İşıqlı insan haqqında xatirələrim – Əlisəfdər Hüseynovun qeydləri

12 Baxış

shahmar elekberov

(Şahmar Ələkbərovun ruhuna)

Bir gün sonra Azərbaycan kinosunun inkişafında mühüm xidmətləri olan gözəl aktyor və insan Şahmar Ələkbərovun doğum günüdür. Onun sənəti, kinomuza gətirdiyi yeniliklər barədə sabah paylaşacağım yazıda ətraflı danışacam. Bu gün isə sağlığında ünsiyyətdə olub yaxından tanıya bildiyim bu işıqlı insanla bağlı xatirələrimi bölüşmək istəyirəm…

1984 – cü ikin erkən yazı idi. Universitetin 4- cü kursunda oxuyurdum. Bir gün əməkdaşlıq etdiyim “Bakı” qəzetindən Şahmar müəllim haqqında yazı hazırlamaq tapşırığı aldım.

Telefonunu tapıb həyəcanla zəng vurdum. Dəstəyi özü qaldırdı. Necə-necə dublyaj filmlərindən (xüsusilə də hind filmlərindən), habelə öz istehsalımız olan ekran əsərlərindən mənə tanış və doğma səsi eşidən kimi bütün həyəcanım, səksəkəm çıxıb getdi öz işinin dalınca. Mənə elə gəldi ki, hər gün ünsiyyətdə olduğum doğma insanla, tay- tuşumla danışıram.

Niyyətimi bildirdim. Şahmar müəllim soruşdu:

- Sən həmin qəzetdə işləyirsən?

Dedim:

- Xeyir, Şahmar müəllim tələbəyəm… – və dərhal da xəfif bir nigarançılıq yenidən məni çulğladı.

Gözlədiyimin əksinə olaraq Şahmar müəllim gur, şaqraq səslə dedi:

- Lap yaxşı. Tələbə yazısının özgə ləzzəti var. Sabah saat filan xaxtda səni evdə gözləyirəm.

Ertəsi gün deyilən vaxtda qapılarıını döydüm. Şahmar müəllum məni 50 ilin tanışı, dostu kimi qarşıladı. Çay süfrəsi arxasında maqaqlı, səmimi söhhbət etdik.Təkcə kinodan yox, başqa mövzularda da danışdıq və mən gördüm ki, həmsöhbətim istedadlı aktyor olmaqla yanaşı, həm də xalqını, vətənini sevən işıqlı, koloritli bir insandır…

Yazını yazlb təhvil verdim. Bəyəndilər, amma səhifəyə yox, “zaqona” qoydular. Nisbətən yaşlı nəsli təmsil edən həmkarlarım xatırlayar – o vaxtlar qəzet redaksiyalarında ehtiyat yazılar yığılan qovluq belə adlanırdı. Mənim yazımın da ora düşməyi müəyyən mənada gözlənilən idi. O dönəmlərdə qəzetlərdə, xüsusilə də partiya- sovet orqanlarında yalnız çoxlu və gurultulu titulları olan sənət adamları barədə yazıları səxavətlə verirdilər. Şahmar müəllim isə ümumxalq sevgisi qazanmış aktyor olsa da, sadəcə əməkdar artist idi (?!)…Üstəlik yazının müəllifi – yəni mən də tanınmış jurnalist yox, adicə tələbə idim…

Əlqərəz, yazının dərc olunması döndü divin xəlbirlə su gətirməsinə. 1 ay…2 ay…3 ay…- xəlbir dolmadı ki, dolmadı..Ürəyimdə yazını, necə deyərlər, dəfn edib, fatihəsini oxudum…

İyulda bizi Neftçalanın Bankə qəsəbəsindəki hərbi hissəyə ay yarımlıq hərbi toplanışa apardılar və səhərdən axşama kimi dəhşətli istilər və arı boyda ağcaqanadlarla mübarizədə keçən günlərin birində pivə içmək üçün rayon mərkəzinə gedən dostlardan biri əlində “Bakı” qəzetinin yeni nömrəsi mənə yaxınlaşıb deyəndə ki, bəs təbrik edirəm, qəzetdə yazın çıxlb, nə hisslər keçirdiyimi təsəvvür edin…

Deyəsən hansısa bir insaflı kəs xəlbirin deşiklırinin gözünü nə iləsə suvamışdı ki, tələbə də sevinsin…

elisefder huseynov

Şəhərə dönən kimi ilk növbədə Şahmar müəllimə zəng vurdum. Yenə də həmin şaqraq səslə məni təbrik etdi, dedi, mənim haqqımda ən yaxşı yazını elə sən yazmısan!

