İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransı keçiriləcək

76 Baxış

isescoAzərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən noyabrın 23-dən 27-dək Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci baş konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçiriləcək.

ISESCO-nun İcraiyyə Şurasının 36-cı iclasının rəsmi açılış mərasimi noyabrın 23-də “JW Marriott Abşeron” hotelində baş tutacaq.

Konfransda müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni mərhələyə, qəbul ediləcək qərarlar isə əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Tədbirdə beynəlxalq təşkilat və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar, dünyanın tanınmış simaları və media nümayəndələrinin iştirakı gözlənilir. Tədbirə ev sahibliyi edən ölkə nümayəndəsinin 12-ci baş konfransının prezidenti seçilməsi nəzərdə tutulur.

ISESCO-nun İcraiyyə Şurasının toplantısını Asiya, Afrika və Ərəb regionlarını əhatə edən 52 üzv dövlətin nümayəndəsinin iştirakı ilə ildə bir dəfə təşkil olunur. Toplantıda baş direktorun təşkilatın proqramı və fəaliyyəti ilə bağlı inkişaf üzrə tərəqqi hesabatı, eləcə də maliyyə hesabatı nəzərdən keçirilir, ISESCO büdcəsinə üzv dövlətlərin maliyyə töhfələri qiymətləndirilir

Təşkilatın ali qərarverici orqanı olan baş konfrans isə hər üç ildən bir keçirilir. ISESCO-nun ümumi fəaliyyət strategiyasını müəyyən edən baş konfrans zamanı təşkilatın fəaliyyət sferalarına aid olan məsələlərlə bağlı koordinasiya və qiymətləndirmə həyata keçirilir, təşkilatın növbəti üç il üçün Fəaliyyət Planı və büdcəsi təsdiqlənir.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10