İtmiş sərhədlər və ölkələr – Murad Adcı

184 Baxış

adji1

Köhnə irinli yaranı xatırladan Qafqazın mənzərəsi hər yeni səfərlə get-getə daha açıq şəkildə göz önündə dayanırdı: əsrlərdir ki, burada nə uğrunda və necə vuruşduqlarını artıq bilməyən insanların müharibəsi gedir. İnsanlar heç bir məna güdmədən özlərini xərcləyirlər… Amma baş vermiş faciənin dərinliyini anlamaq üçün Qafqaz Albaniyası, onun siyasətçilər tərəfindən üzərinə tabu qoyulmuş dövləti haqqında biliyə sahib olmaq lazımdır.

Bu ölkəni də coğrafi xəritədən silmiş, insanların yaddaşından çıxarıb atmışlar. Nəticədə Avropanın mədəni həyatındakı hakimiyyətinin səviyyəsinə görə indiki Vatikandan heç də zəif sayılmayan böyük bir dövlət unudulub.

IV əsrdən başlayaraq xristianların əsas mənəvi mərkəzi olan Qafqaz Albaniyasında din quruculuğunun ən mühüm məsələləri həll olunurdu. 1836-cı ilə qədər Avropa yepiskop və mitopolit nəsillərinin kuratoru kimi Alban Apostol Avtokefal kilsəsi xidmət göstərirdi. Buradan bilik və rütbə alınırdı. Erkən orta əsrlərin ən mühüm kilsəsi xristianlığın beşiyi olduğu halda birdən-birə necə izsiz yoxa çıxdı?.. Fantastikadır, elə bil.

Qafqaz Albaniyası sərhədlərinin təsvirinin yoxluğu bir coğrafiyaçı kimi məni təəccübləndirir. Ölkə hansı ərazidə yerləşmişdi? Orada hansı xalq məskunlaşmışdı? Onlar nə ilə yaşayırdı? Bütün bunlar məlum deyil.

Ancaq bunlar vacib suallardır, öz aralarında bir-birilə sanki heç bir əlaqəsi olmayan, lakin Qafqazla, Avropa tarixi ilə bağlı müasir faciələrin səbəblərini anlamağın açarı bunlardadır… Onlardan qabaq baş vermiş hadisələri bilmədən, məsələn, Çeçenistandakı müharibə, gürcü-abxaz qarşıdurması və ya erməni-azərbaycan konflikti haqqında necə mühakimə yürütmək olar?

Hər birimizin boynu var, o, insana ondan ötrü verilib ki, dönüb ətrafına baxsın. Heç olmasa, hərdənbir… Mən tarixdə “qazıntı aparmaq” istəyi ilə bu şərq atalar sözünü xatırladım, öz başıma bəla açdım. Deyəsən, daldım, Qafqaz Albaniyası sərhədlərinin konturunu cızdığımdan və bununla bərabər bir çox problemlər yaratdığımdan xəbərim olmadı. Bunu etməməliyidim, ona görə ki, indi Qafqazın Şimali Qafqaz və Zafqaziyaya bölünməsinin siyasətçilərin uydurması olduğunu bilirəm. Müharibə də onların işidir. Qədim bir dövləti parçalamaq, tarixdən məhrum etmək və ardınca indiki faciələrin səbəbləri üzərinə duman çökdürmək üçün düşünüblər.

Müstəmləkəçilik izlərini silmək cəhdi göz qabağındadır. Təəssüf ki, bu nəticə şişirtmə deyil.

Məlum olduğu kimi, indi Qafqaz Albaniyasını Şimali Azərbaycanla bağlayırlar. Bu isə, yumşaq desək, düzgün deyil. Onun ilk paytaxtı Dərbənd olub, ancaq Dərbənddən o yanda şimalda sərhəd hara qədər uzanır? Cavab yoxdur. Amma təbii sərhəd qalmalıydı, ona görə ki, daha irəlidə Dəşti-Qıpçaq (onun Xəzər xaqanlığı) yerləşirdi.

