İtkin düşmüş “Köpək”

118 Baxış

SƏMA-FUADQIZI özəlSenet.az “Ustad” jurnalının ilk sayının “Bəxti gətİrməyən” filmlər bölməsində dərc edilən “İtkin düşmüş “Köpək” yazısını təqdim edir. 

“Bəxti gətİrməyən” filmlər

 İtkin düşmüş “Köpək”

         

          Bəlkə də oxucular (və tamaşaçılar) fərqində deyillər ki, Azərbaycan kinosu dedikdə yalnız bizim əzbərə tanıdığımız, yaxud bir neçə dəfə izlədiyimiz filmlər nəzərdə tutulmur. Tamaşaçılara tanış olmayan, qismətinə ekran həyatı yaşamaq düşməyən filmlərimiz də var və biz “Ustad”da unudulmaqda olan o filmlərimizi tanıtmağa, həmçinin bəxti gətirməməsinin səbəblərini araşdırmağa çalışacağıq. İlk hədəfimiz “Köpək” filmidir.

           1994-cü ildə Azərbaycan kinosunda bir “Köpək” doğuldu. Amma o ildən bəri həmin “Köpək”in nə səsini eşidən oldu, nə də ləpirlərini görən. 2013-cü ildə sosial şəbəkələrin birində həmkarlarımdan biri məni onunla tanış etdi. “Köpək”, köpəyə dönmüş məzlum insanlar, onların faciəsi haqqında çəkilmiş filmdir. Qarınlarını doyurmaq üçün iş axtaran bir qrup insanın aldadılaraq qul kimi işlədilməsindən bəhs edir. Eyni zamanda, hansı vəziyyətə düşməsindən, hansı çətinliklərlə qarşılaşmasından asılı olmayaraq, insanın İnsan olaraq qalması, bu məqsəd uğrunda mübarizə aparması təsvir edilir.

Filmin quruluşçu rejissoru Tofiq Tağızadə, ssenari müəllifi Loğman Kərimov, rəssamı Mayis Ağabəyov, quruluşçu operatoru Rafiq Quliyevdir. Rolları Məmməd Səfa, Fuad Poladov, Muxtar İbadov, Nuriyə Əhmədova və b. ifa edirlər.

Bu filmə kinoteatrlarda təqdim olunmaq, ekran həyatını yaşamaq qismət olmadı. Onu qeyd edim ki, bu film Tofiq Tağızadənin lentə aldığı sonuncu filmdir.

itkin düşmüş köpək

Film haqında danışmaq və ekran həyatının alınmamasının səbəbini araşdırmaq üçün ilk müraciət etdiyimiz ünvan rejissor Loğman Kərimov oldu: “Filmin ssenarisini təxminən 1988-1989-cu illərdə yazmışam. O illərdə, daha dəqiq desək, 1988-ci ildə Bakıda tələbələrin, ziyalıların iştirakı ilə Sovet hakimiyyətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azadlıq meydanında (həmin zaman V.İ.Leninin adını daşıyırdı) mitinqlər başlamışdı. Mən özüm də o mitinqlərin iştirakçısı olmuşam. Məhz o hadisələr “Köpək” filminin ssenarisinin yazılmasına təkan verdi. Bu, eyni zamanda qəzetlərin birində oxuduğum bir xəbərlə də bağlı idi. Səhv etmirəmsə ya “Pravda”, ya da “İzvestiya” qəzetində idi. Yazılırdı ki,  hansısa xarici ölkələrin birində kimlərsə adada öz hakimiyyətlərini elan edərək insanları qul kimi işlədirlər. Hökumətin də sən demə, bu hadisədən xəbəri yox imiş. Xəbəri oxuduqdan sonra ssenarini başlamaq üçün ideya yarandı və düşündüm ki, onu bu süjetin üzərində qura bilərəm. Ssenarini Tofiq Tağızadəyə təqdim etdim. Onu da qeyd edim ki, Tofiq Tağızadə məni orta məktəbdə oxuduğum vaxtlardan tanıyırdı. 10-11-ci sinif şagirdi ikən dərsdən qaçıb kinostudiyaya gedirdim. Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Rasim Balayev və digər aktyor və rejissorların gözünün qabağında böyümüşəm. Tofiq Tağızadə də ssenaridə bir neçə məqamda dəyişiklik etmişdi. O həmişə müəlliflə dil tapmağı bacarırdı. Rejissor baxışı ilə izah edirdi ki, filmi nə cür görür.

