün iştirakçılara hədiyyə edəcəyimiz bir saatlıq həcmində film də hazırlayaq. 
Fikrimiz var ki, həmin bir saatlıq film televiziya kanallarında da nümayiş etdirilsin və bütün cəmiyyət baxa bilsin. Yubileydə təqdim edəcəyimiz film isə ən mühüm anları özündə əks etdirən 20 dəqiqəlik film olacaq. Axtarış dövrü başa çatıb. 105 saatlıq materialın içərisindən 20 dəqiqəlik film çıxarmalıyıq. Filmin operatoru, Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş Yuri Varnovski deyir ki, mən indiyə qədər həyatımda bu qədər gərgin iş rejimində olmamışdım. Biz Moskvaya, Peterburqa nümayəndələr göndərib arxiv materiallar əldə etdik. Film zamanı əldə olunan bütün materiallar daha sonra Akademiyanın arxivinə təhvil veriləcək və gələcək nəsillər üçün saxlanılacaq. 
Əldə etdiyimiz videolentlərdə Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay kimi görkəmli alimlərin çıxışları, o vaxt Akademiyanın mühüm hadisələrini əks etdirəcək lent yazıları var. Eyni zamanda, biz müxtəlif arxivlərdən Akademiyanın keçdiyi inkişaf yoluna həsr olunmuş, 80-ci illərə qədərki dövrləri əks etdirən, müxtəlif institutların fəaliyyətini özündə cəmləşdirən 200-ə yaxın çap olunmamış şəkil əldə etmişik. Onların da ən vacibləri filmdə istifadə ediləcək.

Filmin aparıcı istiqamətlərindən biri Akademiyanın müstəqillik dövrü inkişafını göstərməkdir. Filmdə məntiqlə aydın şəkildə göstərilir ki, Akademiyanı məbəd səviyyəsinə qaldırılmasında xalqımızın Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu vardı. O, həm Sovet dövründə, həm də müstəqillik dövründə ziyalılara, elmin inkişafına, Akademiyaya böyük önəm və dəstək verib. 
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra, hələ Prezident seçilməmişdən əvvəl Akademiyaya gələrək ziyalılarla görüş keçirdi və bildirdi ki, heç bir çətinliyə baxmayaraq, Azərbaycan elmi inkişaf etməli, qorunub saxlanmalı, yaşamalıdır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin hamısının mayasında elm dayanır.
Texnoloji düşüncədə yenilik olmasa, cəmiyyət durğunluq dövrünü yaşayar və normal inkişaf edə bilməz. Elm ölkənin intellektual inkişafına təkan verən həlledici qüvvədir. Ona görə də Heydər Əliyev uzaqgörən bir dövlət xadimi kimi alimi, ziyalını yüksək qiymətləndirərək AMEA-nın qorunub saxlanmasını nəinki məqsədəuyğun hesab etdi, bunu konkret olaraq reallaşdırdı.

İndi Prezident İlham Əliyev də AMEA-ya böyük qayğı göstərir. Ölkə Prezidentinin bir neçə dəfə Akademiyada və onun müəssisələrində – Şamaxı Astrofizika Rəsədxanasında, AMEA-nın Elektron Kitabxanasının açılış mərasimində, Akademiyanın ümumi yığıncağında iştirakı, çıxışları, tövsiyələri, tezisləri və Akademiyanın inkişafına dair sərəncamları bu gün qurumun inkişafında böyük əhəmiyyət daşıyır. Dövlətin dəstəyi olmadan bu qədər böyük akademik qrupu qoruyub saxlamaq və inkişaf etdirmək çox çətindir.
Xarici ölkələrdəki akademiyaların çoxu ümumi yığıncaqlar, təntənəli yubileylər keçirən, nominasiyalar üzrə müsabiqələr təşkil edən klub xarakteri daşıyır, real elmi işlər həyata keçirmirlər. Akademiyamızın 70 illik yubileyi ilə əlaqədar dünya akademiyalarında gedən proseslərini öyrənirik. 


– Bu zaman hansı mənzərə ilə qarşılaşırsınız?