İnsanlar bütün dövrlərdə coğrafi sərhədlərə məsuliyyətlə yanaşmış, onu təbii tirələr – çay farvateri, dağ silsiləsi boyu aparmışlar. Əks halda, sərhəddə kurqanlar və ya sərhədyanı daşlar yerləşdirirdilər.

Bir sözlə, məndən Dağıstanda artıq çoxdan olmayan bir şeyi tapmaq tələb olunurdu. Lakin vardı!

Dağıstan mənim əcdadlarımın vətəni, tarixsiz qalmış dağlar ölkəsidir. Orada xalqın hafizəsi siyasətçilərin düşünmədən itirilmiş saydığını özündə qoruyub saxlayır. Amma heç nə itməyib, hər şey əvvəlki kimi göz qabağındadır. Canlıdır. Tapıntıların etnoqrafik tapmacaya bənzəməsi qorxulu deyil, hər şey onlara necə nəzər salmaqdan, işə bələdçiliyin dərəcəsindən asılıdır.

Qumıqlar arasında “Sulakın o tayından olanları” yad hesab etmək adəti var. Şimal qumıqları üçün cənub qumıqları, cənub qumıqları üçünsə şimal qumıqları “Sulakın o tayından” sayılırlar. Cəfəng görünür? Lakin mən o fikrə gəldim ki, Qafqaz Albaniyasının şimal sərhədi Sulak çayı ola bilməzdimi? Bənzəyir, çox bənzəyir. Qumıqlar bir xalq kimi XIX əsrdə, Qafqaz Albaniyası Rusiyanın müstəmləkəsinə çevriliəndə ortaya çıxıblar. O qələbəyədək cənub qumıqlarına qıpçaq (barsil), şimal qumıqlarınasa Qafqaz tatarları və ya kumanları deyirdilər. Hər ikisi eyni dildə danışırmışlar. Elə onları da birləşdirib bir xalq yaradıblar. Hamısını cəm halda. Fikirləşmədən.

Çarizm etnoqrafik problemləri qələmin bir xətti ilə, Sovet İttifaqı isə daha sürətlə həll edirdi. Müstəmləkəçilər Dağıstan və bütün Qafqazın tarixini yazmışlar, buna görə də onda hər şey bu gün olduğu kimi, yumşaq desək, məntiqə uyğun deyil… Çox şey, ümumiyyətlə, yaddan çıxarılıb, ələlxüsus, senzuraya tabe olmayan xalq yaddaşının mövcudluğu yaddan çıxarılıb.

Burada onu bilmək əhəmiyyətli olardı ki, cənub qumıqları Xəzər sahilinə şimal qumıqlarından min il qabaq gəliblər. Onların gəlişi xalqların böyük köçü dövrünə təsadüf edir. Qafqazda, yəni yeni olan mədəni mühitdə onlarda yeni yaşayış qaydaları formalaşmış, dil bir az dəyişilmişdir. Məsələn, XIX əsrdə onların kəndləri daşdan olduğu halda, şimal qumıqlarınınkı samandan idi. Kəndlərin planlaşdırılması da başqa cür, şəhərə yaxın, başqa sözlə, qapalı məhəlləli idi. Onların kəndlərini adlarından asanca tanımaq olur. “Kənd” sonluğu bunu bildirir – Qayakənd, Başlıkənd, Qarabudakənd və sairə.

Əlbəttə, bu çarizmin qumıq adlandırdığı Altaydan gəlmələri fərqləndirən heç də yeganə əlamət deyil. Xalqın yaddaşı keçmişi etnik özünəməxsusluq nişanəsi kimi qoruyub saxlayır, siyasətçilər isə bunu başa düşə bilməyəcəklər… “Unutmaq xalqın hökmündə deyil” – bu sözləri Tasit hələ iki min il bundan öncə söyləyib.

