İstedad sorağında – Həzi Həsənli

399 Baxış

26793630_728874533977876_1271580965_n

Yerin köksünə səpilən toxum bir yaz günü cücərir və yaz Günəşinin qüdrətindən də dirçəlir. Çingizin könülləri göynədən məlahətli səsi və ruhları yerindən oynadan nəğməsi bir yaz gecəsi torpağın köksündən cücərən nübar kimi doğma kəndi Əndəmicdə çoxlarının fikrində dolandı, qəlbində gəzdi, ürəklərdə mehr saldı. Bu nəğmələr qəlbi dağlar aşır, yurdun başına dolanır, dağların – daşların ürəyini yumşaldır və Dübəndi çayının suları ilə qıvrıla – qıvrıla axıb gedirdi…

Yoruldum, demədən bir – birindən gözəl nəğmələr oxuyan o uşağın səsinin şirinliyi və məlahəti uzaqdan dinləyənlərə quşların səsi, çiçəklərin rayihəsi qədər şirin gəlirdi. Bu səs onun böyük istedadından xəbər verirdi. Zümrüd təbiətin dilbər güşələrində gəzib dolaşdıqca o balaca uşağın oxumaq istəyi aşıb – daşırdı. Ürəyindən qopub gələn nəğmələrini çəmənliklərin qoynunda, xumar – xumar boy verən otların və güllərin arasıyla gedə – gedə oxuyardı… Boyu otlardan və güllərdən bir qarış uca olan, könlünü nəğmələşdirən bu uşağı görənlər qucağına alıb, öpüb bağrına basardı. Balaca Çingiz də onları hürkək və utancaq bir nəzərlə qarşılayıb, həzin, körpə bir təbəssümlə və kövrək bir sevinclə yola salardı. Balaca ayaqları ilə köksündə iz açdığı yaşıl yamaclar da, şehli çəmənlər də sanki Çingizin səsinə səs verib nəğmə oxuyurdu. Özü boyda bir ürək olan balaca Çingizin ürəyindən qopub gələn nəğmələri elə ürəklərdə də yuva qururdu. Allah bilir, o yaşında Çingizin xəyalının üfüqlərində nələr canlanırdı…

Çingizin səsinin sorağına gələnləri düşünəndə gözəl yazıçımız Ənvər Məmmədxanlının “Karvan dayandı” hekayəsindəki odunçu oğlu surəti düşdü yadıma. Odunçu oğlu hər axşam günün batan çağında meşənin dərinliklərinə çəkilib beləcə yanıqlı səslə oxuyarmış…

Çingiz Səfərli sadə bir müəllim ailəsində nur tək doğulub, gözəl tərbiyə alıb, nurlu – işıqlı böyüyüb. Mənasını hələ yaxşı anlamasa da, onun oxuduqları ürəyi dolu bir uşağın könül çırpıntıları idi. Bu ailənin Əsəd adlı qohumu bir gün Çingizin nəğmələrini uzaqdan dinləyəndən sonra böyürtkən kollarının arasında oxuyan uşağa yaxın gəlir və ilahı bir mehribanlıqla deyir:

- Ayə, nədi belə şirin – şirin oxuduğun, dədə?! Bu oxuduqlarının mənasını bilirsənmi?

Bir gün də Çingizin atasına dedi:

- Əyyar müəllim, bu uşaq başdan – ayağa fitri istedaddır. Bilirsən, oğlun necə oxuyur?! Bülbül kimi cəh – cəh vurur ey!… Onun üçün bir mühit, bir məktəb olsa, daha da parlayar…

Əyyar müəllim də övladının istedadına laqeyd qala bilmədi….Musiqiyə hədsiz marağına görə Çingizi Ordubad Uşaq Musiqi Məktəbinin tar sinfinə qəbul ediblər. Bu haqda Çingizin özü belə deyir:

- Orada muğam sinfi yox idi. Amma tar müəllimimin həyat yoldaşı qarabağlı idi, muğamı yaxşı bilirdi. Elə buna görə də tarla bərabər muğamı da öyrənməyə başladım.

