İstedadlı gənclərin estrada – vokal müsabiqəsinin yekun konserti oldu

14 Baxış

IMG_6154

Azərbaycan Milli Konservatoriyasında (AMK) istedadlı gənclərin estrada – vokal müsabiqəsinin yekun konserti olub.

Konservatoriyadan Senet.az-a bildirilib ki, konsert Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (TGTİ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən öncə layihə rəhbəri Riad Cəbrayılov bildirib ki, layihə ötən ilin dekabr ayından start götürüb. Qeyd edilib ki, müvafiq olaraq üç mərhələdən ibarət müsabiqənin ilkin mərhələsində 107 nəfər iştirakçı rəsmi qeydiyyata alınıb. Daha sonra ən yaxşı 30 iştirakçı müsabiqənin ikinci turunda çıxış edib. Nəhayət, 14 fərqli ali təhsil müəssisəsində təhsil alan ən yaxşı 16 iştirakçı müsabiqənin final – qala konsertinə vəsiqə qazanıb.

Riad Cəbrayılov layihənin təşkilində maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Gənclər Fonduna və təşkilati dəstəkçi dövlət qurumlarına təşəkkür edib.

Sonra çıxış edən TGTİ-nin sədri Kənan Sadıqov layihənin istedadlı gənclər üçün xüsusi bir platforma olduğunu və bu tip layihələrin operativlik, böyük məsuliyyət tələb etdiyini vurğulayıb.

Qala konsert 16 nəfər gənc və istedadlı finalçının canlı ifaları ilə davam edib.

Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə vokal janrı üzrə birinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Rauf Məmmədzadə, ikinci yerə Anadolu Universitetinin tələbəsi Elçin Əliyev, üçüncü yerə Azərbaycan Dillər Universitetinin tələbəsi Şahverən Babayev, estrada janrı üzrə isə birinci yerə ADA Universitetinin tələbəsi Kənan Əzimov, ikinci yerə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Nadir Rüstəmli, üçüncü yerə AMK nəzdində Musiqi Kollecinin tələbəsi Mədinə Mirzəyeva layiq görülüblər.

Sonda qaliblər sertifikat və diplomlarla təltif olunub.

Bölmə : Sənət xəbər