İşıqlı dünyaya ilk gəlişim və Sən… Elxan Nəcəfov

29 Baxış
elxxannecefov
Senet.az oxucularına Elxan Nəcəfovun “İşıqlı dünyaya ilk gəlişim və Sən” yazısını təqdim edir.
Dünyaya gözlərimi açanda sıfır yaşında idim. Bu yaş yoxluqla varlıq arasında qalmaq kimi bir şeydir. Yaşadıqca öyrəndiklərim oldu, gördükcə başa düşdüklərim, başa düşdükcə dərk etdiklərim. Boğazımdan çıxan qığıltılı səslər belə səni gülüşə boğdu. Danışdım alqışladılar. Zaman keçdi hər gün günahsız ürəyimə günahkar nəfəslər doldu.
Bu nəfəslər əvvəlcə sənin mənə verdiyin tər-təmiz südü damarlarımdan qovdu. İllər keçdi, yaş üstünə yaş gəldi. Uşaqlıq dövrü geridə qaldı. Bu artıq danışdıqlarımın əhəmiyyət qazanmasıydı. Hər sözümün öz cavabı, hər hərəkətimin öz cəzası oldu. Və beləcə şərtlər dəyişdi…Yaşadıqca düşündüm, düşündükcə başa düşmədim, başa düşmədiyim üçün də dərk edə bilmədim. Artıq danışdıqlarımı alqışlayanlar da yoxdur. Susmağımı istəyənlər çoxaldı.
İlk dəfə addım atanda insanlar necə sevinmişdilər, yadındamı? Sən danışmağı öyrətdin, insanlar susmağı. Sən yeriməyi öyrətdin, insanlar yerimdə durmağı. Düşündükcə dərdim artdı. Kədərimi üzümdə gizlətdim. Elə bildim, gizlətmişəm. Sən demə hər kəs üzümdə kədəri duyurmuş. Yenə insanları güldürürəm. Kədərimlə, dərdimlə güldürürəm.
Anam…
İnsan valideynlərini valideyn olduqdan sonra başa düşür. (Başa düşməyənlər də var.) Və insan zamanın necə qəddarcasına  getdiyini onda anlayır. Məni bətnində ilk hiss etdiyin andan etibarən sən mənim anamsan. Sən o insansan ki, mənə görə zaman olub ki, iki insan olmusan – bir mən, bir də sən. Mən özümü hiss etməyəndə sən məni hiss etmisən. Dünyaya göz açanda ilk ağladığım an sənin ən sevindiyin an olub. Qəribə təzaddır, deyilmi??? Mən ağlayım sən güləsən? Bu sonra yenə baş verdimi? Yoooox!!! Sonra mən nə zaman ağladımsa, sən gülmədin. Mən ağladım, sən ömründən günlər sildin.
Mən dünyaya göz açanda yanımda olan ilk doğma insanım sən idin.  Ana və övlad olduq….
Məhəbbət dolu bu yolda sənin qayğınla yetkinləşdim. Sən hamıdan çox sevdin məni və sənin kimi heç kəs sevmədi.
Sənin gözündə dünyanın ən yaxşı övladı mən idim. Sən mənə doğru danışmağı öyrətdin. Deyirdin ki, yalan danışanda insanın dili uzun olur, ağzına yerləşmir. Sən mənə yaxşı insan olmağı öyrədirdin. Mən elə bilirdim ki, hamı yaxşı insan olmağı öyrənir və ya öyrənib.
Amma sən demə hamı yaxşı insan deyilmiş. Sən demə yalan danışanda insanın dili uzanmırmış. Bunların hamısı sənin dizində mürgüləyəndə olurmuş. Gəl etiraf edək. Çox mübahisələrimiz oldu sənlə. Sənə çox dedim mən: məni başa düşmürsən, məni anlamırsan. Elə bilirdim, mən hər şeyi bilirəm. Amma sonra başa düşdüm ki, yox. Səhv etmişəm. Sən demə mənim keçdiyim həyat yolunu sən çoxdan getmişdin. Mən sənlə razılaşmayanda sən o həyat yollarını qayıdıb mənimlə danışırdın. Mən səninlə hər dəfə ucadan danışanda gözlərin dolurdu, əlini çırpırdın. Mən onda səni heç başa düşmürdüm. Bağışla. Çox təəssüf, ana!!! İnsan yaşamadıqca öyrənmir ki…başa düşmür ki… O qədər çətinliklər yaşadıq ki səninlə. Hamısını həll etdik. Dəstək olduq bir-birimizə. Çətinliklər bitmir. Amma inan ki, səninlə olanda ağrılar, acılar da gözəldir. Mən həmişə səninləyəm.
Bilirsən? Mən yenə öyrənirəm, öyrəndikcə başa düşürəm, başa düşdükcə dərk edirəm. Dərk edirəm ki, həyat özü dərsdir. Dünya böyük bir dərs otağıdır. Bu dərs otağında iki müəllim var:  sən və həyat. Həyat nə qədər çox şey öyrətsə də, sən həyatın özünü öyrədirsən.
Sən mənim ən sevimli müəllimimsən!!!
KÖŞƏ YAZARLARI
TOP 10