Beləliklə, Çingizin Naxçıvanda müsabiqələrdə iştirakı çox uğurlu olur. 2005 – ci ildə “Kainat” Gənclik Mərkəzi Respublika uşaq muğam festivalı üçün Naxçıvandan onu seçib Bakıya gətirirlər. Burada da onun istedadını yüksək qiymətləndirirlər. Məsləhət bilirlər ki, ya Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, ya da İncəsənət Gimnaziyasında təhsilini davam etdirsin…

Çingiz həm tarda gözəl ifa edir, həm də oxuyurdu. Tarı və səsi bir – biri ilə könül – könülə dil tapıb. Və bir gün Dübəndi çayı da, o dağlar, düzənlər, o çəmənlər və ormanlar da eləcə qaldığı kimi kənddə qaldı, təkcə o uşağın səsi eşidilməz oldu. Səsinin dağlarda çiçək kimi açılan vaxtında, on iki yaşında bir ümidin ətəyindən tutub şəhərə gəldi.

Arzularını ümidi yaşadırdı Çingizin… Simə dəyən barmaqları, oxuyan ürəyi onu sevənlərdən, səsinə mehr salanlardan uzaqda olsa da, bu şirindilli və gülərüzlü uşaq özünə hər yerdə nəğmə yuvası qura bilirdi. Təbiətindəki ədəb, əxlaq və mənəvi təmizliklə yanaşı, istedadı, ifa mədəniyyəti və oxu tərzi də onu yaxından tanıyanların sevimlisinə çevirdi.

İncəsənət Gimnaziysında tar sinfində Ağasəlim Abdullayevdən dərs alır, həmçinin xanəndəlik dərslərinə də gedir. Nuriyyə Hüseynovadan, Zakir Əliyevdən, Firuz Səxavətdən, Gülüstan Əliyevadan sənətin sirlərini öyrənir.

Gimnaziyanı bitirdikdən sonra arzusu Milli Konservatoriyaya daxil olmaq idi. Ona görə gün ərzində yorulmaq bilmədən 5 – 6 saat tar çalırdı. Ali məktəbə test üsulu ilə qəbul imtahanı zamanı yüksək bal topladığına görə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunur. Könlündə musiqiyə, mahnıya, nəğməyə sevgisi böyük olduğuna görə, növbəti dəfə özünü yoxlamaq üçün Milli Konservatoriyaya imtahan verib qəbul olunsa da, təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universiteti bitirdikdən sonra hərbi xidmətini başa vurub yenidən Bakıya qayıdır. Şəhərdə yaşamağa və işləməyə qərar verir.

…Kəndə gələndə isə o tanış cığırlarla yollar sanki onu yenidən ana təbiətin qucağına, nəğmə yuvasına qaytarmaq üçün minnətçi düşür. Bir vaxtlar xoşbəxtlik içində keçən və xatirəyə dönən o günlərinə qayıtmaq üçün tanış cığırlarla yürüyərək nəğmə yuvasına baş çəkir. Hər addımında bir yarpaq xatirə yada düşür. Uşaqlıq sevincləri o cığırlarda keçdiyi üçün hər ötən gününü gözlərinin önünə gətirir və deyir:

- Uşaq vaxtı qardaşımla böyürtkən yığmağa gedirdik. Demək olar ki, hər kolu tanıyırdıq. Səhər saat 7 – də oyanıb düşürdük yola. Çay boyu böyürtkən kollarının başına pərvanələr kimi dolanırdıq. Böyürtkən kolları həm də mənim nəğmə yuvam idi. Həm mahnı oxuyurdum, həm də böyürtkən yığırdım. Sonra da min bir əziyyətlə, əl – ayağımıza tikan bata – bata yığdığımız böyürtkəni aparıb dəyər – dəyməzinə bazar alverçilərinə satırdıq. Yay boyu qardaşımla hərəmizə 45 – 50 manat qazanıb məktəb ləvazimatlarına xərcləyirdik. Ailəmiz çox kasıb idi. Bunları məcburiyyət qarşısında edirdik. Amma ən böyük qazancım o böyürtkən kollarının arasında özüm üçün qurduğum “nəğmə yuvam” oldu!

