İslanmış arzular

120 Baxış

legendAytac Məmmədli

-Yenə başladı da söz-söhbət… A kişi, bunlara deyən lazım, kimin toyuğuna kim “kışş” deyib sizə nə axı?

Başlamışdı atamın söyləntiləri, özü də necə başlamışdı. Yox, onun bu söyləntilərinə daha çox qulaq asmaq həvəsim yox idi. Heç televizorda baxdığı xəbərlər də məni maraqlandırmırdı. Otağıma keçdim. Güzgünün önündə dayanıb özümə baxdım. Saçlarım xeyli uzanmışdı üç ayda. Deyəsən, anam demiş, “qıza oxşamağa” başlamışdım. Özümə gülməyim də tuturdu hərdən. Uşaqlıqdan oğlan kimi böyümüşdüm. Qarderobumdakı paltarlar da əksəriyyəti oğan paltarlarına bənzəyirdi. Saçımı uzun görən olmamışdı. Amma, üç ay bundan öncəyə qədər… Oğlan kimi geyinsəm də, “qıza oxşamasam” da rəfiqələrim məni çox istəyirdilər. Mən onların içində ən qoçağı hesab olunurdum. Hamısı mənimlə yola çıxanda ürəklənirdilər. Deyəsən, xasiyyətimdə də oğlanlara xas nəsə vardı. Rəfiqəm Leyla gitara dərslərinə yazılmışdı. Zəhləm gedirdi gitaranı götürüb “dınqıldadanda”. Neçə dəfə üzünə demişdim ki, mənim yanımda “dınq-mınq” eləmə. Bir gün qaşqabaqlı gəldi üstümə:

-İnci, ay İnci! Universitetin yanındakı küçədən keçəndə tindəki uşaqlar mənə söz atırlar. Adam deyilsən ha, məni tək göndərirsən kursa!

Elə hirslənmişdim, elə hirslənmişdim… “Öküz gəzirdim buynuzlamağa”…

-Eybi yox, gələrəm bu dəfə!-səsim də boğunuq çıxmışdı.

Növbəti dərsə Leyla mənlə gedirdi. Küçədə kimsə yox idi. Deyəsən, hirslənməyə səbəb də olmayacaqdı. Əttarlar küçəsinə dönüb balaca, yaşıl darvazadan içəri keçdik. Məhləni dınqıltı səsi bürümüşdü. Leylanı orda qoyub geri döndüm. Ondan sonra Leylanı ötürmək, sadəcə, adətim oldu. Bir gün də Leyla sevincək dedi:

- Gedirik dram teatrına!

-Niyə?-bu qızdan heç baş aça bilmirdim ki…

-Bizim kursun uşaqları konsert verəcək! Mən də səhnədə çalacam.

-Day denən başım-beynim gedəcək…

-Getməlisən!!!-əlimdən tutub az qala sürüdü məni.

Getdim o konsertə… Getdim… Amma, sevgiyə getdim… Eşqə getdim…

Konsertin gur yerində anam zəng eləmişdi. Həmişəki kimi, ona demədən konsertə gəlməyimin cəzası idi. Qaranlıq zaldan birtəhər keçib eşiyə çıxdım. Anamın telefonda məni danlamağı elə də uzun çəkmədi. Yenə söz verdim ki, gələn dəfə mütləq xəbəri olacaq. Qayıdıb yerimə keçmək istəyəndə ayağım nəyə ilişdi, bilmirəm, az qaldım ağzıüstə stulların arasına uzanım. Bir əl uzanıb qolumdan tutdu, sakitcə arxaya çəkib stulda oturtdu. Elə utanmışdım ki, dönüb yana baxmağa cəsarətim çatmırdı. Sözləri çox çətinliklə tapmışdım deməyə:

-Sağ olun… Yıxılmadım… Yaxşı ki…

-Dəyməz, xanım.

Büzüşüb oturmuşdum stulda. Konsert bitənəcən dönüb o tərəfə baxmamışdım. Sonda qapıya yaxınlaşıb ordaca Leylanı gözləməyə başladım. Bir azdan Leyla qarabəniz, ucaboy bir oğlanla gəldi. İkisi də bir-birinə baxıb gülümsəyirdilər. Mənə çatanda Leyla qolumdan tutdu. Üzünü oğlana tərəf çevirib dedi:

-Ümid, bu İncidir. Mənim qoruyucumdu… İnci, bu da Ümid, mənim gitara müəllimimdir.

Hər ikimiz eyni anda dilləndik:

-Şad oldum…

Səs həmin səs idi. Məni yıxılmağa qoymayan adamın səsi…

-Üzr istəyirəm, bayaq az qala yıxılacaqdım…

Oğlan qəhvəyi gözləri qıyılıncaya qədər güldü. O güldükcə ürəyim əsirdi. Qəribə bir utancaqlıq bürümüşdü ruhumu.

