İslamda yeddi rəqəminin sirri

66 Baxış

^16EF9D4047ED4A11E428CC98856B9CB7B42FB8EA3447B80C40^pimgpsh_thumbnail_win_distr

 

 

 

 

 

 

 

 

Sədaqət Əsgərova

Nizami Gəncəvinin yaradıcılığı bir çox alimlər tərəfindən tədqiqat obyekti kimi seçilmişdir. Lakin buna baxmayaraq, onun yaradıcılığında tədqiqata cəlb olunacaq istiqamətlər hələ də öz aktuallığını itirmir.

“Yeddi gözəl” poeması Nizami Gəncəvinin yeni insan axtarışlarıdır. Çünki şair tərəfindən təkcə hökmdar surəti yaratmaq məqsədilə yaradılmamışdır. Poemada Bəhram aparıcı qəhrəman olsa da, əsərin süjetini yeddi gözəl təşkil edir. Poemanın əvvəlində Bəhramın anadan olması, Yəmənə göndərilməsi təsvir olunur. Bütün bu hadisələr axını Bəhramı yeddi gözələ yaxınlaşdırır. Bəhram bir müddət atasının ölümü ilə əlaqədar yeddi gözəli unutmuş olsa da, əslində hadisələr onların ətrafında cəmlənir.

Məqsədimiz “Yeddi gözəl” poemasını təhlil etmək yox,  N.Gəncəvi yaradıcılığında yeddi rəqəminə tez-tez müraciət və simvollarla dolu, “Xəmsə”yə (beşliyə) daxil olan bu əsərin bir sıra mistik xüsusiyyətlərini araşdırmaqdır. 7 rəqəmindəki sirr, müqəddəslik nədir? Sadalamaya fikir verək: Göyün 7 qatı, yerin 7 qatı, həftənin 7 günü, göy qurşağının 7 rəngi, insanın yeddi bədəni var, “Quran”ın “Əl-Fatihə” (kitabı açan) surəsi yeddi ayədən ibarətdir, Allah-təala Ad qövmünün üzərinə yeddi gün külək əsdirmişdir, Peyğəmbər səllallahu aleyhi və səlləm Allaha dua etmişdir ki, onun camaatına Yusif əleyhissəlama göndərildiyi kimi yeddi il – yeddi illik aclıq – göndərməklə ona kömək etsin, Yusif peyğəmbərin yoldaşının yuxusunda gördüyü buğdadakı sünbüllərin sayı yeddi idi və sədəqənin savabı yeddi yüz dəfə bundan çox artırılır və s.

Bu sadalamanı artırmaq da olar.

Çoxsaylı funksiyaya malik olan yeddi rəqəmini müxtəlif istiqamətlərdə araşdırmaq mümkündür. Yeddi rəqəmi yalnız İslam dinində müqəddəs hesab olunmur. Digər dinlərdə də (xristian, buddizm) yeddi rəqəmi öz müqəddəsliyini qorumaqdadır. İstər xristian, istərsə də buddizm dinində yeddi rəqəminin özünün spesifik açıqlamaları var. Lakin biz digər dinlərdə deyil, yalnız İslam dinində bunu dərinliyinə varmağa çalışacağıq. Çünki, burada inam və etiqad kultu özünü sərgiləyir.

Yeddi rəqəminin xüsusiləşdirilməsi Allah-təalanın möcüzəsi ilə bağlıdır. Dünya altı günə xəlq olunsa da, Allah-təala insanın yaradılışını yeddi mərhələdə tamamlayır. Yedinci gün hər şey tamamlanır. Həftənin də yeddi günü var. Bu günlərin hər biri dini nəzərdən on dörd məsumlara aiddir. O günlər həzrətlərin adı ilə bağlıdır. İmam Əliyyən Nəqi(ə)-dan belə mötəbər bir hədisdə belə rəvayət olunur: Şənbə- həzrət Peyğəmbər (s)-ın adı ilə, Bazar – həzrət Əli(ə) –ın adı ilə, Bazar ertəsi – imam Həsən və imam Hüseyn(ə) adı ilə, Çərşənbə axşamı – imam Zeynəlabidin (ə)-ın, imam Məhəmməd Baqir (ə)-ın və imam Sadiq (ə)-ın adı ilə, Çərşənbə – imam Museyi Kazım (ə)-ən, imam Rza (ə)-ın, imam Məhəmməd Taqi (ə) və imam Əliyyən Nəqi (ə)ın adı ilə, Cümə axşamı – imam Həsən (ə)-ın adı ilə, Cümə günü – imam Zaman (əc) ın adı ilə bağlıdır.

