İstəsəm 1 saat içərisində 1000 kitabımı satdıra bilərəm

128 Baxış

xanemir

Senet.az  şair Xanəmir Telmanoğlu ilə müsahibəni təqdim edir:

 

– Bir müddət əvvəl “MAQlar” romanınız işıq üzü gördü. Kitaba olan maraq sizi qane etdimi? Kitabın satışı ilə bağlı məlumatınız varmı?

– Əllərinə alanların maraqlarındakı məsumiyyəti duyduğum “Maqlar”ın çapını keçən ildən istəyirdim. Bəzi səbəblərdən və mənim səhlənkarlığım ucbatından bu il guya başımı ucaltmaq üçün başını alıb  basqıya gedi. Hər kəs kimi, mənim də ünsiyyətdə olduğum, söhbətləşdiyim, mənimlə kitabımı oxuyub sarımsaq yemiş müxtəlif vasitələrlə sərxoşluğunu ünsiyyətimlə ayıltmağa çalışaraq əlaqə saxlayan insanlar var. Mənim heç bir yazıma bu qədər maraq görməmişdim. Bu insanların əksəriyyətinin ədəbiyyat qarşısında Prometeyin bizə yansımış mifik məftunluğundan hələ də doymayıb Zefsin əsatir istirahətini zinhara gətirəcək dərəcədə zirehlənmiş zövqünün Zöhrə ulduzundakı nəfəsdərmə  ədasının anlayışlı nəfsdərmə əxlaqı qarşısında necə geri çəkildiyini bəlkə də göylərin, bəlkə də irsiyyətimin mənə hədiyyə elədiyi ya cəhalətimlə, ya da cəsarətimlə  görürəm.  Kitabın çapına bais olan dostum Cəlil Cavanşirdir.Hətta kitabın redaktoru da Cəlil bəydir.

Kitabın satışı ilə bağlı məlumatım var. Məncə, reallıq baxımından dəyərləndirilsə, qənaətbəxş saymaq mümkün. Mən istəsəm 1 saat içərisində 1000 kitabımı satdıra bilərəm. Ancaq ona getmirəm. Onun elə bir ləzzəti olmur.

– Bir çox hallarda sizin dilinizin ağır olduğunu, özünəməxsus üslubunuzun olduğunu deyirlər. Müəyyən çevrədə başa düşülür və qəbul edilirsiniz. Bu da istər-istəməz oxucu itirməyinizə gətirib-çıxarır. Bu sizi narahat etmir? Daha sadə dillə, böyük kütlələrə xitab etmək barəsində düşünmürsünüzmü?

– Hər hansı bir yazımın oxunub-oxunmaması ilə bağlı narahatçılığım yoxdur. Onu siz deyə bilərsiniz ki, az oxunursunuz. Mən də iddia edirəm ki, Azərbaycanda məni oxuyan elə insanlar tanıyıram ki, o insanların hər birinin düşüncəsi, zəkası, intellekti, polemikası 1000 nəfərinkindən də üstündür. Sualının ikinci hissəsinə gəldiyimdə isə, onu qeyd edim ki, Azərbaycanda kifayət qədər açıq, aydın, şaqraq, axıcı, sadə, anlaşılan, başa düşülən, dərk edilən, kütləviləşən, ağır pafos daşıyan yazarlar, müəliflər, imzalar, onların elə bu vasıflarıyla əsarət vəd edən əsərləri, səviyyəsi adamın içində kirəc bağlayan kitabları var. Bir xanəmirin sizin tabirinizcə desək, üslubunun, yazı texnikasının sizin bildiyiniz şəkildə olması səbəbindən  oxucu itirməyi faciə deyil.

Mənim yazdığım yazılar yazıdan çox yazının qorunma, hivz olunma  malzəməsidir. Yazıya himayədarlıq edən, yazını yaşadan nəsnədir. Yazı təkcə cümləsiylə, fikriylə, ideyasıyla, mesaj vermir, yazının bütövlüyü bu gün həm də onun yer aldığı məkanla, malzəməylə, yazıya alındığı əşyayla da bütövlük təşkil edir. Əsas olan odur ki, hər hansı bir yazıda bütövlük yaratmağa impulusu  verib, onun sənətsəl yönünü şikəstlikdən azad edəsən. Sağlam mətn, sağlam yazı  necə yazılmağından asılı olmayaraq əvvəl-axır söz, poetika, tiranlıq aşılayan təfəkkür  tarixnin karyerasına  özünün yaşama qorxusunu öldürərək xidmət edəcək.

