İsmayıl bəy Qaspıralı kimdir? – Elçin İbrahimov

36 Baxış

26805081_1482232171824902_7817340834776339041_n 

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından türkoloq-alim Elçin İbrahimovun “İsmayıl bəy Qaspıralı kimdir?” yazısını təqdim edir. 

Türk dünyasında “Dildə, Fikirdə, Əməldə Birlik” düşüncəsi…

Türk dünyasının, türkçülük və yeniləşmə hərəkatının ən öndə gedən nümayəndəsi olaraq qəbul edilən İsmayıl bəy Qaspıralı 21 mart 1851-ci ildə Krımın Baxçasaray şəhəri yaxınlığındakı Avcıköydə dünyaya gəlib. Qaspıra İsmayıl bəyin atasının doğulduğu yerin adıdır. İsmayıl bəyin atası çar ordusunda təqaüdçü leytenant olan Mustafa Əlioğlu, anası Krım əsilzadələrindən İlyas Mirzə Kaytafozun qızı Fatma xanımdır. İsmayıl bəy ilk təhsilini də Baxçasarayda müsəlman məktəbində aldıqdan sonra, on yaşı olanda Ağməscid kişi orta məktəbində təhsilini davam etdirir. Burada iki il oxuduqdan sonra əvvəl Voronej hərbi məktəbinə, daha sonra Moskva Hərbi Məktəbinə daxil olur. İsmayıl bəy təbii olaraq bu şəhər və məktəbləri özünə yad görürdü. Bu məktəblərdə təhsil alan çox az sayda müsəlman türk uşaqları ilə yoldaşlıq əlaqələri qurur, bunlardan əslən krımlı olan və Litvada yaşayan Mustafa Mirzə Davidoviçlə yaxmdan dost olur.

Rusiyadakı müsəlmanların ruslarla birlikdə yaşamaları üçün bir sıra çıxış yollarını göstərən Qaspıralı türk qövmlərinin ruslaşdırılmasını imkansız saydığından, ən doğru yolun bu millətlərə haqq, ədalət, elm və azadlıq vermək olduğu fikrini müdafiə edirdi. Təmin ediləcək bərabər hüquqlar Rusiyaya birlik gətirəcək, onda ölkə məsələlərilə rus olmayanlar da ən azı ruslar qədər maraqlanacaqdı.

Məntiqli bir üslubdan istifadə edən İsmayıl bəy Qaspıralı bu üstün davranışlarıyla beləcə yazılarının qadağan edilməsinin qarşısını alıb. Onun çoxdandır ən böyük istəyi fikirlərini ehtiyatlı şəkildə çatdıra biləcəyi türk dilində bir mətbuat orqanı yaratmaq idi. Buna göstərdiyi rəsmicəhdlərin rədd edilməsindən sonra Tiflisdə hər biri başqa ad daşıyan və bir növ məlumata bənzəyən vərəqələr yayır. Bir tərəfdən çıxarmaq istədiyi qəzet üçün icazə almaqla məşğul olur, digər tərəfdən də İdil boyunda yaşayan müsəlman türkləri arasında gəzərək qəzet üçün abunəçilər tapmağa çalışırdı. Nəticədə 1883-cü ildə qəzetin rus və türk dilində nəşr olunması şərtiylə qəzet çıxarmaq icazəsini alır. İlk nömrəsi 22 aprel 1883-cü ildə Baxçasarayda və həftədə bir dəfə nəşr olunan bu qəzetə Şinasi Əfəndinin “Tərcüman-ı Əhval”ından ilhamlanaraq “Tərcüman-ı Əhvali Zaman” adını qoydu.

Beləliklə, “bahar günəşiylə dünyanm dirilib çiçəkləndiyi günlərdə uzun illərdən bəri qarlı kəfənlərlə örtülüb ölü kimi mürgüləyən şimal türklərinin ilk ağ bahar çiçəyi” açır.