–XXI əsrdə dünyada akademik qurumlarda fərqli bir mənzərə nəzərə çarpır. Çox təəssüf ki, dünyanın inkişaf etmiş ölkələrində akademiyaların çöküşü, geriləməsi açıq şəkildə müşahidə olunur. Qazaxıstan kimi inkişaf etmiş bir ölkədə akademiya səhmdar cəmiyyət şəklində fəaliyyət göstərir, dövlət büdcəsindən maliyyələşmir. Bu format akademiyanı geriyə aparır. Digər MDB ölkələrində Akademiyanın seçki prosesləri də son dərəcə ləng gedir. Bizdə isə dəfələrlə seçki keçirilib, yeni qüvvələr gəlib, akademiklər formalaşıb. Bu, elmin inkişafına böyük təkan verir. 
– Bu yaxınlarda sözügedən filmin çəkilişi üçün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, akademik Jores İvanoviç Alfyorovla görüşünüz baş tutub. Onun Azərbaycan elmi haqqında qənaəti necədir?
– Akademiyanın prezidenti, filmin elmi məsləhətçisi akademik Akif Əlizadə ilə film üçün müsahibə alacağımız adamları müəyyənləşdirərkən bir neçə görkəmli elm xadiminin AMEA haqqında fikirlərini öyrənməyi məqsədəuyğun saydıq. 
Onlardan biri də AMEA-nın fəxri üzvü, akademik Jores İvanoviç Alfyorov oldu. Sankt-Peterburq Elmi Mərkəzinin rəhbəri Alfyorov Azərbaycanda çətin şəraitdə Elmlər Akademiyasının qorunub saxlanılmasını və ölkədə elm sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirdi. O, Azərbaycanda Elmlər Akademiyasının inkişafından, uğurla həyata keçirdiyi islahatlardan xəbərdardır. Görüşdə yeni tarixi mərhələdə AMEA ilə Peterburq Elmi Mərkəzi və onun institutları arasında əlaqələrin yenidən qurulması, əməkdaşlığın inkişaf etdirilməsi zərurətindən danışdıq. Akademik AMEA-nın 70 illik yubileyi tədbirlərində iştirak etmək dəvətini razılıqla qarşıladı.

Eyni zamanda, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən də Azərbaycanda elmin və Elmlər Akademiyasının inkişafı ilə əlaqədar müsahibələr almışıq. 


– Bu gün Elmlər Akademiyasının və rəhbəri olduğunuz Ədəbiyyat İnstitutunun prioritetləri nədən ibarətdir?


– Akademiyada 2 il ərzində 7 elmi tədqiqat institutu yaradılıb. Bir neçə yeni elmi mərkəz formalaşdırılıb. Biz mövcud ştatlarla büdcə daxilində islahatlar aparmaqla bir çox dəyişikliklər etməyə nail olduq.
Yeni elmi tədqiqat institutları və elmi mərkəzlər Akademiyanın maliyyə imkanı daxilində fəaliyyət göstərir və Azərbaycan üçün gərəkli olan sahələrin daha dərindən öyrənilməsinə xidmət edirlər. Məsələn, biz Qafqazşünaslıq İnstitutu, Dünya Siyasəti İnstitutu yaratmışıq. Siyasətin elmi əsasları öyrənilməlidir. Akademiyanın bütün sahələrində irəliləyiş var. AMEA-nın yeni nizamnaməsi yaranıb, müzakirə olunub. 
Yeni proseslər eyni zamanda humanitar və ictimai sahədə də həyata keçirilir. Yeni nizamnamə əsasında, bu sahələr bir-birindən ayrılıqda fəaliyyət göstərir və konkret hədəflərə doğru istiqamətləndirilir. 
Biz Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirmə konsepsiyasını hazırlamağı vacib saydıq. Böyük bir konsepsiya artıq layihə şəklində hazırdır. Onu Ədəbiyyat İnstitutunun Elmi Şurasında müzakirəyə çıxarmışıq.
Ədəbiyyat tarixinin çoxcildlik kitabı hazırlanır. Artıq 4 cildi hazırdır, 5-ci cild üzərində iş gedir. Bu cild XX əsr Azərbaycan ədəbiyyatını əhatə edir. 
Eyni zamanda, biz ilk dəfə olaraq, Azərbaycan mühacirət ədəbiyyat tarixindən bəhs edəcəyik. Sovet dövründə bundan bəhs etmək qeyri-mümkün idi. Mühacirət ədəbiyyatı istiqamətində də oçerklər yazılmaqdadır. Artıq iki kitab hazırdır. Biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü ədəbiyyatşünaslıq irsi, digəri Əli bəy Hüseynzadənin haqqında olan elmi əsərlər, məqalələr toplusudur.

Bu yaxınlarda Ceyhun Hacıbəylinin fransız dilində yazdığı 160 səhifəlik xatirələrini əldə etmişik. O xatirələr indiyədək əlimizdə deyildi, əldə etdik və tərcümə olundu. Redaktə prosesindən sonra ilin sonuna qədər çap ediləcək.