Film sovet hakimiyyətinin mənzərəsini əks etdirirdi. Ssenari absurd janrında yazılıb. Filmin qayəsini sovet hakimiyyətindəki mənfi hallar, insanların incidilməsi, repressiyaya məruz qalması, bəzi insanların şəxsi mənafelərinə görə satqınlıq etməsi və s. təşkil edir. Filmdə konkret insan və məkan adları yoxdur. Çünki bu, həm də bəşəri mövzudur. Tamaşaçı filmi izləyərkən  kimin insan, kimin köpək olduğuna özü qərar verir.

Ssenarinin özündə obrazların adları sifətlərlə əvəz olunub. Məsələn, boynu yoğun, satqın və s. Ssenaridə belə bir səhnə var: Avtobus boş səhra ilə gedir. Elə bir yolla irəliləyir ki, əslində ordan avtobus keçə bilməz. Sonra bir nəfər qaçaraq yaxınlaşır, avtobusa minib oturacağın altında gizlənir. Bu zaman onun ayaqları görünür. Sonra ayağa qalxıb oturacaqda oturur və ətrafına baxaraq görür ki, oturacaqlarda əyləşənlər əslində, qaçıb qurtulmaq istədiyi insanlardır (Amma filmdə bu səhnə fərqlidir – S.M.). Burada avtobus sovet hakimiyyətini simvolizə edir. Avtobusun sərnişinləri isə sovet cəmiyyətinin insanlarıdır. Filmin baş obrazı elə zənn edir ki, o bu cəmiyyətdən qaça bilib. Amma sonra görür ki, burdan qaçmaq qeyri-mümkündür. Sovet dövründə də belə idi. Bu cəmiyyətdən qaçmaq qeyri-mümkün idi. Bu hakimiyyətə tabe olmayanlar, qaçmaq istəyənlər xalq düşməni elan edilir, həbs olunur, ya da sürgünə göndərilirdilər. Elə ətrafdakılar özləri onları satırdı. Filmdə bu məqamlar var. Məmməd Səfanın ifa etdiyi obraz qaçmaq istəyir. Lakin satqın – Yaşar Nurinin ifa etdiyi obraz onu satır. Hətta bu obraz sədaqətinə görə itlər cəmiyyətinə üzv qəbul edilir və “Köpək medalı” ilə təltif olunur. Filmin ssenarisinin başqa bir səhnəsində iş axtaran insanları avtobusla düzənlik əraziyə gətirirlər. Fuad Poladovun ifa etdiyi obraz uzaqdan onlara yaxınlaşır. O hər addım atdıqca siması dəyişir, gah Stalin, gah Hitler, gah da Qorbaçov olur, daha sonra öz simasını alır. Tofiq Tağızadə filmi çəkərkən bu hissədə də dəyişiklik edib.

          Filmdə əsəs rollardan birini ifa edən Məmməd Səfanın sözlərinə görə filmə gəlişi tam təsadüfi olub: “Operator Rafiq Quliyev məni kinostudiyaya dəvət etdi. Onunla filmin rəssamı Mayis Ağabəyov qərara gəldilər ki, məni Tofiq Tağızadəylə görüşdürsünlər. Beləliklə, sınaq çəkilişlərində iştirak etdim. Sonra Tofiq Tağızadənin istəyi ilə təsdiq olundum. Kino bir bəxtdir. Görürsən ki, bir rol üçün neçə-neçə aktyor sınaqdan keçirilir, amma rol bir nəfərə qismət olur. “Köpək” filmiylə ilk dəfə kamera qarşısında durmuşam və kinoda   tərəf müqabilinin nə olduğunu ilk dəfə burda başa düşmüşəm. Ona görə də bu film mənim üçün çox qiymətlidir. Bir aktyor kimi filmin nə vaxt ekranlara çıxacağını intizarla gözləyirdim. Təəssüflər olsun ki, onun taleyi belə oldu. Film yeganə olaraq Orxan Fikrətoğlunun ATV-də yayımlanan “Filmin sonu” proqramında verilib. Ondan başqa heç bir kanalda, kinoteatrda “Köpək” filmi bu günə qədər göstərilməyib. Bu mənada o, bədbəxt bir ömür yaşadı. Amma onu da qeyd edim ki, tamaşaçıların əksəriyyəti olmasa da, müəyyən bir qismi filmi İnternetdən izləyib. Orda filmlərin baxış sayı, kinoteatrlara nisbətən daha çox olur. Hər halda mən hesab edirəm ki, bu film öz ömrünü bu gün yaşamaqdadır.