Mətnlərim susmuş, sükut halını özündə hifz etmiş mətnlərdir. Hə, doğrudur, onu tanımaq bir az çətindir təcrübəsizlər üçün.

Sizin sualınızda “böyük kütlələrə xidmət etmək”  qismi də cavab gözləyir. Azərbaycnda ilk dəfə sağdan sola yazmaq, orhun –yenisey yazıtları, ortaq əlifba, hərflər.. kimi mövzularda ədəbi nümunələr ortaya qoymuşam. Bu mövzular sizcə ilanı koramal zənn edib kütləviləşə bilərmi? 100 ildir ədəbiyyat fəlsəfəsi bu temalar üzərində baş sındırıb xalqın, çoxluğun  şedevr şakərli şüurunu ovxarlamaq  üçün ədəbiyyatın axarını kosmik kurallarla ayarlanmış yeni bir ərəfəyə didərgin əhval-ruhiyyəsində döndərməyə çalışırlar. Bu işlərlə isə dünyada barmaqla sayılacaq dərəcədə az sayda bilginlər, bilgələr məşğul olurlar. Ədəbiyyatın elə  “estetik kimyəvi  dəyəri” var ki, su haqqında necə ki, deyə bilməzsən, “ya kütləvi, ya  fərdi bi mənsubluğu, özəlliyi var”, eləcə də bəzi yazılar var, onların dayandığı qaynaq düzgün müşahidə edilsə, fəlsəfi özəlliyi barədə bu sözlərin işlənməyinin artıqlığını əyani görmək mümkün.

– Həqiqətənmi, əsl ədəbiyyat başa düşülməyən olmalıdır?

- Həqiqi ədəbiyyat deyirsənsə, başa düşülməyən deyil, başı düşündürən, başı yuxarıdan aşağı düşürən, başı dəyişən, başın içində döyüşən, başın löhməsinə, palçığına daş döşəyən olmalıdır.Sizcə bu dünyada başa düşülməyən bir şey varmı, qalıbmı? Enində sonunda hər şey  sözün lap belə şifahilik  mərhəmətini əsirgəmədən açıqlığa, şəffaflığa qovuşur. Allahın kar, kor, lal insanlarını da başa düşmək mümündür. Insan cəhalətini dərk edəndə, cinayətiylə üz-üzə duranda , çətin vəziyyətdə, savaş anında, döyüş məqamında olanda, həmkarlarına deyəcəklərini əl işarələriylə, jest və mimikasıyla deyir. Sözü, cümləni, fikri  bir tərəfə qoyub sadaladığım mimikasını, əl-qolunu, jestlərini işə salır. Biz ənlik və kirşanını  soyunmuş gerçək sənətlə aramızdakı sədləri aşabilmədiyimizdən  onu öldüsünə aşağılayırıq. Biz istəyirik ki, ədəbiyyat adına yazılmış  bütün əsərlər qırağını yerə qoyraq  bir qələmdən çıxısın. ( Azərbaycan ədəbiyyatının ən qəbul nöqtəsi qələmin yanındakı qılıncdır. Biz qələmin izdivacını lap belə əzəliyyət gərdəyində qılıncla kəsmişik.Bu ayrı və geniş  mövzudur.)  Tarix boyunca heç bu qədər birgəliyimiz, vahidliyimiz olmayıb ha…. amma yazıda istəyirik ki, təkəlçilik, bir üslub, bir ədəbi zövq hakim kəsilsin. (Nə vaxtsa bu ölkədə diktatura ab havası yaranıbsa, yaranırsa, yaranacaqsa, siz onun səbəbini və kökünü başqa nüanslarda aramayın. Diktatorluğu da yaradan bizim oxu, dərk, estetik mənimsəmə təhtəlşüurumuzdur və təhtəlşəhidliyimizdir. ) Biz də o estetikanı mənimsəyib istismar edək, məhf edək, geninə-boluna xərcləyək. Mən öz yazılarımla, mövzularımla  dialektik dünyanın  dirilən dinozavrlarının reankornasiyasını parlayan gözlərinin gilizləri qarşısında eynən savaş dönəmində, döyüş məqamında olduğumu bilirəm. Kimsəyə yüyənimi verərərk yenilmək və meyidimin üzərində mürgü vuranlara məğlub olmaq istəmirəm.