Ədəbiyyat İnstitutunda, həmçinin oncildlik türk xalqları ədəbiyyatı antologiyası hazırlayırıq. Artıq 1-ci cild hazırdır.


– Müasir ədəbiyyatımızın ümumi vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu gün müstəqil Azərbaycan ədəbiyyatının əsas qayəsi nədir, yaxud nə olmalıdır? 


– Azərbaycanda müstəqillik dövrü ədəbiyyatı yaranır. Müstəqilliyimiz elə keşməkeşli, böyük ictimai-siyasi, iqtisadi, hərbi proseslərdən keçib gəldi ki, onu sintez etmək, kənardan baxıb yazıçı müdaxiləsi etmək üçün zaman lazım idi. Ancaq indi aydın görmək olur ki, artıq yeni imzalar, müəlliflər, yeni əsərlər var. Ədəbiyyatda yeni nəsil var, sadəcə, onlara yeni gözlə baxmaq lazımdır. O imzaları de-fakto qəbul etməliyik. Bu, o demək deyil ki, onların yazdığı hər şeyə “yaxşı” demək lazımdır. Sadəcə, onlara yol göstərmək də, bələdçilik etmək də, qiymətləndirmək də bizim borcumuzdur.

Ancaq bu gün ədəbiyyatımızın bir neçə problemini də görürəm. Uşaq ədəbiyyatı çox zəif inkişaf edib. Ədəbiyyatın böyük vəzifəsi müstəqillik dövrünün yeni insanlarını tərbiyə etməkdən ibarətdir. Hələ də Sabirin, Abdulla Şaiqin, Abbas Səhhət, Rəşid Əfəndiyevin, digər uşaq yazıçılarının əsərləri ilə kifayətlənməli oluruq.


– Ədəbiyyat İnstitutunda müasir ədəbi proseslər necə araşdırılır, hansı qənaətlər hasil olunur. Sizcə, xələflər sələfləri layiqincə əvəz edə bilirlərmi? 


– Azərbaycan ədəbiyyatı var, o, tədricən Sovet ideologiyasından ayrıldı. Ədəbiyyatımız azərbaycançılıq təfəkkürü ilə inkişaf edir.

Milli-mənəvi dəyərlər, soy-kök, Azərbaycan reallığı, Azərbaycan coğrafiyası, vətənpərvərlik, millətçilik, milli istiqlal – bütün bunlar müasir Azərbaycan ədəbiyyatının mövzularıdır. Bu mövzularda zəif və güclü əsərlər var, ancaq bütövlükdə bugünkü dövrün ədəbiyyatıdır. Ədəbiyyat İnstitutunun da borcu bu prosesi yönləndirmək, inkişaf etdirməkdir. Mən yeni ədəbi nəsil haqqında pessimist deyiləm, bu nəsil yetişməkdədir.

– Bu gün ədəbi nümunələrin dəyərləndirilməsi, ədəbi tənqidin durumu sizi qane edirmi? Ədəbiyyat İnstitutu bu sahəni canlandırmaq, gənc tənqidçilərin xidmətindən yararlanmaq baxımından hansısa layihələr həyata keçirməyi nəzərdə tutubmu?

– Ədəbiyyat İnstitutunda Ədəbi tənqid şöbəsi yaratmışıq. Ədəbiyyat tarixi ədəbi tənqidsiz mümkün deyil. Ədəbiyyat İnstitutunun işi yalnız ədəbiyyat tarixinə qiymət verməkdən ibarət deyil, eyni zamanda, müasir ədəbi prosesləri araşdırmaq, qiymətləndirməkdir. İnstitutda əvvəllər Müasir ədəbi proseslər şöbəsi olmuşdu, ancaq qısa müddətdən sonra bağlanmışdı. Ədəbi tənqid şöbəsi aktiv fəaliyyət göstərir. Müasir ədəbi prosesi izləyir və istiqamətləndirir. Artıq 2 ildir ki, bu şöbənin əməkdaşlarının Akademiyanın digər üzvləri ilə bir yerdə hazırladığı ilin ədəbi yekunlarına həsr olunmuş müasir ədəbi proses müşavirəsi keçirilir. 2013-cü ildə müşavirədə 7 məruzəçi var idi və hərəsi bir janr haqqında məruzə edirdi: 2013-cü ilin nəsri, poeziyası, uşaq ədəbiyyatı, dramaturgiyası, publisistikası.

Ancaq 2014-cü ildə 14 məruzəçi oldu. Artıq hekayə, povest, roman və sairə üzrə ayrı-ayrı məruzəçilər var idi. Bu, ona görə idi ki, müasir ədəbi prosesi detallarına qədər izləyə bilək. Məruzələrin çap variantı da olacaq.