Cənub qumıqlarında türklərin orda və tuxumlara, nəsil və ailələrə bölündükləri, “özününkü-özgə” anlayışının indikindən fərqli olduğu dövrlərin əks-sədası qorunub saxlanıb… Tarixin etnoqrafik “nüansları” müxtəlif və çox inandırıcıdır, ancaq bir tarixçi onları sözün əsl mənasında öyrənibmi? Belə əsərlərə az rast gəlinir. Qumıq adətlərindən Qafqaz cəmiyyətinin bölgüsünü, hansı qanunlara görə yaşadığını, vuruşduğunu, bayram etdiyini, düşündüyünü, ünsiyyətdə olduğunu öyrənmək mümkündür. Lap ovucun içi kimi.

Bir də təkrar edirəm, Qafqazda insanları bir-birindən davranışları fərqləndirirdi, milliyət fərqləndirmirdi, etnik köklər fərqləndirmirdi! Çarizm bugünkü xalqları Qafqaz Albaniyası xalqlarının qəlpələrindən “yığırdı”, insanlara yeni ənənə və məişət normaları sırıyaraq kobudca yığırdı. Köhnəni unudub yenini xatırlamağa məcbur edirdi. Zorla! Ölüm qorxusu altında. Dünyanın bütün təcavüzkarları belə hərəkət edirdilər. Haqqında daha əvvəl söhbət açdığım Gürcüstanın və gürcülərin ortaya çıxması misalı, məncə, daha inandırıcıdır. İki nəsil əsarətdə qalandan sonra yeni “xalq” hazır olur. Ləzgilər barədə də danışmışam, onlar da “vahid xalq” sayılmamışlar. Dağlı da dağlıdır. Bəs hansı dağlı? Əlbəttə ki, Qafqaz dağlısı.

Xalq yaddaşı belə açıqlayır, müstəmləkəçilərin hakimiyyəti isə burada aciz qalır. Yaddaş yox olmur, yaddaş qorunub saxlanır, babadan nəvəyə keçir, xalq nağıllarının süjetlərinə hopur, vərdişlərdə və masaarxası söhbətlərdə yaşayır. Hətta lətiflərədə və atalar sözlərində belə. Xalq, onun tarixi, onun qəlbi elə bu yaddaş özüdür! Görünür, mən elə bu səbəbdən ləzgilərin arasında özümü evdəki kimi hiss edirmişəm. Qardaşlarımın yanında olduğu kimi. Onların dərdi mənim dərdim olub.

…Əcdadlardan qalan biliklər məni ləzgilərin yanına, daha sonra Sulak çayının sahilinə gətirib çıxarıb.

İndi bu, sərhəd çayına bənzəməyən, az gözə çarpan bir çaydır. O, dağlarda gurdur, düzənliyə çıxanda isə sakit axır. Onun cənub “alban” sahilində, dağlarla düzənliyin lap qovuşduğu yerdə qalanın və qədim şəhərin izləri-müdafiə divarı, qüllə özülləri, kurqanlar qalmışdır. Tikili Dağlıq Albaniyaya gedən yolu qapayır və ya, əksinə, açırdı. O, gömrük və yoxlama məntəqəsi rolunu oynayırdı. Ona Belencer deyirdilər, indi Çiryurtdur. Mən onun haqqında daha geniş danışacam, amma bir az sonra, bu, mənim özüm üçün də gözlənilməz bir kəşf idi.

Şəhər sərhəddə yerləşmişdi. Orada müxtəlif ölkələrin vətəndaşları, lakin bir xalqın, türklərin övladları olan albanlar və xəzərlər yaşayırdılar. Onlar bugünkü qumıqların əcdadlarıdırlar.

Belencer qalasından qərbə doğru sərhəd başqa cür idi, bu da insanların yaddaşında qalıb. Hətta uşaqlar belə üzərinə ayaq qoymağın qadağan olduğu o görünməyən xətdən xəbərdar idilər. O, iki yüz-dörd yüz metr yüksəklikdə yamac boyu uzanırdı və düzənliklə dağlar arasında sərhəd rolunu oynayırdı. Bu sərhədin arxasında başqa qanunlar və qaydalar qüvvədə idi. Özgə qanun və qaydalar. Lev Nikolayeviç Tolstoy da həmin sərhəddən bəhs etmişdi… O, çox uzaqlara – Beştauya (Pyatiqorskiyə) qədər gedib çatırdı. Burada sərhəd daşı qoyulmuşdu (mənə demişdilər ki, o indi də oradadır!), sərhəd oradan cənuba – sahilə tərəf əyilməyə başlayaraq Qafqaz silsiləsini dövrələyir, Kolxida torpaqlarından keçərək Sevan gölünün arxasına – Araz çayına yetişir və çayla birlikdə Xəzərin sahilinə çıxırdı.

