Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və göz muncuğu xanın nəzərini cəlb edir və atı saxlayır:
– A bala, o itin boynundakı nədir?
Çoban cəld cavab verir:
– Xan sağ olsun, duadır, göz dəyməsin deyə yazdırmışam.
İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanı başa düşməyən çoban, iti tərifləyir …
– Bəs duanı harada yazdırmısan?
– Şişə qalasında.
Bərk əsəbiləşən xan xilafi-şər iş görən, dini ələ salan mollanı cəzalandırmaq məqsədi ilə çobanı iti ilə birlikdə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, dizi üstə qarşısında əyilmiş mollaya qəzəblənir:
– Quran sənə qənim olsun, nə cürətlə dinimizi ələ salıb, itə dua yazırsan?
– Xan sağ olsun, əgər siz buyuranlar doğru isə, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır, çobanla zarafat etmişəm.
– Necə yəni məzahdır?
Molla ürəklənir:
–Xan, qalaların təbiətinə bələdsiniz. Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yazdırmasan göz dəyər, tez ölər. Çoban da sürüsündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır… Onu müxtəlif yerlərə göndərirlər. Qəssab əttara, əttar baqqala, baqqal çaqqala, çaqqal da mənim üstümə. Mən də camaatın kələyini duyub, dua əvəzinə bir məzah yazdım.
Xan itin boynundakı bükməni açdırır və saralmış kağızda yazılanları oxutdurur:
Gözüm düşdü ətinə,
Dua yazdım itinə.
Həmin sirri kim açsa,
Bu çobanın …
Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir, özünə mirzə götürür, saraya gətirir. Həmin molla, məşhur şair Vaqif imiş.
***
Başqa bir rəvayətdə Vaqifin Qarabağ xanlığına gəlməsi belə nəql edilir:
Molla Pənah Daş Salahlıda, məşhur Şəfi əfəndidən elm təhsil edirmiş. Daş Salahlıda Pənahdan bir xəta baş verir, orada artıq qala bilməyib, yaylağa gedir.
Şəfi əfəndi onun dağa getməsindən xəbərdar olub təəssüf edir ki, Molla Pənah elmini tamamlamadı və öz arvadına deyir ki, sən axırda eşidərsən, Molla Pənah böyük bir şəxs olacaqdır, çünki o çox zirək və cövhərli adamdır.
El dağdan enəndə, Molla Pənah vətəninə qayıtmayıb Gəncəyə gedir və orada Şah Abbas məscidinin hücrələrinin birində təhsil və elmlə məşğul olmağa başlayır. Həmin vaxtlarda Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə Gəncədə dustaq imiş. Qarı oğlunu azad etdirmək üçün ərizə yazdırmağa məscidə gəlir. Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, ərizəni kimin yazdığını deməsin.
Qarının ərizəsi Cavad xanın çox xoşuna gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qarı əvvəlcə cavab vermir, amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mənə hər nə ərizə yazılsa, hamısını sən yaz və hər birinə qələm haqqı bir qızıl al.
Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə, Cavad xana qonaq gəlibmiş. İbrahim xan Cavad xandan bir qabil mirzə istəyir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərifləyir. İbrahim xan çox hörmətlə onu qəbul edib özü ilə Qarabağa aparır. Orada Molla Pənah az müddətdə öz bacarığını göstərir və İbrahim xanın ən yaxın sirdaşlarından biri olur.
***
Vaqifin İbrahim xanın sarayına gəlməsi haqda üçüncü bir rəvayət belə nəql edilir:
Vaqif Tərtərbasardan Şuşaya gəlir. Şəhərin Saatlı məhəlləsində məktəb açır. Öz savadı və uzaqgörənliyi, şirin şeirləri ilə tez zamanda ətrafdakıların hörmətini qazanır.
Novruz bayramı günü münasibətilə şairin yazdığı məşhur “Bayram oldu” şeiri əl-əl gəzib, axırda İbrahim xana çatır. Xan onun hazırcavab, zirək və tizfəhm görüb saraya dəvət edir.
