İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya

1124 Baxış

     isahebibeyli  Akademik  İsa Həbibbəyli 

            Xalq yazıçısı İsa Hüseynovun Azərbaycan ədəbiy-yatında böyük yeri və sanballı xidmətləri vardır. Tanınmış sənətkarın yaradıcılığını ədəbi cəhətdən iki mərhələyə ayırmaq olar. Heç şübhəsiz, birinci mərhələ onun 1950-1980-ci illərdə yazdıqları ilə şərtlənir. Bu dövrdə İsa Hüseynov üçün ən xarakterik cəhət yaşadığı keçmiş sovet ideologiyasını mümkün qədər toxunmadan gerçək həyatı və real insanları əks etdirmək əsasında cəmiyyətə öz sözünü deməkdən ibarət olmuşdur. Etiraf etmək lazımdır ki, çətin və mürəkkəb mərhələdə İsa Hüseynov canlı həyat nəfəsi üstündə köklənmiş maraqlı, cəlbedici əsərləri ilə real gerçəkliklərin təsviri və sadə insanların adi həyatı ilə ifadə olunan ciddi, mühüm mətləblərin böyük ədəbiyyatını yarada bilmişdir. İsa Hüseynovun qeyd olunan dövrdəki hekayələri ilə sanki bu janr təzə mərhələdə yenidən doğulmuşdur. İsa Hüseynovun sayca çox olmayan hekayələri həyatın elə seçilmiş anlarına, yaxud da sadə insanların dünyasının elə dərin qatlarına işıq sala bilir ki, bunlar yalnız məhz onun müşahidələri əsasında yazıla bilərdi. Bütövlükdə isə İsa Hüseynov əsərləri ilə çətin ideoloji mühit çərçivəsində də ciddi yazıçı sözü deməyin mümkünlüyünü isbat edə bilmişdir. İsa Hüseynovun «Bizim qızlar», «Yanar ürək», «Teleqram», «Tütək səsi», «Kollu koxa» povestləri Azərbaycan ədəbiyyatında bu janrın bənzərsiz nümunələridir. İsa Hüseynov povestlərində həyatı roman miqyasında dərin və əhatəli şəkildə göstərmişdir. Yazıçı insan talelərini həqiqətən yanar ürəklə təsvir etmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman  haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «Doğma və yad adamlar» romanı povestlərdən ibarət roman təəssüratı yaradır. İsa Hüseynov sözünü povest həcmində və lakin roman dərinliyində deməyin ustadıdır. «Doğma və yad adamlar» romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. «Doğma və yad adamlar»la İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır. Yazıçı «Doğma və yad adamlar»dan keçərək «Məşhər» romanı mərhələsinə gəlib çatmışdır. «Məşhər»lə İsa Hüseynovun yaradıcılığının birinci mərhələsi tamamlanır. Eyni zamanda, İsa Hüseynovun yaradıcılığında «İdeal»a keçid də «Məşhər»dən başlanır.

İsa Hüseynov yaradıcılığını xarakteri etibarilə məşhur qırğız yazıçısı Çingiz Aytmatovun povestləri ilə müqayisə etmək olar. Bu əsərlərdə gerçəkliyin yaratdığı gərginliklər yazıçı müşahidəsindən və sənətkar təxəyyülündən doğan mükəmməl bir lirizmlə müşayiət olunur. İsa Hüseynovun həyatın və insan mənəviyyatının dərinliklərinə qədərki axtarışlarında son dərəcə səmimi, təbii, inandırıcı, real və eyni zamanda obrazlı görünür.

Bu mənada İsa Hüsenovun yaradıcılığı Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funkiyasını daşıyır. İsa Hüseynovun əsərləri Azərbaycan altmışıncılarının möhtəşəm bir proloqudur. Sanki İsa Hüseynov doğma və yad adamlar haqqındakı qənaətlərini, yazıçı təəssüratlarını Azərbaycan altmışıncılarına təhvil verib, özü tamam yeni bir sahə ilə, «İdeal» romanı ilə və onun davamı olan yeni dünyanı təsvir etməklə məşğul olmağa keçmişdir. «İdeal» yalnız İsa Hüseynovun yaradıcılığında deyil, geniş mənada Azərbaycan ədəbiyyatında özünəməxsus bir istiqamətdir. «İdeal»a hər şeydən çox İsa Hüseynovun dünyası kimi baxmaq olar. Ədəbiyyat gözü ilə baxanda «İdeal» mücərrəd görünür. Lakin «İdeal» romanı çap olunduqdan sonrakı şəxsi həyatı və yaradıcılığı göstərdi ki, İsa Hüseynov bu qəbildən olan əsərlərində inandığı və sanki hətta yaşadığı dünyanı təqdim edir. «İdeal»da və sonrakı əsərlərində İsa Hüseynovun inanaraq formalaşdırdığı Saf Ağ dünyası ədəbiyyat üçün utopiya kimi görünsə də, İsa Hüseynov üçün gerçəkliyin ifadəsidir. Əgər bu fəlsəfə «İdeal»la bitmiş olsaydı, onda Saf Ağ yolu İsa Hüseynovun yaradıcılığında keçici bir ovqat, yaxud keçid dövrü romanı kimi qəbul etmək olardı. Lakin yazıçının bundan sonra yazdığı «Qəbiristan», «Cəhənnəm» “GurÜn” “İsahəq, Müsahəq”, “İlan dərəsi” kimi əsərlərində «İdeal»-da təqdim olunan dünyanın daha da sistemləşdirdiyinin, dərinləşdiyinin şahidi olduqdan sonra bütün bunlara İsa Muğanna dünyası kimi baxmaqdan başqa yol qalmır. İsa Hüseynov Saf Ağ Yola haradan gəlib çıxmışdır? Nə üçün İsa Hüseynov «Tütək səsi»nin davamını yox, «İdeal»ın dərinliyini yazmağı zəruri saymışdır? Hətta bəzən İsa Hüseynovun «İdeal»a qədərki əsərlərindən imtina etmək barədə fikirlər səsləndirməsi Saf Ağ elminə nə qədər üstünlük verdiyini, inandığını diqqətə çatdırır. Bütün hallarda «İdeal» romanından sonra Xalq yazıçısı İsa Hüseynovun yaradıcılığında yeni bir mərhələnin, İsa Muğanna dövrünün başlandığını və otuz ilə yaxın davam etdiyini, yeni əsərlərlə daha da möhkəmləndiyini görürük. Bu mərhələnin həm ayrıca ciddi tədqiqata, həm də bütövlükdə İsa Hüseynovun yaradıcılığı ilə tam olaraq bir yerdə tədqiqinə böyük ehtiyac vardır. Fikrimcə, Azərbaycan tənqid və ədəbiyyatşünaslığı hələ ki bu mərhələyə seyrici kimi yanaşır. Artıq İsa Hüseynov da, İsa Muğanna da, əsərləri də ədəbiyyat tarixi hadisəsinə çevrilmişdir. İndi ciddi tədqiqatçı sözünə ehtiyac vardır.