… Bir necə ildən sonra Şahmar müəllim ağır, sağalmaz xəstəliyə tutuldu, mürəkkəb cərrahiyyə əməliyyatlarına məruz qaldı, siması dəyişdi, o gözəl, məxər kimi yumşaq səsdən əsər- əlamət qalmadı və Şahmar müəllim mənim qənaətimə görə onu qarşıda gözləyən ölümün acığına, ölümü ləngitmək, azdırmaq üçün rejissorluğa keçdi – əvvəlcə Mərkəzi televiziyanın sifarişi ilə ” Sahilsiz gecə”, sonra isə öz ssenarisi üzrə “Qəzəlxan”, filmin çəkdi.

Şahmar Ələkbərov ən böhranlı vəziyyətlərdə belə həyatsevərliyini itirməyən, ümidsizliyə təslim olmayan nikbin insan idi…

“Sahilsiz gecə” Mırkəzi televiziya ilə nümayiş olunanda bütün respublikalar kimi Azərbaycanda da qaragüruhun xilaskar imicində at oynatdığı dönəmlər idi. Bir gün qəzetlərin birində oxudum ki, Azərbaycanlı qadınlar kinostudiyanın qarşısında piket keçirir, “Sahilsiz gecə” flmində guya bizim qadınların namusunu ucuz tutub onlarl biabır elədiyinə görə Şahmarı tələb edirlər ki, onunla haqq- hesab çəksinlər. Açıq-aşkar görünürdü ki, bu, ya kütlə təfəkkürünün dayazlığının nəticəsi, ya da hamam suyundan özünə dost tutanların fitnə- fəsadından başqa bir şey deyil. Çünki filmdə nəinki bu motivlərə işarə, heç onun izi- tozu da yox idi.Əksinə,Şahmar müəllim 30- cu illərdə qeyrətli Azərbaycan köşklərinin repressiyaya məruz qalmalarının həyatda öz dayaqlarını itirən qızların taleyinə necə ağır, sarsıdıcı zərbələr vurduğunu incə nüanslarla, ürək ağrısı ilə əks etdirmişdi.

Mən onda artıq “Bakl” qəzetində işləyirdim. Həmin o həyəcanlı dıqiqələrdə başa düşdüm ki, əgər səsimi qaldırmasam, Şahmarı bu qaragüruhun caynağından qurtarmağa az da olsa kömək etməsəm, mənim gələcəkdə göstərəcəyim jurnalistlik fəaliyyətinin heç qara qəpik qədər qiyməti olmayacaq

Gecə oturub ” Sahilsiz gecə”yə sərhədsiz iradlar” sərlövhəli böyük bir məqalə yazdım. Ertəsi gün onu “Ədəbiyyat və incəsənət” qəzetinə təqdim etdim və dünyanın ən nəcib, obyektiv insanlarından biri olan Nəriman Həsənzadənin xeyir- dyası ilə yazı növbəti nömrədə dərc olundu…

Əlbəttə, beyni qızmış qaragüruhun bu yazıdan nə sə qanacağı ehtimalı çox az idi. Amma bir neçə gün sonra elə mənim özümə də hədə- qorxulu məktublar gəlməyə, zənglər edilməyə başlayanda başa düşdüm ki, az da olsa istəyimə nail olub diqqəti Şahmardan yaylndıra bilmişəm.

Sonralar Şahmar müəllim radio verilişlərindən birinə müsahibəsində bu hadisəni minnətdarlıqla xatırlamışdı…

Şahmar müəllim son illər xatirələrini yazmağa başlamışdı. Onun bir hissəsi “Qobustan” jurnallnda “İş belə düşdü…” sərlövhəsi ilə dərc olundu. Şahmarın özü kimi son dərəcə səmimi, özü də respublikada bu janrda qələmə alınan ilk yazı idi. Amma nədənsə bu maraqlı xatirələrin ardı gılmədi. Belədə Şahmara telefon açdım, yazını davam etdirməyin zəruriliyini dedim…Şahmar müəllim nəyə görəsə köks ötürdü – ” Baxaq da, imkan olsa, möhlət verilsə davam edərəm” – dedi. Bir az ordan- burdan danışdıq və sağollaşdıq…

Nə biləydik ki, zalım əcəl yaxında imiş, lap yaxında…

Nur içində yat, gözəl insan!

Əlisəfdər HÜSEYNOV