-İnci xanım, burda üzr istəməklik nə var ki?

-Bilmirəm…

-baxışlarımı onun idman ayaqqabısının ucundan çəkə bilmirdim. Leyla hər ikimizin qolundan eşiyə itələdi:

-Gedək, konserti qeyd edək.

-Bir tort məndən! -Ümid qabağa düşdü…

Həmin gün onların kursu yerləşən yaşıl qapılı həyətdən gələn musiqi səsləri gülüş səslərinə qarışmışdı və mənə elə xoş gəlmişdi ki… Ümidin barmaqları gitaranın simlərinə toxunduqca hər bir notu hiss eləmiş kimiydim. Onun alnına tökülən tellərinə bənzədirdim musiqini…

Neçə gün keçmişdi, bilmirəm.. Baxdığım hər yerdə Ümidi görürdüm. Güzgüyə baxıb yavaş-yavaş “qız olmağa” başlamışdım. Saçlarımı səliqəyə salırdım, özümə donlar alırdım, incə ayaqqabılar seçirdim… Və bir gün onu görmək istəyi məni üstələdi. Bahalı telefon almaq üçün yığdığım pulu götürüb musiqi alətləri mağazasına getdim. Ümidin gitarasına bənzəyən bir gitara aldım. Ordan da birbaşa yaşıl darvazaya tərəf üz tutdum. İçəri keçib pillələri qalxdım, qapını açdım, otağın düz ortasına getdim. Hamı mənə baxırdı. Leylanın təəccübdən bərələn gözlərinə baxıb sol əlimlə donumun ətəyini tutdum, sağ əlimdəki gitaranı azca yuxarı qaldırdım:

-Mən də gitara çalmağı öyrənəcəm.

Ümid ayağa qalxıb mənə yaxınlaşdı. Təbəssümlə dedi:

-Olar, İnci. Narahat olma, sən ən istedadlı tələbələrimdən olacaqsan!

Dediyi kimi də oldum. Heç bir ay keçmədi ki, artıq özüm sərbəst gitarada mahnılar çala bilirdim, gözlərimi yumub oxuyurdum. Və get-gedə qaba davranışlı İncidən incə, lətafətli, musiqi zövqü özünəməxsus olan qıza dönüşürdüm. Ümidin də arada məni gözaltı sezdiyini görürdüm. Onu sevdiyimi anlamışdım. Hətta, günü-gündən daha çox sevdiyimi dərk edirdim. Bəlkə də, dünyanın ən qəribə duyğusunu yaşayırdım. Gecələr yuxum çəkilmişdi, gündüzlər də ürəyim atırdı ki, dərs saatı çatsın, Ümidi görüm. Çox istəyirdim ki, o da öz sevgisini açsın mənə. Məni sevdiyini bircə dəfə söyləsə, sanki ürəyimin narahatlığı azalacaqdı… Amma, di gəl ki, Ümidlə münasibətim müəllim-şagird çərçivəsindən o yana keçmirdi.

Bir gün cəsarətimi toplayıb onun mənə olan hisslərini anlamaq istədim. Ancaq, etdiyim Leyla ilə yan-yana çəkdirdiyimiz şəkli stolun üstündə guya unutmaqdan ibarət oldu. Özümü elə göstərdim ki, şəkil yaddan çıxıb stolun üstündə qalıb. Orda gözəl düşmüşdüm, zərif görünürdü baxışlarım. Ona görə də seçib-seçib məhz o şəkli “unutmuşdum” Ümidin stolunda. Kənara çəkilib bir gözüm şəkildə, bir gözüm də Ümiddə gitaramı çalırdım. Nəhayət, mənə zamansız görünən dəqiqələr keçdi, Ümid stola yaxınlaşıb şəkli əlinə götürdü. Diqqətlə baxdı, baxdı… Sonra da çantasının üst cibini açıb ehmalca ora yerləşdirdi. Elə sevinirdim ki… Deməli, Ümid də məni sevir… Şəklimi də gizlincə götürdüyünü sanır. Elə bilir ki, xəbərim yoxdu şəkildən…İlahi, onun da məni sevməsini bilmək necə də xoşdu… Günlər ona yönələn sevgi dolu baxışlarımdan süzülüb gedirdi. Elə bil hardasa bir su axırdı, şırıltısı sevgi nəğmələri idi… Dünənə qədər… Dünən Ümid mənə zəng eləmişdi. onun nömrəsini telefonun ekranında görəndə əllərim əsmişdi… Elə bilirdim ki, ürəyim də içəridə, sinəmin altında titim-titim titrəyir…

-Alo…-səsim də titrəmişdi…

-İnci, salam. Sabah vaxtın olsa saat 2-də parkdakı kafedə görüşə bilərik? Sənə sözüm var.

