İşığımız sönməyəcəkdir – Ömər Faiq Nemanzadə

20 Baxış

19

Bu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahidlərdir.

Belə şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı “Nəyimizin vaxtıdır?” məqalələridir.

Üzeyir bəy o uzun məqalələrində düçar olduğumuz dərdləri bir-bir sayır, bugünkü halımızı, yəni hər işdə tənbəlliyimizi, qeydsizliyimizi, həmiyyətsizliyimizi, bacarıqsızlığımızı çox doğru, çox ətraflı olaraq təsvir edir. Hətta naxoşluğumuzun qorxulu olduğunu da göstərir. Lakin çox heyf ki, səbəblərini və əlacını açıq göstərmir. Ümumi bir sözlə: “içimizi, çölümüzü düzəldək” deyir.

Amma nə cür düzəldək? Burasını mühərrir cənabları ya bizdən qısqanmış və ya sonraya buraxmış olmalıdır ki, üstünü açmayır. Açdığı ancaq burasıdır ki, deyir:

“İndi bu on ilin ərzində bu milli təşəbbüslərimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda “bol-bol” mənfəətlər görməli idilər; bu tərəqqi və təkamül mənbələrindən saçılan işıqların dairəsi hər il getdikcə böyüyüb cəhalət qaranlığının ən uzaq guşələrini işıqlandırmağa başlamalı idi; halbuki əksini görürük: işıq dairəsi ildən-ilə sönməyə maildir və bu sayaq ilə qalarsa, bu gün dəxi sönəcəyi aşkardır”.

Xeyr, əzizim, xeyr! İşıq dairəmiz sönməyə mail olsa da arxayın olunuz, sönməyəcəkdir. Bəlkə getdikcə böyüyəcək ki, ta babalarımızın keçməmələri üçün çəkilən Çin səddini də keçəcəkdir.

İşığımızın sönəcəyi 1905-ci ilin verdiyi “hüquq” ilə bu on il içində bacarmadığımızla isbat edilmək istənilir. Lakin elə sanıram ki, o “hüquq” ilə bu on il içində ancaq bu qədər tərəqqi ola bilər. Çünki tərəqqi və təkamülün bağlı olduğu iki qüvvət ki, biri mənəvi, digəri siyasidir, bizdə indi-indi vücudlarını hiss etdirməyə başlamışlardır.

İslamın verdiyi mənəvi qüvvət zatən çoxdan zəifləmiş, siyasi qüvvət isə 1905-ci ildə oktyabrın 17-dən… bu halda hansı mənbələrdən saçılan işıq ilə bizim cəhalət qaranlığının, hələ uzaq guşələri qalsın, yaxın guşələri işıqlanmalı idi?

Təkrar edirəm, tərəqqi və təkamül mütləq iki şərtə bağlıdır: ya dini və ya siyasi təbəddülat. Bu təbəddülat və inqilablar hərçənd məmləkətin mühitinə, millətlərin təbiət və əxlaqlarına görə az-çox müxtəlifdir, amma nəticə cəhətilə hamısı birdir.

Doğrudur, bizdə 1905-də siyasi təbəddülat oldu. Lakin bu təbəddülat və inqilab tezdən böyük səmərələr verən təbiətdə deyildi. Bəlkə əsl təbəddülatın başlanğıcı, birinci təkməsi ilə, ikinci və üçüncü təkmələr üçün təbiətən dala və geri getmək lazım idi. Amma bu dala getmələr bütün-bütün dala çəkilib yıxılmaq üçün deyil, biləks qabağa getmək fikri ilə rahatlanıb daha zorlu təkmələr vurmaq üçündü.

Bəli, 1905-1906-cı illərin təsiri ilə bizdə hamı ilə bərabər “qızışdıq”, bir az çalışdıq. Sonra yavaşladıq, sanki yorğunluğumuzu almaq istədik, aldıq. İndi yenə hamı ilə bərabər biz də qızışmaya başlayırıq, çalışmaya üz qoyuruz.

Bu, bizim üçün çox əskiklik deyil.

Bu, inqilab və təkamülün təbii qanunudur. Hamının başına gələn bizim başımıza da gəlməkdədir.

Burasını da boynumuza alalım ki, 1905-ci ildə bizim payımıza düşən iş ancaq inqilabçıları yamsılamaq oldu. Əsl təbəddülata isə biz hələ təzə hazırlaşırız.

Umulur ki, ətrafımızda keçən vaqiələr, cahanı titrədən dəhşətli inqilablar bizim bu hazırlaşdırmamızı da tələsdirir. Və bir tərəfdən bu kimi xarici səbəblər, digər tərəfdən camaatımızın özündə olan təbii istedad yanmağa başlayan işığımızı “söndürmək” deyil, daha da artıq parladır.

Heç ola bilərmi ki, vaxtı ilə İbn Sinalar, Farabilər, Cövhərilər, Uluğbəylər, Cəlaləddin Rumilər, Əlişir Nəvailər, Füzulilər və qeyrilər kimi türk oğlu türk alimlər yetişdirən bir millətin işığı asanlıqla sönsün?

Hələ əskilərə, uzaqdakı tazələrə də getməliyəm. Hər dürlü hüquqdan məhrum məmləkətimizdə belə ən cahil və həmiyyətsiz vaxtımızda adi mirzələrdən – Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərdən – Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən – Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər, 12 manata qulluq edən kəndli əmələlərdən Murtuza Muxtarov kimi müqtədir texniklər və qeyrilə yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında artıq parlayacağı aşkar deyilmi?

Doğru, bu işıq sönən kimi görünür, lakin əsla sönməz, çünki o işıq özgə işıqdır, çünki özümüz kimi işığımız da qəribə xasiyyətlidir. Görürsən ki, bu işıq əsrlərdən bəri gah ətrafı qaplamış, bir çox yerlərdə hələ baqi qalan böyük mədəni əsərlər vücuda gətirmiş, gah azalıb kiçilmiş, həm də o qədər kiçilmiş ki, indiki kimi sönəcək zənn edilmiş, lakin sönməmiş. Bir az sonra yenə birdən parlamış, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yenə alçalmış, alçalmağın son dərəcəsinə gəlmiş, hər kəs sönəcək zənn etmiş, lakin sönməmiş. Yenə parlamağa üz qoymuşdur.

Madam ki, mədəniyyət aləminin fəxr etdiyi Farabilər və İbn Sinalar parladan əski bir millətin bu gün milyonlarca nəvələri – torunları var və həm də özlərini aləmə saydıracaq böyük bir kütlə surətində vardırlar, onların işıqları da var olub artacaqdır. Buna isə heç bir şübhə yoxdur.

“Açıq söz” qəzeti, 20 yanvar 1916, № 90.