Fikrimcə, ədəbiyyat başa düşülmək üçün deyil. Əsl ədəbiyyat fəlsəfə, sossiologiya, arxitektura, rəssamlıq, … və.s.. olmadığından, daha çox soyluluq vəd edən  saysız- hesabsız tanışlıqlar təşkil etməlidir. Bu soyluluq dediyim tanışlıq insanının təkliyinə təklik, yalqızlığına dərinlik, çoxluğuna da qalabalıq qatmalıdır. Yəni ki, sizin dediyiniz şəkildə ədəbiyyat başa düşülmək üçün yola çıxarsa, orda insanın ictimailəşməsini sığortalayn  mütləq  siyasiləşmə, cəmiyyətin ədəbində ideolojiləşmə  (qarşıdurma yaradacaq,) insanları bir-birindən, hətta insanı dünya nəsnələrinə düşük, ya  nədənsə asılı duruma sığal çəkərək salacaq. İnsan özgürlüyü naminə, nəyəsə, beynindəki sipdomlara, (hermeneftik qüsurlara ) qul olmaması üçün, gerçək və ciddi dediyimiz mətnlərlə təmasa keçməlidir. Müəllifin və mətnin ölümü haqqında bildiklərin varsa, oxucu :- verdiyini almaq istəyən, ehtiyac sahibi ehtiyac ucbatından deyil, öz taleyi ucbatından ölümlə nigahlanmalıdır. Oysa, biz ölümlərə şüursal və ruhsal, mənəvi arenada  bais olmamaq üçün, o iyrənc yola, şarlatan, satqın, ikiüzlü ədəbiyyatla qol-boyun olmama psixologiyamıza çəki-düzən verməli, bu barədə qəti addımlar atmalıyıq.  Bu gün Avropanın, anqlo-sakson kütürünün oxucunu və yazarı  qatil, cani, cinayətkar elədiyi ədəbiyyatın, bizi də iblisin boyunduruğana salmağına əlimi-qolumu sallayaraq  varmaq istəmirəm. Mən uzaq başı ədəbi qatilliyimi ədəbi günahla əvəz edə bilərəm. Bizim ədəbə dayalı estetikamız Cinayət Və Cəzaya qurban getməz. ( Biz günahlarla arınmaq müqabilində vaxt istəyini əhdindəki maddələrdən çıxarmayan bir istiqanlılğımızı da unutmuş deyilik.  Cinayət və cəzanı öz gərdəyinə cehiz kimi daşıyan dələduzlar bizdən deyillər.)Bu məsəlləri ən azından xalq müstəvisində 16-cı əsrdə Əsli və Kərəm şəklində həll edib aləmlər boyunca davamlı doğuluşa, təkrarən doğuluşa, varolmaya imza atmış ədəbiyyat xalqıyıq. Biz ədəbi əhdimizi Leyli Məcnunun sonluğuyla, Əsli Kərəm külüylə kəsmiş poetik, realist-mifiq xalqın törəmələriyik. Ona görə də, ən azından hər bir əşyaya verdiyimiz adlarda qoruduğumuz özgürlüyümüzlə, dilimizin qatlarında gizlətdiyimiz azadlığımızla bizim meydanımızda derridalar, fukuyamalr, ekolar deqradasiyaya uğrayır həmən. Avropa mətnləri öz ölümünü şərdən qapıb. Biz yalnız ölüm sözünün  mahiyyətini varlığımız dışında heç bir əşya, cins, tür və yaratıqla paylaşmırıq. Ölümü qoruyan, onu mühafizə edən bir toplum olaraq dünya və aləmlərə yönəlik  dərkimizi bütün itgilərimizə rəğmən cızığından çıxmağa qoymadıq. Bizdəki rəhmanilik hələ çox izahalar tələb edəcək…

maqlar– “Maqlar” romanının əsas ideyası nədir? Burada vermək istədiyiniz mesaj nələrdir?

-          Dostum, mən bu əsərin nigarançılığımı alt-üst edən  sonuncu nöqtəsinə kimi vardım. Ordan bu tərəfə keçə bilmərəm. Ordan bu tərəfə keçib özümü cümləlik eləmək, mətinlik olmaq üçün mətinlik göstərmək, süjetə çevrilmək, mövzuya dönüşmək, bədii texnologiyalılıq sərgiləmək, üslub kimi yapılanmaq  istəklərimə… izin verilmir. Bu yazı sənətin gizliyə dönüşmüş silinməz və əbədi kuralıdır. “MAQlar”ı yazan birisi, necə qalxıb da, deyim ki, mən bu kitabda bunu demək istəmişəm.Özümə qarşı qəsdim var bəyəm? Mənim kimilərinin inancındakı DİRİLİŞ fəlsəfəsi sizin qəbul elədiyiniz, Azərbaycan ədəbiyyatında qəbul olunmuş bütün qaydaları bir tərəfə itib, yox edir.