Çingiz Səfərli 1993 – cü il, fevralın 20 – də Naxçıvanda, Ordubad rayonunun Əndəmic kəndində ziyalı ailəsində anadan olub. Əndəmic Ordubadın gözəl bir dağ kəndidir. Yazı yamyaşıl, qışı bəmbəyaz, payızı rəngbərəng…Çingiz o kəndin yay gecələrində ulduzlu göylərlə danışardı… Gecələr o kəndin səmasında ulduzlar bərq vuranda bütün ucalıqlar aydınlığa bələnirdi. Çingizin kəndə vurğunluğunun səbəbi təkcə bu deyildi. Bir dəfə söhbət zamanı dedi:

- Kəndimizdə nənələrimizin bişirdiyi təndir çörəyinin həsrətindəyəm. Payız vaxtı lavaş bişirirdilər ki, bütün qış uzunu istifadə etsinlər, təknədən çörəkləri əskik olmasın. İndi çox təəssüf ki, hamı şəhərli olub, kənddə də çörəyi mağazadan alırlar. Kəndimizdə o lavaş bişirmə mövsümünün yeri bir başqa idi. Həmin günlər bizim üçün bayram ovqatlı olurdu. Qohumlar yığışıb bir – birinə kömək edirdilər. Biz də sevincək olur, uşaqlarla oynayırdıq.

Kəndimiz rayonun yaxınlığında yerləşir. Məktəbə qardaşımla piyada gedib gəlirdik. Elə olurdu ki, dərsdən sonra evə qaranlıqda qayıdırdıq. Kəndə gedən maşınlar olanda saxlayıb bizi də götürürdülər. Maşın olmayanda da üç – dörd kilometr yolu payi – piyada qət edirdik.

Tar mənim ürəyimin bir parçasıdır. Səsimlə çalğımı bir – birinə sintez edirəm. İndiki tarım üçüncüdür. İkisini isə həmin yollarda qırmışam. Qış vaxtı müəllimimgilə gedəndə sürüşüb yıxıldım, tar əlimdən düşüb qırıldı. Birini də su xəttinin üstünə çıxanda sındırmışdım. Elə özüm də tar boyda bir uşaq idim. Mənim boy – buxunuma, yaşıma baxanda tar böyük idi. Saxlamağa gücüm çatmırdı, yorulurdum.

Ordubad Uşaq Musiqi Məktəbində birinci dəfə notları və mizrabı necə vurmağı öyrətdilər. Sonra da ” Cücələrim”, “Oynaq topum” kimi musiqi nömrələrini ifa etməyə başladım. Bir müddətdən sonra artııq Milli Konservatoriyanın 2 – ci, 3 – cü və 4 – cü kurs tələbələrinin proqramına uyğun ifalar edirdim. Hacı Xanməmmədovun konsertlərini, Rossinin “Seviliya bərbəri” operasından üvertüranı, həmçinin muğamların hamısını çalırdım. Əsas texnikanı mənimsəmək və bir də ilk vaxtlardan düzgün istiqamətləndirilmək önəmlidir. Düzgün istiqamətləndirilməyəndə sonradan ciddi çətinliklər ortaya çıxır. Bilək, barmaq sıxılır, texnika zəif olur, sürətli əsərləri ifa etmək çətinləşir. Ona görə də hər şeyə asta templə başlayırlar. Bakıya təzə gələndə məndə də texnika zəif idi. Gimnaziyada oxuyanda 7 – 8 saat gün ərzində tar çalırdım ki, nəsə alınsın. Sonsuz həvəsim vardı… Ona görə də tarı peşəkar səviyyədə öyrənə bilmişəm.

Əvvəllər sırf muğam oxuyurdum, sonra retro tipli mahnılar diqqətimi çəkdi. Rəşid Behbudova, Hüseynağa Hadıyevə, Oqtay Ağayevə, Yalçın Rzazadəyə, Natəvan Şeyxovaya qulaq asdım. Oxu tərzimdə bir müddətdən sonra fərqli bir yöndə formalaşma müşahidə etdim. Emin Sabitoğlunun, Elza İbrahimovanın və b. bəstələrindən oxumağa başladım.

…Jurnalıstika fakültəsinə qəbul olmağım isə sırf təsadüf idi. Yəni bal sistemi olduğundan sıralamaya görə jurnalistikaya qəbul olundum. Amma ruhdan düşmədim, oxuduqca mənə maraqlı gəldi jurnalistika. İkinci kursda oxuyanda kiçik hekayə tipli bir şey yazmışdım. Başlığını da belə qoymuşdum : ” Əlimin titrəyərək yazdığı…” bunu Cahangir müəllimə göstərdim. Giriş hissəsini çox bəyəndi. Bəzi yerlərdə bir – iki çatışmazlıqlar vardı, onları nəzərimə çatdırdı. Bundan sonra bir az ruhlandım. Sonra yeni yazılar yazdım.