Əlbəttə, mənim markalamam şərtidir, amma o göstərir ki, Qafqaz Albaniyası heç də, “rəsmi” elmin dediyi kimi, Azərbaycanın iki rayonundan ibarət deyil və bəzi siyasətçilərin təkid etdiyi kimi Qumıqstan, Ləzgistan və ya Avarstan da deyildir. O, bütün Şimali Qafqazı və Zaqafqaziyanı birləşdirən daha böyük əhəmiyyət daşıyan bir dövlət olub. Ağla sığışmır, axı, bura onlarla Qafqaz xalqının vətənidir və bəşəriyyətin dördüncü iriqnin törəmələri onu unutmuşlar. İki-üç nəsil yaddaşsızlıq hər şeyin axırına çıxıb. Sadəcə təəccüb doğurur… Xalqları idarə etmək olur. Sürünü etmək mümkün olduğu kimi.

Mən Alban Apostol kilsəsi yeparxiyalarını (əyalətlərini) xəritənin üzərinə qoyanda onların on ikisi birlikdə “etnoqrafik” yolla hesabladığım ərazi ilə, demək olar ki, üst-üstə düşdülər. Ürəyim rahatladı. XIII əsrdə buradan keçmiş papa legatı Gilyom Rubrukun kitabında bütün Şimali Qafqazın Albaniyanın tərkibinə daxil olduğuna dair fikri oxuyandasa tamamilə rahatlıqla nəfəs aldım.

Bunu İsidor Sevilyalı da (Rubruka qədər) təsdiqləyirdi ki, Qafqaz Albaniyasının sərhədi Xəzərdən dağətəyi boyu Azov dənizi tərəfə (Meotid bataqlıqları tərəfə) uzanırdı. Orta Əsrlərin böyük şərqşünası Marko Polonun da Qafqaz Albaniyasından xəbəri vardı. Deməli, doğrudur. Mənim hesablamam düzgündür.

Lakin sevinc uzun sürmədi. Mən Qafqaz Albaniyası tarixinə dair kitabları açıb baxanda boyatlıq iyi alıb dəliyə döndüm. Kitablardan səriştəsiz sahibənin mətbəxin bir küncündə unutduğu ət tikəsinin iyi gəlirdi. Məyusluq doğuran ilk növbədə Movses Kalankatuasinin guya X əsrə aid “Aluank ölkəsinin tarixi” kitabı oldu. Onun akademik nəşri (1984-cü il) məndə vasvasılıq doğuran çox xoşagəlməz təəssürat yaratdı.

Mən müasir mətni inqilabaqədərki nəşrlə (1861-ci il) tutuşduranda vahimələndim. Əgər bu, sovet elminin bəhrəsidirsə, onda görəsən saxtakarlıq nə deməkdir?

Hətta müəllifin adı da dəyişdirilib, Moisey Kaqankatvasi Movses Kalankatuasi olub. Kaş bu, tək düzəliş olaydı. Səhifələr tamamlanıb, axmaqlara hesablanmış “şərhlər” verilib. Müəllifin yüzlərlə “səhvi” düzəldilib. Nə olub-nə olur anlamaq mümkün deyil, təhlil etməksə heç mümkün deyil. Özü-özünü təkzib edən yalan var! Mən də onu sübuta yetirməyə hazıram.

