“İt qucağı” – HEKAYƏ

175 Baxış

1421075028azad_QaraRedaksiyadan:

Yazıçı Azad Qaradərəlinin “Müharibə uşaqları” adlı hekayələr kitabı bu yaxınlarda “Alatoran” yayınlarında çapdan çıxıb. Kitabda  Qarabağ müharibəsinin amansızlıaları, Azərbaycan uşaqlarının çəkdiyi zillətlər elə uşaqların öz dilləri ilə təsvir edilir. Topluda  fərq qoyulmadan azərbaycanlılarla yanaşı,  erməni, hətta rus, ərəb və başqa millətlərdən olan uşaqların da əzabları yer alıb. Sözügedən kitabdan “İt qucağı” hekayəsini təqdim edirik.

  ***

     “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk  uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.

                                    Zori Balayan “Ruhumuzun canlanması” kitabından

 

Kişiləri divara söykəyib bircə anda güllələdilər. Gülələr dəyəndə adamlar səs çıxartmağa macal tapmamış qeyri-müəyyən səmtə yıxılır, dodaqlarını aralayıb  nəsə demək istəsələr də,  söz əvəzinə qan tökülürdü ağızlarından.

Mən yaşda iki qızı diri-diri süngüyə taxdılar, sonra hərəsini bir ağaca sarıyıb üstlərinə benzin töküb yandırdılar. Onların alovun içində  qışqıra-qışqıra nə dediklərini anlamaq istəsəm də,  bu mümkün olmurdu. Məni sinəsinə sıxmış anam gah əli ilə gözlərimi qapayırdı, gah barmaqlarını qulaqlarıma tıxayırdı.

Bu vaxt bir maşın gəldi. İçindən düşənlər bizimkiləri öldürənlərə nəsə dedilər. Hiss olunurdu  ki, vəziyyət dəyişib. Bizi qabaqlarına qatıb harasa aparmağa başladılar.

Anam əlimdən  tyutmuşdu və mən on yaşlı oğlanın anasını qoruya biləcəyi haqda bütün əfsanələri,  nağılları bilsəm də, bunların mənasızlığını anlayıb bu əldən bərk-bərk yapışmışdım.  Bu əlin istiliyi bir yana, onda nəsə başqa bir güc də vardı: inanırdım ki, əlim bu əldən üzülməsə, mənə ölüm yoxdur.

Amma üzüldü. Bayaqdan gözü bizi almış  erməni zabiti (artıq əsgəri zabitdən seçə bilirdim, müharibə uşağıydım axı) mənə  yaxınlaşıb saçımdan tutdu, hirslə dartıb anamın əlindən aldı və ermənicə pis bir söyüş də söydü. (Mən bu dildə bir az bilirdim onda)

Qadınları bir tərəfə, kişiləri başqa bir tərəfə apardılar. Mən də kişi dəstəsindəydim. Bizi gətirib taxtadan tikilmiş fin evlərinin  bir gözünə saldılar. Axşamacan səs-soraq çıxmadı. Təkcə  qadınlar salınan otaqdan arabir boğuq qadın qışqırtısı gəlirdi. Hərdən də qapı açılıb-örtüldükcə içimizdə ən yaşlı adam olan Cürə dayı astadan hönkürür, başını divara vururdu. (Qadınlar olan otaqda onun qızı, gəlini və mən yaşda nəvəsi vardı. Əvvəl kişinin niyə belə elədiyini başa düşmədim. Elə ki, pəncərədən gəlinini erməni əsgərlərinin sürüyə-sürüyə harasa apardıqlarını görəndə məsələni anladım. İnanın, mən də başımı divara vurmaq istədim – amma divar taxtadan idi, başın bu taxtalara çırpılmasından bir fayda olmazdı ziyandan başqa – taqqıltıya ermənilər gəlib bizi əzişdirərdilər.)

Gəlininin “ay  namərd allah hey” nidasını eşidəndə Cürə dayı  gah başını döşəməyə çırpdı, gah taxta divarın hamar yerinə döydü və xısın-xısın ağladı.