Altı günə xəlq olunmuş bəşəriyyətin varlığı yeddinci günündə tam halını alır və bu günlərin hər biri on dörd məsuma aid oduğu üçün yeddi rəqəmi müqəddəs hesab olunur.

Əsl həqiqətdə isə bu hadisə (yəni 7 rəqəminin müqəddəsliyi) Məhəmməd peyğəmbərin “Merac”ı ilə bağlıdır(S.Ə.). Bildiyimiz kimi Merac – çıxmaq, yüksəlmək deməkdir. Quranda bu hadisə “İsra” adlanır. “İsra” – gecə gəzintisi deməkdir. İslamın tarixinə istinadən məlum məsələdir ki, Allah-təala Məhəmməd peyğəmbərə Cəbrayıl əleyhissəlam vasitəsilə “Büraq” adlı at göndərmiş və Məhəmməd peyğəmbər bu atın vasitəsilə göyə qalxmışdır. Səmada isə peyğəmbərimiz 7 qatdan keçmişdir. Peyğəmbərimiz hər qatdan keçdikcə  bir müqəddəslə rastlaşmışdır:

1-ci  qatda(səmada) – Adəm əleyhissəlamla

2 –ci qatda – Yəhya və İsa əleyhissəlamla

3-cü qatda – Yusif  əleyhissəlamla

4-cü -  İdris əleyhissəlamla

5-ci qatda -  Harun əleyhissəlamla

6-cı qatda  – Həzrəti Musa ilə

7-ci qatda – Həzrəti İbrahim ilə

Hər qatda rastlaşılan müqəddəs Peyğəmbərimizə (Meracda) insanın kamilləşməsi üçün məsləhətlər, əxlaqi nəsihətlər və s.sifətlər aşılamışdır. Deməli, 7 rəqəmi məhz buna görə İslam dinində müqəddəs hesab olunur. Kamil insan konsepsiyası isə N.Gəncəvinin yaradıcılığının ana xəttidir.Təsadüfi deyil ki, professor T.Məmməd “Mədəniyyətlərin inteqrasiyasında özününküləşdirmə (M.Peyğəmbərin meracı N.Gəncəvinin və Xorxe Luis Borxesin yaradıcılığında) adlı məqaləsində Meracnamənin ayrıca janra çevrilməsini N.Gəncəvinin adı ilə bağlayır, dəyərli alim T.Kərimli isə “Nizami “Xəmsə”sində meracnamə janrı” monoqrafiyasında “..meracnamə Nizami yaradıcılığında konkret bədii janr səviyyəsinə qaldırılmışdır”deyir.

Qayıdaq 7-nin üzərinə sonradan 2 qatın əlavə olunmasına. 7+2=9 Bəs bu iki nədir? Bu iki isə birincisi – ağıl, ikincisi isə – ilahi eşqdir. 7 qatı keçdikdən sonra Peyğəmbərimiz Sidrətül-Müntəhaya çatır. Bu da səmaları və cənnətləri qucaqlayan ulu varlıq ağacıdır. Buna görə də 7 ilə 9 da müqəddəs rəqəm hesab olunur və belə bir sual yaranır ki, iradə azadlığı, ağlın fərd və cəmiyyət dəyərlərində rolu, eyni zamanda ilahi eşqin Tanrı və insan münasibətlərinin tənzimlənməsində iştirakı nədən ibarətdir? Bu suala tədqiqatın növbəti hissəsində cavab axtarmağa çalışacağıq. Cavablandırma  isə  İslam dinindən başqa Buddizm və Xristianlıqda yeddi rəqəminin niyə müqəddəs hesab olunması müqayisəsində öz əksini tapacaq.