Müşavirələr göstərir ki, ədəbi tənqiddə artıq yeni nəsil formalaşır. Onların məruzələrində peşəkar yanaşmalar özünü göstərir, qiymətli elmi mülahizələrin ortaya çıxdığını görmək olur. Yeni yaradıcı nəslə həm meydan vermək, həm də onlara tələbkar yanaşmaq lazımdır. Mən artıq ədəbi tənqidin yeni nəslini görürəm. Bu nəsil müasir ədəbi prosesi dərindən bilir, yaxşı hiss edir, məsuliyyətini dərk edir və istiqamətləndirməyə gücünü səfərbər edir. Bu gün artıq tamam yeni Ədəbiyyat İnstitutu yaradılıb, yeni şöbələr, yeni aparıcı qüvvələr var.

Eyni zamanda, böyük təcrübəsi olan, gənclərin yetişməsində böyük rolu olan ağsaqqal nəslimiz var. Onların əsərləri özü böyük məktəbdir. Proqramların həyata keçirilməsində, idarəçilikdə orta nəsil daha böyük qüvvə sərf edir, ancaq çalışırıq ki, gənc nəslə də meydan verək.

– Məlum olduğu kimi, Ədəbiyyat İnstitutu Rusiyada çıxan “Literaturnaya qazeta” ilə əməkdaşlıq edir. Bu yaradıcı proses zamanı hansı istiqamətdə təbliğata üstünlük verirsiniz?

– Ədəbiyyat İnstitutunun borcu həm ölkədə bu sərvəti xalqa çatdırmaq, həm də Azərbaycan ədəbiyyatını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bu istiqamətdə xeyli işlər görülür. Eyni zamanda, Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan “Literaturnaya qazeta”nın birgə layihəsi işıq üzü görür. Moskvada A3 formatında nəşr olunan “Literaturnaya qazeta”nın aprel və iyun nömrələrinin dörd səhifəsi başdan-başa Azərbaycan şifahi xalq poeziyasına həsr olunub.

Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrdən çoxsaylı seçmələr verilib. Biz istəyirik ki, Azərbaycan ədəbiyyatını həm elmi cəhətdən, həm də seçilmiş örnəklərin ən yaxşı tərcümələrini təqdim edək. Həmçinin Azərbaycanın təsvir sənətindən də nümunələr veririk. “Literaturnaya qazeta”da Azərbaycan poetik folklor nümunələri “Xalq boxçasından ilahi xəzinə” başlığı altında oxuculara çatdırılır. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim nəğmələri, xalq mahnıları “Literaturnaya qazeta”nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın və Tatyana Straşnevanın tərcümələri ilə verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər də yer alıb ki, bu da səhifələrin cəlbedici tərtibatını nəzərə çarpdırmaqla yanaşı, layihənin əsas məqsədi olan xalq ruhunun əyani surətdə əks etdirilməsinə xidmət edir.

– Ümumiyyətlə, necə hesab edirsiniz, bu gün Azərbaycan ədəbiyyatını dünya müstəvisinə çıxarmaq və layiqincə təmsil etmək üçün hansı əsərlər seçilməlidir? Dostoyevski deyirdi ki, qiyamət günü bəşəriyyət Tanrı dərgahına “Don Kixot” əsəri ilə çıxa bilər. Bu mənada, Azərbaycan ədəbiyyatından hansı nümunələrə üstünlük verərdiniz?


– Azərbaycan ədəbiyyatını dünya müstəvisinə çıxarmaq üçün əvvəlcə öz dilimizdə dünya miqyaslı əsərlər yazmaq lazımdır. Mirzə Fətəli Axundovun əsərləri Azərbaycanla yanaşı, dünya ədəbiyyatının sərvəti sayıla bilər. Çünki ümumdünya ədəbiyyatı ölçülərinə, dəyərlərinə malikdir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Qurbanəli bəy”, “Usta Zeynal” kimi hekayələri, “Ölülər” pyesi Şərq və Qərb dillərinə mükəmməl tərcümə olunsa, onlar dünya ədəbiyyatının şedevrləri kimə qəbul edilər.

Milli təfəkkürü, milli mənafeyi irəli aparan bir neçə yazıçının adını çəkə bilərəm. Bu, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabirdir. Bu epoxa Azərbaycanda və ölkəmizdən kənarda modern cəmiyyəti formalaşdırdı. Son 200 illik Azərbaycan cəmiyyətinin inkişafını onların əsərləri olmadan təsəvvür etmirəm. Mən inanıram ki, belə yazıçılar yenə yetişəcək.


  “Aydın yol” 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10