Birdən mənim gözlədiyim fəlakət baş verdi. Bayaq məni anamın əlindən dartıb alan  zabit anamı sürüyüb çölə çıxartdı.  Qarnına, üzünə təpiklə vurmağa başladı. Mən özümü pəncərəyə çırpıb anama yetişmək, onu bu cəlladın əlindən almaq istədim. Yanımdakılar əllərimi tutdular, biri hətta əliylə ağzımı da yumdu.

Bu vaxt erməni zabiti təmiz Azərbaycanca dedi:

-Ara, bu ləçər xoşuma gəlmişdi, ama baxdım ki, qəhbə boyludu. Kazbeki açın. Bunu Kazbekə yedirdəcəm, ali!…

(Mən anamın ikicanlı olduğunu bilirdim. Müharibə hələ təzə-təzə qızışan vaxtlarda atam səngərdən gələndə başını onun qarnına söykəyər, bığaltı gülüb  deyərdi: “İstəyirəm qızımız olsun. Anamın adını qoyarıq ona.”)

Bizdən əvvəl bura salınan iki azərbaycanlı kişi qorxaq nəzərlərlə  pəncərədən baxa-baxa dedilər:

-Yazıq qadın. Bu oğraşın bir iti var ki, günlərlə ac saxlayır, sonra əsirlərin üstünə buraxır… Diri-diri parçalayır onları…

Heç beş dəqiqə keçməmiş it hürüşməsi eşidildi, dalınca  da anamın çığırtısı. İtin anamın üstünə necə atıldığını görsəm də qalanına baxmağa  imkan vermədilər – bayaq başını divara çırpan Cürə dayı əlləri ilə gözlərimi yumdu. İtin zingiltisini, anamın çığırtısını eşitdikcə bağrım sökülürdü. Arada ermənilərin hırıltısı da bu səslərə qarışırdı.

Bir az sonra səslər kəsildi. Cürə kişinin əlləri boşaldı və dartınıb onun əlindən çıxdım. Adamların arasından soxulub  anamın başına gələnləri  bilmək  istədim və  pəncərənin şüşəsindən gördüyümdən əvvəl bir şey anlamadım. Anam yerə uzanmışdı, hərdən gah qolu, gah qıçı tərpənirdi. Kazbek deyilən dikqulaq nəhəng  it isə anamın qarnından çıxrtdığı qanı süzülən uşağı ağzında tutub durmuşdu.

Həmişə  əllərimdən bərk-bərk yapışan anamın əlləri indi al qan içindəydi  və bu quduz itin dişlərində didik-didik olmuşdu.

-Ana!!!

Necə bağırdımsa pəncərə önünə yığılmış bizimkilər bircə anda geri çəkildilər və mən tək qaldım. Elə bil mənə hardansa güc gəldi. Üzümü zabitə tutub  mənə yad olan bir səslə necə bağırdığımı özüm də bilmədim:

-Oğraş! Sən alçaqsan! Alçaqsan!!!

Elə bil ki, kəndimizin dağları bu səsləri bir-birinə ötürdü: “Alçaqsan… san… san… san.. alçaqsaaannnn…”

Zabit pəncərəyə doğru gəldi. Təpiyiylə vurub taxta pəncərənin şüşələrini  sındırdı, sonra çərçivələri təpikləyib qopartdı.  Əl atıb  saçımdan yapışdı, anamın əlindən aldığı kimi məni dartıb  şüşə qırıqlarının içindən çölə çıxartdı,  təpikləyə-təpikləyə gətirib Kazbekin qabağına tulladı. Kazbekə elə bil nəsə olmuşdu. Bayaqdan ağzında tutduğu bapbalaca uşaq meyidini yerə saldı. Qabağında əsim-əsim əsən on yaşlı oğlanı – məni maraqla süzdü,  uzun dilini çıxardıb üzüm aşağı axan qanı yaladı. Qorxudan  elə qurumuşdum ki, nə səsim çıxırdı, nə də tərpənə bilirdim. Bir az sonra it  məni qolları arasına alıb anamın hələ də tərpənən, kəsik-kəsik səslər çıxardan cəsədinin yanında yerə sinidi və gözlərini yumdu.