Bəs ən başlıcası nədir? Buyurun. Əgər alban yazısı oxuna bilməyən sayılırsa, o zaman alban kitabını rus dilinə necə çevirmiş, müəllifin “səhvlərini” necə tapmışlar? Abidələrin üzərindəki hətta ən sadə ifadələr oxunmamışsa kitabı necə oxumuşlar? Hətta “elmi” şərhlər belə verilmişdir? Daha sonra, ümumiyyətlə ağla sığmayan odur ki, alban mətni hara yoxa çıxıb? Orijinalını isə görən olmayıb. Təbiətdə də onu tapmaq qeyri-mümkündür… Burada bilmirsən nə deyəsən? Hansı elmdən danışasan.

Qafqazı necə belə “alimlərə” inana biləcək qədər axmaq yerinə qoymaq olar?

Albanistika, yəni Qafqaz Albaniyası haqqında elm adı çəkilən “kitabdan” başlanır. Bu dissertasiyalar və elmi adlar deməkdir. Bir də necəsə Bakıda olmuş konfransa bənzər konfranslar… Təkcə çılpaq kral var, vəssalam.

Sifariş əsasında yazılmış “əsərlər” məni həmişə əsəbiləşdirir. Xüsusilə onlarda verilən “tacı kim nə vaxt götürdü, kim nə fikirləşdi, nə dedi” qəbilindən məlumatlar… Bir də mühüm görkəmlə edilən mübahisələr… Təkrar edirəm, əgər alban yazısı oxunmayıbsa bütün bu təfərrüat “qafqazşünaslara” haradan məlumdur? Əgər o dövrə aid sənədlər praktiki olaraq saxlanmayıbsa? Yazı nümunələri yoxdur. Tərcümə etməyə heç nə yoxdur. Alban yazılı abidələrini bilə-bilə eybəcər hala salıblar. Mən özüm bu barbarlığın izlərini görmüşəm… “Qədim erməni” mətnlərinə istinad etməksə əsassızdır – Ermənistan hara, Qafqaz hara? Onlar hətta qonşu belə deyildilər, bir ölkə o birindən, demək olar ki, min kilometr uzaqlıqda idi, aralarında yol belə yox idi.

Kimlərinsə vicdansız uydurmalarını mühakimə etmək lazımdırmı? Əlbəttə, lazımdır. Ancaq necə? Kiminlə? Əgər albanşünas “alimlər” ortodoksal xristianlıq, nestorianlıq və monofizitlik arasındakı fərqi bilməyə-bilməyə, tenqriçilikdən bixəbər ola-ola Qafqaz Albaniyasının dini barədə, türk qatını, yəni kökləri büsbütün kəsib ataraq onun mədəniyyəti barədə mühakimə yütürtməyə çalışırlarsa, bəs onda necə?

Kiminsə Qafqazın tarixini təhrif etmək istəyi güclü, çox güclü olub. Onlara yardım etmələri üçün antik müəllifləri də cəlb edirdilər… Mən hər dəqiqə partlamağa hazır buxar qazanı kimi qaynayırdım. Xoşbəxtlikdən XVIII əsrdə Eduard Gibbonun verdiyi müdrik məsləhətlə rastlaşdım. O, erməni tarixinin atası Moisey Xorenski (Xorenasi) haqqında tam mənası ilə aşağıdakıları yazmışdı: “Onda yaxşı tarixçidən tələb olunan məziyyətlərin heç biri yoxdur”.

Ancaq albanistikaya aid ədəbiyyatda erməni müəlliflərin sayı diqqəti cəlb edir. Az qala hamısı ermənidir! Sanki sifarişlədir. Onlar Qafqaz Albaniyasının tarixini ciddi şəkildə Ermənistanın adına yazırdılar. Bax bu səbəbdən haqqında yazımın əvvəlində danışdığım 1861-ci ildə nəşr olunmuş kitabı “redaktə” etmişdilər.

Zay məhsul hazırlayanları mühakimə etmək olmaz, onlar yalanlarında səmimi idilər. Əfsus ki, belədir. Qafqazın tarixi Zaman yolunda bir kənara atılıb, hər yoldan ötənin onu götürüb özününkü etməyə haqqı var. Təəssüf!

Yazının davamı “Ustad” jurnalının 15-ci sayında.