– Kitablarınızın reklamı ilə məşğul olmursunuz. Sanki kitablarınızın nə qədər oxunmağı sizi maraqlandırmır. Ümumiyyətlə tiraj yazıçı üçün nə dərəcədə əhəmiyyətlidir?

-          Asi adamam təbiətcə. Asilik metafizik kimiliyini sorğulaması, dinc buraxmamsı istiqamətində insanın özünün özünə qarşı baxıb görüb qavradıqlarını MƏNINƏ çevirərkən başlatdığ açıq savaşdır. Başım özümə qarşı apardığım 100 illik savaşlara ELƏ qarışıb ki, daha qırdığım və qırılan qoşunumun say hesabından xəbərim yoxdur. Elə bir insanam ki, mən heç özümün hakimiyyətimin altına girmək istəmirəm deyə baş qaldırmışam. Asiliyim davam etdiyi müddətcə, yəqin ki bu belə də sürüb gedəcək.Yazılarımın taleyi ilə bağlı laqeyidliyimi heç özüm də bəynmirəm. Bənd- bərəsini yıxıb uçurmuş,  mənəvi alış verişini tamamlamamış , bəndənin taleyində baş verən təcəlla epizodları günah qavramına girər. Tiraj yazarın təcəllasıdır. Bir anda min, 100 yerdə də ola bilər. Yazar spirtuallığını aktivləşdirib kağız, kitab vasitəsi ilə bayrağını oxucuların marağına, lap belə aldanışına sancıb təcəllasını gerçəkləşdirməyi bacarar. Mən Azərbaycan oxucusunun düşük, müti mövzular qarşısındakı əyilən boş başlarının bir gün yuxarı qaxacağını səbrlə gözləyirəm. Buna ümidim çoxdur.

 – Sizin yaradıcılığınızda bir sufi estetikası var. 21-ci əsrdə, texnologiyaların bu qədər inkişaf etdiyi bir dövrdə, bir yazıçının oxucusuna  orta əsrlər estetikasını aşılaması nə dərəcədə məqsədəuyğundur.  Düşünmürüsünüzmü ki, hazırki, üslubunuz müasir dövr texnologiyalarına uduzur?

-          Sözün, yazınının, dilin kosmik müzakirəsi, onun metafizik gərginliyindən və dözümlülüyündən asılıdır. Azərbaycan ədəbiyyatı bu imkanlarını hələ xərcləyib qurtarmayıb. Sizcə ortaçağ estetikasıyla təpdən dırnağa yoğrulmuş “Qızılgülün adı”, “Mənim adım qırımızı”, “Xəzər sözlüyü”,” ideal” ,” Məhşər” müasir dövr texnalogiyasına uduzurmu? Ədəbiyyatda divardan asılan, qola bağlanan çıqqa–çıq səsindən mədəniyyətə kimi uzanan  dövr olmur, ədəbiyyatın dövrü olmur. O vaxtı yaxına buraxmır.  Vaxt onu həmişə kölgə kimi qaraba qara düşüb izləsə də, onun  özü deyil.Onun yaxşı – yaxşı dövranı olur. Ədəbiyyat müasir dediyin dönəmləri maraqlı bildiyi, girinə keçirdiyi tarixi məqamlarla, tarixi ekspazisiyalarla, millətin, etnosun yaşadığı “mifik-dini soyqırımlarla “ bərpa edir, dirildir, təzələyir. Ədəbiyyat ari təfəkkürün, düşüncənin, estetikanın oluşumu  üzərində var-gəl edir.Ədəbiyyat bərpaçılıqdan daha çox, yeniləmə, təzələmə psixologiyası daşıyır.Ədəbiyyatda ritmə saldığın, üsluba çevirdiyin, texnikaya yapışdırdığın, mövzuya doladığın ən qaramat, ən qara söz belə işıq saçıb nur vədd edəcək. Ədəbiyyat bir az da mübahisəli bir mövzu olan soy, soyluluq məsələsidir.(Bu olduqca geniş bir müzakirənin mövzusudur.. Çünki bu cümləni , özləri bildiyi kimi anlayacaqlar təəssüf ki….)