Son illərdə artıq İsa Muğannanın «İdeal» romanı və sonrakı əsərləri haqqında yeni tipli tədqiqatlara başlanılmışdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqovun İsa Muğannanın yaradıcılığı ətrafındakı araşdırmaları bu mərhələnin elmi təhlili baxımından maraq doğurur. Şəmil Sadıqovun «İdeal»dan sonrakı ədəbiyyata dair baxışlarında məsələnin mahiyyətinə varmaq mənasında əhəmiyyətli səslənən fikirlər və mətləblər çoxdur. Şəmil Sadıqov «İdeal»a və sonrakı əsərlərə İsa Muğannanın gözü ilə baxır. Bəs bu əsərlərə İsa Hüseynov bucağından yanaşılarsa, hansı nəticə meydana çıxa bilər? Varilsliyi, əlaqəni, bağlılığı tərcümeyi-halın və sənətin harasında, hansı qatında axtarmaq lazımdır? Şəmil Sadıqovun Saf Ağ elmi barədə sistemli elmi baxışlara malik olması bütövün, tamın parçalarının da tapılıb müəyyən olunacağına nikbin baxmağa çağırır. Şəmil Sadıqovun tədqiqatları İsa Muğannanı elmi şəkildə öyrənməyin ümid verici bir başlanğıcıdır. Onun oxuculara «Ölümündən sonrakı həyat» adı ilə təqdim etdiyi materiallar İsa Muğanna həqiqətini müəyyən etməyə işıq salan düşüncələri əks etdirir. Xüsusən, İsa Muğannanın bir səhifəlik axırıncı əlyazmasının oxuculara təqdim edilməsi ilə bir çox mətləblərin elmi surətdə təsəvvür olmasına ümid yeri çoxalır. Bu əlyazma Saf Ağ elminin proqramı və yaxud da İsa Muğanna sənətinin ümumiləşmiş bir manifestidir. İsa Muğannanın dünyasının üfüqləri də, konturları da, məntiqi də axırıncı əlyazmasında xüsusi ilə hiss olunur. Ona görə də bütövülkdə «Ölümdən sonrakı həyat» məqalələr toplusu, o cümlədən bu toplunun əsas sənədi olan bir səhifəlik əlyazma İsa Muğanna dünyasını öyrənmək üçün əsas verir. Bu əlyazma mücərrəd olsa da, həm də İsa Muğannanın əbədiyyətə aparan yolunun da məramnaməsidir. Haradan baxsaq, «Ölümdən sonrakı həyat»da toplanan materiallar «İdeal»dan sonrakı ədəbiyyatı və bütöv bir dünyanı doğru-düzgün öyrənməyə şərait yaradır. Doğrudur, «Ölümdən sonrakı həyat» məqalələr toplusunda «İdeal»dan sonrakı İsa Muğannaya ideal kimi baxmaq meyli də hiss olunmaqdadır. Bəlkə də, İsa Muğannanın sənət  dünyasının sirləri də bu məqamda, yeni təqdim olunan materiallar əsasında və ya axırıncı əlyazmanın diktə etdiyi həmin nöqtənin ətrafında açılacaqdır? Bütün hallarda Şəmil Sadıqovun «İdeal»dan sonrakı ədəbiyyatın da və həyatın da içərisində olması onun İsa Muğanna həqiqəti barədə dərin və əsaslandırılmış elmi söz deməyə köklənməsini şərtləndirmişdir. Bu mənada «Ölümdən sonrakı həyat» bəlkə də bütövülkdə nəticə etibarilə «İdeal»dan sonrakı ədəbiyyatın açarı ola biləcəkdir.

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10