***
Vaqifin saraya gəlməsi barədə söylənən dördüncü rəvayət də maraqlıdır:
Vaqif Şuşada bir çox adamlarla yaxınlıq edib, ülfət qılırmış. Onlardan biri İbrahim xanın yaxın adamı, sarayda mötəbər şəxs Mirzə Vəli Baharlı imiş. Vaqif Ayın tutulmasını və zəlzələni qabaqcadan xəbər verərkən, onun ağlına heyran qalmış Baharlı bu əhvalatı İbrahim xana danışır. İbrahim xan Vaqiflə şəxsən görüşüb, onun kamalını qiymətləndirir, saraya gətirdir.
***
Vaqif sarayda əvvəl eşik ağası və sonra baş vəzir olur. Otuz ilə yaxın bir müddətdə, yəni ömrünün sonunadək Qarabağ sarayının ən mötəbər və uzaqgörən xadimi kimi şöhrətlənir. Bir sıra elmlərdə, xüsusilə nücum və mühəndislikdə səriştəsi var imiş. Şuşada bəzi binaların, şəhərin ətrafına çəkilmiş hasar və qala divarının naziri və müşaviri Molla Pənah imiş. Onun hər cəhətcə qabil, kamil olduğunu görən İbrahim xan da şairin məsləhət və tədbirinə qulaq asarmış. Bu səbəbdən, Qarabağda bir məsəl yaranır və çox məşhurlaşır: “Hər oxuyan Molla Pənah və hər qatırçı Murad olmaz”
***
Vaqif nücum elmini gözəl bildiyi üçün, İbrahim xan hər cür ciddi addım atarkən, hərbi səfərə çıxarkən onunla məsləhətləşərmiş. Bir dəfə İbrahim xan xoylu Əhmədxanla müharibəyə başlayıb-başlamamaq haqqında vəzirlə məsləhətləşir. Vaqif ulduzların vəziyyətindən belə bir nəticə çıxarır ki, yaxın zamanlarda Xoyda olmalıdır, deməli səfər müvəffəqiyyətlə nəticələnəcək. Vaqifin münəccimliyi düz çıxır. Lakin şair Xoya qalib sifətilə deyil, əsir sifətilə varid olur. Tezliklə hər şey sülh yoluna gəlir və Vaqif azad olunarkən aşağıdakı beyti deyir:
Vaqifəm, sağü-səlamət bu səfərdən qayıdam,
Mən olam, bir də çıxam ruzi qiyamət Qaladan.
***
İbrahim xan Quba xanı Fətəli xanın, Şuşaya hücum edəcəyini ehtimal edərək, qoşunu ilə Əsgəranda qərargah salmış, çadırlar qurdurtmuşdur. Vaqif də xanın hüzurunda olmaq məcburiyyətində idi. Lakin onun ruhu şəhərdə, Mədinəsinin yanında idi. O, dözə bilməyib gecələrin birində bir qoşma yazır. Qoşmanı şair belə qurtarır:
Ləblərin bağrımı pürxun eyləmiş,
Axıtmış göz yaşım, ceyhun eyləmiş,
Həsrətin Vaqifi Məcnun eyləmiş,
Onun üçün gəzər, çöllər dolanır.
Sonra şair nökəri çağırıb deyir:
– Atı min, bu kağızı bu saat apar Qalaya, Mə-dinə xanıma ver, tez qayıt!
Çapar tez gedib, tez də Mədinədən cavab gətirir. Məktubda yalnız bircə bayatı yazılmışdı:
Ahular mələr gələr,
Dağları dələr gələr.
Yar yarını istəsə
Gecəni yarar gələr.
Vaqif elə o saat at yəhərlədib Qalaya, gözəl Mədinəsinin görüşünə gedir.
***
Vaqifin iki arvadı olmuşdur. Birincinin adı Mədinə, ikincisinin adı Qızxanım imiş. Mədinə öldükdən sonra şair ikinci ilə evlənmişdir. Mədinənin ölümü Vaqifi çox mütəəssir etmişdir. Hətta Mədinənin ölümünə Qazax şairlərindən İsrafil Sail mərsiyə də yazmışdır:
Biçarə Vaqifin, Molla Pənahın
Hayıf oldu mədinəsi yıxıldı.