Filmdə mistik abu-hava, qeyri-real münasibətlər, yanaşmalar, məntiqdən kənar məsələlər var. Mənim qəhrəmanım heç də iradəsiz insan deyil. Filmin sonunda avtobus qayıdıb o məkana gələndə Fuad Poladovun obrazı pəncərəni döyüb ona “Xoş gəlmisən” deyir. Və mənim obrazım baxışlarıyla deyir ki, ölsəm də mən burdan qaçacam. Qəhrəmanım o vəziyyətdən qurtulmaya bilər, amma o inanır ki, qurtulacaq. O inam da onu yaşadır. Digər tərəfdən Allahın yazdığı tale var, taledən qaçmaq qeyri-mümkündür. Amma biz sonumuzun ölüm olmasına baxmayaraq, arzularla yaşayırıq. Allah insanı əvvəldən iradəli, güclü yaradıb. Yoxsa yaşamaq çətin olardı. Filmdə Tofiq Tağızadənin nəvəsi Arman Tağızadə də iştirak edib. O mənim  oğlumu ifa edir. Adətən filmdə uşaqlarla işləmək çətin olur. Amma bu uşaqlar işə o qədər həvəslə, ürəklə can yandırırdılar –  onlarla işləmək çətin olmadı. Obrazımın oğlunun kiçik yaşlarını başqa uşaq ifa edir. Təəssüf ki, onun adı yadımda deyil.

itkin düşmüş köpək 2

“Köpək” filminin bir çox epizodları Bakıda çəkilib. Köpək damları Azərbaycan kinostudiyasının həyətində qurulmuşdu. Fəhlələrin işlədiyi, daş daşıdığı səhnələr Şamaxı yolundakı düzəngahda lentə alınıb. Filmdə iştirak edən qara köpək ya 18, ya da 19 dəfə Azərbaycan çempionu olmuşdu. Düzü, adı yadımdan çıxıb. Onunla filmin çəkilişində dostlaşmışdım.

Filmdə konkret adlar yoxdur, məkan bəlli deyil. Film üçün xüsusi musiqi yazılmayıb. Filmdə dünya klassik musiqisindən, Ennio Morikkonenin “Xaç atası” filminə bəstələdiyi musiqidən istifadə olunub. Hətta mən Tofiq müəllimə deyəndə ki, Tofiq müəllim, olmazdı ki, bu filmə ayrıca musiqi yazılaydı. O dedi ki, “sən məndən çox bilirsən? Mən belə məsləhət görürəm”.

Tərəf müqabillərim Yaşar Nuri, Fuad Poladov, Nuriyə Əhmədova, Muxtar İbadov olub. Yəni bu film ən azından, rejissoru, orda çəkilən aktyor heyəti ilə diqqətdə olmalı idi. Mənim üçün onlarla çalışmaq şərəf idi. Tofiq Tağızadə kimi korifey sənətkarla bir filmdə işləmək o dərədəcə gözəl idi ki,  filmin çəkiliş müddətində hansısa maraqlı anlar olmuşdusa da, mən o xırda məqamları bu böyük prosesin içində görməmişəm”.