Tutulmuşdum… Dilim qurumuşdu… Danışa bilməmişdim, sadəcə danışmağa cəhd eləmişdim.

-Mənlə? Nə danışacağıq ki?

-Eşqdən, məhəbbətdən… Nəysə, İnci, sabah gözləyəcəm. Hələlik!

Telefonu keçirmişdi. Dünəndən bu günə, ta bu güzgünün qabağında durub baxana qədər havam çatmırdı elə bil. Hər şey məni həyəcanlandırırdı. Bir dəfə eşitmişdim ki, Ümid sarı rəngi sevmir. Ondan sonra qarderobumdakı bütün sarı paltarları atmışdım… Ən sevimli gödəkçəmi də… Bu gün isə onun ən sevdiyi rəngdə olan donumu geyinəcəkdim. Açıq yaşıl don məni çəmən rəngində göstərirdi. Özümə elə gözəl görünürdüm ki… Elə bilirdim, o da məni bu donda görcək sevinəcək… Saatın əqrəbləri təyin edilmiş vaxta yaxınlaşdıqca, qaçmaq istəyirdim, gizlənmək istəyirdim… Həm də onun deyəcəklərini özündən eşitmək istəyirdim…

Kafenin qabağına çatanda gözlərim dörd olmuşdu. Heç yerdə görünmürdü Ümid. Şüşəli qapının arxasında dayanıb gözlərimi alışdırmağa çalışırdım ki, içərini görə bilim. Ümid qapını açıb gülümsədi:

-İçəridə səni gözləyirdim… Gəl, İnci, gəl! İçəri keçdim. Sağ tərəfdə iki nəfərlik bir masa vardı. Üz-üzə oturduq. Nəfəsim təngiyirdi deyə heç ağzımı açmaq istəmirdim. Üzünə baxmağı ağlıma da gətirmirdim. Əllərimlə masanın kənarından elə bərk tutmuşdum ki… Hiss edirdim ki, üzümə baxır.

-Gözəl görünürsən… Nə içirsən, İnci?-səsində mülayimlik vardı.

-Nə bilim…-sözlərim də qorxurdu elə bil…

-Yaxşı. Onda yaşıl çay deyirəm.

Ayağa durub sifariş verməyə getdi. Yalnız indi başımı qaldırıb arxasınca baxdım. O da çəmən rəngində köynək geyinmişdi. Qəhvəyi şalvarına uyğun idman ayaqqabısında çox yüngül yeriyirdi. Geri çevrilib ona baxdığımı görər deyə başımı yenə sinəmə əydim. Ümid qayıdıb stulda oturdu. Sözə başladı:

-İnci… Neçə aydı düşünürəm ki, ürəyimdəki sözləri, hissləri ancaq sənə deyə bilərəm. Hərçənd ki, sənə deyəcəklərimi də günlərdir məşq edirəm… Çox həyəcanlıyam… Mən bir qızı, deyəsən, sevirəm… Bircə gün görməsəm betər oluram. Bilmirəm, məni anlayarasanmı?! Çox qorxuram cavabsız sevgi yaşamaqdan…Bu, məni qorxudur… Sənə deyəcəyim odur ki…

Susdu. Aman Allah! Bu anları anlatmaq mümkünsüzdür!

-Bax, İnci… Aylardı sevdiyim, içimə həbs etdiyim hisslərimin ünvanı bu qızdı…

Başımı qaldırıb əlinə baxdım. Bu ki, bizim şəklimizdi, Leylayla mənim… Mənim gözəl düşdüyüm şəkil… Yarısını kəsib portmanatına qoyub Ümid. Bəlkə də həyatımdakı ən böyük sevinci yaşayırdım şəklin üzünü görənə kimi… Bəlkə də, bir daha o hissi yaşaya bilməyəcəyəm… Şəkli əlimə alıb baxdım… Şəkildən mənə baxan Leyla idi. Ümid şəklin mən olan hissəsini kəsib atmış, Leyla olan hissəsini saxlamışdı.

-İnci… Sən onun ən yaxın dostusan. Səncə, bizdə alınar?

Gözlərimi bərk-bərk sıxdım ki, ağlamayım. Şəkli yavaşca Ümidə tərəf uzatdım. Dişlərimi bir-birinə sıxdım ki, sözlərim titrəməsin:

-Əla alınar! Siz bir-birinizə layiqsiniz! Ofisiant çayları masaya qoyub geri çəkilən kimi stəkanı götürüb donumun ətəyinə tökdüm ki, tezcə durub evə getməyə bəhanəm olsun… Çəmən rəngində donumun islanmağı gözümə görünmürdü… Aylardı içimdə boy atan arzularım isllanmışdı çünki…

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10