İstərəm sən bu gecə, yar, bizə mehman gələsən

57 Baxış

bx

Babək XALİSTÜRK

MƏNİ DƏ APAR

 

Söylədim bu gün mən o qələmqaşa,
Baharı döndərmə gözümdə qışa…
Məni həsrətinlə qoyub baş-başa,
Uçurub dünyamı eyləmə tar-mar,
Ya getmə, ya da ki, məni də apar!

Oynama hissimlə, duyğularımla,
Eşqimdən güc alan arzularımla,
Göylərdən enməyən xəyallarımla…
Sənsizlik qanıma kədər tək hopar,
Ya getmə, ya da ki, məni də apar!

Günəş küsər məndən, gülməz üzümə,
Sənsiz ürəyim də baxmaz sözümə,
Əbədi bir zülmət çökər gözümə.
Getmə, getsən ürək min azar tapar,
Ya getmə, ya da ki, məni də apar!

Tək sənə borcluyam hər cəlalımla,
Məni tək buraxma dərd, məlalımla,
Yaşaya bilmərəm sənsiz halımla…
Əzrayıl atını qapımda çapar,
Ya getmə, ya da ki, məni də apar!

Xalistürkəm, gülüm, sənsən baharım,
Sənsən Tanrı payım, tək könül tarım.
Hər yetən dilbərə demərəm yarım…
Qəlbimdə kök atmış kədəri qopar,
Ya getmə, ya da ki, məni də apar!

 

 

Bircə yol eyləsənə dərdimə dərman, gözəlim!
Niyə sən olmayasan aşiqə sultan, gözəlim!

Saldığın hicran odu ruhumu talan eləyib,
İnan, bu həqiqətdir, deyildir yalan, gözəlim!

Gecələr yuxumda da mən sənə hey yalvarıram,
Bəlkə bir əl çəkəsən bu inadından, gözəlim!

Verdiyin bunca cəfa, bil, məni məhv eyləyəcək,
Əyilib şux qamətim, bənzəri kaman, gözəlim!

Nə qədər yanmalıyam mən hələ hicran oduna?
Üzülübdür ürəyim, qalmayıbdı can, gözəlim!

Dözməsəm də hicrana səbr eləyib gözləyirəm,
Demişəm bu canı mən sən cana qurban, gözəlim!

Heç dönüb salmayırsan Xalistürkə bircə nəzər,
Olmaya verdin onun qətlinə fərman, gözəlim!

 

SƏNİN UCBATINDAN

 

Oxşamır ruhumu nə gül, nə çiçək,
Sənin ucbatından, sənin üzündən.
Dolaşıb zehnimdə xəyalla gerçək,
Sənin ucbatından, sənin üzündən.

Elə həsrətdir ki, gözünə gözüm,
Dünyaya baxmağa var gəlmir üzüm.
Şam tək əriyirəm, yox məndə dözüm,
Sənin ucbatından, sənin üzündən.

Düz sözmüş, həsrətdir dərdin ağırı,
Yoxdur bir əlacı, yoxdur axırı.
Olmuşam indi mən dünya fağırı,
Sənin ucbatından, sənin üzündən.

Bulanmış gözümdə büsbütün aləm,
Titrək barmaqlarım tutmayır qələm.
Bezdirib göyləri fəryadım, naləm,
Sənin ucbatından, sənin üzündən.

Nə çoxmuş dünyanın dərdi, bəlası?
Qarışıb gözümün ağı, qarası.
Silinmir könlümün hicran yarası,
Sənin ucbatından, sənin üzündən.

Xalistürk bu dərddən sağalan deyil,
Konlü yaralıdır sağ qalan deyil.
Bu bir həqiqətdir, bil, yalan deyil,
Sənin ucbatından, sənin üzündən.

 

Eşqindən dərdə düşən aşiqə dərman gələsən.

 

Göz dikib yol, cığıra sübhə qədər gözləyəcəm,
Ümidim var ki, gülüm, etməyib peşman, gələsən.

Heç zaman olmayıbdı özgə bir dilbərdə gözüm,
İnanıb sözlərimə, sərvi xuraman, gələsən.

Qoyma tutsunlar xəbər biganələr gəlişindən,
Qatıban başlarını sən gərək pünhan gələsən.

Gəlsən, bil, sübhə qədər nazına qurban olaram,
Qoymaram gələn dəfə bizə nagüman gələsən.

Nə qədər söyləsələr, aşiqin Məcnundu sənin,
Leylidən ibrət alıb tutmadan nöqsan gələsən.

Xalistürkəm, bu canı, yar, sənə qurban demişəm,
Təki sən çəkinmədən almağa qurban gələsən.

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10