          Filmin bəxtinin gətirməməsinin səbəbləri haqqında isə əsaslı fikri filmin operatoru olmuş Rafiq Quliyevdən öyrənə bildik:Azərbaycan kinosunda az çəkilən filmlər dövrünü iki mərhələyə bölmək olar. I mərhələ 40-50-ci illərin əvvəllərinə, II mərhələ isə 90-cı illərin əvəllərinə təsadüf edir. 70 il Sovetlər Birliyinin tərkibində olan Azərbaycan üçün müstəqillik qazandıqdan sonra, xüsusilə, müstəqilliyin ilk illərində film çəkmək çox çətin idi. Həmin illərdə kinoya sərmayə buraxılmırdı. Ona görə də o illərdə çəkilən filmlərin əksəriyyəti sponsor dəstəyi ilə çəkilirdi. Bu filmlərə Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Ayaz Salayevin “Yarasa”, Tofiq Tağızadənin “Köpək”  filmlərini misal göstərmək olar. Bu mənada Loğman Kərimovun filmlərin az çəkildiyi illərdə təşəbbüs göstərməsi təqdirəlayiq idi. Onun “Köpək” filminin ərsəyə gəlməsində çox böyük rolu oldu. Mən ssenarinin yazılması mərhələsindən bu işə qoşulmuşdum. Loğmanla birlikdə filmi çəkmək üçün hansı rejissora müraciət edəcəyimizi düşünürdük. Əvvəlcə qərara gəldik ki, Şamil Mahmudbəyova deyək. Ssenari onun xoşuna gəlmişdi. Lakin həmin illərdə xəstə olduğundan filmi sona çatdırmamaqdan ehtiyatlandı. Buna görə də Tofiq Tağızadə ilə danışdıq. O razılıq verdi. Ssenari üzərində rejissor işi başladı. Ümumiyyətlə, ssenari ekran həllini tapmayana kimi ədəbiyyat hesab olunur. Rejissor ssenarisində hər bir epizodun görüntü həlli olmalıdır. Həm də burda obrazların hərəkətlərinin məntiqi ardıcıllığı önəmlidir. Ssenari üzərində işlər aparıldıqdan sonra aktyor seçimlərinə başladıq. Filmin baş rollarından birinin ifaçısı Məmməd Səfanı reklam çəkilişlərinin birində görmüşdüm. Baş rollardan biri üçün Məmməd Səfanın çəkilməsini Tofiq Tağızadəyə təklif etdim. Onu kinostudiyaya dəvət etdik. Sınaq çəkilişləri oldu. Filmdə Məmməd Səfanın obrazının monoloq səhnəsi var. Bu səhnəni sınaq çəkilişi etdik. Tofiq Tağızadə Məmməd Səfanın ifasını çox bəyəndi. Amma bu rolu Loğman Kərimov da ifa etmək istəyirdi. Sınaq çəkilişlərində Loğman da iştirak etdi. Yaxşı da ifa etdi. Bu zaman biz dilemma qarşısında qaldıq. Ona görə də Tofiq Tağızadə təklif etdi ki, bu rolu ifa etmək üçün tanınmış bir aktyor da dəvət edək. Fuad Poladova dedik. Deməli, üç aktyor sınaqdan keçdi. Fuad Poladov da gözəl oynadı. Amma onun üz cizgilərindəki müdriklik bu obraz üçün deyildi. Çünki həyatın hər üzünü görmüş, müdrikləşmiş bir obraz bu qəhrəmanın vəziyyətinə düşə bilməzdi. Bu qəhrəmanın xarakteri daha çılğın idi. Qərara alındı ki, Məmməd Səfa çəkilsin. Amma Tofiq Tağızadə Loğman Kərimov üçün də filmdə bir rol ayırdı. Loğman Kərimovun dirijor obrazı burdan yarandı. Bundan sonra çəkilişlər başladı. Çəkilişlər yayda başladı və tez də bitdi. Payızın əvvəllərində artıq film hazır idi. Montaj işləri gedirdi. “Köpək”in  montajı bitən vaxtlarda filmin sponsoru müflis oldu, ona görə də film nümayiş edilə bilmədi. “Köpək” filminin şəxsən mənim yaradıcılığımda böyük rolu olub. Bu filmin çəkiliş prosesində Tofiq Tağızadədən incəsənətin incəliklərini öyrənmişəm”.

Beləliklə, bəxti gətirməmənin səbəblərini araşdırmaq və dəqiq söyləmək hər zaman çətindir. Amma ümumi qənaətimiz belə oldu ki, keçid dövrü, zamanın iqtisadi çətinlikləri və sponsorun müflis olması bitmiş bir filmin nümayiş olunmasına və tamaşaçıya çatdırılmasına mane olub. Amma bu gün – telekanallar və kinozallar bolluğunda mütləq bu dəyərli sənət əsərinin nümayişinə çalışmaq və nail olmaq mümkündür. Yeri gəlmişkən, maraq üçün “youtube” videoportalına yüklənmiş “Köpək” filminin baxış sayını öyrənmək istədik. 3600 baxış… Fikrimizcə, bu rəqəm bu film üçün çox azdır. Çünki dram janrında, bəşəri mövzuda çəkilmiş film Tofiq Tağızadənin digər filmlərindən heç də geri qalmır. Ümid edək ki, nə zamansa bu film öz layiqli qiymətini alacaq.