İşləmək istəməyən məmurları necə dəyişdirməli?

23 Baxış


Ağ zanbaqlar ölkəsi
Senet.az 
Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından beşinci hissəni təqdim edir. 

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Təlimçi məmurlar

1816- cı ildə Finlandiyanın Rusiyaya ilhaq edilməsi şərtlərindən biri kimi bu ölkədə yeni konstitusiya qəbul edilmişdi və Finlandiya Milli Məclisi yeni konstitusiyaya uyğun hərəkət edirdi. Çar I Aleksandr Rusiya idarəçiliyinə keçən Finlandiyanın yeni konstitusiyasına həm özünün, həm də ondan sonra hakimiyyətə gələnlərin sonsuza qədər hörmət edəcəyi ilə bağlı bəyanat vermişdi.

Bir dəfə Milli Məclisin açılışı münasibətilə məmurların yığıncağı keçirildi. Bu iclasda Snellman da iştirak etmiş və çıxış edərək İsveç hakimiyyəti dövründən başlayaraq Fin məmurlarının fəaliyyət tarixinə nəzər salmışdı. Snellman məmurlara səslənərək bunları söyləmişdi:

İsveçlər çox yaxşı, çox ağıllı, çox namuslu və mədəni insanlardır. Mən isveçlliəri sevirəm. Onların arasında çox yaxşı dostlarım var. Səmimiyyətlə İsveçin hər sahədə müvəffəqiyyət qazanmasını arzulayıram. Lakin eyni zamanda bizim unudulmuş və yoxsullaşmış ölkəmizin İsveç hakimiyyəti altından çıxmasına sevinirəm. Mən xalqımın İsveç dövlətindən deyil, İsveç məmurlarından xilas olmasını alqışlayıram.

Finlandiyadakı İsveç mərmuları necə insanlar idi? Onlar həm Finlandiya, həm də İsveç üçün bir çox narahatlıqlar yaratmışdılar.

İsveçin özündə isə məmurlar ağıllı, dürüst və çalışqan insanlardır. Ancaq bizim ölkəmizdə belə deyildi. İsveç hakimiyyəti də bir çox ölkələrin etdiyi səhvləri təkrarlayırdı. Ən qabiliyyətli məmurlarını mərkəzə və daxildəki xüsusi əhəmiyyət kəsb edən şəhərlərə rəhbər təyin edir, paytaxtdan kənar, xüsusi əhəmiyyəti olmayan və daha ucqar ərazilərə isə məmur sinfinin artıqlarını, ya da cəmiyyətdə mövqeyini itirmişləri (deklas-Fr. Declasse: Sinifdə kimliyini itirmiş, dəyərini itirmiş insanlar.) göndərirdi.

Hər millətdə olduğu kimi bəzi kübar İsveç ailələrində də ərköyün, tənbəl, bacarıqsız, zərərli, ağılsız, içkiyə meyilli və cəmiyyətə faydası olmayan gənclər yetişirdi. Bütün məktəblərdən qovulmuş, heç bir ictimai təşkilata qəbul edilməmiş, heç yerdə iş tapmayan, öz hesabına bir iş görə bilməyən, əslində heç işləmək istəməyən bu gənclər bir müddət ailədən dolandıqdan sonra ailələrinin tapşırığı ilə ölkəmizə məmur kimi göndərilirdi.

Bu şəkildə qeyri-ciddi təhsil alıb ölkəmizə gələn, sayları min, hətta iki minə çatan İsveç məmurundan bizim gələcəyimiz üçün faydalı nə gözləmək olar? Özünüz düşünün. Əksəriyyəti tüfeyli həyat tərzi keçirən, aldıqları təhsil, lisey və 2-3-cü sinif səviyyəsində olan, bütün günü kef və eyş-işrət məclislərində vaxtlarını keçirən, bu savadsız və işbilməz məmurlar ölkəmiz üçün hansı taleyüklü məsələləri həll edə bilərlər ki?

