İstedad əngəl tanımır

48 Baxış

mariya tereza fon paradisSenet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin dördüncü yazısını təqdim edir:

Layihənin birinci yazısı - Çıraqlı mələk

Layihənin ikinci yazısı – Kraliça Boudika

Layihənin üçüncü yazısı – Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram

Mariya Tereza fon Paradiz

18-19-cu əsr Avropasında qadın olmaq çətin idi. Ancaq Mariya Tereza fon Paradiz mümkün olmayanı bacardı. Musiqi tarixində çox vacib fiqur olan avstriyalı pianoçu və bəstəkar Paradiz müasir qadına həm  ağlı, istedadı, həm də əzmiylə çox gözəl nümunədir.

Mariya Tereza 1759-cu il may ayının 5-də Vyanada anadan olub. Atası Cozef Anton fon Paradiz  imperator Mariya Terezanın hakimiyyəti altında İmperiya Ticarət Naziri işləyirdi. Elə  imperatorun şərəfinə də o, qızını Mariya Tereza adlandırıb. Bəzi iddialara görə imperator  hətta Mariyanın xaç anası da olmuşdu. Lakin, təəssüf ki, bu haqda əldə fakt yoxdu.

Balaca Mariya varlı, əsil-nəcabətli ailədə doğulsa da, onu şanslı hesab etmək olmazdı. İki yaşında ikən göz sinirlərində baş verən qəfil iflic onu dövrün məşhur alman həkimi Frans AntonMesmerinbütün səylərinə baxmayaraq, beş yaşında tamamilə görmə qabiliyyətindən məhrum etdi. Ancaq, yaxşı ki, bu hal Paradizin mükəmməl təhsil almasına mane ola bilmədi: o, xüsusi şriftlər vasitəsilə  kağız üzərində fikirlərini elə sürətli və düzgün yazırdı ki, kor olduğuna inanmaq çətin idi. Coğrafiyanı çox sevən Mariya Tereza onun üçün hazırlanmış xəritələrdə istənilən nöqtəni tapır, toxunaraq rəngləri və əşyaları fərqləndirə bilirdi. Şahmat taxtası şəklində hazırlanmış cədvəllər vasitəsilə istənilən məbləği və rəqəmi  isə çox asanlıqla aritmetikanın ilk beş qaydası əsasında hesablaya bilirdi.

Lakin Mariyanın  taleyi sadəcə musiqiylə bağlı olacaqdı. Yeddi yaşında ikən kilsədə eşitdiyi musiqi  onu elə ovsunlayır ki, kiçik yaşlarından musiqiylə maraqlanmağa, dövrünün məşhur bəstəkarları Antonio Salyeri,Leopold Antonin Kojeluxvə KarlFrieberdən dərs almağa başlayır. İki-üç ilə Paradiz artıq orqanda Stabet Materi(katolik mahnısı)  ifa edə bilirdi. 1773-cü ildə 14 yaşında isə-Antonio Salerinin təşəbbüsü ilə Vyanada Müqəddəs Austin kilsəsində ilk konsertini verir. Kraliçanın da iştirak etdiyi konsertdə Paradiz orqanda Stabet Materi ifa edir və mahnıdan bir neçə hissə oxuyur. İfa kraliçanın o qədər xoşuna gəlir ki, o, gənc, istedadlı musiqiçiyə təqaüd təyin edir.

Konsert uğurlu keçmişdi və  Paradizin şöhrəti sürətlə artırdı. Daha çox  pianoda ifanı sevən, bu sahə üzrə ixtisaslaşan  onsəkkiz yaşlı Mariya Tereza fon  Paradiz 1773-1777-ci illərdə Vyana salonlarında xeyli sayda piano konserti verir. Lakin Avstriyada artıq peşəkar pianoçu kimi qəbul edilən Paradizə Vyana şöhrəti bəs eləmir və  gənc musiqiçi  1783-84-cü illərdə anası və avstriyalı bəstəkar  CohanRidinqerin müşayiəti ilə Avropaya qastrol səfərinəçıxır, Fransa, İngiltərə, İsveçrə, Çexiya və s. ölkələrdə çoxlu konsertlər verir. Təkcə Parisdə  hər biri gurultulu alqışlarla bitən on dörd konsert verən  Mariya Tereza fon Paradiz haqda “Journal de Paris” yazırdı: “İfasının canlılığı, dəqiqliyi, cəldliyi haqda bir fikrə sahib olmaq üçün mütləq onu dinləməlisiniz”. Ancaq 1785-ci il Paris səyahətini gənc pianoçu üçün əlamətdar edən daha bir hadisə də var idi. Əldə etdiyi uğura, şöhrətə baxmayaraq özü kimi gözdən əlil insanları, onların çətinliklərini unutmayan  Paradiz “korların atası və apostolu” sayılan  Valentin Haüylə görüşür və ona dünyada korlar üçün açılacaq ilk məktəbin yaranmasında əlindən gələn köməyi göstərir.

Mariya Terezanın həyatında vacib hadisələrdən biri də onun səyahətlərinin birində Motsartla tanış olması idi. 1784-cü ildə anası və Cohan Ridinqerilə Motsartın evində tanış olan pianoçu ifası ilə onu o qədər ovsunlayır ki, Motsart  sırf onun üçün  Paris konsertlərinin birində ifa etməsi üçün əsər yazmağa söz verir.  Si-bemol major K456 əsərininbu məqsədlə yazıldığı güman edilir. Bəzi iddialara görə pianoçuya bu əsəri  ifa etmək nəsib olmayıb.

Qastrolu tamamlayan Paradiz Vyanaya qayıdır.  Lakin səfərinin çox uğurlu keçməsinə baxmayaraq, Mariya bir daha belə uzun səyahətlərə çıxmır və öz əsərlərini yaratmağa başlayır, bir neçə opera, kantata, piano konçertosu, xor, kamera orkestri və klavir üçün əsərlər yazır. Təəssüf ki, əsərlərinin çoxu  sağlığında çap edilməyən bəstəkarın iki teatr pyesi və piano konçertosu it-bata düşüb.

Paradizin əsərləri Vyana konsert salonlarında ifa edilir, teatrlarda səhnəyə qoyulurdu. Əlbəttə, bəzən  onların hansısa uğurlu olmurdu. 1797-ci ildə  yazılan “Rinaldo və Alcina” əsəri də bunlardan biri idi. Təəssüf ki, bu əsərdən sonra ruhdan düşən Paradiz solo karyerasına son verərək gənc  qızlara piano dərsləri verməyə başlayır. 1808-ci ildə isə Vyanada özünün şəxsi musiqi məktəbini açır və 1824-cü ilə-ölümünə kimi burada müəllim kimi fəaliyyət göstərir.

Lakin bu ruh düşkünlüyünə və bütün məhrumiyyətlərə rəğmən, Mariya fon Paradiz  adını  musiqi tarixinə qızıl hərflərlə yazdırmağa nail oldu. Beləcə dünyanın ilk qadın pianoçusu olan Paradiz əməlləriylə sübut etdi ki, istedad əngəl tanımır.