Ümumiyyətlə, N.Gəncəvinin “Yeddi gözəl” poemasında inam və etiqad kultunun işlənmə istiqamətini biz Tağı Xalisbəylinin “Nizami Gəncəvi və Azərbaycan qaynaqları” monoqrafiyasında oxumuşuq və həmin cədvəli bir daha nəzərdən keçirmək istərdik.

Sıra Farscagünlər Azərbaycancagünlər Yeddi iqlimŞahlıqları Yeddi iqlim şahzadələri Günbəzin və Bəhramıngeyimin rəngləri Şahzadələn danışdığı nağıllar Günlərə uyğun səyyarələr
1 Şənbə Şənbə Hind Furəg Qara Qara geyimli kənizin nağılı Saturn
2 Yekşənbə Bazar Çin-Təbriz Yəğmənaz Sarı Kəniz alan və satan şahın nağılı Günəş
3 Doşənbə Bazar ertəsi Xarəzm Nazpəri Yaşıl Bişr ilə Məlihanın nağılı Ay
4 Seçənbə Çərşənbə axşamı Səqlam Nəsrinnuş Qırmızı Ərə getmək üçün şərt qoyan qızın nağılı Mars
5 Çaharşənbə Çərşənbə Məğrib Azəryun Firuzə Mahanın nağılı Merkuri
6 Pəncşənbə Cümə axşamı Qeysər Humay Səndəli Xeyir ilə şərin nağılı Yupiter
7 Coma Cümə Kəsra Dürəst Xacənin nağılı Venera

Bu cədvəldə 7 qat öz əksini tapmır, hansı ki, yuxarıda tədqiqata cəlb edilir. Digər tərəfdən isə buradakı Bəhramın və geyiminin rəngləri də diqqətdən yayınmadı. Yaşıl rəng İslam rəngi, ən müqəddəs gün isə cümə günü hesab olunur. Belə olduğu halda nəyə görə bu cədvəldə  yaşıl rəng məhz cümə gününə deyil, bazar ertəsi gününə təsadüf olunur?

Yeddi rəqəminin başqa bir istiqamətinə fikir verək. Sufilikdə Məqam var və bu Məqamın 7- (tövbə, vərə, zöhd, fəqr, səbr, təvəkkül, riza) olduğu göstərilir. Kamilləşməyə doğru gedən yoldakı insanda mütləq sufilərdəki sadaladığımız bu 7 əsas olmalıdır. N.Gəncəvi də “Yeddi gözəl” poemasında Bəhram Guru 7 gözəllə (Furək, Yəqnəmaz, Nazpəri, Nəsrinnuş, Azəryun, Humay, Dürsəti) qarşılaşdırır. Belə bir sual ortalığa çıxır ki, müəllif nəyə görə əsas qəhramanı – Bəhram Guru bu yeddi gözəllə qarşılaşdırır? Çünki, bu qızların danışdıqları nağıllarda  Bəhram Gur səbr, düzlük, saf məhəbbət, bilik qazanmaq, qəhrəmanlıq və s. kimi etik-əxlaqi dəyərləri qiymətləndirir. (Baxmayaraq ki, Bəhram Gur sonda qızlardan əl çəkməli olur). Biz bu 7 gözəllə Bəhramın qarşılaşdırılmasında bir qədər yuxarıda sadaladığımız  sufilikdəki  7  məqamın önə çəkilməsini görürük. Deməli, “Yeddi gözəl” poemasındakı hekayələr poemanın ümumi qayəsi ilə birləşərək xeyirin şər üzərində qələbəsini təsdiq etməklə, bizə bir sıra inam və etiqad kultunun açılmasına kömək edərək rənglərin və rəqəmlərin mistik aurasındakı faktları sərgiləyir.

“Ustad” jurnalının 4-cü sayından