Bu məmurlar işləmək istəmirlər və əslində bacardıqları bir iş də yoxdur. Vəzifələrinə qarşı maraqsız olduqları qədər xalqa qarşı qürurlu, özlərini bəyənmiş insanlar idi. İşdə olarkən qəhvə içərək, siqaret çəkərək, qəzet oxuyaraq, dostları ilə söhbət edərək və ya müzakirələr apararaq vaxt keçirirdilər. Bir iş üçün onlara müraciət edən insanları isə saatlarla gözlədirdilər. Özlərindən razı, işbilməz məmurlar insanlara xidmət göstərməli olduqları halda onlara qarşı çox kobud rəftar edirlər. Onları gözləyən insanlar isə saatlarla gözlədikdən sonra müraciətləri ilə bağlı bir cavab almadan dağılışıb gedirdilər. Onları saatlarla gözləyənlər isə yuxulu, məlumatsız, ancaq bir hind quşu qədər məğrur olan məmurun qəbuluna düşürdülər. Müraciət edən şəxs ağzını açmağa macal tapmamış “Bu gün çox məşğulam, sabah gəl” cavabını alırdı. Həmin şəxsin israr etməyinin də heç bir faydası olmurdu, “sabah gəl” deyə sözündən dönməyən məmurun qəzəblənməsi isə müraciət edən şəxsin idarədən qovulması ilə nəticələnirdi.

İş vaxtı bitən məmur isə hansısa əyləncə məkanında dincəlirdi. Bahalı içkilər su kimi axar, qadınlar ətrafında dolanırdı. Məmur da beləcə günün yorğunluğunu(!) çıxarırdı. Təbii ki, belə bir həyat tərzi çox pul tələb edirdi. Buna görə də xüsusi əhəmiyyətli dövlət işləri bu bataqlıqlarda rüşvətlə həll edilirdi. Bunları bilənlər isə yüksək səslə hesab soruşmaqdan qorxaraq, ancaq öz aralarında pıçıldaşırdılar.

Xalq ağlayır, inildəyir, şikayət edir, hirslənir, nifrət edir və “Madam ki, dövlət məmurları asan yolla pul qazanmaqla məşğuldurlar, biz niyə fürsətdən istifadə etməyək?”deyərək millətin sərvəti talan olunurdu.

Şükürlər olsun ki, indi məmurların vəziyyəti belə deyil. Yavaş-yavaş hər dövlət idarəsinə Fin məmurlarımızı yerləşdiririk və ya Finlandiyada yaşayan isveçlərdən layiq olanlarını təyin edirik. Bu dövrün dəyərini bilin. Çalışdığınız qurumda, vəzifədə elə ilk gündən yeni üsulları tətbiq edin. Köhnə iş qaydalarından uzaqlaşın. Tamamilə yeni və vacib üsulları tətbiq edin. Elə edin ki, hazırki dövlət müəssisələrində korlanmış köhnə idarəçilik formasından heç bir iz qalmasın. Artıq xalq da bilsin ki, məmurlar xalqın xidmətçiləridir. İş üçün sizə müraciət edənlərlə sıxıntı gətirən ağcaqanadlar kimi rəftar etməyin. Əlinizdən gəldiyi qədər işləri asanlaşdırın, çətinləşdirməyin. Hər kəsə qarşı gülərüz və xoşniyyətli olun. Sonda xalq başa düşsün ki, əgər bir iş sona çatdırılmırsa bu sizin etmək istəmədiyinizə görə deyil, qanuni olaraq edilməsi mümkün olmadığına görədir.

Başa düşün ki, siz məmurlar xalqı maarifləndirməkdə, öyrətməkdə müəllimlərdən əskik deyilsiniz!

Snellman mənalı gülüşlə belə bir sual ünvanladı:

Qanunsuzluğun ən böyük müəllimi kimlər olduğunu bilirsiniz?

Sualı yenə özü cavablandırdı:

Məmurların özüdür. Qanunları həyata keçirməkdə məsul olanlardır. Xalqa qanunlara necə itaət etməyin yollarını məmur öyrədir.

Buna görə də yeni Finlandiya dövləti üçün sizdən xahiş edirəm. Siz qanun adamı olaraq xalqa qanunlarla işləməyi öyrədin ki, onlarda səmimi şəkildə ədalət hisləri yaransın!

Bu konfrans Snellmanın ilk və son konfransı deyildi. Getdiyi hər yerdə fürsət düşdükcə məmurları istiqamətləndirməyə çalışırdı. Nəticədə xalqın məmurlara qarşı inam və hörməti artdı.

Bir-iki nəsil sonra bütünlüklə yeni bir Fin məmurlar heyəti meydana gəldi. Məmurlarin mədəni səviyyəsi və əxlaqı yüksəldi. Bütün dünyaya nümunə ola biləcək xidmətlər göstərdilər. Bu gün xalq məmurları ilə qürur duyur və onların işini məmnunluqla izləyir.

Türkcədən Azərbaycan dilinə uyğunlaşdıran- Gülşən Aslanova