Sevinc xanım da bir il bizə dərs verdi. O, bizə janrları öyrədirdi. Hər dəfə yeni bir janr haqda danışanda bizdən o janra uyğun yazı istəyirdi. İstər resenziya, istər oçerk, istər esse… kimi müxtəlif janrlarda yazmaq vərdişi aşılayırdı.

Qulu müəllimdən çox şey öyrəndik. Osman müəllim də sosial şəbəkələr, sayt sistemi, məlumatın yerləşdirilməsi, bloq yaradılması və s. məsələləri yaxşı izah edirdi.

Həqiqətən də gözəl müəllimlərimiz olub. Tələbə vaxtı özümüz bir sayt yaradıb orada bir müddət işlədik. Sonra da “bu gün.az” saytında bir müddət işləyib təcrübə topladım. Hərbi xidmətdən qayıtdıqdan sonra qısa bir vaxtda “axşam.az” saytında çalışdım. İndi də “qaynarinfo.az” – da işləyirəm.

Mənim Çingizlə tanışlığıma da elə bu saytda yazdığı yazılar körpü olmuşdu. Nəğmələri kimi, isti ürəklə yazdığı yazıları da oxucuya tərəf boylanır. “Həsəd apardığım adam” sərlövhəli yazısı xüsusilə diqqətimdən yayınmadı….Bu yazının mənə doğma gəlməsinin sirri də el – obaya, torpağa bağlılıqdan qaynaqlanırdı. O sətirlərdə bağbanın zəhməti, torpağın hikməti, ot və yarpaq yaşılına bələnmiş təbiətlə babasının ülfəti vardı. Çingizin babası haqqında yazdığı by yazısında bahar ətirli düşüncələri məni valeh etdi.

Salman baba torpağı əkib becərdikcə, bağ salıb barını dərdikcə nəvəsi Çingizə ana təbiətin dilini öyrədirmiş. Ona görə də babasının zəhmətsevərliyini, torpağa məhəbbətini bir övlad duyğusu ilə qələmə alıb.

O, qismətinə taleyin hökmüncə qane olub. Amma bu, heç də o demək deyildir ki, Çingiz musiqi dünyasından yan keçib jurnalistikada ayaq saxlayıb. Öz könül tarını da iş yerində vaxt olduqca dilləndirir… Qərib quşlar kimi, o ülvi uşaqlıq illərinin həsrətiylə dönüb – dönüb oxuyur. Çingizin tarının səsi ilə öz nəfəsi bir ahəng təşkil edir.

… Onun bir neçə ifasını dinlədikdən sonra çox sevindim. Çingizin peşəkar çalğısı və oxu tərzi bu fikirləri deməyim üçün mənə haqq verir. Çünki o, uşaqlıq və erkən gənclik illərindən bu yana neçə – neçə müsabiqələrdə və bədii yaradıcılıq festivallarında iştirak edib, hamısında qalib yer tutaraq, 1 – ci və 2 – ci dərəcəli Diplomlarla, Fəxri Diplomlarla və Fəxri Fərmanlarla təltif olunub.Onun bu uğurları da məni hədsiz sevindirdi. İnanıram ki, o, sənətdə öz layiqli yerini tutacaq. Mən Çingizə yaradıcılığında daha böyük nailiyyətlər diləyirəm.

Onu da qeyd etməyi lazım bilirəm ki, son illər respublikamızın müxtəlif yerlərindən, ucqar kəndlərindən onlarca gənc istedadların üzə çıxarıldığının şahidi olmuşuq. Çingiz də belə istedadlardandır. Həyatı çətinliklərlə dolu olsa da, qayğıları başdan aşsa da tarı ilə, nəğmələri ilə özünə dinclik tapır. Elə mən də insanların ürəyində yuva quran bu səsin sahibi olan gənc bir istedad haqqında yazmaq qərarına gəldim. Onun yazdıqlarını oxuduqca, ifalarını dinlədikcə ürəyim dilləndi, dilimdə sözlər qafiyələndi:

Çingizin səsinin sehri varıymış,

Nəğmə yuvasının mehri varıymış…

KÖŞƏ YAZARLARI
TOP 10