İtirilmiş vaxtın adamları

65 Baxış

kenanKənan Hacı

 

 

 

Müşfiq Xanın “5.45” hekayələr kitabı haqqında qeydlər

 

Müşfiq Xanla nə vaxt, harda, hansı şəraitdə tanış olduğumuzu xatırlamıram. Bəlkə bu tanışlıq onun xatirindədir, bilmirəm. Amma hər dəfə onunla görüşəndə mənə elə gəlir ki, biz ta uşaqlıqdan uzun bir yol gəlmişik, eyni çətinlikləri adlamışıq, həyat ikimizi də eyni qazanda “bişirib”. Onun “5.45” hekayələr kitabını oxuyanda da öz uşaqlığıma qayıtdım, elə bildim Müşfiq bizim kəndi, məhəlləni, bizim məktəbi, bu kəndin sadə, gündəlik qayğılar içində ömrü-günü yelə verən insanlarını yazıb. Xoşbəxt uşaqlığımızdan ayrılıb gəncliyin bütün mənalarda fırtınalarına düşdük; nəhəng bir imperiya çökdü, torpaqlarımız şəhid qanıyla suvarıldı, dünənəcən bir sinifdə, eyni parta arxasında oturduğumuz, bığ yeri hələ təzəcə tərləyən, sevgini dadmağa ömrü çatmayan uşaqların, dostlarımızın neçəsi düşmən gülləsinə tuş gəldi, neçəsindən hələ də soraq yoxdu… Ən dəli-dolu, qaynar çağlarımızı çörək növbələrində, gün-güzəran dalınca qaçdığımız namüəyyən günlərdə xərclədik. Biz göz açıb dünyanı belə gördük…

Müşfiqin hekayələrini oxuduqca həmin narahat, səksəkəli günləri sanki yenidən yaşadım. “Aybəniz” hekayəsinin qəhrəmanı sübhün alatoranında çörək növbəsinə gedir, növbəsiz çörək almaqdan ötrü maşından çörəklərin daşınmasına kömək edir və çörək pulunu itirir. Xatırlayıram, uzun qış gecələrində isti yorğan-döşəkdən heç qalxmaq istəmirdim. Anam yumşaq səsiylə məni dilə tuturdu, qalxıb çörək növbəsinə gedirdim. Sübhün ayazı ilikləriməcən işləyirdi, ayağımın birini qoyub o birini götürürdüm. Bu hekayəni oxuyanda o illərin soyuğu məni üşütdü, bədənim gizildədi.

Hekayənin qəhrəmanı sinif yoldaşı Aybənizin çəkdiyi rəsmi oğurlayıb. Çörək növbəsində pulunu itirəndən sonra evə dönməyə üzü gəlmir və məktəbə doğru üz tutur. Hamıdan tez gəlsə də Aybənizin də ona tərəf gəldiyini görən oğlan zənn edir ki, qız şəkil üstündə dava salacaq. Amma… qız yaxınlaşıb oğlanın boynuna sarılır və əlindəki bir dilim çörək parçasını, çörəyin ən dadlı yerini ona göstərib deyir ki, məktəbə yemək üçün çörək gətirirdim, qabağıma it çıxdı, qorxdum ki, məni parçalayar, çörəyi itə atdım, əlimdə bu tikə qaldı. Film dadında bir hekayədir. “5.45”, “Dayanacaq” hekayələrindən də o illərin ağrısı süzülür. Yeganə oğlunu itirən ananın fəryadı, qardaşını “Alabaş”la cəbhəyə yollayan oğlanın intiqamını almaq üçün elə həmin “Alabaş”la da səfərə çıxması… O illər… Biz o illəri yaşamadıq ki… O illərin adı yaşamadığımız gənclikdir. Vaxtilə o dövrün cizgilərini özündə əksi etdirən bir yazı yazmışdım. Adı da beləydi – “Yaşamadığım gənclik”.

Bu hekayələr məni o hüznlü keçmişə qaytardı. Ürəyimizə sevgi toxumları düşəndən narahat günlərimizin sayını itirmişdik. Hislərimiz, duyğularımız fasiləli ayrılıqlarla imtahana çəkilirdi, həyəcanlarımız xəyallarımızı alovlandırırdı. “Vika”, “Gecikmiş rekviyem”, “Tanrının təsəllisi” hekayələrindəki nisgil, tragizm insanın itgiylə tanışlıq dövrünün iztirablarından bəhs edir. Müşfiqin hekayələri çox vaxt gözlənilməz sonluqla bitir, novella təsiri bağışlayır. Bu hekayələr bir insan ömrünün fraqmentləridir, bizim nəslin hər birinə bu ağrılar, bu itkilər, bu yaşantılar tanışdır. Çünki eyni zaman tunelindən keçmişik, eyni karuseldə fırlanmışıq və bu hekayələrdəki mənzərələr xatirələrimizi, yaddaşımızı oyadır. Unutduğumuz, unuda bilmədiyimiz insanların siması xəyalımızda canlanır, içimizi kədər hissi bürüyür. Ötüb keçmiş vaxtın hafizəmizdə buraxdığı izlərlə ömrümüzün artıq bizdən həmişəlik ayrılmış ərazisinə qayıdırıq.

Atalarımızın bizə velosiped almağa pulu olmadı. Müəllif “Velosiped” hekayəsində atasından velosiped istəyə bilməyən uşağın gözündə qalan istəyini qələmə alıb. Çoxumuz dərs vaxtımızdan oğurlayıb valideynlərimizə kömək üçün gücümüz çatan, çatmayan işin qulpundan yapışdıq. “Əlaçı hinduşka” hekayəsində belə kədərli bir situasiya ilə rastlaşırıq. Bir gün müəllim şagirdini avtobusda qatıq satan vəziyyətdə görür, uşaq dərhal avtobusdan düşüb gözdən yayınmaq istəyir, bu vaxt əlindəki qatıq bankaları yerə düşüb çilik-çilik olur…

Sıralarımız seyrəldi, ən çox itki verən nəsil olduq biz…  Müşfiq Xanın hekayələri bizim nəslin taleyinə düşmüş mərminin törətdiyi dağıntıları təsvir edir. Bu hekayələr bir az da vəfasızlıqdan, fanilikdən, yalnızlıqdan danışır. Hekayələr üçün seçilmiş epiqraflara, əlavələrə diqqət edin: “bütün arzular kədərlidir”, “ölüləri sevin, onlar heç vaxt tərk etmirlər…”, “unutmağın ən yaxşı yolu xatırlamaqdı…” və sair. Kitabdakı obrazların çoxu hansı məkanda, hansı zamanda yaşadığını, hətta yaşını belə unutmuş, vaxtını, səmtini itirmiş insanlardır. Bu da zamanın qeyri-müəyyənliyini simvolizə edir. O vaxtlar tez-tez işlədilən bir ifadə vardı: “qarışıq zamanda yaşayırıq”. Bu adamlar məhz o qarşıq zamanın çaşqın insanlarıdır. Taleyi, vaxtı, ömrü zədə almış, relsdən çıxmış insanlar bu mənəvi qəzanın ağrılarını qəlpə kimi hələ də canlarında daşıyırlar. Məhz buna görə o yoldan keçib gələn insanların böyük əksəriyyəti özünü, taleyini bu kitabda görə bilər. Necə ki, mən gördüm və bu gündən o uzaq, uzaq olduğu qədər də yaxın keçmişə nəzər salanda o vaxtın arzuları nə qədər miskin və kədərli görünür…

KÖŞƏ YAZARLARI
TOP 10