1883-cü il Krımın ruslar tərəfindən işğalının yüzüncü ildönümü idi. General Potyomkin komandasındakı rus ordusu tam yüz il əvvəl otuz min türkün cəsədini tapdalayaraq Krıma girib, Qarasu və Baxçasarayı işğal edib, yandırıb külə çevirmişdi. “Tərcüman” nəşrə başlayandan Rusiyada bu ildönümü bir bayram kimi qeyd olunur, cild-cild kitab və qəzetlərdə alovlu yazılar çap edilirdi. Halbuki, 1783-cü ildə Krım türkləri üçün böyük ağrıların və köçlərin başlama tarixi idi. “Tərcüman”ın ilk sayının nəşri belə bir ağrılı günə təsadüf etsə də, onun əsas qayəsi bu ağrıların tərcüməçisi və bu məzlum millətin səsi olacaqdı.

Kiçik ölçüdə, az tirajla nəşr olunmağa başlayan “Tərcüman”dakı yazıların rus dilinə tərcümələri də nəzərə alınanda iki səhifə edirdi. Çox keçmir ki, dövrün şərtlərinə və oxucu-yazıçı nisbətinə görə, yüksək sayıla biləcək bir tirajda buraxılmağa başlanılır. Qaspıralının apardığı bu mübarizə yalnız Rusiya türklərinin deyil, bütün müsəlmanların məsələlərilə yaxından maraqlanmasının və dil birliyi siyasətinin labüd nəticəsi idi. Bütün müsəlman türkləri tərəfindən istifadə edilə biləcək bir yazı dili iddiasıyla ortaya çıxmaq Rusiya türkləri arasında qəbiləçiliyin çox güclü olduğu şəraitdə böyük bir cəsarət istəyirdi. Belə bir addım atmaqla Qaspıralı əslində yalnız dildə deyil, türkdilli xalqlar arasında türk mədəniyyətinin bütün sahələrində hərtərəfli islahatlar aparılmasını istəyirdi.

“Tərcüman” qəzetinin loqosundakı “Dildə, Fikirdə, İşdə Birlik” şüarının yığcam şəkildə izah olunduğu bu islahat proqramının təməl əsasları qısaca bunlar idi: məktəbi Avropa metodları ilə islah etmək, bütün türk dünyası üçün ortaq yazı dili yaratmaq; qadınlara azadlıq, təhsil və tədris işlərinin aparılması üçün xeyriyyə cəmiyyətləri yaratmaq; dildə birlik üçün türk dilini yad söz və qaydalardan mümkün qədər təmizləmək; şivə ünsürlərini və çox kobud olmayan məhəlli sözləri türk dili qaydalarına uyğunlaşdırmaqla istifadə etmək. Qaspıralının əsas hədəfi İstanbul türkcəsinin üzərində işləməklə, onu türk dünyasının ortaq ünsiyyət dilinə çevirmək idi. Əgər Qaspıralının bu istəyi həyata keçsəydi, onun mübarizəsinin əsas qayəsi olan ortaq ünsiyyət dili yaranar, bu dil vasitəsilə Türküstan çöllərindəki bir çobanla Dərsatdakı qayıqçı və fəhlələr açıq, rahat şəkildə bir-birini başa düşə bilərdilər. (ortaq ünsiyyət baxımından bu, düzgün hesab olunsa da, dil baxımında əsla düzgün addım deyildi. E.İ.)

1881-ci ildə Rusiyada yaşayan türklərin on altı minə yaxın məhəllə məktəbinin fəaliyyət göstərdiyi və bu məktəblərdə yarım milyona yaxın türk övladının beş il təhsil aldığı halda, onların türk dilində beş sətir belə oxuyub-yazmağı öyrənmədiklərini söyləyən İsmayıl bəyə görə, türk dili türk dünyasında az bir təhsillə hər kəs üçün etibarlı olacaq bir xəbərləşmə vasitəsi idi, yəni ortaq dilin təsisinə bağlıydı. Bunun üçün də təhsildə köklü islahata getməkdən başqa çarə yox idi.

Daha sonra 1903-cü ildə həftədə iki gün çıxan qəzet, 1912-ci ildən etibarən gündəlik nəşr olunmağa başladı. Qaspıralı bir tərəfdən qəzet çıxarmağa səy edir, bir tərəfdən də “üsuli-cədid” məktəbləri üzərində çalışırdı. Bu yolda Qaspıralı bir çox xarici ziyarətlərdə oldu. Bugərgin fəaliyyətlər nəticəsində onun sağlamlığı ciddi şəkildə pozuldu və 24 sentyabr 1914-cü ildə – 63 yaşında Baxçasarayda vəfat etdi.