***
Şahsevənli Fərəcullah xan, İbrahim xanın qızı Kiçik Bəyimə evlənmişdi. Bir gün o qayınatası İbrahim xanı qonaq çağırır. Lakin xan başqa işlə məşğul olduğundan, vəziri Molla Pənahı qonaqlığa göndərir. Uzaqdan atlıların gəlməsini görən Fərəcullah xan onların qabağına çıxır, dəstənin başında İbrahim xanı görmədikdə, tutulur:
– Məgər xanın bir adamı yoxmudur, mənim yanıma göndərsin?!
Vaqif dərhal cavab verir:
– Xeyr, xanın adamı çox idi, adamı adam yanına, bizi də sənin yanına göndərdi.
Fərəcullah xan Vaqifi tanıyıb pərt olur, ondan üzr istəyir.
***
İbrahim xan səfərlərinin birində öz qoşunu ilə Kür qırağında qərargah salıb uzun müd-dət qalmalı olur. Saray əhli və qoşun başçıları təngə gələrək, Şuşaya qayıtmaq üçün Vaqifdən tədbir görməsini xahiş edirlər. Vaqif “Siyah tel görmədim Kür qırağında” qoşmasını yazıb oxu-maq üçün saray xanəndəsinə verir. Lakin saray adamlarının gözlədikləri nəticə hasil olmur. Onlar yenə Vaqifə müraciət edirlər. Bu dəfə xanəndələr Vaqifin yazdığı “Kür qırağının əcəb seyrəngahı var” adlı ikinci qoşmasını xanın hüzurunda oxuyurlar. Vaqifin bu şeiri İbrahim xana o qədər təsir edir ki, o, həmin saat çadırları sökdürür və Şuşaya qayıtmaq əmrini verir.
***
Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı günlərin birində, İbrahim xanı qorxutmaq məqsədi ilə saray şairi Seyid Məhəmməd Şirazinin yazdığı aşağıdakı bəndi məktub vasitəsi ilə xana göndərdir:
Zi məncənige-fələk sənge-fitnə mibarəd,
To əbləhanə girifti miyane-şişə qərar.
(Fələyin mancanağından fitnə daşları yağır,
Sən əbləhcəsinə şişə içərisində dayanmısan)
Bu kağız xana yetişən kimi Vaqifə verir. Vaqif şeirə baxıb, cəld həmin məktubun arxasında aşağıdakı bəndi yazıb, İbrahim xana verir:
Gər nigahdareye-mən an əst ke, mən midanəm,
Şişera dər beğəlbe-səng nigəh midarəd.
(Məni qoruyan mənim tanıdığımdırsa,
Şişəni daş qoynunda salamat saxlayar)
Şeir xanın xoşuna gəlir və məktubu geriyə göndərir. Ağa Məhəmməd şah cavabı oxuyarkən, qəzəbi daha da alovlanır.
***
Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəsi vaxtı İbrahim xana məktub yazaraq, ona bir at göndərməsini tələb edir. Lakin bu at nə kəhər, nə kürən nə səmənd, nə qara, nə ağ, yəni, heç bir rəngdə olmamalı idi.
İbrahim xan, Vaqifə müraciət edir. Vaqif, Ağa Məhəmməd şaha belə bir cavab yazır: “İstədiyiniz at xan tövləsində hazırdır. Adam göndərin, aparsın. Lakin həmin adam həftənin şənbə, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa hansı günündə istəyir gəlsin”.
***
1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları, aclıqdan taqətdən düşmüş Şuşaya daxil olurlar. İbrahim xanın yaxın adamları tutulur. Vaqif də həmçinin. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir:
– Mən nə şahın üzünü görəcəyəm, nə də qətl ediləcəyəm. Səni bilmirəm.
O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və deyir:
– Sabah elə bir siyasət eləyim ki, tarixlərdə deyilsin. Bir minarə qurduracağam, şair Molla Pənahın da başı lap yuxarılarda asılsın. Gedin dəmirçilərə deyin minarə üçün çoxlu mıx qayırsınlar! …
Vaqif saraya gətiriləndə qüruba bir və ya iki saat qalıbmış. Sərkeşbaşı Məhəmmədhüseyn xan Vaqifi qapıda əli bağlı görüb soruşur:
– Bu kimdir?