Ətrafa bir səssizlik çökdü. Ermənilərin içindən kimsə dərindən köks ötürüb dilləndi:

-Ay astvas…

-İtinə şükür, xudaya!? – Bu səs isə Cürə kişinin səsiydi.

Elə bil uzun bir zaman keçdi. Mən itin qucağında, bədəni param-parça olmuş anamın cəsədi və ondan bir az aralıda bacım, yaxud qardaşım olan  körpə bir uşağın qan içində meyidi… Sehirlənmiş kimi ayaq üstə qalmış erməni silahlıları və pəncərədən boylanan əsirlər…

Bu an  erməni zabiti tapançasını çıxardıb məni qucaqlamış Kazbekə tuşladı.  Gözləri bərəlib hədəqəsindən çıxırdı az qala. Qapqara saçlarını sol əlinin titrəyən barmaqlarıyla geri itələyib  iki                             dəfə atəş açdı.  İt başını sinəmə qoyub öldü. Mən də gözlərimi yumdum – güllə haramısa dəlib keçmişdi. Anamdan sonra yaşamaq istəmirdim onsuz da…

***

Kazbekə dəyən güllənin biri qolumu qırmışdı. Cürə dayı köynəyimi cırıb yaramı sarıdı.

***

Sonra məni və Cürə dayını dəyişdilər.

Kişi gələndən bir həftə  keçmiş öldü. Mən isə yaşadım. Qolum sağaldı. Naftalanda məktəbə getdim. Orta məktəbi bitirəndən sonra  Aviasiya Akademiyasına sənəd vermək istədim, götürmədilər. Boyun çatmır dedilər. Amma mənim təkcə boyum yox, çox şeyim çatmır. Məsələn, havam çatmır hərdən. Elə bil boğuluram… Bir də ürəyimin döyüntüsü… Vurmur hərdən ürəyim. Elə-belə, qəfilcə dayanır. Deyirəm, yəqin indicə ölləm. Amma ölmürəm… Bir az sonra öz-özünə işə düşür… Bir də… Bunu necə deyim sizə? Bu, əslində mənim bu dünyadan o dünyaya aparacağım sirrimdir: kişiliyim yoxdur. Nə illah eləsəm də,  illacım olmadı. Qadına, qıza baxa bilmədim… Baxdım əslində. Amma elə baxdığım andaca həmin qadın, ya qız dönüb anam olurdu, Kazbek də onu süpürləyib altına salırdı, sonra da qarnını yırtıb uşağı qarnından çıxardırdı… Sonra da o it məni qolları arasına alırdı…

…Hə, bir şey qaldı. Qoy onu da deyim: bir itim var, adı da Kazbekdir. Hərdən başımı qollarının arasına qoyub uzun zaman susuram. O da etiraz eləmir. Başa düşür ki, hərdən adamın it qucağına da ehtiyacı olur. Əslində bu işıqlı dünyada yeganə canlıdır ki, ona sığınmışam.

***

S.A(Söz ardı)

Bir vdəfə  Moskvanın NTV kanalından bir psixoloqun hazırladığı verilişə baxırdım. (Mənim özümün də psixi problemlərim olduğu üçün belə verilişləri izləyirəm həmişə) Psixiatr qadın iki orta yaşlı adamı danışdırırdı. Biri mənə tanış gəldi. Tez-tez gözlərini qırpan, üzü səyriyən, əlləri əsən bu qaragöz, qarasaç adam dəqiq qafqazlıydı. Danışığını yaxşı başa düşmək olmurdu. O biri isə nisbətən rahat danışırdı. Məlum oldu ki, qardaşdılar. Danışa bilən izah edirdi ki, qardaşı Qarabağda döyüşüb. Zabit imiş. Xocalı hadisələri zamanı  sarsıntı keçirib. Ordudan tərxis olunandan sonra iki dəfə  intihara cəhd edib.

Gəlin sizə and içim ki, bu Kazbeki anamın üstünə qısqırdan zabit idi. Bir az qabaqdan saçı tökülmüşdü.  Bir az da arıqlamışdı…

Özümü pis hiss elədim. Dilim keyidi. Həkim demişdi ki, belə verilişlərə baxmayım…

 

   5  iyul 2014

 

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10