Mənə gəldikdə isə, sirrimi verdiyim, sədaqətini varlığımdan əsirgəməyən sözlə iç-içəyəm. Bu texnalogiya da sözün qarşısında, fikrin önündə çox acizdir.Yazını, sözü, mətni texnalogiya ilə deyil, insanın danışıq imkanları və vasfıyla müqayisəsini aparmaq olardı.Çünki texnologiya nə qədər inkişaf edir etsin, insanın kamilliyindən, aliliyindən o tərəfə keçə bilməz.Ən yeni yenə də ən kamil, ən mürşidanə insandır Nə qədər ki insan danışır, hər cür üsluba və mövzuya aktuallıq baxımından yer olacaq. Nə vaxt ki ruhaniyyəti pozulmuş insanın qarşısına  robotlar çıxacaqsa o zaman söz də qayibanə yurdundakı görəvini sürətləndirib ordakı həyatımızda “işini” davam etdirəcəyi inancındayam. Bizim yazdıqlarımızın bu həyatımızdan daha çox başqa həyatımızda da təmasımızda ilginc rol alacığına əminəm. Bizlər nə vaxtsa özümüz də bir varlıq kimi yazdıqlarımzın yanında bir soz, mətn, yazı olacağımız üçün bu qədər haray-həşr qoparırıq. Yoxsa, bu qədər yazıların əslinə qalsa heç bir dəyəri və mahiyyəti olmazdı.

Əgər diqqətli olsanız görərsiniz ki, müasir texnologiya ,  metafizik ülkü  mübadiləsi  oluşduran mənim üsyankar üslubum üzərində qurulub. Mənim  bu fikrimi səmimi qəbul etməniz üçün 2010-cu ildə çapdan çıxmış “ a mədəniyyətinin a dili lüğəti” adlı nəsr nümunəmi oxumanız gərəkirdi. Onda görərdiniz ki, rəqəmlər sözə necə uduzur.

Sufizmi orta əsr estetikası kimi anlayır və müasirliyi talan elədyi qənaətinə gəlmisinizsə, demək azərbaycanlı intelegenturası hələ də yazı-pozu səltənətinin hansı naxışdan, ilmədən, çeşnidən hansı hərfə, ritmə keçməyindən  çox uzaqdı. Sənə bir sadə cümlə deyim; Gerçək Azərbaycan ədəbiyyatının törəyişi sufizmdə baş verib. Ən ciddi ədəbi nümunələrimizin yaranışı və batinniyyatı sufi ədəbi estetikasıyla yoğrulub. Azərbaycan poeziyasının, poetik təfəkkürünün, bəddi salnaməsinin düşmən qarşısına çıxaracağın gücü sufizm –dir, şifahi və milli Quranımızın sufizm surəsidir. Hər kəs unudur ki, sufizmin islama, dinə o qədər də dəxli yoxudr.

Azərbaycanda A-dan Z-yə kütləvi olaraq yazılan xədim mövzuların, kurtaj edilmiş süjetlərin, qancıq xislətli əsərlərin, özünün şikəstliyə vurub və gerçəkdən özünü şikəst etmiş dilənmək üçün münbit şərait yaradan qaraçı məzmunli qaramaların  ortalıqda necə “şah oğlu “ kimi süləndiyini görməzlikdən gəlirsiniz.

İnsanları idarə etmə üsulu onun dərkiylə bağlıdır. Bu günkü insanı idarə və yönətim üsulu hansı ideologiya əsaslanmasından asılı olmayaraq insanın qurşağına, qarın boşluğuna yönəlir. Belə demək mümkünsə, ortaçağ insanın qarın boşluğu, qurşağıdır. Bu gedişat bəşərin estetik yönəlişidə qurşağını bərkitməyin, belini möhkəmlətməyin bir üsuludur. Bu idarə və yönətim sistemləri ədəbiyyatdan faiz götürərərək sözü, öncüllüyü ədəbiyyatta buraxmaqla, onun vasitəsi ilə kilsə və məscid üzərindən şüursal zehniyyəti yumuşaltma ehtiyacı duydular. Ədəbiyyat isə ona göstərilən ehtimdı mənim kimilərinin vasitəsi ilə doğrultmaqla məşğuldur.

 

 

Söhbətləşdi: Rövşən Danyeri

 

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10