Cavabında deyirlər:
–Bu, həmin Molla Pənahdır ki, eşidibsiniz.
Həmin dəm sərkeşbaşı Vaqifə nalayiq söyüşlər yağdırır:
– Ay pədər süxtə! Qoca köpək!
Vaqif öz ləyaqətinin tapdanmasına yol verməyərək, qürurla sakitcə cavab verir:
– Ey xan, siz şəxsi-dövlətsiniz, dəstgir və giriftarlara yaman gəlmələr, hədyan sözlər bu-yurmaq sizin rütbə və məratibinizə şayistə deyil…
Lakin Məhəmmədhüseyn xana bu sözlər zərrəcə təsir göstərmir. O, Vaqifi yenə təhqir edir. Lakin Vaqif soyuqqanlılıqla onun cavabını verir:
– Ey xani-nanəcib! Mən əgər dustağəm, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə acib yetirə biləsən. Həmin bu cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir! Bəlkə şah sabah məni azad edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bəlkə qeyri bir yol ge-dəcəkdir. Gecə hamilədir, kim bilir sabah nə doğacaq.
Məhəmmədhüseyn xanın göstərişi ilə Vaqifi zindana salırlar.
Molla Pənah gecə yarısı zindanbandan:
– Şəhərdə təzə bir əhvalat və şuriş yoxdur?
O cavab verir ki, bir şey bilmir. Şairin gözünə yuxu getməyib, sübh tezdən yenə zindanbandan soruşur:
– Şəhərdə nə xəbər var?
Zindan böyüyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib cavab verir ki, o, bir xəbər eşitməyibdir.
Amma çox keçmir ki, Ağa Məhəmməd şahın qətlə yetişmək xəbəri şəhərə yayılır. Dəmirçilərə xəbər gəlir ki, mıx lazım deyil, şahın cənazəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:
– Ey mıxı mismara döndərən Allah! – deyə üzünü göyə çevirir. Dustaqlıqdan azad olan Vaqif də öz əziz dostu şair Vidadiyə məşhur “Ey Vidadi gərdişi-dövrani kəcrəftara bax” rədifli qəzəlini yazır:
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü-adil padşahi-qadirü qəhharə bax!
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ,
Keçərki iqbalı gör, gündüzdəki idbarə bax!
***
1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy İbrahim xanın ən ya-xın adamlarını, o sıradan Vaqifi və oğlunu həbsə aldırır.
…Molla Pənahı oğlu Qasım ağa ilə qətlgaha apartdırmışdır. Qətlgah isə Cıdır düzünün qurtaracağındakı Xəzinə qayası idi. Bura dəhşətli və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə aşağı atarlarmış. Yolda Molla Pə-nah qətlgaha aparıldıqlarını anlayır. O, duyduğunun həqiqət olub-olmamasına inanmaq üçün təngnəfəs halda oğlundan soruşur:
– Qasım ağa, bizi hara aparırlar?
Oğlu sərzənişli sözlərlə cavab verir:
–Ağa, bir çoxlarını sən bu yolla göndərmisən, indi də bizi həmin yolla ora aparırlar!
Vaqif Cıdır düzünə çıxan bir yamacda yerə oturur. Onda ürəyilə getməyə taqət qalmır. Cəllad bir-iki dəfə qolundan dartırsa da, yerindən qaldıra bilmir. Vaqif zəif, lakin qürurlu səslə de-yir:
– Nə eləyəcəksinizsə, elə burada eləyin, heç yerə getməyəcəm!
Cəlladlardan biri qəməsini çıxardıb Qasım ağaya yaxınlaşdıqda, Vaqif yalvarır:
– Amandır! Əvvəl məni! Mənə oğul dağı göstərməyin!
Cəlladlar şairə qulaq asmayıb, əvvəl oğlunu, sonra da özünü öldürürlər.